“Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır!”

post-img

1918-ci il mayın 28-də Şərqdə və müsəlman aləmində ilk demokratik dövlətin – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın müstəqillik əzminin təsdiqi idi. Həmin vaxt AXC-nin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Ulu öndər Heydər Əliyevin də dediyi kimi, müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o illərdə  milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlı idi. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasında mühüm rol oynamışdır.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çinqiz Qənizadə 28 May - Müstəqillik Günü ilə əlaqədar redaksiyamıza açıqlamasında müstəqilliyimizin əbədi, dönməz və  sarsılmaz olduğunu bildirib.

Hüquq müdafiəçisi deyib ki, AXC-nin qısa dövr ərzindəki fəaliyyəti zamanı Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Bununla yanaşı, milli dövlətçilik ənənələri, Azərbaycan vətəndaşlığı institutunun təsis edilməsi, milli ordunun yaradılması kimi faktlar dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynayıb. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis olundu. Milli ordu qurulmuş və Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğalçılardan azad edilmişdir. Qısa müddət ərzində olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olunmuşdur.

Ç.Qənizadə AXC-nin xarici siyasətinin başlıca məqsədinin yeni yaradılmış dövləti dünyaya tanıtmaq olduğundan söhbət açaraq deyib ki, milli hökumətin qarşısında dayanan əsas vəzifələrdən biri Paris Sülh Konfransında, dünyanın siyasi nizamının yenidən quruluş aldığı bir zamanda müttəfiq dövlətlər tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasını, habelə dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələrin yaradılmasını təmin etmək idi. Buna görə də, ilk növbədə, Avropanın bir sıra ölkələrinə yeni bir dövlətin qurulması barədə rəsmi məlumat göndərildi. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı. Şərqin və müsəlman aləminin ilk demokratik dövləti xalqın milli mənlik şüurunu özünə qaytardı.

Tanınmış hüquqşünas deyib ki, 1991-ci il oktyabrın 18-də qəbul olunmuş“Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında da 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad olunmuş və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan Ulu öndər Heydər Əliyevin siyasi iradəsi və fədakarlığı sayəsində  öz dövlətçiliyini, suverenliyini qoruyub saxlamağı bacardı. İlk dəfə olaraq 1990-cı il noyabrın 17-də rəsmi qaydada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında qaldırıldı. Heydər Əliyev Azərbaycanın  müstəqilliyini bərpa etdikdən sonra qarşılaşdığı çətinlikləri, məşəqqətləri xatırladaraq demişdir: “Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi”. Kiçik bir ölkə tarixi şəxsiyyət Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir.

Hüquq müdafiəçisi deyib ki, bu gün  ölkəmiz Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində dünyanın inkişaf etmiş dövlətləri ilə bir sıradadır: “Ermənistan üzərindəki tarixi Qələbəmiz və yenilməz ordumuzun Qarabağda apardığı lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycan dünya birliyində bütöv və suveren müstəqil dövlət kimi qəbul edilir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi, Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş bütün ərazilərimizdə dalğalanması Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir”.

XQ



Siyasət