Mayın 8-də Baş Prokurorluqda müasir Azərbaycanın xilaskarı və qurucusu, müstəqil dövlətimizin banisi, xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Baş prokuror Kamran Əliyev çıxış edərək müstəqil Azərbaycanın qurucusu və memarı, dünya miqyaslı siyasi təfəkkürə, zəngin və qətiyyətli idarəçilik bacarığına malik Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz tarixi xidmətlərindən, şərəfli ömür yolundan və dərin dövlətçilik təcrübəsindən bəhs edib, görkəmli dövlət xadiminin müəyyən etdiyi siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə üçrəngli bayrağımızın ən yüksək zirvələrdə qürurla dalğalanmasını diqqətə çatdırıb.
Daha sonra Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, deputat Sadiq Qurbanov və Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev çıxış edərək bildirib ki, Ulu öndər Heydər Əliyev tərəfindən respublikamızda ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Ölkədəki ekoloji problemlər həmişə xüsusi diqqət mərkəzində olub, ətraf mühitin mühafizəsi ilə bağlı müəyyənləşdirilmiş prioritetlər üzrə mütəmadi olaraq silsilə tədbirlər görülüb.
Sonda Ulu öndər Heydər Əliyev haqqında film nümayiş olunub.
XQ