Zəngilanda dünyaya “yeraltı tələ”dən xilas çağırışları

post-img

Azərbaycan ağrılı minatəmizləmə təcrübəsini bu bəla ilə üzləşmiş ölkələrlə bölüşməyə hazırdır

Müharibə qurtarıb, Qarabağ münaqişəsi öz həllini tapıb, qalır ermənilərin “yeraltı tələ”lərini torpaqlarımızdan təmizləmək. Mina partlayışı təkcə insan həyatına təhlükə yaratmır, həm də ətraf mühitə ciddi ziyan vurur. Uzun müddət torpağın altında qalan minalarda zərərli kimyəvi reaksiyalar gedir, təhlükəyə görə istifadədən kənarda qalan torpaqlarda eroziya və aşınma baş verir. Bu mənada Azərbaycan 30 ildən çoxdur ki, mina problemindən əziyyət çəkir. Təsadüfi deyil ki, Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələrin siyahısına daxildir. Bu gün işğaldan azad etdiyi əraziləri öz hesabına yenidən quran Azərbaycan mina probleminin həllinə də böyük vəsait sərf etməyə məcburdur. 

Bu barədə dünən Zəngilanda işə başla­yan “Minaların ətraf mühitə təsirinin azal­dılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər edilməsi” mövzusunda III Beynəlxalq Minatəmizləmə Konfransın­da geniş müzakirə aparılıb. Bir sıra xarici ölkələrin dövlət və hökumət nümayəndələri­nin, Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinin, yerli və beynəlxalq mütəxəssislərin, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndə­sinin qatıldığı konfrans mina təhlükəsizliyi kimi qlobal məsələyə həsr olunub. Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin III Beynəlxalq Minatəmizləmə Konfransının iş­tirakçılarına müraciəti oxunub. 

Müraciətdə qeyd olunur ki, Azərbaycan minatəmizləmə sahəsində səmərəliliyin artı­rılması üçün davamlı şəkildə müvafiq işləri görür və hazırda imkanları əvvəlki illərlə müqayisədə xeyli artıb. Ölkəmiz humani­tar minatəmizləmə fəaliyyətini, demək olar ki, tam şəkildə öz resursları hesabına həya­ta keçirir. Minaların humanitar fəsadlarının aradan qaldırılması, torpaqların minalardan təmizlənməsi üçün beynəlxalq ictimaiyyətin adekvat siyasi və praktiki dəstəyi mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı mina qurbanlarının sayının artmasının başlı­ca səbəbinin Ermənistanın ərazimizdə basdır­dığı minaların dəqiq xəritələrini verməkdən imtina etməsi olduğunu vurğulayıb. 

* * *

Hələ də davam edən “yeraltı mühari­bə”nin fəsadlarına görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür. Torpaqlarımızın minalardan təmizlənməsində üzləşdiyimiz çətinliklər, eyni zamanda, Qarabağda yeni­dənqurma və bərpa işlərinə əngəl yaradır, 800 min keçmiş məcburi köçkünün doğma yur­duna qayıtmasına maneə olur. Separatçılar hətta cəbhə xəttindən uzaqdakı yollara, qəbi­ristanlıqlara, mülki təyinatlı başqa obyektlərə tələ xarakterli minalar yerləşdiriblər.

ARAYIŞ: Postmüharibə dövründə 361 mülki vətəndaşımız mina qurbanına çevrilib. Onlardan 68-i həlak olub, 293-ü isə ağır ya­ralanıb. Ümumilikdə, Ermənistanın Azərbay­cana qarşı hərbi təcavüzünün başladığı ötən əsrin 90-cı illərinin əvvəlindən bugünədək 3400-dən çox vətəndaşımız minalardan zərər çəkib, 595-i həyatını itirib. Aparılan minatə­mizləmə işləri nəticəsində Qarabağ iqtisadi rayonumuzda 140 min hektara yaxın ərazi 119 min 946 mina və partlamamış hərbi sur­satlardan təmizlənib. İlkin qiymətləndirməyə görə, ölkə ərazisinin təxminən 12 faizi 1,5 milyon mina, eləcə də naməlum mənşəli part­lamamış hərbi sursatla çirkləndirilib. 

Konfransda çıxış edənlər, həmçinin mi­naların vurduğu humanitar fəsadların aradan qaldırılması, torpaqların minalardan təmiz­lənməsi üçün beynəlxalq ictimaiyyətin həm siyasi, həm də praktiki dəstəyinin əhəmiyyəti­ni vurğuladılar. “Sülhün kökləri” (“Roots of peace”) təşkilatının rəhbəri, “Ümumdünya Ərzaq Mükafatı” laureatı Haydi Kyun çıxı­şında minaları insanların yer üzündə ya­ratdığı xərçəng xəstəliyinə bənzədib. Onun sözlərinə görə, ərazilər minalardan təmizlən­dikdən sonra həmin torpaqlarda ağacların əkil­məsi, üzüm plantasiyasının salınması onları yenidən həyata qaytaracaq: “Üstəlik, əkilən ağac karbon qazını udur. Beləliklə, bu, dünya­nın biznes modelidir. Biz bütün dünyada dinc iqtisadiyyat, minalardan təmizlənmə, yaşayış məntəqələrinin bərpası və əhalinin məskunlaş­dırılması ilə bağlı məsuliyyət daşıyırıq”.

* * * 

“Qarabağda mina probleminin nəticələ­rinin aradan qaldırılması üçün beynəlxalq dəstəyi gücləndirmək lazımdır”. Bunu kon­fransdakı çıxışında Azərbaycan Minatə­mizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib. O qeyd edib ki, işğaldan azad edilmiş əra­zilərimizin 10 285 kvadratkilometri mina və partlamamış hərbi sursatlarla müxtəlif səviyyələrdə çirklənmiş hesab olunur.

Son üç il yarımda Azərbaycan üzləşdiyi mina probleminə paralel olaraq, dünyanın diqqətini bu bəlaya yönəltmək üçün çox­saylı təşəbbüslər göstərib. Buna misal ola­raq, keçən il humanitar minatəmizləməni 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi ola­raq rəsmən elan edilməsini göstərə bilərik. Bu istiqamətində ölkəmiz məqsədyönlü və davamlı iş aparır. Bundan başqa, Bakı Qo­şulmama Hərəkatı çərçivəsində humanitar minatəmizləmə üzrə xüsusi əlaqə qrupunun yaradılması ideyasını da irəli sürüb. 

Konfransda Qarabağa ilk dəfə qədəm qo­yan xarici qonaqların çıxışları xüsusi maraqla qarşılanırdı. “Qarabağa səfərim çərçivəsində heyrətamiz minatəmizləmə və yenidənqurma işlərini gördükdən sonra Zəngilanda minatə­mizləmə mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edirəm. Azərbaycan Mi­natəmizləmə Agentliyinin (ANAMA) və BMT-nin İnkişaf Proqramının Zəngilanda təşkil etdiyi konfransda Almaniyanın dünyada və Azərbaycanda minalarla mübarizə fəaliy­yətinə verdiyi dəstəyi vurğulamaq imkanım var”. Bu paylaşımı Almaniyanın Azərbay­candakı səfiri Ralf Horlemann özünün “X” sosial şəbəkəsindəki hesabında yazıb.

* * *

Çıxışında minalarla mübarizə üzrə kon­fransı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfran­sının 29-cu sessiyasının (COP29) bir-biri ilə sıx bağlı olduğunu diqqətə çatdıran BMT Baş katibinin köməkçisi, BMT-nin İnkişaf Proqramının Avropa və MDB üzrə regio­nal bürosunun direktoru İvana Jivkovi­çin sözlərinə görə, bu əlaqə tədbirlərin ətraf mühit və iqlim dəyişikliyinin dayanıqlılığına nail olmaq üçün dəyişikliyə səbəb olan fəa­liyyətlərə yönəldilməsindən qaynaqlanır.

Qeyd edək ki, Azərbaycan son üç ildə BMT ilə müştərək mina təhlükəsinə həsr edilmiş bir sıra beynəlxalq konfranslara evsa­hibliyi edib. Zəngilan konfransı çərçivəsində ANAMA və BMT-nin İnkişaf Proqramı ara­sında niyyət protokolunun imzalanması göz­lənilir. Yəni, Azərbaycan bu sahədə topladığı acı təcrübəsini oxşar problemlə üzləşən dün­ya ölkələri ilə bölüşəcək.

Müstəqil Daimi İnsan Hüquqları Ko­missiyasının (MDİHK) Qarabağda inf­rastruktura dəyən bərpaolunmaz ziyanın miqyasından sarsıldığını konfrans iştirak­çılarının nəzərinə çatdıran İslam Əməkdaş­lıq Təşkilatının MDİHK-nın sədr müavini Hacı Ali Açıkgülün sözlərinə görə, minalar mülki şəxslər, o cümlədən uşaqlar arasında çoxsaylı itki və xəsarətlərə səbəb olub və keç­miş məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtmasına əhəmiyyətli dərəcədə maneə törədib: “Minaların mövcudluğu, həmçinin kənd təsərrüfatı fəaliyyətlərinə, infrastruktu­run inkişafına və təsirə məruz qalan rayonlar­da ümumi iqtisadi bərpaya mane olur”.

Xankəndidən qovulmuş separatçıların basdırdıqları minalar, partlamamış hərbi sur­satlar hələ də canlar almaqda davam edir. Əsas qurbanlar günahsız mülki şəxslər və istehkam­çılardır. Mütəxəssislər deyirlər ki, minaları yerləşdirmək asan, onları təmizləmək isə qat-qat çətin və təhlükəli prosesdir. Azərbaycan bu məqsədlə qısa müddət ərzində bütün gücünü səfərbər edərək dünyada tətbiq olunan ən müa­sir və qabaqcıl texnologiyalardan istifadə edir. Eyni zamanda, Azərbaycan qlobal səviyyədə minalanmaya qarşı mərkəz statusunu qazanıb.

Fərhad MƏMMƏDOV, 
politoloq

– Mina təhlükəsi ölkəmiz üçün hələ uzun illər aktual olaraq qala­caq. Azərbaycan həm də dünyanın diqqətini artıq bu problemə cəlb etməyi bacarıb. Zəngilan konfran­sı bunun əyani nümunəsidir. Bakı donor təşkilat və ölkələrin mövcud resurslarını səfərbər etmək niyyətin­dədir. Məqsəd bu bəlaya düşənlərə yardım etmək üçün beynəlxalq icti­maiyyətin imkanlarını genişləndir­məkdir. 

Adətən, belə konfranslardan sonra bəzi ölkə və təşkilatların Azər­baycana dəstək vermələrinin şahidi oluruq. Burada əsas məqam, əlbəttə ki, Ermənistanın törətdiyi hərbi ci­nayətdir. Azərbaycan bu faktı Er­mənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinin unudulmaması çərçivə­sində atılan addım kimi görür. Bu, çox doğru siyasətdir. Yəni İrəvana hər zaman işğalçı olduğu xatırladıl­malıdır ki, gələcəkdə belə addımlar atmağa cürət eləməsin. 

Üçüncü məqam isə ondan ibarət­dir ki, dünyanın bir çox yerlərində müharibələrin getdiyi şəraitdə mina problemi də qloballaşır. Azərbayca­nın bu sahədə qazandığı təcrübədən digər ölkələr də yararlana bilər. Mi­nalanma müharibənin isti fazasının ayrılmaz hissəsidir. Və ona qarşı mübarizədə Azərbaycan həmişə fəal iştirak edəcək.

İmran BƏDİRXANLI
XQ











Siyasət