“Qarabağın mədəni irsi və Nizami muzeyinin  Qarabağ filialı insan hüquqları kontekstində”

post-img

1998-ci il iyunun 18-də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə ilk dəfə İnsan Hüquqları üzrə Dövlət Proqramı qəbul olunub və bu mühüm sənəd insan hüquq və azadlıqlarının qorunması istiqamətində atılmış tarixi addım idi. Ulu öndərin müdrik siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 18 iyun 2007-ci il tarixli sərəncama əsasən bu gün ölkəmizdə Milli İnsan Hüquqları Günü kimi qeyd olunur.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən bu əlamətdar gün ərəfəsində ənənəvi olaraq 18 may – 18 iyun tarixləri “İnsan Hüquqları Aylığı” elan olunub. Bu münasibətlə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Qarabağın mədəni irsi və Nizami muzeyinin Qarabağ filialı insan hüquqları kontekstində” mövzusunda elmi sessiya keçirilib.

Elmi sessiyanı giriş sözü ilə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov açaraq Azərbaycanda İnsan Hüquqları Gününün tarixi əhəmiyyətini qeyd edib.

80 il öncə dünya tarixində əlamətdar hadisənin baş verdiyini, İkinci Dünya müharibəsinin başa çatdığını söyləyən akademik Rafael Hüseynov bildirib ki, bununla da dünya siyasi xəritəsi dəyişikliyə uğradı. Beynəlxalq əməkdaşlıq qurmaq və növbəti toqquşmalara imkan verməmək üçün BMT və digər beynəlxalq təsisatlar yaradıldı, bir sıra bəyənnamələr, mühüm sənəd və qanunlar qəbul edildi. Direktor vurğulayıb ki, həmin sənədlərdən ən əhəmiyyətlilərindən biri 1948-ci il dekabrın 10-da BMT Baş Məclisi tərəfindən qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsidir. Bu bəyannaməyə əsasən 1950-ci ildən başlayaraq hər il dekabrın 10-da dünya ölkələrində Beynəlxalq İnsan Hüquqları Günü qeyd olunur. Qəbul edilməsindən uzun illər keçməsinə baxmayaraq, Bəyannamə öz aktuallığını qoruyub saxlayır və insan hüquqlarının təşviqi, müdafiəsi və təminatı sahəsində əsas istinad mənbəyi rolunu oynayır.

Akademik Rafael Hüseynov Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçdiyini, BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə və bir sıra beynəlxalq konvensiyalara qoşulduğunu bildirib. Qeyd edib ki, xüsusilə 1998-ci ilin avqustunda Azərbaycan Hökuməti ilə BMT arasında imzalanan “İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında” Memorandum bu sahədə beynəlxalq dəstəyin institusional əsaslarını möhkəmləndirib.

O, Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Fərmanı ilə ulu öndər Heydər Əliyevin 1998-ci ildə ölkəmizdə ilk “İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq etdiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirdiyi 18 iyun tarixinin Azərbaycanda İnsan Hüquqları Günü elan edildiyini vurğulayıb. Qeyd edib ki, sözügedən fərmanla dövlət səviyyəsində insan hüquqlarının müdafiəsi sahəsində yeni mərhələnin əsası qoyulub, bu istiqamətdə vahid və sistemli fəaliyyət proqramının həyata keçirilməsinə başlanılıb.

Akademik Rafael Hüseynov 2001-ci ildə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına üzv qəbul olunduğunu xatırladaraq, ölkəmizin insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq öhdəliklərə daim sadiq qaldığını, beynəlxalq və regional qurumlarla səmərəli əməkdaşlıq etdiyini diqqətə çatdırıb. O, xalqımıza qarşı erməni millətçiləri tərəfindən müxtəlif vaxtlarda məqsədyönlü şəkildə həyata keçirilmiş terror, etnik təmizləmə, soyqırımı siyasətindən danışıb, 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edildiyini, ölkəmizin ərazi bütövlüyünün, tarixi ədalətin və beynəlxalq hüququn bərpa edildiyini vurğulayıb.

Daha sonra “Qarabağ savaşının ən böyük qurbanı – mədəni irsimiz” sərlövhəli məruzəsini təqdim edən akademik Rafael Hüseynov bildirib ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalı zamanı Qarabağ ərazisində xalqımıza məxsus yüzlərlə daşınmaz tarix, mədəniyyət və dini abidələr, qəbiristanlıqlar dağıdılıb, mənimsənilib, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə edilərək vandalizmə məruz qalıb. Direktor vurğulayıb ki, artıq işğaldan azad edilmiş Qarabağımızın bərpa, yenidənqurma, inkişaf, çiçəklənmə dövrü başlayıb. İllərdir düşmənin dağıdaraq viran qoyduğu yurd yerlərimizə indi yeni nəfəs gəlib. Quruculuq işləri çərçivəsində tarixi, mədəni və dini irsimizin bərpası həyata keçirilir.

Tədbirdə Ədəbiyyat Muzeyinin Xurşidbanu Natəvan adına Qarabağ filialının elmi işçisi Rəhman Baxşəliyev “Qarabağın mədəni irsi – tarixi-memarlıq abidələri” adlı məruzə ilə çıxış edib. Məruzəçi XVIII əsrin ortalarında Pənahəli xan Cavanşir tərəfindən yaradılmış Qarabağ xanlığından bəhs edərək Bayat qalası, Şahbulaq və Əsgəran qalalarından, Pənahabad qalasının tikilmə tarixi barədə məlumat verib. Həmçinin arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş maddi mədəniyyət nümunələrinin Azərbaycanın bu bölgədəki qədim mədəniyyətini, iqtisadi, ictimai və mədəni tarixini hərtərəfli əks etdirdiyini bildirib. O, işğaldan azad edildikdən sonra dövlət səviyyəsində qəbul olunan “Böyük Qayıdış” proqramı çərçivəsində Şuşanın zəngin mədəni irsinin dirçəldilməsindən bəhs edib.

Sonra Qarabağ filialının kiçik elmi işçisi Məhsəti Əhmədova “XIX əsr Qarabağ ədəbi məclisləri zənginliyi ilə seçilən mədəni irsimizdir” mövzusunda məruzəsini təqdim edib. Məhsəti Əhmədova Azərbaycan xalqının tarixində dönüş əsri olan XIX əsrin müasir ədəbiyyatımızın əsas xüsusiyyətlərini səciyyələndirən cəhətlərin yaranması üçün bilavasitə təməl olduğunu qeyd edib. Məruzəçi bu dövr ədəbiyyatımızın inkişafında müsbət rol oynamış görkəmli şair və mütəfəkkirlərin Şuşada bir araya gəldiyi “Məclisi-üns” və “Məclisi-fərəmuşan” ədəbi məclislərindən söz açıb. Bildirib ki, Qarabağ məclisləri təkcə poeziya deyil, həm də ana dilinin və maarifçiliyin təşəkkül tapdığı canlı mədəni ocaqlar olub.

Daha sonra muzeyin Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin elmi işçisi Natəvan Bağırova “Qarabağ mədəni irsinin mühafizəsi və zənginləşməsində Nizami muzeyi fondunun rolu” mövzusunda çıxış edərək Nizami muzeyinin Elmi fondunun müxtəlif bölmələrində – əlyazmalar, original foto, incəsənət əsərləri, xatirə əşyaları və s. mühafizə olunan nümunələrdən bəhs edib. O, burada Qarabağın ədəbi, mədəni, ictimai xadimlərinin həyat və yaradıcılığını, fəaliyyətini əks etdirən zəngin eksponatların saxlandığını bildirib.

Məruzəçi qeyd edib ki, bu nümunələr yalnız tarixi yaddaşımızın bir hissəsi deyil, həm də milli-mənəvi kimliyimizin daşıyıcılarıdır.

Tədbir muzeyin Doktorantura və elmi inkişaf şöbəsinin elmi işçisi Rəhilə Sadıqovanın “Qarabağ mədəni irsinin qorunması və təbliğində Nizami muzeyinin konseptual missiyası” adlı məruzəsi ilə davam edib. Rəhilə Sadıqova qeyd edib ki, Nizami muzeyi ekspozisiyası təkcə bədii və mədəni eksponatların sərgiləndiyi məkan deyil, həm də milli-mədəni irsin hüquqi müdafiə predmeti kimi təqdim olunduğu, ictimai şüurun formalaşdırıldığı və kollektiv yaddaşın bərpa olunduğu mühüm elmi-mədəni mərkəzdir.

Sonda tədbir iştirakçıları “Qarabağ ulduzları” mövzusunda sərgi ilə tanış olub, qədim diyarımızın maddi-mənəvi irsini nümayiş etdirən slayd izləyiblər.

Nərgiz Qəhrəmanova

 

 

 





Sosial həyat