Təbrizdə nəşr edilən “Tribune Tebriz” qəzetində ulu öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edilib.
Yazıda qeyd olunub ki, Heydər Əliyev respublikaya rəhbərliyinin birinci dövründə özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olub.
Bildirilir ki, Ulu öndər ikinci dəfə siyasi hakimiyyətə gələndə Azərbaycan parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Heydər Əliyev belə bir çətin şəraitdə böyük müdrikliklə xalq-dövlət vəhdətinə nail olaraq mövcud təhlükələri ölkəmizdən uzaqlaşdırmaq üçün milli birlik fəlsəfəsi yaratdı. İnsanlar öz dövlətlərini qorumaq üçün səfərbər oldular.
Məqalədə qeyd edilir ki, Ulu öndərin müəyyən etdiyi inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və dövlətimizin yürütdüyü mehriban qonşuluq və səmimi dostluq siyasəti bu gün də real bəhrəsini verir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, suverenliyinin bərpası və yeni geosiyasi vəziyyətin əzmlə qorunması İran İslam Respublikası üçün də xüsusi əhəmiyyət kəsb edən tarixi hadisədir.
Yazının sonunda bildirilir ki, Heydər Əliyevin müəyyən etdiyi siyasi və dövlətçilik ideyaları yüzilliklər boyu Azərbaycan xalqına fayda gətirəcək, xalqı öz dövlətinin ətrafında birləşdirəcək.