Azərbaycan Dillər Universitetində (ADU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda VII Beynəlxalq elmi konfrans keçirilib.
Açılış mərasimindən öncə ADU rəhbərliyi və kollektivi Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət ediblər.
ADU-nun tələbələri müxtəlif xarici dillərdə konfrans iştirakçılarını salamlayıblar. Giriş nitqi ilə çıxış edən ADU-nun rektoru, akademik Kamal Abdulla deyibdir:
“Bu gün biz ulu öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik. O, dahi bir lider, müdrik bir siyasətçi kimi, xalqını, torpağını bütün varlığı ilə sevən, qoruyan bir şəxsiyyət olaraq qəlbimizdə əbədi yaşayır və yaşayacaqdır. Bu gün Azərbaycan gəncliyi qalib bir xalqın nümayəndələri kimi daha məsliyyətli, daha inamlı və daha bacarıqlı olmalıdırlar. Bu məsiliyyəti, bu inamı və bu bacarığı hər birimiz öz işimizdə ləyaqətlə yerinə yetirməli, ölkəmizin tərəqqisinə töhfəmizi verməliyik”.
Türkiyənin Ege Universitetinin professoru Fikrət Türkmən dahi siyasətçi Heydər Əliyevin Azərbaycan–Türkiyə əbədi dostluğu və qardaşlığının güclənməsi istiqamətində danılmaz xidmətlərindən bəhs edib.
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, QMİ sədrinin müavini Hacı Fuad Nurullayev qeyd edib ki, ulu öndər Azərbaycan tarixinə öz adını qızıl hərflərlə yazdıran dahi bir lider olmaqla yanaşı, həm də xalqının ağır günündə onu xilas edən müdrik bir rəhbər kimi yaddaşlarda yaşayır və yaşayacaqdır.
Pakistanın Milli Müasir Dillər Universitetinin rektoru general Mahmud Kyani elmi əməkdaşlıq baxımından konfransın əhəmiyyətini diqqətə çatdıraraq deyib: “Pakistan hər zaman dost Azərbaycanın yanında olub və bundan sonra da yanında olacaqdır”.
Digər natiqlər – Bakı Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Belqrad Universitetinin şərqşünaslıq kafedrasının müdiri Kseniya Aykurt, Aleksandr İoan Kuza adına Yasse Universitetinin professoru Lyudmila Bejenaru, Ural (Rusiya) Federal Universitetinin professoru Aleksandr Nesterov, Mərakeş Universitetinin professoru Adil El Madhi, Auqsburq Universitetinin professoru Klaus Vulf, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, onlayn şəkildə tədbirə qatılan Buxara Dövlət Universitetinin prorektoru Abror Jurayev, Braziliyanın Paraibe Federal Universitetinin professoru Ana Berenise çıxışları zamanı Peres Martorelli Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycanın dünya birliyində artan nüfuzundan bəhs edərək, xalqımıza yeni uğurlar arzulayıblar.
Anar ƏLİ
XQ