Heydər Əliyev: dövlətçilik şüuru və milli ideya

post-img

II məqalə

Böyük siyasət və dövlət işi ilə məşğul olan şəxslərin dövlət əhəmiyyəti olan məsələləri həll etməsi hər dəfə elmi axtarışdır, tapıntıdır, elmi ixtiradır.

Heydər Əliyev,
Ümummili lider

Milli ideyanın dövlətçilik şüurunun atributu kimi məzmunlaşdırılmasının strateji əhəmiyyəti dərindir. Məsələ onunla bağlıdır ki, Heydər Əliyev azərbaycançılıq kontekstində dövlətçilik şüurunun bütün tərkib hissələrinin sintez halında Azərbaycanın gələcək inkişafına xidmət aspektinin bazasını yaratmışdır. Yəni faktiki olaraq milli ideyanı da dövlətçilik şüurunun atributu kimi proqnostik aspektdə xarakterizə etmişdir. Məsələnin bu tərəfi çox aktualdır. Çünki milli ideyaya tarixi gerçəklik fonunda dinamizm vermək kifayət qədər çətin problemdir. Ulu öndər bunun öhdəsindən gəlmişdir və onun bir sıra məqamları üzərində dayana bilərik. Onu demək zəruridir ki, milli ideyanın dövlətçilik şüurunun atributu kimi məzmununu Azərbaycan üçün Heydər Əliyev kompleks müəyyən etmişdir və hər bir tərkib hissəsi xüsusi araşdırılmalıdır. 

Dövlətçilik və siyasi savad

Heydər Əliyevin çoxsaylı fikirlərində elm və təhsil məsələsinin əhəmiyyəti öz əksini tapmışdır. Ulu öndər çıxışlarında AMEA və universitetlərin adlarını tez-tez hallandırmasını oxumağı və dinləməyi bacaran hər kəs bilir. Bundan başqa, Heydər Əliyevin “AMEA milli sərvətdir” kimi məşhur kəlamlarından hamı xəbərdardır. Bunlarla yanaşı, Heydər Əliyev həmişə Azərbaycan xalqının zəkasını, təhsilə, elmə tarixə göstərdiyi diqqət və qayğını vurğulamışdır. Böyük dövlət xadiminin fikirlərində Azərbaycan toplumunun elm və təhsilini yaratmaqda olduğu tezisi ana xətt kimi keçir. Nəhayət, Ulu öndər Azərbaycan dövlətçiliyində tarixən ziyalıların həlledici rol oynadığını dəfələrlə vurğulamışdır. Bu, o deməkdir ki, ­Heydər Əliyev Azərbaycanda dövlətçiliyin birbaşa elm, təhsil və savadlılıq üzərində bərqərar olduğuna böyük əhəmiyyət vermişdir. Bunların heç biri əsassız və səbəbsiz deyildir. 

Heydər Əliyev nadir şəxsiyyətlərdəndir ki, tarixilikdən, keçmişdən və ənənədən danışarkən bu günün və gələcəyin aktual problemlərini vurğulayır və qarşıya qoyulan vəzifələri lakonik ifadə edirdi. Bu zaman Ulu öndər həmişə məsələnin mahiyyətinə vurğu edər, onu yığcam və siyasi praktikanın səmərəliliyi aspektində təqdim edərdi. Buna görədir ki, bir sıra insanlar Heydər Əliyevin sırf praktiki danışdığını zənn edərlər. Ancaq həmin sadə və praktiki fikirlər dərin siyasi, nəzəri, fəlsəfi anlamın dahiyanə ifadəsidir.

Arif insanlar həmin dərinliyə baş vurur və dərs alırlar. Vətəndaş da nəzəri və fəlsəfi-siyasi tərəfini dərk etmədən belə, sözün gücü və təsiri ilə davranışlarında həmin mənanı təkrar edirlər. 

Bununla Heydər Əliyev siyasi təbliğat və təşviqdə nəzəriyyə ilə praktikanın birliyini təmin edərdi. Buna görədir ki, insanlar Ulu öndərin səsinin, baxışının, fikirlərinin və bütövlükdə, aurasının güclü cazibədarlığından danışırlar. Reallıq ondan ibarətdir ki, bu cazibədarlığın və dərin intuisiya ilə geniş bilginin qaynağında yüksək strateji zəka dayanırdı. 

Həmin yüksəklikdən dövlətçilik şüurunun atributu kimi milli ideyaya baxanda çox məqam aydınlaşır. O cümlədən, Ulu öndərin hər zaman Azərbaycan üçün elm və təhsilin, savadın olduqca vacibliyini vurğulamasının müəyyən bir aspekti aydınlaşır. Heydər Əliyev demişdir: “Azərbaycan Milli Elmlər Akademiyası xalqın ümumi zəkasını, ağlını birləşdirən böyük bir sərvətdir”; “Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın”; “Böyük siyasət və dövlət işi ilə məşğul olan şəxslərin dövləti əhəmiyyəti olan məsələləri həll etməsi hər dəfə elmi axtarışdır, tapıntıdır, elmi ixtiradır”...

Bu dahiyanə fikirləri birləşdirən bir məntiq vardır. Ulu öndər öyrədirdi ki, birincisi, Azərbaycan xalqı daim özünü öyrənməlidir, ikincisi, AMEA bu prosesdə aparıcı rol oynamalıdır, üçüncüsü, siyasəti özəl elmi axtarış kimi dərk etməyi bacarmaq gərəkdir! Bu üç faktorun ana birləşdirici xətti isə Azərbaycan toplum olaraq fərdi savadlılıqla dövləti və toplumsal biliyi uyğunlaşdırmalıdır. Heydər Əliyevin müəyyən etdiyi bu dərin tezisin dövlətçilik şüuru kontekstində vacib parametrləri mövcuddur. 

Siyasi savadın zəruriliyinin bir neçə səbəbi

Bu zərurilik Heydər Əliyevin yuxarıda vurğuladığımız fikirlərindən məntiqi olaraq birbaşa alınır. Belə ki, əgər Azərbaycanda elm, savad və təhsil toplum və dövlət üçün həmişə əhəmiyyətli olmuşdursa, müasir tarixi dönəmdə bu məsələ daha da aktuallaşır. Buna görədir ki, ­Heydər Əliyevin xalqı elm və təhsilə, savada çağırışı həm ümumi, həm də konkret siyasi səviyyədə dərin mənalıdır. Ulu öndər bununla faktiki olaraq böyük məharətlə müasir dövlətçilik üçün strateji vacibliyi olan bir sıra siyasi məqamları kompleks halında nəzərə ala bilmişdir. Filosoflar və politoloqlar vurğulayırlar ki, siyasiləşmə, siyasi mədəniyyət və siyasi səfərbərlik kimi faktorlar birbaşa siyasi savaddan asılıdır. 

Siyasiləşmə

Siyasi nəzəriyyədə siyasiləşməyə iki cəhətin qarşılıqlı münasibətləri kontekstində baxırlar. Onlardan biri cəmiyyətin həyatında siyasi sferanın əhəmiyyəti və rolunun artması ilə bağlıdır. Siyasi sferaya indi müəyyən dərəcədə sosial, iqtisadi, kültür və digər vacib sahələri də daxil edirlər. Digər cəhət insanların siyasi fəallığının yüksəldilməsidir. Bunun üçün onların siyasətə cəlb edilməsi gərəkdir. Dövlətçilik konktestində bu cəhətin prinsipial əhəmiyyəti vardır. 

Deməli, müasir dövlətçilikdə bütövlükdə siyasətin cəmiyyət üçün əhəmiyyətinin yüksəldiyini və buna görə də vətəndaşların siyasi fəallığının artırılmasının vacib olduğunun dərk edilməsi çox lazımlıdır. Siyasiləşmənin bu anlamı fonunda insanların siyasi savadlarının daimi artırılması zərurəti heç şübhə doğurmur. Lakin bunu necə təmin etmək olar? Əsas sual bundan ibarətdir. Yəni insanları necə siyasi cəhətdən savadlı olmağa həvəsləndirmək mümkündür?   

Hər toplumun buna öz cavabı vardır. Ancaq onların hamısını birləşdirən bir xüsusiyyət olmalıdır: insanlar dövlətçilik şüurunu inkşaf etdirməklə real siyasi savada malik ola bilərlər. Çünki müasir ­dövrdə toplum sürətlə dəyişir. Dünya miqyasında proseslər həm mürəkkəbləşir, həm də intensivləşir. Bu tendensiyaların düzgün dərk edilməsi üçün mütləq siyasi savadlılıq lazımdır. Savadlılıq isə birbaşa şüura bağlı fenomendir. Təfəkkürü inkişaf edən insanın savad alması məcburiyyət deyil, bir zərurət və tələbatdır. Siyasi aspektdə, bu, dövlətçilik şüurunun dinamik inkişafını zəruri etməkdədir.

Məsələni daha da konkretləşdirmək olar: insanların siyasi savadlı olması üçün ciddi bir motivasiyası olmalıdır. Müstəqil dövlətçiliyin strateji əhəmiyyət daşıdığı bir dönəmdə həmin faktor rolunu milli ideya oynaya bilər. Səbəbi onunla bağlıdır ki, milli ideya toplum üçün fraqmentar və ya lokal fenomen deyildir. Milli ideya cəmiyyətin mənəvi, əxlaqi, mədəni, ideoloji və siyasi həyatının bütün aspektlərini əhatə edir. Deməli, Azərbaycan reallıqları üçün siyasiləşmənin mərkəzində dövlətçilik şüurunun inkişafının əsasında milli ideyanın motivəedici rol oynaması dayanır! Bu məqamda daha iki mühüm komponent ön plana çıxır – siyasi mədəniyyət və siyasi səfərbərlik!

Siyasi mədəniyyət

Siyasi mədəniyyət insanların siyasət haqqındakı təsəvvürlərinə aiddir. Bu keyifyyətdə, o, üç səviyyəyə malikdir – fərdi, qrup (partiya) və toplumsal. Fərdi səviyyə insanın siyasət və siyasilik haqqında dayanıqlı təsəvvürlərinin, baxışlarının sistemidir. Əgər bu baxışlar real sistem halındadırsa, fərdin siyasi mədəniyyəti artıq oturuşmuşdur. Sistemlilik və daxili ziddiyyətsiz məntiqilik olmayanda yalnız siyasi mədəniyyətin təşəkkülündən danışa bilərik. Bu halda da elm və təhsilin rolunun yüksək olması nəticəsi ortaya çıxır. 

Qrup (və ya partiya) miqyasında siyasi mədəniyyətin inkişafı olduqca vacibdir. Çünki burada həm partiya miqyasında münasibətlərin qurulması, həm də toplum miqyasında partiyalararası münasibətlərin formalaşmasında siyasi savadın rolu həlledici olur. Buna görədir ki, Ulu öndər daima partiya daxilində siyasi savadlılığın artırılması qayğısına qalmışdır. YAP “Heydər Əliyev məktəbləri” vasitəsi ilə bu istiqamətdə böyük irəliləyiş əldə etmişdir. Heydər Əliyevin qurucusu olduğu partiya indi ölkənin və regionun ən yetkin, siyasi mədəniyyəti yüksək və dövlətçiliyə sadiq partiyasıdır! 

Toplum miqyasında siyasi mədəniyyət daha geniş yanaşma tələb edir. Burada ölkə üzrə məktəblər, siyasi təbliğat, təşviqat, bütövlükdə isə gənclərə dövlətçiliyin anladılması və s. kimi vacib məsələlər daxildir. Siyasi mədəniyyəti yüksək olan toplum inkişaf etmiş dövlətçilik şüuruna malik olur ki, bu da milli ideyanın qavranılması və həyata keçməsi imkanlarını xeyli genişləndirir! 

Siyasi səfərbərlik

Adətən, bu anlayışı siyasi partiyalara və ictimai hərəkatlara aid edirlər. Siyasi səfərbərlik müəyyən siyasi aksiyalara insanların hazır olmasını təmin etmək üçün həyata keçirilməli olan kompleks fəaliyyətdir. 

Lakin indiki tarixi dönəmdə onun bütün topluma aiddiyyatı vardır. Vətəndaşlar ümumi səviyyədə siyasi səfərbər olmalıdırlar. Xüsusilə mühüm dövləti məsələlərin həllində cəmiyyətin səfərbərliyi ön sıraya çıxır. Məsələn, özünümüdafiə məqsədi ilə savaş etmək məcburiyyəti yarananda və ya total islahatlar zamanı müəyyən kəsimlər maneə törətmək istəyərkən və cəmiyyəti parçalamağa çalışan radikalların fəallaşması zamanı total səfərbərlik çox aktuallaşır. Təcrübə göstərir ki, total səfərbərlik qarşısında heç bir dağıdıcı qüvvə tab gətirə bilmir. Heydər Əliyev keçən əsrin 90-cı illərində radikalların süi-qəsd cəhdləri ilə mübarizədə xalqı səfərbərliyə dəvət etdi və cəmiyyət bu çağırışa çox fəal reaksiya verdi. Digər nümunə Prezident İlham Əliyevin II Qarabağ savaşı zamanı xalqa müraciəti əsasında toplumun bir yumruq kimi birləşməsini göstərmək olar. 

Bu qəbildən mobil və kütləvi davranışlar üçün cəmiyyətin siyasi həyatında iştirakının dərk edilməsi lazımdır ki, bu da siyasi savadlılıq deməkdir. Bura hökumətin, hakimiyyət strukturlarının necə fəaliyyət götərdiyi və hansı səlahiyyətlərə malik olduqları haqqında bilgilər daxildir. Bundan başqa, digər faktorların mövcudluğu da zəruridir.

(ardı var)

Füzuli Qurbanov, 
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

 

Siyasət