Qara fikirlərə işıq salan cavab

post-img

Ermənilərin anti-Azərbaycan təbliğatı iflasa məhkumdur

Bir mərkəzdən idarə olunan və “yemlənən” Qərb mediasında Ermənistan – Azərbaycan münaqişəsi ilə bağlı yazılarda, tele–reportajlarda uzun müddət müşahidə etdiyimiz qərəzli yanaşma, islamofobiya və türkofobiya tezislərinə köklənmiş təbliğatın qeyri-effektivliyi göz qabağındadır. 

Bu təbliğat “maşını”nın yalnız ermənipərəst mövqeli informasiya siyasətinin fonunda Azərbaycan tərəfinin münaqişənin əsl mahiyyəti, motivləri və tarixi köklərinə dair təqdim etdiyi, fakt və sübutlara söykənən məqalələr nəzərə alınmırdı. Son vaxtlara qədər erməni əsilli və erməni diasporu tərəfindən maliyyələşən “ekspertlər” 44 günlük müharibənin gedişində bölgədə, guya, xristian irsinin dağıdılması kimi saxta ittihamlarla ölkəmizə qarşı piar–kampaniya aparırdılar. Həmin ermənipərəst Qərb mediası azərbaycanlı müəlliflərin feyk-xəbərlərə cavab yazılarını dərc etməkdən boyun qaçırırdı. Belə nəşrlərin sırasına “Le Fiqaro”, “Le Mond”, “TheConversation”, “New York Review of Books”, “Politiko”, “The Guardian” və digərləri daxildir. 

* * *

Hazırda Cənubi Qafqazda, Avropada və bütövlükdə dünyada geosiyasi reallıq üç il əvvəlkindən fərqlidir. Həqiqətdən uzaq, uydurma və feyk xəbərlərlə beynəlxalq ictimai rəylə manipulyasiya etməyə çalışan ermənilərin təbliğat maşını artıq kökdən düşmüş vəziyyətdədir. Çünki avropalılar kimi, okeanın o tayındakılar da Qafqazda işğalçı ilə işğala məruz qalanın kim olduğunu yaxşı bilirlər. 

Azərbaycan hakimiyyətinin son illər bu istiqamətdə apardığı davamlı və qətiyyətli diplomatik fəaliyyəti, informasiya savaşı öz bəhrəsini verməkdədir. Dünənə qədər erməni lobbisinin, diasporunun zərərli təbliğatına uyan, yaxud korporativ maraqları naminə ölkəmizə qarşı ideoloji cəbhədə yer alan media subyektləri, eləcə də ayrı–ayrı jurnalistlər əsl həqiqətin nədən ibarət olduğunu anlamış və yalan üfürməkdən yorulmuşlar. 

Doğrudur, bu cəhətdən Fransanın ermənipərəst yazılı və elektron mediası istisna təşkil edir. Amma Azərbaycanla münasibətlərini diplomatik qalmaqal səviyyəsinə daşımış, hətta, bu ölkənin bəzi nəşrlərində bizim üçün maraqlı keyfiyyət dəyişikliyini müşahidə etməkdəyik. Misal üçün, keçən ilin payızında həmin “Le Mond” qəzeti Qarabağdan ermənilərin zorla deyil, öz xoşları ilə getməsi barədə fransız jurnalistin qeydlərini dərc etmişdi. Əlbəttə, Marsel ermənilərinin maliyyə dəstəyi və xüsusi sifarişi ilə bölgəyə göndərilən fransız müxbirin həqiqəti olduğu kimi qələmə alması qətiyyən mümkün deyil. Necə ki, Böyük Britaniyanın “The Guardian” qəzetinin əməkdaşı Patrik Vinter İrəvana xidməti ezamiyyətinin nəticəsi kimi yalnız bir tərəfin mövqeyini işıqlandırmış, reallıqdan və həqiqətdən uzaq mülahizələrini qələmə almışdır. O, “Azərbaycanla gərginlik şəraitində Ermənistan müttəfiqləri üçün Qərbə üz tutur” sərlövhəli məqaləsində 32 il əvvəl Ermənistan ordusu tərəfindən işğal olunmuş Azərbaycanın dörd kəndinin qaytarılmasını qonşuya “güzəşt” kimi şərh edib.                                       

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov ingilis jurnalisti Patrik Vinterin “Azərbaycanla gərginlik şəraitində Ermənistan müttəfiqləri üçün Qərbə üz tutur” sərlövhəli məqaləsini cavablandırıb. Azərbaycan diplomatının cavab məqaləsi həmin “The Guardian” qəzetində dərc olunub. E.Süleymanov ingilis oxuculara tarixi faktlar, mövcud xəritələr əsasında sübut edir ki, geri qaytarılan dörd kənd hətta İrəvan rəsmiləri tərəfindən tanınan Azərbaycanın suveren ərazisi daxilindədir.     

* * *

“Patrik Vinter Ermənistana səfəri zamanı hayların onun qarşısında quraşdırdığı “acınacaqlı mənzərəni” məhz Bakı və İrəvanın iki ölkə arasında sərhədin delimitasiyasına başlamaq üçün qarşılıqlı razılığa gəldikləri anda təqdim edib”.  Bunu nəzərə çatdıran Londondakı səfirimiz beynəlxalq təşkilatların, ayrı–ayrı dövlətlərin təqdir etdiyi və Ermənistan baş naziri Nikol Paşinyan tərəfindən dəstəklənən sərhədin delimitasiyası və qanunsuz zəbt olunmuş ərazilərin qaytarılmasını sülhə aparan yolda önəmli addım kimi xarakterizə edir. Bundan başqa, o, Patrik Vinterin bölgədə baş verən hərbi qarşıdurmanın və qeyri-sabitliyin əsas səbəbinin Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarının 20 fazinin 30 il işğal altında saxlaması faktı olduğunu qeyd etməyi “unutduğunu” da vurğulayır.  

Səfir E.Süleymanov ingilis jurnalistin bir məsələdə haqlı olduğunu yazır. Bu da  Ermənistanın mütəmadi şəkildə və boş yerə özünə regiondan kənarda müttəfiqlər axtarması ilə bağlıdır. “Amma uzunmüddətli sülhə nail olmaqdan ötrü uzaqda tərəfdaş axtarmaq yox, yaxın qonşuları ilə münasibətləri normallaşdırmaq lazımdır”, – deyə səfir qeyd edib.

Məqalənin sonunda E.Süleymanov “The Guardian”ın əməkdaşının Azərbaycanın Qarabağ bölgəsində yaşayan etnik ermənidən sitat gətirərək, separatçıların yerli erməniləri getməyə təşviq etdikləri, onlar arasında qorxu yaydıqları, bununla etnik nifaqı qızışdırdıqları barədə danışdıqlarını qələmə almasını düzgün yanaşma saydığını bildirib. Azərbaycanın səfiri qəzetdə dərc olunan məqaləsində tamamilə haqlı olaraq qeyd edir ki, Azərbaycanda yaşamış dinc erməni əhalisi heç vaxt təhlükə altında olmayıb. “Azərbaycan hazırda inamlı addımlarla iqtisadi tərəqqiyə doğru irəliləyir. Erməni ordusu və vandalları tərəfindən dağıdılan Qarabağın şəhər və kəndləri yenidən tikilir, onların ilkin sakinləri öz yurdlarına qayıdırlar. Bakı hazırda COP29-a evsahibliyi etməyə hazırlaşır. Şuşa “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib. Azərbaycan enerji təchizatı sayəsində Avropada həyat səviyyəsinin qorunub saxlanmasında həlledici rol oynayır. Bəlkə də əzab və zülmət nağıllarından əl çəkməyin, Azərbaycan və Ermənistanın sülh yolunda əldə etdikləri əhəmiyyətli irəliləyişi dəstəkləməyin vaxtı çatıb”, – deyə səfir yazıb.

* * * 

Biz isə öz növbəmizdə Patrik Vinterə obyektiv və qərəzsiz olmağı, peşə əxlaqına xəyanət etməməyi fransalı jurnalist Jan-Mişel Bryundan öyrənməyi tövsiyə edərdik. Şuşa haqqında kitab yazmış cənab Bryunun əsərindən bir epizod: “Onlar Qarabağı könüllü şəkildə tərk ediblər. Cənubi Qafqazda kütləvi etnik təmizləmə aparan yeganə monoetnik ölkə Ermənistan olub. 1988–1989-cu illərdə Ermənistandakı doğma yurdlarından 250 mindən çox, 1991-1993-cü illərdə isə Qarabağın və ətraf rayonların işğalı nəticəsində 750 min azərbaycanlı torpağından qovulub”. Fransız jurnalist məqaləsində qeyd edib ki, Qarabağı ermənilərin “tarixi vətəni” kimi xarakterizə etmək, ən azı, gülüncdür. Hətta Ermənistan parlamentinin sədri Alen Simonyan dolayısı ilə etiraf edib ki, ermənilərin Qarabağda, guya, min il bundan əvvəl mövcudluğu barədə deyilənlər son 30 ildə uydurulmuş nağıldır.

“Əgər biz insanların birgəyaşayışını istəyiriksə, onda sülh prosesini dəstəkləməliyik”. Bu sözləri isə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov bir müddət bundan öncə ABŞ-nin “Politiko” nəşrinə açıqlamasında demişdi. Diplomat onu da xatırlatmışdı ki, 2020-ci il noyabrın 10-da əldə olunmuş razılığa əsasən Ermənistan qanunsuz hərbi birləşmələrini Qarabağdan çıxarmalı idi. İşğalçıların torpaqlarımızda törətdikləri cinayət əməllərindən söz açan E.Süleymanov azərbaycanlılar heç vaxt ermənilər kimi davrana bilməyəcəyini də önə çəkir: “Ermənilər 90-cı illərdə şəhərlərimizi ələ keçirəndən sonra çoxsaylı qətllər törətdilər, bir milyona yaxın qaçqın və köçkünümüz oldu. Amma biz onlar kimi davranmırıq”.

Bəli, biz ermənilərə qarşı mübarizədə onların çirkin metodlarından bəhrələnmədik. Çünki ədalətli mövqeyimizi, haqq sözümüzü açıq şəkildə bəyan etdik. Həqiqəti, gec də olsa, bütün dünyaya, o cümlədən həmin Avropaya çatdırdıq. Artıq etiraf etmək lazımdır ki, hazırda Avropa Azərbaycandan daha çox asılıdır, nəinki Azərbaycan Avropadan. Çünki Azərbaycan təkcə bölgənin deyil, “qoca qitə”nin enerji təhlükəsizliyinin təminatında, eləcə də beynəlxalq daşımalarda əsas oyunçulardan birinə çevrilib. Bakı, həmçinin bərpa olunan enerji, “yaşıl dünyaya” keçid kimi planetar layihələrin lideri olmağı hədəfləyir. Müharibə bitəndən sonra Cənubi Qafqazda sülhə nail olmağın yeganə yolu İrəvan və Bakı arasında sülh sazişinin imzalanması, onun ardınca erməni və Azərbaycan xalqları arasında barışığın əldə olunmasıdır.

Amma Qərb mediasında yuxarıda misal gətirdiyimzi kimi bitərəf və qərəzli yazılar, heç də nəcib məqsədlərə xidmət eləmir. Əslində, artıq belə hədyanlara inananlar da xeyli azalıb.  

Rasim MUSABƏYOV, 
Milli Məclisin deputatı

– Münaqişənin əvvəlində Azərbaycanla müqayisədə ermənilərin beynəlxalq informasiya mənbələrinə çıxışı, bəlkə də, birə–yüz nisbətində idi. Dünya bizi neft ölkəsi və “yazıq” ermənilərə zülm verən dövlət kimi tanıyırdı. Erməni diasporunun təsiri ilə dünyada Azərbaycanın mənfi imici formalaşmışdı. Torpaqları işğal altında olan Azərbaycan qonşuya təcavüz etmiş tərəf kimi təqdim olunurdu. Hərbi və diplomatiya sahəsində addım–addım irəli getdiyimiz kimi, eləcə də informasiya məkanında, xüsusilə beynəlxalq miqyasda vəziyyət tədricən dəyişməyə başladı.

Bu sahədə ermənilərin əlləri hələ də uzun olsa da, Azərbaycan balansı öz xeyrinə dəyişir. Bir məqamı ayrıca qeyd etmək istərdim ki, Prezident İlham Əliyevin dedikləri, açıqlamaları indi xarici qəzetlərin manşetlərinə çıxır. Yəni, Azərbaycanın haqq sözünü dünyaya çatdırmaq yönündə ciddi uğurlara imza atmışıq. Elə media təsisatları var ki, bizi düşünülmüş şəkildə tənqid edirlər ki, onların korporativ maraqlarını təmin edək. Azərbaycan bu cür şantajlara uymur. Obyektiv, sağlam media təmsilçilərini, ekspertləri, siyasi xadimləri özümüz Bakıya dəvət edirik. Onlar burada həqiqəti öz gözləri ilə görürlər. İşğaldan azad etdiyimiz  rayonlarımıza səfərlərində erməni vandalların əməllərinin şahidi olur və bütün bunları çalışdıqları nəşrlərdə yazır, telekanallarda işıqlandırırlar. Amma sakitləşməməliyik. Bizim deməyə sözümüz, onu dünyaya çatdırmağa imkanımız, həqiqəti sübut etməyə iradəmiz var.          

Asif NƏRİMANLI, 
siyasi icmalçı

– Qərb mediasında erməni diasporu/lobbisinin Azərbaycana qarşı ideoloji tezisləri ötən əsrin 90-cı illərindən mövcud olub. Sadəcə olaraq bu təbliğat maşını işğal dövründə status-kvonu saxlamağa çalışırdısa, zəfərimizlə başa çatan 44 günlük müharibədən sonra uydurma ittihamlar irəli sürməkdən başqa əllərindən heç nə gəlmir. İkinci Qarabağ savaşında ermənipərəst media heç bir fakt və sübut təqdim etmədən Azərbaycanı regiona “xarici döyüşçülər” gətirməkdə ittiham edirdi. Fəqət, sonra bu feyk-təbliğatları da boş çıxdı. Daha sonra Qarabağdakı erməniləri “blokadada” saxlamaq ittihamları irəli sürüldü. “Karvan–şou” da fiaskoya uğrayandan sonra ermənilərin bölgədən zorla çıxarılması, onların “qaçqın” düşməsi və s. kimi uydurma iddialar irəli sürülür. Bütün bunlar reallığı dəyişdirə bilməmək çarəsizliyinin nəticələridir. 

Sadəcə olaraq, erməni diasporu son 30 ildə bütün fəaliyyətini Azərbaycana qarşı qurub və dünya erməniliyini bunun ətrafında birləşdirib. İndi planları alt-üst olduğu üçün eyni ideoloji xətti qondarma ittihamlar üzərindən davam etdirirlər. Erməni diasporunun bəslədiyi lobbi qruplar da aldıqları dəstəyin, yaxud maliyyənin qarşılığında nəsə etmək xatirinə Azərbaycana qarşı müxtəlif iddiaları təbliğ etməyə məcburdurlar. Yəni, indi bu “təbliğat maşını” “xaltura” ilə məşğuldur.

İmran BƏDİRXANLI
XQ

 







Siyasət