Azərbaycan Respublikasının Gənclər Fondu, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “İpəkyolu Beynəlxalq Gənclər Forumu 2024” adlı toplantı keçirilib.
Forumun məqsədi Naxçıvanda təhsil alan yerli və xarici tələbələri bir araya toplayaraq Ulu öndərin formalaşdırdığı dövlət gənclər siyasətində əksini tapan prioritet mövzular üzrə fikir mübadiləsini təmin etmək, yeni perspektivlər və çağırışlar haqqında onları məlumatlandırmaq idi.
400 tələbə və fəal gəncin iştirakı ilə Gənclik Mərkəzində keçirilən məclisdə Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli, Naxçıvan Dövlət Universitetinin prorektoru Aidə Cəlilzadə, Naxçıvan Müəllimlər İnstitutunun prorektoru Elşən Məmmədov və ATGTİ-nin sədri Pərviz Mirələmli çıxış edərək Ulu öndərin gənclərə göstərdiyi diqqətdən, tövsiyələrindən bəhs edib, forumun perspektivlərindən söz açaraq tələbələrə uğurlar arzulayıblar.
Rəsmi hissəsindən sonra Naxçıvan Dövlət Universitetinin nəzdində Musiqi Kollecinin tələbələrinin ifası dinlənilib.
Sonra “Ümummilli lider Heydər Əliyev irsi – Gənclərin inkişafı və liderliyi”, “İpək yolu perspektivləri: Sabahın çağırışları üçün gənclərin maarifləndirilməsi” mövzularında panel müzakirələr aparılıb.
XQ