Marneuli rayonunda fəaliyyət göstərən Azərbaycan Evinin təşkilatçılığı ilə xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə nümayəndəsi Məhəmməd Şamilov, Tbilisi, Marneuli, Bolnisi, Qardabani və Dmansi ictimayyətinin nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.
Əvvəlcə Ulu öndərin həyat və fəaliyyəti haqqında sərgi nümayiş olunub. Ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Evinin direktoru Məhəbbət İmanov çıxış edərək bildirib ki, dahi rəhbər Heydər Əliyev Gürcüstan azərbaycanlılarının və gürcü xalqının qəlbində özünə əbədi abidə ucaldıb. Azərbaycanda olduğu kimi, Gürcüstanda da onun siyasi irsinin təbliği istiqamətində daim mühüm işlər görülüb və yenə də görülür.
Tədbirdə, eyni zamanda, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə işıq üzü görmüş Azərbaycanın Əməkdar jurnalisti Nizami Məmmədzadənin “Əsrin yadigarı - Heydər Əliyev” kitabının təqdimatı keçirilib. Müəllif kitabın hazırlanması prosesi ilə bağlı fikirlərini bildirib.
Daha sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi Ramiz Hacızadə, Marneuli bələdiyyəsinin sədr müavini Rövşən İsgəndərov, Dmanisi merinin müavini Arif Süleymanov, Tbilisi Maarif Məktəbinin rəhbəri Ali Sedat Aslan, Marneuli bələdiyyəsinin üzvü Anar Piriyev, Gürcüstan parlamentinin keçmiş deputatları İsak Novruzov, Azər Süleymanov, Hidayət Hüseynov, professor Mahmud Kamaloğlu və digərləri çıxış edərək Heydər Əliyevlə bağlı xatirə və təəssüratlarını bölüşüblər.
Tədbirin ikinci hissəsində Azərbaycanın milli musiqisi və mətbəxindən nümunələr nümayiş etdirilib.
XQ