Məlum olduğu kimi, demokratik və hüquqi dövlətin təməlini insan hüquq və azadlıqlarının təmin olunması təşkil edir. Bu baxımdan, dahi lider Heydər Əliyev Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl siyasət yeridərək ölkəmizdə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır.
Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiə olunduğu hüquqi cəmiyyətin bərqərar olması məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1995–2002-ci illər ərzində Ümummilli liderin təşəbbüsü ilə bir sıra mühüm normativ hüquqi aktlar qəbul edilmiş, siyasi arenada Azərbaycanın demokratik, dünyəvi, hüquqi bir dövlət kimi tanınması üçün əməli addımlar atılmışdır.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə əsas insan və vətəndaş hüquq və azadlıqlarını təsbit edərək onların təmin edilməsini dövlətimizin ali məqsədi kimi bəyan edir. Belə ki, Konstitusiyanın 24-cü maddəsinin II hissəsində hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malik olması göstərilmiş, 26-cı maddənin II hissəsində bu hüquq və azadlıqların müdafiəsinin təminatçısı qismində dövlətin çıxış etdiyi qeyd edilmişdir.
Konstitusiyamızda insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsinin dövlətimizin ali məqsədi kimi bəyan olunması, habelə Əsas Qanunun 158 maddəsindən 48-nin birbaşa insan hüquq və azadlıqlarına həsr olunması ölkəmizdə insan hüquq və azadlıqlarının konstitusiya ilə qorunduğunun bariz nümunəsidir.
Demokratik cəmiyyətdə insan və vətəndaş hüquq və azadlıqları içərisində fikir və söz, həmçinin, məlumat azadlıqları xüsusi yer tutur. Çünki məhz onların vasitəsilə cəmiyyətdə şəffaflıq, plüralizm və ictimai nəzarət təmin olunur.
Konstitusiyamızın 47-ci maddəsi “hər kəsin fikir və söz azadlığı”nın olmasını, 50-ci maddə isə məlumat azadlığını təsbit edərək, kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurasını qadağan etmişdir. Qeyd edilən konstitusion müddəaların təmin edilməsi məqsədilə Ulu öndər tərəfindən imzalanmış “Ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 6 avqust 1998-ci il tarixli fərmanla mətbuatda dövlət sirlərini mühafizə edən baş idarənin fəaliyyətinə xitam verilmiş, mətbuat üzərində mövcud senzura ləğv edilmiş, vətəndaşların azad şəkildə özünüifadəsinə, azad mətbuatın formalaşmasına şərait yaradılmış və demokratiyanın ən ali səviyyədə təmin edilməsinə nail olunmuşdur.
İnsanın ən dəyərli neməti onun həyatıdır. Bu müddəa Konstitusiyamızın 27-ci maddəsində də (yaşamaq hüququ) öz əksini tapmışdır. Sözügedən maddədə qeyd edilir ki, müstəsna cəza tədbiri kimi ölüm cəzası, tam ləğv edilənədək, yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə qanunla müəyyən edilə bilər.
Ölüm cəzasına qarşı ilk çıxış edənlərdən biri olan XVIII əsrin tanınmış italyan mütəfəkkiri Çezari Bekkariya özünün “Cinayətlər və cəzalar haqqında” məşhur əsərində mövqeyini əsaslandıraraq qeyd edirdi ki, bir insanın özünü həyatdan məhrum etmək hüququnu kiməsə verməsini çətin təsəvvür etmək olar. Bununla da, Ç.Bekkariya hətta dövlətin belə səlahiyyətlərə malik olmasını inkar edirdi.
Fundamental insan hüquqlarının müdafiəçisi olan Heydər Əliyev hakimiyyətə gəldiyi 1993-cü ildən etibarən Azərbaycan Respublikasında ölüm cəzasının icrasına moratorium tətbiq etmişdir. Bunun davamı olaraq Ulu öndər 3 fevral 1998-ci il tarixində “Azərbaycan Respublikasında ölüm cəzasının ləğv olunması ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və İslah-Əmək məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında” qanun layihəsini parlamentə göndərmişdir. Fevralın 10-da Milli Məclis Heydər Əliyevin bu təklifini dəstəkləmiş və beləliklə, Şərq ölkələri içərisində ilk dəfə olaraq Azərbaycan Respublikasında ölüm cəzası ləğv edilmişdir. Ulu öndər insan həyatının ən ali dəyər olduğunu, yaşamaq hüququnun hər bir insanın fundamental hüququ olduğunu vurğulamaqla, ölüm cəzasının insan ləyaqətinə və ümumən, insan hüquqları ideyasına zidd olduğunu bildirmiş və onun tətbiqini qeyri-insani və qəddar tədbir kimi qiymətləndirmişdir. Bu qərarın qəbul edilməsi ilə ümummilli lider Azərbaycanda humanizm və ədalət prinsiplərinə əsaslanan dövlət siyasətinin aparıldığını, habelə insan və vətəndaş hüquq və azadlıqlarına hörmət və ehtiramın təmin edildiyini bütün dünyaya nümayiş etdirdi.
Məlum olduğu kimi, 2000-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının yeni Cinayət Məcəlləsində “ölüm cəzası” nəzərdə tutulmamışdır. Ümummilli liderin qənaətinə görə, ölüm cəzasının ləğvi tarixi əhəmiyyət daşımaqla yanaşı, həm də cinayət hüququ siyasətinin humanistləşdirilməsi istiqamətində həlledici addımdır.
Ulu öndərin Azərbaycan vətəndaşlarına söz verdiyi hüquqi dövlətin təmə-linin möhkəmləndirilməsi istiqamətində atdığı ən qətiyyətli addımlardan biri də insan hüquq və azadlıqları problemlərinə dair elmi-tədqiqat işlərinin aparılması, bu sahədə elmi tövsiyələrin hazırlanması məqsədilə 30 noyabr 1998-ci il tarixli sərəncamla “İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu”nu yaratması olmuşdur.
Dahi rəhbərin 16 aprel 1998-ci il tarixində imzaladığı “Birləşmiş Millətlər Təşkilatının Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 50 illiyinin keçirilməsi haqqında” sərəncam dövlət tərəfindən insan hüquqlarına verilən dəyərin sübutu idi. Sözügedən sərəncamda Bəyannamənin təsbit etdiyi hüquqlar ümumbəşəri dəyərlər kimi qəbul edilmiş, hər kəsin insan olduğuna görə bərabər hüquqlara malik olduğu və onun ləyaqətinə hörmət edilməsi hüququnun olduğu qeyd edilmişdir.
Dahi şəxsiyyət, həmçinin, insan hüquq və azadlıqlarının təminatlı müda-fiəsində məhkəmə hakimiyyətinin rolunu artırmaq üçün ciddi islahatlar aparmışdır. Ulu öndərin təşəbbüsü ilə ölkədə ilk dəfə üçpilləli məhkəmə sistemi, apellyasiya məhkəmələri, həmçinin, Konstitusiya Məhkəməsi yaradılmış, vəkillik institutu təsis edilmiş, habelə hakim korpusunun formalaşmasında tamam yeni üsul və metodlardan istifadə edilmişdir. Onun rəhbərliyi altında Azərbaycan dünyada insan hüquq və azadlıqlarının təməl prinsipi kimi qəbul edilən ən mühüm beynəlxalq konvensiyalara da imza atmışdır.
Məlum olduğu kimi, Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması hüquq islahatları baxımından ölkəmizin qarşısında mühüm öhdəlik və vəzifələr qoymuşdur. Bu vəzifələrin yerinə yetirilməsi sahəsində ölkəmizdə bir sıra tədbirlər həyata keçirilmiş, Ulu öndərin təşəbbüsü ilə Milli Məclisdə dövlət qulluğunu tənzimləyən bir sıra qanunvericilik aktları, o cümlədən "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiya, "İşgəncələrin və qeyri-insani və ya insan ləyaqətini alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında” Avropa Konvensiyası, "Vətəndaşlıq haqqında”, "Sərbəst toplaşmaq azadlığı haqqında”, "Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilmişdir.
Bildiyimiz kimi, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatların səmərəliliyinin artırılmasında, bu sahədəki tədbirlərin mütəmadi olaraq həyata keçirilməsində dövlət proqramları, milli fəaliyyət planları və strategiyaları böyük rol oynamışdır. Belə ki, demokratiya yolu ilə inkişaf edən müasir Azərbaycan cəmiyyətində insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində müəyyən olunmuş tədbirlərin əsaslı və məqsədyönlü şəkildə həyata keçirilməsi üçün Heydər Əliyevin 22 fevral 1998-ci il tarixli "İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanı və 18 iyun 1998-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair" Dövlət Proqramı mühüm rol oynamışdır. İnsan hüquq və azadlıqlarının təmin olunmasında ən mühüm məsələləri özündə ehtiva edən bu iki sənəd məhz insan hüquq və azadlıqları üzrə ölkəmizdə səlahiyyətli müvəkkil təsisatının yaradılmasını nəzərdə tuturdu. Dahi liderin ölkəmizdə insan hüquq və azadlıqlarının təmini və müdafiəsi istiqamətində gördüyü ən mühüm işlərdən biri də 2001-ci il 8 dekabr tarixində "İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsidir. Sözügedən qanun ölkəmizdə Ombudsman təsisatının yaradılması və fəaliyyətə başlaması üçün maddi və hüquqi baza hazırlamış, 2 iyul 2002-ci il tarixində isə Azərbaycan Respublikasının ilk Ombudsmanı seçilmişdir. Məhkəmədənkənar hüquq müdafiə mexanizmi sayılan Ombudsman institutunun fəaliyyətinin təmin edilməsi dövlət və vətəndaş münasibətlərində yeni bir başlan-ğıcın əsasını qoymuşdur.
Heydər Əliyev tərəfindən əsası qoyulan Ombudsman təsisatı bu gün də ölkəmizdə hüquq düşüncəsinə və mədəniyyətinə, habelə insan hüquq və azadlıqlarının müdafiəsi işinə öz töhfəsini verməkdədir.
Ümummilli liderin “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə, ən böyük məmləkət qədər güclü olar” müdrik kəlamı onun qarşısına qoyduğu əsas məqsədlərdən birinin məhz insan hüquq və azadlıqlarının müdafiə edildiyi bir dövlət qurmaq olduğunun bariz nümunəsidir. Ulu öndərin demokratik və hüquqi dövlət quruculuğu üzrə apardığı bütün islahatlar 30 il düşmən işğalı altında qalmış torpaqlarımızı böyük şücaətlə azad etməyimizin və dünyanın demokratik dövlətləri sırasında qüdrətli bir dövlət olmağımızın əsas amilidir.
Ümummilli liderin bizə miras qoyduğu demokratik, hüquqi və dünyəvi Azərbaycan dövlətini daha da gücləndirmək, insan hüquq və azadlıqlarını ən yüksək səviyyədə təmin etmək yönündə apardığı siyasət bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.
Aygün Arifli,
Hüquq və İnsan Haqları İnstitutunun hüquqi tədqiqat şöbəsinin əməkdaşı