Regional təhlükəsizlik Azərbaycan multilateralizmi kontekstində

post-img

I MƏQALƏ

Multilateralizm: nəzəriyyə və diplomatik təcrübə

Xarici siyasətdə və iqtisadi fəaliyyət­də multilateralizm mövzusu yeni deyildir. Bunun siyasi əsası Vestfal sazişi zama­nından qoyulmuşdur (XVII əsr). Multila­terallıq çoxtərəfli beynəlxalq münasibət­lərdə kimsənin mütləq üstünlüyünü qəbul etməməyə əsaslanır. Bütün iştirakçılar bərabərhüquqlu sayılır. Bu, iqtisadi ilə yanaşı, siyasi aspektə də aiddir. Əsas prinsip isə “qazan-qazan”dır (win-win). Yəni bu, qarşılıqlı əlaqələrə elə bir ya­naşmadır ki, qarşı tərəflə münasibətlərdə (məsələn, danışıqlarda, münaqişəni həll edəndə) başlıca ideyası bütün tərəflərin uduşlu olmasından ibarətdir. 

Multilateralizmin həm nəzəri əsasları işlənir, həm də onun praktiki-diplomatik fəaliyyət üsulu olaraq araşdırılması apa­rılır. Qərb politoloji fikrində multilateralizm nəzəriyyəsinin əsaslarını C.Kaporazo, R.Kohen və C.Nayem işləmişlər. Bu tə­lim çoxtərəfli beynəlxalq münasibətlərin nəzəri dərkidir. Bununla yanaşı, siya­si-diplomatik praktikada multilateralizmin formaları, mənası, əhəmiyyəti və başqa müxtəlif kontekstlər konseptual səviyyə­də araşdırılır. Bununla bağlı Qərb polito­logiyasında K.Buşardın, C.Petersonun, D.Meyerin və digərlərinin tədqiqatları mövcuddur. 

Hər iki araşdırma səviyyəsi üçün ortaq olan məqam multilateralizmin dövlətin xa­rici siyasətinin reallaşması formalarından biri olmasıdır. Bura müxtəlif regionlarda yerləşən dövlətlərin müasir geosiyasi si­tuasiyada xarici siyasətdə multilaterallığı necə reallaşdırdığı məsələsi də daxildir. Bizi problemin məhz bu tərəfi maraqlan­dırır. Üç səbəbdən: birincisi, müşahidələr göstərir ki, nəzəri olaraq hamının razılaş­dığı multilateral xarici siyasətin prinsiplə­rinə praktikada heç də hamı əməl etmir, ikincisi, dünyanın heç də bütün regionla­rında dövlətlər multilateral siyasətlərində uğurlu olmurlar, üçüncüsü, bunların fo­nunda Azərbaycanın xarici siyasətində multilaterallıq uğurludur. 

Vurğulanan üç səbəbin qarşılıqlı əlaqəsində Cənubi Qafqazda Azərbay­can multilateralizminin uğurlarının araş­dırılması həm regional inkişaf, həm də təhlükəsizlik baxımından vacibdir. Çünki Azərbaycan nümunəsi başqa regionlar üçün də örnək ola bilər. Öncə, iki nümunə üzərində dayanaq.

İki müqayisə

Beynəlxalq Məsələlərin Rusiya Şura­sı (РСМД) Asiya multilateralizmini araş­dırmışdır. Son üç ildə Asiya–Sakit okean ölkələrinin xarici siyasətində multilatera­lizmi nəzərə almaları və bu istiqamətdə irəli sürdükləri təklifləri öyrənmişlər. Bu araşdırma iki təşkilat: Asiya–Sakit okean İqtisadi Əməkdaşlığı (APEC) və ASEAN daxilindəki fəaliyyətlər üzrə aparılmışdır. İndoneziya, Tailand və Kambocanın mul­tilateral siyasətinin təhlili göstərmişdir ki, onları uğurlu saymaq olmaz. Əslində, on­ların hər biri çox yaxşı ideyalar irəli sür­müşlər. Məsələn, İndoneziya sağlamlığın qlobal arxitekturasını təmin etməyi və rəqəmsal transformasiyanı təklif etmişdir. Tailand pandemiyadan sonrakı dövrdə regionun bərpa olunması ilə bağlı fikrini irəli sürmüşdür. Kamboca isə region döv­lətlərinin yeni çağırışlarla mübarizə üçün səyləri birləşdirməsi ideyasını ifadə et­mişdir. 

Ayrı-ayrılıqda bu təkliflərin hər biri müsbət məna daşıyır və bütövlükdə, Asi­ya–Sakit okean regionunda əməkdaşlıq və təhlükəsizlik üçün faydalıdır. Ancaq real siyasətdə bunların heç biri lazımi nəticəni vermir. Üstəlik, həmin dövlətlərin heç birinin regional liderliyi qəbul edilmir. 

Belə qənaət əldə edə bilərik ki, multi­lateral ideya gözəl, məzmunlu, aktual və regionun hər bir dövləti üçün faydalı ola bilər, lakin onun praktiki həyata keçməsi gözlənilən nəticəni verməyə də bilər. 

Digər nümunə Mərkəzi Asiya döv­lətlərinin multilateral siyasəti ilə bağlı­dır. Onların hər biri ayrılıqda həmin xətti nəzərə alır. Xüsusilə, Qazaxıstanın xarici siyasətində multilaterallıq geniş yer tutur. Özbəkistan, Türkmənistan və Qırğızıstan haqqında da eyni fikri söyləmək olar. Mərkəzi Asiya politoloqları multilateraliz­mi əsasən dövlətin ətrafında təhlükəsiz geosiyasi məkanın yaradılması istiqamə­tindəki fəaliyyəti kimi izah edirlər. Bunda da müsbət məna və həqiqət vardır. Çünki həmin şərt ödəndikdə dövlət inkişafa fo­kuslana bilir. Lakin geosiyasi kontekstdə problem ondan ibarətdir ki, Mərkəzi Asi­yada bütün bu istiqaməti davamlı apara biləcək yerli lider dövlət mövcud deyil­dir. Ona görə də həmin regionda Rusi­ya, Qərb və Çinin liderlik rəqabətindən daha çox bəhs edilir. Belə bir şəraitdə multilaterallığın region üçün nə dərəcədə həlledici ola biləcəyi məsələsi tam aydın deyildir. 

Azərbaycan nümunəsi

Belə çıxır ki, multilaterallığa praktiki diplomatik fəaliyyətin konkret nəticələrinə əsasən adekvat qiymət vermək gərəkdir. Çünki multilateral siyasətin nəzəriyyəsi, demək olar ki, oxşar prinsiplərə əsasla­nır. Burada başlıca məqsəd beynəlxalq miqyasda dövlətlər arasında çoxtərəfli münasibətləri elə qurmaqdan ibarətdir ki, bundan hər bir iştirakçı qazansın. Bu­rada “qazanmaq” yalnız maliyyə-maddi aspekti ifadə etmir. Onlar da vacibdir. Ancaq sülh, əməkdaşlığın bütün aspekt­ləri, təhlükəsizliyin real təmini, geosiyasi dividendlər kimi dəyərlər də çox əhəmiy­yətlidir. O halda məsələ multilaterallıqda kompleks faydalılıqdan söhbət getdiyini dərk etmək mümkündür. 

Real olaraq da, müasir mərhələdə müstəqil dövlətin həqiqi mənada mul­tilateral olması əldə edilən kompleks nəticələrə nisbətən müəyyənləşə bilər. Bu kontekstdə Azərbaycan nümunəsi çox faydalıdır. Faktiki olaraq, rəsmi Bakı multilaterallığa praktiki siyasi-diplomatik müstəvidə yeni məzmun vermişdir. Bu tezisin sübuta ehtiyacı vardır. 

Multilaterallığın fəlsəfi özəlliyi

Ümumiyyətlə, “siyasi multilaterallığın” mümkünlüyünün təməlində fəlsəfədə müasir mərhələdə dominant anlayış­lardan olan “müxtəlifliyin mürəkkəb sis­temdə vəhdəti”nin mümkünlüyü tezisinin sübutu dayanır. Məsələnin fəlsəfi cəhəti üzərində geniş dayanmadan onu vur­ğulayaq ki, filosoflar (və həm də polito­loqlar) mürəkkəb və açıq qeyri-xətti sis­temlərdə müxtəlifliyin vəhdətinin bir şərt olduğu qənaətindədirlər. Yəni bu vəhdət, bütövlükdə, mürəkkəb sistemlərin təbiə­tinə aiddir – kənardan süni daxil edilən faktor deyildir. Siyasi və geosiyasi sis­temlər üçün bu tezisin xüsusi məzmunu olması məsələsi artıq başqa məqamdır. Hər bir halda, müasir regionları kifayət qədər mürəkkəb struktura və funksiyala­ra malik sistem kimi təsəvvür etmək olar (hətta, onları sistemüstü şəbəkə olaraq da qəbul edən araşdırmaçılar vardır). 

Deməli, konkret regionda multilate­rallıqda uğurlu olmaq həmin regionun mürəkkəb və açıq sistem (və ya şəbəkə) kimi adekvat siyasi-nəzəri dərkindən birbaşa asılıdır. Görünür, İndoneziya, Tailand, Kamboca və Mərkəzi Asiya döv­lətləri məhz problemin bu aspektinə də­rindən yiyələnə bilməyiblər. Və yaxud, kənardan olan güclü təsirlərə lazımi müqavimət göstərərək kifayət qədər müstəqil siyasi kurs həyata keçirə bil­mirlər. Bu faktın fonunda Azərbaycanın Cənubi Qafqazı mürəkkəb və açıq region olaraq siyasi-nəzəri dərindən dərk etdiyi fikrini irəli sürmək olar. Bunun bazasını keçən əsrdə ulu öndər Heydər Əliyev qoymuşdur. XXI əsrdə isə Prezident İlham Əliyev konkret fəaliyyəti ilə həmin xətti inkişaf etdirdiyini göstərir. 

Deməli, ilk olaraq deyə bilərik ki, Azər­baycanda multilaterallığın uğurlu olması­nın nəzəri və praktiki təməlində multila­terlizm ənənəsinin mövcudluğu dayanır. Bu, çox vacib geosiyasi məqamdır. Söh­bət konkret olaraq hansı təcrübədən ge­dir? Bu təcrübə 1993-cü ildən başlayaraq üç istiqamətdə qurulan siyasi-diplomatik fəaliyyətin nəticəsində toplanmışdır. 

Birincisi, ulu öndər Heydər Əliyev “Əsrin müqaviləsi” ilə Azərbaycanın xarici siyasətində yalnız qarşılıqlı fay­dalı qazanc üsuluna üstünlük verdiyini dünyaya nümayiş etdirdi. Və ən əhəmiy­yətlisi ondan ibarət idi ki, tarixdə ilk dəfə olaraq, bu regionda müstəqil bir dövlət multilaterallığı üç aspektdə birləşdirə bilmişdir – geosiyasi, təhlükəsizlik və iqtisadi əməkdaşlıq. Yəni “Əsrin müqa­viləsi” yalnız və heç də enerji məsələsini əhatə etmirdi. O sənəd özündə Azərbay­canın bir müstəqil dövlət olaraq regional və qlobal miqyaslarda qarşılıqlı faydalı geosiyasi, siyasi, təhlükəsizlik və iqtisa­di əlaqələri yaratmaq və inkişaf etdirmək strategiyasını ifadə edir. Bu xəttin Avropa da daxil olmaqla geniş bir geosiyasi coğ­rafiyada son dərəcə səmərəli olduğunu təcrübə sübut etdi. “Əsrin müqaviləsi” Azərbaycanın xarici siyasətində multila­terallığı ifadə edən özəl yerə və rola sa­hibdir!

İkincisi, milli ideyanın ərazi bütöv­lüyünün bərpası məzmununda müəy­yən edilməsinin təməlində ideya olaraq Azərbaycanın kiməsə qarşı aqressiv mövqeyi deyil, pozulmuş haqqını bərpa etməklə regional miqyasda qarşılıqlı fay­dalı əməkdaşlıq formatına keçidi təmin etmək dayanırdı. Bu kursun fəlsəfi və si­yasi-nəzəri mənası çox böyükdür. Təsəv­vür edək ki, əsrlərlə ətraf dövlətlərdən müxtəlif aspektlərdə təzyiq, təsir, pozucu fəaliyyət görən bir müsəlman ölkəsi stra­teji seçimində öz hüququnu bərpa edən­dən sonra hər kəsə sülh və əməkdaşlıq əlini uzadacağını milli ideyasının məzmu­nunda ifadə edir. Azərbaycan bu sferada çox dəyərli təcrübə əldə etmişdir ki, onun bəhrələrini indi görür.

Üçüncüsü, Azərbaycan özünün daxili ideoloji multilateral mühitini yarat­maqla, siyasi aspektdə multilaterallığı beynəlxalq miqyasa geosiyasi transfer etməyə nail oldu. Yəni Azərbaycan cə­miyyətdə azərbaycançılıqla multikultu­ralizmin optimal sintezinə nail ola bil­məsəydi, xarici siyasətində multilaterallıq istiqamtində indiki kimi uğurlu ola bil­məzdi. Bu məqamı tədqiqatçılar tez-tez unudurlar. Lakin beynəlxalq təcrübədən bir nümunə problemin aktuallığını aydın görməyə imkan verə bilər. 

Biz yuxarıda Asiya–Sakit okean regi­onunda multilateral təşəbbüslərin gözlə­nilən nəticəni vermədiyini vurğulamışıq. Tədqiqatçılar bunun konkret səbəblərini də göstərirlər. Doğrudan da, həmin müs­bət təşəbbüslər niyə Asiya–Sakit okean regionunda müsbət sonuc vermir? 

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət