XIV məqalə
Nizamlılıq həmişə legitimliyin, gücün və təmkinin incə, zərif tarazlığıdır.
Henri Kissincer
Böyük siyasət, diplomatiya və dövlət xadimi olan Henri Kissincerin iqtibas gətirdiyimiz fikirinin məzmununa aid olan başqa bir fikri vardır. O, deyirdi ki, “tarix yekunda cəmiyyətlərin münaqişələrini deyil, onların barışını alqışlayır”.
Bu iki fikrin ana xəttini dövlətlərin və cəmiyyətlərin tərəfdaşlığının qurulması fəlsəfəsi təşkil edir. Burada hüququn (legitimlik), toplumsal və dövləti enerjinin (güc) və mənəvi-psixoloji faktorların (təmkin) sintezini görürük. Onların yekunu kimi isə H.Kissincer cəmiyyətlərin, xalqların, dövlətlərin tərəşdaşlığını və barışını alqışlayır.
Bununla XXI əsrin möhtəşəm siyasətçi və diplomatlarından biri türk toplum və dövlətlərinin əsrlərdən gələn əməkdaşlıq və təhlükəsizlik fəlsəfəsini alqışlamış olur! Üstəlik, türklər üçün, bu, adi bir sosiallaşma və ya siyasətqurma fəaliyyəti deyildir – ən dərin etnik, sosial, siyasi, mənəvi, əxlaqi, ideoloji və mədəni qatlarda “özünügörmə fəlsəfəsi” və cəmiyyətin özünütəşkilinin davamlı təzahürüdür.
Türklərin özünütəşkil fəlsəfəsi
Araşdırmaçılara istinad edərək türk toplumlarının özünütəşkilinin sosial, mə-dəni, siyasi, mənəvi, əxlaqi və iqtisadi (təsərrüfat) aspektlərini özündə ehtiva edən fenomen mexanizmin törə olduğunu XIII məqalədə ayrıca vurğulamışıq. “Heydər Əliyev və yeni liderlik: fəlsəfi-elmi təhlil” adlı monoqrafiyamızda “törə” anlayışı ilə bağlı fikirləri yığcam halda təqdim etməkdə mövzu baxımından fayda görürük. Çünki tədqiqatçıların fikrinə görə, “törə” anlayışı türk toplumlarında çox əhəmiyyətli rol oynayır. Törə faktiki olaraq həm türk birgəyaşam fəlsəfəsinin (toplumlaşmaq üsulunun) kökündə dayanır, həm də onların dövlət qurmaq fəlsəfəsini və siyasi təfəkkürünü formalaşdıran başlıca sosial, psixoloji, etnik və kültürəl fenomendir.
Türklərin çox sayda dövlət qura və xalqları idarə edə bilmələrinin təməl izahı türk törəsinin qanunları – hüquqları ilə bağlıdır. Bu, o deməkdir ki, qədimdən türk toplumlarının həyatında çox güclü şəkildə sosial-hüquqi və mənəvi-əxlaqi faktorlar rol oynamışdır. Dövlətçilik və liderlik baxımından bu məqam vacib gerçəkliyi ifadə edir – türklər daim dəqiq məzmuna və konkret mənaya malik hüquqi çərçivədə toplum olaraq fəaliyyət göstərmişlər. Onların qurduqları dövlətlərdə qanun, hüquq və ədalət aparıcı olmuşdur. Bütövlükdə isə türk cəmiyyətlərinin gücünün daxili sosial-mədəni, siyasi-iqtisadi və mənəvi-əxlaqi dinamikadan meydana gəldiyi aydın olur. Bu isə onların həmişə öz tarixlərinin subyekti olmasının təsdiqidir.
Digər tərəfdən, türk toplumlarının birgəyaşam fəlsəfəsi onun sadədən mürəkkəbə doğru istiqamətlənmiş təkamülünün başlıca özəlliklərini anlamağa şans yaradır. Həmin aspektdə törənin tərkib hissələrinin və toplumun dinamizminin məzmunu böyük əhəmiyyət daşıyır. Türk törəsi hüquq və ədalət anlayışları ilə identikləşdirilir. Yəni törəyə əməl etmək, praktiki olaraq, ədalətli daxili qanuna əməl etmək anlamına gəlir. Türk sözlüklərində də törə haqqa-hüquqa uyğunluq, haqqı gözləmə, doğruluq, “türə” anlamlarına sinonim kimi izah olunur.
Vurğulanan məqamlardan ümumi nəticə çıxarmaq olar: Türk toplumları və dövlətləri ədalətə, hüquqa, qanuna və özünütəşkil fəlsəfəsinin başlıca prinsiplərinə (törəyə) əsasən özlərini yaratmışlar. Əhəmiyyətlidir ki, vurğulanan qaydalar türk toplumlarının yaradılması ilə məhdudlaşmamışdır, həm də toplumun və dövlətin istənilən səviyyədə idarə olunmasında mühüm yer tutmuşdur. Yəni türk toplumları çox qədim tarixi olan qaydalara görə bu günə qədər özlərinin varlığını təmin etmiş və həmin çərçivədə təkamüldə olmuşlar.
Milli ideya baxımından hüquq, qanun və özünü sosial-mədəni varlıq kimi təşkil etməyin ciddi rol oynadığı şübhə doğurmur. Bu prosesdə daha iki faktor türklər üçün böyük əhəmiyyət daşımışdır. Onlardan biri qohumluq, digəri isə qonşuluqla bağlıdır.
Türk anlamında qohumluq
Türklər qohumluğu tarixən yüksək qiymətləndirmişlər. Bu, törədən qaynaqlanır. Törədə türkün özünüyaratması Yosun qanunu üzrə baş verir. Yəni fərd-ailə-qəbilə-tayfa-tayfalar birliyi-xalq-millət birgəyaşam formalarının hər birindən qohumluq ana xətt kimi keçir. Bundan türkləri kimsə məhrum edə bilməz. Qohumluğun ailədaxili mühitdə meydana gəlməsi bioloji, fizioloji, fiziki faktorlarla bərabər, ruhsal anlamı da vardır. Ailədə fiziki ilə ruhsallıq və mənəviyyat qohumluq anlayışında birləşir. Ailədaxili münasibətlərdə insanların bir-birinə qarşı davranışı ruhsal sayılan törəyə əməl etməklə əlaqəlidir. Bu, o deməkdir ki, ailədə kökə bağlılıq, dürüstlük, doğruluq, ədalətlilik ruhsal müqəddəsliklə vəhdətdə olmalıdır.
Sonra. Bu qayda yalnız ailə ilə məhdudlaşmadığından həmin faktorlar avtomatik olaraq daha geniş sosial-psixoloji və mənəvi-etik məkana transformasiya edilir, obrazlı desək, o faktorlar (qaydalar) “sosiallaşır”. Hətta, ayrı-ayrı türk toplumları və dövlətləri arasında münasibətləri qurma və tənzimləmə mexanizminə çevrilirlər. Bu, o deməkdir ki, “qohumluq” anlayışının törədən gələn məzmunu hüquq, qanun və ədalət aspektlərində toplumlararası və dövlətlərarası münasibətlərə üzvi surətdə proyeksiya olunurlar.
Qonşuluq və dinc yanaşı yaşama fəlsəfəsi
Biz əvvəlki məqalələrimizdə türk toplumlarında qonşuluğun müəyyən prinsiplərindən bəhs etmişik. Burada qonşuluğa türk toplumdaxili münasibətlər sistemindən toplum xaricində olan fərqli toplumlarla qonşuluq münasibətlərini qurmaq fəlsəfəsinin transformasiyasını nəzərdən keçirəcəyik. Maraqlıdır ki, türk xalqlarında qonşuluq məsələsində toplumdaxili qaydalarla toplumxarici qaydalar arasında fərq qoyulmur. Türk ailəsi üçün qonşu kimliyindən asılı olmayaraq eyni statusa malikdir. Burada əsas pinsip qonşu ilə yardımlaşma, dinc yanaşı yaşama və qohumlaşmadan ibarətdir. Ayrıca türk xalqı üçün bu, xalqlararası əlaqələri gücləndirmənin əsas üsuludur. Türk cəmiyyəti və dövləti bütün qonşuları ilə münasibətləri ədalət və qarşılıqlı hörmət əsasında qurur. Dövlətlərarası miqyasda bu dəyərlərə hüquq əlavə olunur. Nəticədə dövlətin xarici siyasətində ədalət, hüquq və qarşılıqlı hörmət münasibətlərin formalaşmasında ciddi yer tutur.
Türklərin qonşuluğu toplumxarici mühitə transformasiya etməsi öncədən məqsədin savaş deyil, dinc yanaşı yaşamaq olduğunun göstəricisidir. Buna görə də türk dövlətlərinin yaratdığı təşkilatlarda qonşulara qapı açıq olur və onlar dinc yanaşı yaşamaq strategiyasına üstünlük verirlər.
İndi yuxarıda vurğulanan faktorların prizmasında milli ideya kontekstində TDT-nin strateji məqsədlərinə baxaq.
Milli ideya və toplumun yaşam fəlsəfəsi
İndi Azərbaycan dövlət olaraq elə bir səviyyədədir ki, növbəti inkişaf mərhələsi üçün toplumdaxili dəyərləri dövlətlərarası əlaqələrə uğurlu proyeksiya etməlidir. Əgər bizim üçün türk dünyası ailədirsə, deməli, türk dövlətləri ilə münasibətlər müəyyən mənada “ailədaxili münasibətlərin” qurulması statusundadır. Ailədaxili münasibətlərin törə, qohumluq və qonşuluq aspektlərində ümumi ruhu haqqında yuxarıda bəhs etmişik. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında vurğulamışdır ki, Azərbaycanın qonşuluq siyasəti ədalətə və açıqlığa əsaslanır. Təbii ki, bu iki məqamı hüquqilik birləşdirir. Deməli. digər türk dövlətləri ilə münasibətlər qohumluq və qonşuluq fəlsəfəsi ilə yanaşı, hüquqa, açıqlığa və ədalətə dayanmalıdır. TDT-nin yaranmasında baza şərtlər bunlardan ibarət olmuşdur.
Həmin baza şərtlərin də öz növbəsində 8 aspektdə konkret ifadəsi mövcuddur. Onları Prezident İlham Əliyev belə ifadə etmişdir: böyük coğrafiya, böyük ərazi, böyük hərbi güc, böyük iqtisadiyyat, zəngin təbii sərvətlər, geniş nəqliyyat yolları, dinamik demoqrafik sfera və bir soydan, kökdən olan xalqlar! Bu faktorlar üzərində münasibətləri ədalət, açıqlıq və hüquqilik kontekstində qohumluq və qonşuluğun siyasi anlamları aspektində təşkil etmək bütövlükdə TDT-nin sağlam əməkdaşlığa və təhlükəsizliyin təmininə yönəlmiş platforma olduğunu təsdiq edir. Eyni zamanda, burada məqsədə nail olmaq üçün vurğulanan faktorların hər bir türk dövlətinin milli ideyasının atributiv tərkib hissəsi olması ehtiyacı aydın görünür. Çünki məsələ yalnız türk dövlətləri arasında əlaqələrin qurulması ilə məhdudlaşmır. Hazırkı qloballaşma mühiti tələb edir ki, hər bir regional təşkilat qlobal inteqrasiyada “özünü görə bilsin”. Bunun üçün uyğun fəlsəfə lazımdır. Həmin fəlsəfəyə uyğun siyasət formalaşdırmaq və onu da uğurla reallaşdırmaq mexanizmləri gərəkdir.
Birincisi, yeni fəlsəfənin formalaşdırılması konkret predmetə istiqmətlənmiş olmaıdır. Yəni məsələ konkret olaraq TDT-nin dünya miqyasında uğurlu olmasına fokuslanmalıdır. Burada fəlsəfi təfəkkürün ümumi səviyyəsi fonda “metodoloji yardım sahəsi” rolunu oynaya bilər. TDT-nin dünyada yeri və roluna fokuslanmış fəlsəfə siyasi aspektdə konkret ifadəsini tapmalıdır. Bu proyeksiya isə milli ideyasız mümkün deyildir. Çünki milli ideya vurğulanan kontekstdə əsas istiqamətverici, münasibətləri milli maraqlar çərçivəsində formalaşdırıcı və ayrılığı əngəlləyəcək pozitiv “milli enerji”nin toplumsal ifadəsi rolunu oynamalıdır. Bu şərt ödənməsə, toplum və dövlət miqyasında fəaliyyət istiqamətini itirmək təhlükəsi meydana gələr.
İkincisi, milli ideya yeni fəlsəfənn konkret siyasi kurs formasında aydın və strateji hədəfli müəyyən edilməsi üçün aparıcı rol oynamalıdır. Azərbaycan artıq problemin bu tərəfi ilə bağlı müsbət nəticə verən təcrübəyə malikdir. Bu təcrübə mlli ideyanın bir mərhələsini reallaşdıranda toplanmışdır. Biz milli ideyanın ərazi bütövlüyünün təmini kimi uğurla həyata keçməsini nəzərdə tuturuq.
Milli ideyada ilk mərhələ
Ulu öndər Heydər Əliyev milli ideyanı konkret olaraq ərazi bütövlüyünün bərpası kimi müəyyən edərək fəaliyyəti fokuslaşdırdı. Bu fokuslaşma toplum çərçivəsi ilə yanaşı, dövlətin xarici siyasətinin prioriteti oldu. Ərazi bütövlüyünün bərpasını bütövlükdə cəmiyyət əsas strateji hədəf kimi yekdilliklə qəbul etdi. Bunun fonunda dövlət xarici siyasətində dövlətlərarası münasibətləri həmin hədəfə görə qurdu. Onun əhəmiyyətli məqamı ölkənin daxili inkişaf strategiyası ilə dövlətlərarası münasibətləri ədalət, hüquq və açıq qurmaq xəttinin götürülməsi ilə bağlı idi. Azərbaycan məharətlə ərazi bütövlüyü məsələsini tədricən beynəlxalq hüquq, BMT-nin Nizamnaməsi və dinc qonşuluq siyasəti müstəvisinə gətirdi.
Milli ideyanın bu səviyyədə daxili və xarici şərtlərin sintezində reallaşdırılması kursu konkret nəticəsini verdi. Bütün proses boyu Azərbaycan zərrə qədər də ədalətdən, hüquqdan və münasibətlərdə şəffaflıqdan (açıqlıq və səmimiyyət) kənara çıxmadı. Bu anlayışlar fonunda milli ideyanı daxili və xarici siyasət kursunun sintezində reallaşdırdı. Bu zaman dövlətlərarası münasibətlərdə Azərbaycan üçün müəyyən prinsiplər vardır ki, onlara tam əməl etdi. Bu, türk dövlətləri istiqamətində “bir millət, iki dövlət” formulu üzrə atılan addımları təşkil edirdi. Onun reallaşmasında qohumluqla qonşuluğun beynəlxalq hüquq miqyasında qarşılıqlı əlaqəsi ayrıca yer tuturdu. Yəni türk xalqları bir-birinə tarixi, mədəni və dini baxımdan yaxın olsalar da, münasibətlərini beynəlxalq hüquq normalarına uyğun qurmalı idilər. Heydər Əliyev bunu təmin etdi.
İkinci istiqamət yenə də qədimdən gələn qonşuluq fəlsəfəsinin müasir şərtlər daxilində siyasi kursda konkret məzmuna salınması üzərində aparılırdı. Burada yaxın qonşularla (Gürcüstan, Rusiya, İran, Türkiyə və Mərkəzi Asiya dövlətləri) qarşılıqlı faydalı əməkdaşlıq platformaları əsasında əlaqələri inkişaf etdirmək aparıcı idi. Bununla yanaşı, daha uzaq çevrələrlə münasibətlərin inkişafı intensiv aparıldı. Nəhayət, müxtəlif regional və beynəlxalq təşkilatlar daxilində ərazi bütövlüyünün bərpasını əsas tutan siyasət məharətlə reallaşdırıldı.
Bununla da Azərbaycan müstəqil dövlət kimi Avrasiyada milli ideyanı daxili və xarici siyasətin vəhdətində uğurla həyata keçirən ilk dövlət oldu. Bu təcrübə TDT çərçivəsində fəaliyyətə yardım edə bilərmi? Əminəm ki, edir və əsas məqsədə çatana qədər edəcəkdir! Çünki Azərbaycnın bu təcrübəsi əsrlərdən gələn ənənəvi kodlarla müasirliyin uğurlu sintezindən formalaşmışdır. Yeni tarixi mərhələ üçün bu təcrübə çox vacib rol oynayacaqdır Məsələnin bu tərəfinin bir neçə əhəmiyyətli və maraqlı aspekti mövcuddur.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitki, fəlsəfə elmləri doktoru