Strateji geosiyasi rəqabət və hərbi qarşıdurmalar

post-img

I MƏQALƏ

Dünya yeni böhrana doğru

İndi dünya müxtəlif regionlarda mövcud olan hərbi toqquşmaları həyəcanla izləyir. Şərqi Avropada Rusiya-Ukrayna, Yaxın Şərqdə İsrail-Fələstin və son zamanlar İsrail-İran, Asiyada Hindistan-Pakistan münaqişələri fərqli dinamikada davam edir. Lakin onların birlikdə dünya üçün ciddi təhlükə yaratdığını deyirlər. Xüsusilə, İsrail-İran və Rusiya-Ukrayna hərbi toqquşmaları sanki geniş miqyasda insanlara gələcəklə bağlı qorxu yaratmışdır.

Ancaq bu proseslərin geosiyasi qiymətləndirilməsi ilə adi səviyyədə qavranılması arasında fərqlər vardır. Strateqlər və analitiklər mövcud vəziyyəti nəzəri geosiyasi yanaşma əsasında anlamağa çalışırlar. Maraqlıdır ki, bunun üçün klassik anlayışlardan çox, müasir elmlərdə yaranmış anlayışlardan istifadə edirlər.

Məsələn, “qeyri-xəttilik”, “asimmetriklik”, “xaotik dinamika”, “turbulentlik”, “mürəkkəblik”, “dayanıqsızlıq” və s. Bu cür anlayışlardan istifadənin mövcud vəiyyəti adekvat dərk etməyə imkan verdiyi haqqında birmənalı fikir bildirmək çətindir. Ancaq reallıqdır ki, artıq əvvəlki mərhələlərdə istifadə olunan anlayışlarla XXI əsrin geosiyasi dinamikasını xarakterizə etmirlər. Onda məntiqi olaraq belə alınır ki, məsələn, İsrail-İran hərbi toqquşmasının nəzəri geosiyasi dərkinə klassik anlayışlar prizmasında baxmaq özünü aldatmaqdır. Başqa münaqişəli vəziyyətləri də nəzər alsaq, ümumiyyətlə, dünya miqyasında geosiyasi mənzərəni necə xarakterizə etmək olar ki, oradan konkret hərbi toqquşma “məkanlarına elmi yüklənmək” mümkün olsun? İndi əksər analitikin istifadə etdiyi bir terminin prizmasında qlobal geosiyasətin dinamikasına baxaq.

Asinxron çoxqütblülük

“Asinxronluq” burada dünyanın böyük güclərinin nüfuz dərəcəsinin fərqliliyi ilə yanaşı, onlar arasındakı münasibətlərin ziddiyyətliliyini ifadə edir. Bundan başqa, asinxronluq həmin güclü dairələrin dünyanın digər kəsiminə münasibətlərinin də təzadlı olduğuna işarədir. Bu anlam çərçivəsində müasir qlobal geosiyasi mənzərə dayanıqsız və kəskin qarşıdurmalar meydanını xatırladır. İndi həmin mənzərəni əsasən üç toqquşma məkanı formalaşdırır: Rusiya-Ukrayna müharibəsi, İsrail-İran və Hindistan-Pakistan toqquşması. Hələlik diplomatik üsulla bu münaqişə nisbi sabit vəziyyətdədir, lakin istənilən an yenidən alovlana bilər. Bunun təsdiqlərindən biri kimi son olaraq Pakistan–Əfqanıstan sərhədində hərbi toqquşmanın baş verdiyi haqqında informasiyanı xatırlamaq olar.

Eyni zamanda, mövcud toqquşmaların fonunda bir neçə həssas məkanlar vardır. Məsələn, Rusiya-Qazaxıstan sərhədi və ya Qırğızıstan-Əfqanıstan-Pakistan-Hindistan-Çin “beşbucağı” və s.

Bütün bunların prizmasında hazırda aktiv fazada olan toqquşmaları geosiyasi kontekstdə necə qiymətləndirmək olar?

Rusiya–Ukrayna müharibəsi

Artıq aydındır ki, bu müharibə hələ uzun sürəcək. Tərəflər bir-birini gücdən salmaqda davam edəcəklər. Ukrayna Rusiyaya qarşı keçirdiyi və dünyada əks-səda yaradan son hərbi əməliyyatdan sonra, hərbi aktivlik başqa formaya keçmişdir. Bəlkə də müəyyən dairələrin gözlədiyi kəskin savaş ssenariləri alınmadı. Ancaq Ukrayna tərəfinin tətbiq etdiyi qarşı tərəfin infrastrukturunu havadan zərbələrlə sarsıtmaq metodu böyük maraq yaratmışdır. İndi Rusiyanın analoji fəaliyyətə hazırlaşdığı haqqında informasiyalar alınır. Deməli, Rusiya-Ukrayna cəbhəsində fəallığın nisbi azalması əslində, bir müddət sonra yeni gərginliyə hazırlıq təsiri bağışlayır. Bunun fonunda İsrail-İran toqquşması çox düşündürücüdür.

İsrail–İran: qarşılıqlı hərbi zərbələr

Bu prosesin ümumi məntiqinə baxanda daha geniş miqyas və hərbi gücdə Ukraynanın Rusiyaya tətbiq etdiyi üsulu görürük. Dronların başqa ölkəyə pikaplarda və yük maşınlarında daxil edilməsi, onların geniş əraziyə yayılması, kəşfiyyatın dəqiq ünvanlarla çox gizli işləməsi və əsasən strateji hərbi obyektlərin hədəfə alınması oxşar ssenari təsiri bağışlayır. Lakin İsrailin məqsədi daha dərin və geniş məqamları əhatə edir. Tel-Əviv İranın nüvə hazırlamaq potensialını tamamən məhv etmək məqsədini qarşıya qoymuşdur. Rusiyaya qarşı belə bir məqsəd qoyulmur. Hindistan-Pakistan toqquşmasında da nüvə potensialını məhv etməkdən söhbət getmir. Deməli, elə bir siyasi və geosiyasi məqam vardır ki, İsrail-İran toqquşmasının mahiyyətini fərqli edir.

Aydın olur ki, nüvə silahına malik olan dövlətlərin böyük əksəriyyəti İranın da həmin silahlara malik olmasını arzulamırlar. Burada Çinin nə düşündüyü bizə tam aydın deyildir. Ancaq Pekinin Tehranı dəstəklədiyi haqqında informasiyalar yayılır. Lakin İsrail rəhbərliyinin Qərbdə nüvə gücü olan dövlətlərin başçıları ilə müzakirələrindən bir ümumi nəticə çıxır – onların hamısı İrana “məsləhət” görürlər ki, nüvə silahı hazırlamaq planlarından əl çəksin və ABŞ ilə danışıqları davam etdirsin. Bunların fonunda İsrail-Fələstin qarşıdurması “xırda məsələ” kimi görünür.

İndi vurğuladığımız məqamları geosiyasi kontekstdə ümumiləşdirə bilərik.

Ənənəvi hegemonluğun saxlanması

Bir qrup dövlət əsrlərdir ki, özləri üçün təmin etdikləri geosiyasi hegemonluğu saxlamaq uğrunda ciddi savaşa girişmişlər. Onlar əsasən Qərb dövlətləridirlər. Başda ABŞ olmaqla həmin dairələr Çin və Rusiyanın qlobal rolunu özləri bildiyi kimi müəyyən etməyə çalışırlar. İranı isə qətiyyən öz sıralarında görmək istəmirlər. Bu prosesə Rusiya hələ ciddi müqavimət göstərə bilmir. Türkiyə o səviyyədə güclənməmişdir. Çin isə hələ aktiv müqavimət üsuluna keçməmişdir. Bəlkə də uğurlu ola biləcəyinə əmin deyildir.

Fakt ondan ibarətdir ki, başda ABŞ olmaqla müəyyən güclü dairələr diplomatiya ilə sərt güc tətbiqini növbələyərək istədiklərinə nail olmağa çalışırlar. Bu cür yanaşma xeyli dərəcədə Henri Kissincerin realizmlə idealizmi, yumşaq güclə sərt gücü sintez etməyi nəzərdə tutan yanaşmasının təsdiqi kimi görünür.

Yekun mənzərə isə daha qeyri-müəyyən görünür. Qlobal miqyasda strateji rəqabət hərbi toqquşma mərhələsinə keçməkdədir. Bu tendensiyanın əhatə dairəsi genişlənir və daha dağıdıcı xarakter alır. Mümkündür ki, belə bir şəraitdə dünya təhlükəsizlik sistemi tamamilə çöksün və qlobal nizamın formalaşmasına olan ümidlər puç olsun. Eyni zamanda, burada bir sıra faktorlar vardır ki, onların kompleks təsiri situasiyanı kəskin dəyişə bilər. Bəşəriyyət tam ümidsiz deyildir.

Məsələnin kökü onunla bağlıdır ki, ən qüdrətli hərbi gücə malik dövlət, dövlətlər qrupu və hətta alyanslar XXI əsrdə ənənəvi hegemonluqlarını saxlamaqda ciddi problemlərlə üzləşə bilərlər və indi üzləşirlər də. Hazırda Amerikanın olduqca qüdrətli hərbi gücə malik obrazı geniş yayılsa da, dərindən aparılan analizlər və XXI əsrin geosiyasi özəllikləri real vəziyyətin daha geniş kontekstə malik olduğu gerçəkliyini ortaya qoyur. Bu prizmada indi Rusiya, Ukrayna və ya İranın acizlik kimi görünən durumları aldadıcı ola bilər. Belə bir tezisi əsaslandırmaq üçün arqumentlər vardırmı?

Çoxqütblülük şəraitində gücün paylanması

İndi strateqlər əmindirlər ki, bütövlükdə dünyanın qəbul etdiyi “ən böyük güc” anlayışı yoxdur. Bu vəziyyəti geosiyasi çoxqütblülük yaratmışdır. Buna görə də, Amerikanın XXI əsrin üçüncü onilliyində qeyd-şərtsiz yeganə ən qüdrətli hərbi güc olması və bu əsasda dünyanı yenidən “geosiyasi dizayn” etmək imkanına malik olması tezisi əsaslı görünmür. Bu məqamda doğrudan da dünya miqyasında maraqlı situasiya yaranmışdır.

Tədqiqatçılar onun başlanğıcını XX əsrin 70-ci illərində beynəlxalq münasibətlərin neorealist təliminin görkəmli nümayəndəsi, amerikalı Kennet Uoltsun “çoxqütblülük” anlayışını daxil etməsi ilə əlaqələndirirlər. Neorealistlərə görə, beynəlxalq arenada dövlətin davranışını onun maraqlarından çox mövcud dünya nizamının strukturu müəyyən edir. Məhz dünya düzəninin struktur özəlliyi istənilən dövlətin maraqları və strategiyalarının sərhədlərini formalaşdırır. Geosiyasi güc isə struktur vahidi kimi böyük fövqəldövlətlər arasında güc potensiallarının paylanması əsasında yaranır.

Bu məntiqlə çoxqütblülük bir neçə böyük dövlətin və ya onların alyanslarının güclərinin təmərküzləşməsini ifadə edir. Həmin səbəbdən geosiyasi strukturun çoxqütblü olması maksimum dərəcədə strateji müxtəliflik (“variativlik”) əmələ gətirir. Belə alınır ki, çoxqütblülük şəraitində real olanı bir gücün hegemonluğu ilə deyil, bir neçə böyük dövlətlər arasında güclərin paylanması ilə bağlıdır. Bu da hər hansı dövlət üçün hərbi qüdrətin həlledici olmadığı nəticəsini çıxarmağa əsas verir.

Müasir dünyanın geosiyasi mənzərəsinin ən maraqlı aspekti həmin məqamdan başlayır. Konkret olaraq, XXI əsrdə “güclü fövqəldövlət kimdir?” sualı cavab tələb edir. Və yaxud “ən qüdrətli hərbi gücə malik dövlət dünya hegemonluğunu qalıcı və uzun müddətə təmin edə bilərmi?” kimi suallar ritorik deyildir.

Məsələn, yüksək hərbi texnologiyalara malik olan ABŞ, Çin və ya İsrail başqalarına öz maraqlarını hansı səviyyəyə qədər diqtə edə bilərlər? Bu baxımdan ABŞ-İsrail alyansı İranı (və ya başqa orta hərbi güc olan dövləti) tam məğlub edə bilərmi? Dünyanın çoxqütblü modeli bu suallara birmənalı müsbət cavab verməyə əsas yaratmır. Buna görə də yuxarıda qoyulan suallara substantiv aspektdə tutarlı cavab tapmağa ehtiyac yaranmışdır.

XXI əsrdə kim güclüdür?

Neorealistlər XX əsrdə hesab edirdilər ki, dövlətin əsas gücü hərbi qüdrətindədir. Lakin iqtisadiyyat və insan kapitalının inkişafı kimi faktorların dövlətin fəaliyyətində təsirlərinin yüksəlməsi ilə gerçək güc anlamı da dəyişməyə başladı. Güclü hərbi potensiala malik olan SSRİ-nin dağılması bu baxımdan dünya üçün bir nümunə oldu. Sovetlərin iqtisadi aspektdə başqa fövqəl hərbi güclərdən xeyli geridə qalması onu sonunda sıradan çıxardı. Ayrıca, SSRİ-də insan kapitalı sırf ideoloji kontekstdə dərk edilirdi. Hətta bir sıra dönəmlərdə kommunist olmayan cəmiyyət üçün insan sayılmırdı.

Deməli, dövlətin real gücü iqtisadi imkanları və insan resursları ilə sıx bağlıdır. İnsanın inkişaf resursları geniş olmayan dövlət yekunda əsl güclü dövlət ola bilmir. Bu bağlılıqda dövlətin müxtəlif sahələr üzrə təhlükəsizliyi məsələsi birbaşa milli təhlükəsizliyin tərkib hissələri kimi çıxış edir. O halda dövlətin milli təhlükəsizliyini yalnız hərbi qüdrət təmin etmir. Hər şeydən öncə, insan kapitalı, insan resursu nəzərə alınmalıdır. Bu istiqamətdə fikirlərə davam etsək, belə qənaət ala bilərik ki, dövlətin enerji resursu olduqca böyük əhəmiyyət daşıyır.

Beləliklə, birincisi, XXI əsrdə dövlətin gücü yalnız hərbi qüdrətlə məhdudlaşa bilməz, ikincisi, insan kapitalı və ya insan resursu daha böyük əhəmiyyət daşıyır, üçüncüsü, dövlətin enerji resursları təhlükəsizliyin təmini baxımından strateji əhəmiyyət kəsb edir, dördüncüsü, enerji təhlükəsizliyi milli təhlükəsizliyin başlıca faktoruna çevrilir.

Belə bir mənzərə indi müşahidə edilən geosiyasi toqquşmalara fərqli bucaq altında baxmağa imkan verir. Bunu müasir mərhələdə “strateji geosiyasi rəqabət” ifadəsinin məna çalarlarından da görmək olar.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət