Fəlakət moizəsi

post-img

Ermənistanda kilsə–hakimiyyət qarşıdurması kəskinləşir

Ermənistanın baş naziri Nikol Paşinyanın, demək olar, bütün çıxışları və müsahibələri ölkə daxilində səs-küy yaratmaqdadır. İki gün əvvəlki mətbuat konfransı da bu baxımdan istisna deyil. Nikol bir sıra şəxslərin bostanına daş atdı. Həmin şəxslərdən biri sabiq prezident Robert Koçaryandır. Bu barədə, eləcə də Ermənistanda hazırda yaşananların ideoloji motivləri haqqında söz açacağıq. Hələlik isə bəzi məqamları diqqətə çatdıraq. 

Hazırda susqun vəziyyətdə görünən sabiq prezident R.Koçaryanın Ermənistanda gedən proseslərdə nə dərəcədə əlinin olduğunu söyləmək çətindir. Hər halda, susqun kimi görünmək hərəkətsizlik demək deyil. Ölkənin daxilini daha yaxşı bilməsi reallığını nəzərə alsaq, Paşinyan Koçaryanın adını heç də elə-belədən çəkmir. Amma bir məqam da var. Nəinki Paşinyan, eləcə də onun komandasında yer alan digərlərin bir qayda olaraq, Ermənistandakı bütün neqativ məsələlərlə bağlı sabiqləri günahlandırırlar. 

Bəli, baş nazirin öz sələflərini ittiham etməsi təsadüf sayılmamalıdır. O, sıravi ermənilərin Qarabağ klanına qarşı nifrətini körükləyir. Nikol üzləşdiyi bütün çətin durumlarda belə davranaraq, vəziyyəti dəyişməyi bacarır. Görünür, üzərindən altı il keçsə də, ermənilərin klana qəzəbi səngiməyib. Digər tərəfdən, Paşinyanın bu yolu seçməsi həm də o deməkdir ki, sabiq qruplaşma hələ də “fəaliyyətdədir”. Yəqin, “fəaliyyət” gizlidir. Hərçənd, keçmiş xarici işlər naziri Vardan Oskanyan və müdafiə naziri Seyran Ohanyan bu günlərdə iqtidarı devirməklə bağlı çağırışlar səsləndiriblər. Yəni, gizlilikdə aşkarlıq meyilləri də var.  

“Ekslər” dedikdə burada yalnız Ermənistanın siyasi hakimiyyətində əvvəl təmsil olunmuşlar nəzərdə tutulmamalıdır. Əslində, Paşinyan onları, böyük ölçüdə, sıradan çıxarmağı bacarıb. Kürəyini yerə verməyən isə ölkənin dini hakimiyyətidir. Nikol və komandası din pərdəsi altında gizlənmiş bu qruplaşma ilə bağlı tutarlı tədbir görə bilmir. Mövcud istiqamətdə işlər aparır, amma hələlik nəyəsə müvəffəq ola bilmir. İşlərə gəldikdə isə, Paşinyanın jurnalist dostları müxtəlif sosial şəbəkə hesablarında katolikos II Qaregini aşağılayan fikirlər tirajlayırlar. Hətta açıq təhqiramiz ifadələr də işlədirlər. Məsələn, bir müddət əvvəl ölkənin tanınmış jurnalist-blogerlərindən olan Roman Baqdasaryan özünün “Tiktok” sosial şəbəkə hesabında canlı yayım açaraq, II Qaregini əxlaqsızlıqda, daha dəqiq desək, uşaqbazlıqda ittiham etmiş və belə bir reputasiyaya malik şəxsin ölkə və xalq adına söz deməsinin mənəvi pozğunluq olduğunu vurğulamışdı. 

Əlbəttə, Paşinyan II Qaregini jurnalist Baqdasaryan kimi təhqir etmir. Amma onun mətbuat konfransındakı hədəflərindən birinin baş katolikos olduğu aydındır. Nikol Ermənistanda cərəyan edən proseslər və gərginlik fonunda dini hakimiyyəti gözdən salmağı düşünür. Daha doğrusu, o, hədəfi özündən yayındırmaq fikrindədir. 

Əslində, erməni xalqı II Qareginin din pərdəsi altında çıxardığı hoqqabazlıqlardan xəbərdardır. Sadəcə, xalq ehkamlardan qurtula bilmir. Nikol isə bunun baş verməsinə çalışır. Ümumən, hazırda Ermənistandakı proseslər, istər-istəməz, ortaya din və hakimiyyət məsələsini çıxarır. Erməni cəmiyyəti mənfi stereotiplərdən uzaqlaşmaq üçün dini liderlərin siyasi hakimiyyətə təsirini sıradan çıxarmalıdır. Çünki bu stereotip keçmişin qalığıdır. Dövlətçiliyin olmadığı dövrün qalığı. 

Məsələ ondadır ki, tarixən dövləti olmayan erməni qövmünə liderliyi din xadimləri həyata keçiriblər. Onlar ideoloji rol oynayıblar. Bu rol kilsəyə dövlət içində ayrıca dövlət olmaq üstünlüyünü qazandırıb. Təsadüfi deyil ki, Qarabağ avantürasının başlıca qızışdırcısı rolunda məhz kilsə çıxış edib. O avantüranın ki, acınacaqlı sonu hər kəsə yaxşı məlumdur. 

Kilsə yenə köhnə havaları gündəmə gətirir. Mahiyyətcə o havalar Ermənistanın dövlətsizlik dövrün məhsuludur. Deməli, hazırkı situasiyada erməni xalqı dövlət millətinə çevrilmək istəyirsə, dövlətsizlik mərhələsinin yaşantısını kənara qoymalıdır. Paşinyanın istədiyi də elə budur. Kilsə isə davranışları ilə müqavimət göstərir və çalışır ki, mövqeyini qoruyub saxlasın.

Əlbəttə, erməni katolikosu yaxşı anlayır ki, artıq XXI əsrdir, Ermənistan dünyəvi dövlətdir. Ona görə ehtiyatlı davranır. Onun dünən yaydığı bəyanatda da ehtiyatlılıq hiss olunur. Belə ki, kilsə etiraza qoşulan insanları siyasi tələblər səsləndirməyə, hakimiyyəti devirmək çağırışlarından uzaq durmağa çağırır. Deməli, Paşinyanın anti-kilsə ritorikasının cəmiyyətdə bölücülük yaymağa hesablandığını, xalqın dini hakimiyyətə qarşı çıxma ehtimalını nəzərə alır. Ancaq bu bəyanat, istər-istəməz, kilsənin dünyəvi hakimiyyətlə rəqabətdə olduğuna, siyasi proseslərdə iştirakına dair rəy formalaşdırır. 

Bəli, kilsənin siyasi hakimiyyətə təsiri ritorikası baxımından Paşinyanın söylədikləri aktualdır. Təsəvvür edin, jurnalist baş nazirə hazırda Ermənistanda vüsət almış anti-iqtidar hərəkatının kilsənin qabaqcıl təbəqəsi ilə cəmiyyət arasında uçurumu dərinləşdirib-dərinləşdirməyəcəyi ilə əlaqədar sual verir. Sual belədir: “Münasibətlərin böhranlı olduğu bir şəraitdə II Qaregin xalqın mənəvi maraqlarına xidmət etməkdə və erməni xalqını təmsil etməkdə nə qədər davam edə biləcək?”

Paşinyanın cavabına diqqət yetirək. Onun ilk sözü budur ki, hökumət kilsənin işlərinə qarışmamalıdır. Bu, o deməkdir ki, kilsə də hakimiyyətin işlərinə qarışa bilməz. Ardınca baş nazir davam edir: “Nə olacaq, nə olmayacaq, sonda erməni apostol kilsəsinin öz qayda-qanunları var, detalları bilmirəm. Aydındır ki, bu gün Ermənistandakı siyasi hərəkata bütün ermənilərin katolikosu rəhbərlik edir. Niyə katolikos siyasi hərəkata rəhbərlik etməlidir? Hərəkatın nümayəndəsi bəyan edib ki, məqsəd Ermənistanda “keçmişləri” hakimiyyətə gətirməkdir. Bu ssenari 2021-ci il seçkilərindən sonra yaranıb. Onu “Ermənistan” blokunun rəhbəri təqdim edib. Ermənistanda hakimiyyət dəyişikliyini kilsə vasitəsilə necə həyata keçirmək olar? Bütün ermənilərin katolikosunun xeyir-duası nə deməkdir? Bu, o deməkdir ki, din xadimi bütün ermənilərin katolikosunun icazəsi və göstərişi olmadan siyasi mətni tələffüz edə bilməz. Aydındır ki, prosesin lideri bütün ermənilərin katolikosu, benefisiar isə “Ermənistan” blokunun rəhbəri Robert Koçaryandır”.

Göründüyü kimi, kilsə din pərdəsi altında öz “oyununu” oynayır. Bir daha qeyd edək ki, söhbət Paşinyanın bildirdiyi tərzdə desək, “keçmişlərə” sərmayə yatırmaqdan gedir. Bu sərmayə tam siyasi mahiyyət daşıyır. Sabiq prezident Koçaryanın ofisinin rəhbəri Baqrat Mikoyan “Yerevan.today”a müsahibəsində də bu mahiyyəti dana bilmir. Yalnız atmacalı danışmaqla kifayətlənir: “Mən ona (Paşinyana – red.) əlçatan bir mənbədən sitat gətirəcəm: başqa bir qəhrəmanın adını bilmirsən?”

N.Paşinyana “başqa qəhrəman” lazım deyil. O, hazırda qəhrəman kimi görünənləri sıradan çıxarmağa cəhd göstərir. Əslində, prinsip etibarilə doğru yoldadır. Çünki “qəhrəmanların” Ermənistanı hansı hala gətirdiyini bilir. Onların hazırda Azərbaycanla sülh prosesini pozmağa çalışdıqlarını da həmçinin. 

“Qəhrəmanlar” istəyirlər ki, sərhədlərin delimitasiyası və demarkasiyası aparılmasın. Axı belələri üçün Ermənistanın sərhədi yoxdur. İddiaları yerə-göyə sığmayan əbləhlər düşərgəsinin təmsilçiləri yenə “dənizdən-dənizə böyük Ermənistan” yuxusunu görürlər. Ən pisi budur ki, yuxularında gördüklərini tətbiq etməyə girişirlər. 

Əlbəttə, istəklərinə müvəffəq olmaları mümkünsüzdür. Bir problem də var ki, iqtidar üzərində üstünlük qazanmaları Ermənistan üçün əsl fəlakətdir. Nəzərə alaq ki, Paşinyanın çıxışlarındakı ayrı-ayrı tezislər hazırkı şərtlərlə razılaşılmayacağı təqdirdə, ölkəni hansı acınacaqlı vəziyyət gözləyəcəyinin anonsudur. Deməli, R.Koçaryan başda olmaqla, “eks”ləri hakimiyyətə gətirməyə çalışan kilsənin hərəkət və davranışları fəlakət moizəsindən başqa bir şey deyil.

Ə.RÜSTƏMOV
XQ

 

Siyasət