Cənubi Qafqaza riyakar təhlükə haradan gəlir?

post-img

Tehran Bakıya qarşı siyasi ritorikasını yenə köhnə notla ifa edir

Azərbaycan bu gün nəinki otuz il ərzində torpaqlarını işğalda saxlamış Ermənistana, qonşu ölkələrə, eləcə də bütün dünyaya xoşməramlı çağırışlar göndərir, hamını sülh və qarşılıqlı etimad şəraitində əməkdaşlığa dəvət edir. Bakı bunu sadəcə şifahi formada yerinə yetirmir, həm də real və konkret addımları ilə nümayiş etdirir. Onun qlobal təhlükəsizlik, yaşıl enerjiyə keçidlə bağlı çağırışları, sivilzasiyalararası dialoqa nail olmaq üçün irəli sürdüyü layihə və ideyaları ən nüfuzlu beynəlxalq təşkilatlar, dünya “gücləri” tərəfindən təqdir edilir və dəstəklənir. Amma nə yazıq ki, özünün müəllifi olduğu ədalətli və səmimi münasibətlər prinsipinə hər zaman riayət edən Azərbaycana qarşı onun bədxahları, uğurlarını gözləri götürməyənlər yenə ikili standartlardan, ayrı-seçkiliyin hər növündən, siyasi riyakarlıqlarından əl çəkmək istəmirlər. Anti–Azərbaycan “çətə”sinin qərəzli siyasi-ideoloji fəaliyyəti Qərbdə olduğu kimi, Şərqdə də tez-tez özünü göstərməkdədir. 

Son vaxtlar ikitərəfli münasibətlərdə yumşalmanın müşahidə edildiyi cənub qon­şumuz Ermənistan–Azərbaycan münasibət­lərinin normallaşması istiqamətində tərəflərin yaxınlaşmasını, vasitəçisiz dialoqun gətirdi­yi müsbət nəticələri təqdir etdiyini bildirib. Bölgə ölkələrini daha yaxından, səmərəli əməkdaşlıq üçün “Qafqaz evi”nə dəvət edən Bakının bu təşəbbüsünə ən gec reaksiya verən Tehran oldu. Hərçənd keçən ilin yanvarında ölkəmizin Tehrandakı səfirliyinə edilən terror hücumundan sonra diplomatik münasibətlər­də kifayət qədər soyuma baş vermişdi. Amma ötən müddətdə beynəlxalq tədbirlərdə həm dövlət başçıları, həm də xarici işlər nazirləri səviyyəsində baş tutan təmaslar bu münasi­bətlərin istiləşəcəyinə ümidləri artırıb. 

İİR-in hərbi-siyasi eşalonunda təmsil olunan ayrı-ayrı şəxslərin Azərbaycana qarşı saymazyana, təhdidlərlə dolu çıxışlarının az şahidi olmamışıq. Rəsmi Tehrana bağlı olan media qurumlarının təxribatçı ideoloji təbli­ğatı bu gün də səngimək bilmir. İndi bu xətti İranın Müasir Tarixi Tədqiqat Mərkəzi adlı qurum davam etdirməyə qərar verib. Mərkə­zin Tehran Universiteti ilə birgə təşkil etdiyi konfransın mövzusuna diqqət yetirin: “Cənu­bi Qafqazda sionizm təhlükəsi”. İranın rəsmi mediasının yaydığı məlumata görə, konfrans­da “Avrasiyada anqlo-saks düzəninin işığında pantürkizm və sionizmin əlaqəsi” mövzusun­da çıxışlar edilib. Tədbirin əsas məruzəçisi Tehran Universitetinin beynəlxalq hüquq üzrə professoru Əhməd Kazımi çıxışında Azər­baycana qarşı hədyanlar və böhtanlar səslən­dirib. “Beynəlxalq hüquq üzrə mütəxəssis” Ə.Kazımi çıxışında irəli gedərək Türk Döv­lətləri Təşkilatının yaradılmasını “sionizm və anqlo-saks planı” adlandırıb. Onun iddiasına görə, dünyada “xristian-sion” fenomeni ol­duğu kimi, indi də “müsəlman-sion” feno­meninin formalaşmasına cəhdlər edilir. Bu “fenomenin” yaradılmasında məqsədin nədən ibarət olduğu barədə danışan “diplomat-pro­fessor” maraqlı fərziyyə irəli sürüb: “Anqlo-saks birliyinin məqsədi Rusiyanın bölgədəki nizamının dağıdılması, İran düzəninin qarşı­sının alınması, həmçinin Çinin Qafqaza və Orta Asiyaya təsirinin güclənməsinə mane olmaqdır”. 

***

Tehranda keçirilən “Cənubi Qafqazda sionizm təhlükəsi” konfransında əsassız və sübutsuz açıqlamalarının ardınca “professor” Ə.Kazımi, hətta, Nikol Paşinyanın Ermənis­tanda hakimiyyətə gəlməsini, İkinci Qarabağ müharibəsinin baş verməsini də yuxarıda qeyd olunan “sionist planın” tərkib hissəsi kimi qələmə verib. Azərbaycanın beynəlxalq hüquqa uyğun şəkildə tarixi ədaləti bərpa et­məsindən, Qarabağın erməni işğalından azad olunmasından ciddi narahatlıq keçirən “tədqiqatçı” yuxarıdakı “planda” Ermənistanın cənub bölgəsinin bu ölkədən qoparılmasının yer aldığını da tribunadan ərz edib.

Qərbin və NATO-nun bölgəyə müdaxilə­sindən əndişələnən rəsmi Tehranın siyasi mövqeyi ilə üst-üstə düşən çıxışında məruzə­çi Azərbaycanın “sionizmin bazasına” çevril­diyini iddia edərək, ardınca İran rəsmilərinin Cənubi Qafqazda vəhabiliyin yayılması barə­də iddialarını təkrarlayıb. Onun fikrincə, bu məsələdə əsas rolu Azərbaycan oynayır: “Bü­tün bunlarda müştərək məqsəd “panazəriləri” turanlaşdırmaq, azərbaycanlıların əsl “iranlı kimliyini” aradan qaldırmaq, “erməni soyqı­rımı” barədə “həqiqətləri” ört-basdır etmək, fars dili, mədəniyyətini zəiflətmək və sıradan çıxarmaqdır”.

Tribunadan üfürdüyü yalan və iftiraları sərhəd tanımayan “alimin” bu açıqlaması isə onun hakimiyyətin “muzdlu bekvokalisti” olduğunu bütün çılpaqlığı ilə ortaya qoyur: “Hazırda Tehranın əsas təhlükəsizlik prioriteti Azərbaycanın Ermənistanın cənubunu işğal etməsinin (?) və onun İranla sərhədini ələ keçirməsinin qarşısını almaqdır. Onun siyasi prioritetləri arasında “Dağlıq Qarabağın” (?) ərazi statusu ilə bağlı Ermənistan və Azərbay­can arasında birbaşa danışıqların aparılması, Avropa və NATO kimi yabançı aktorların iş­tirakı olmadan kommunikasiya xətlərinin və sərhədlərinin yaradılması daxildir”. 

Psevdodiplomat Ə.Kazıminin Tehran reji­minin sözünü dilə gətrdiyi şübhəsizdir. Uni­versitet “müəllimi” bunları deyərkən, sadəcə, bir incə nüansı unudur. Ona və onun kimi pa­rabeyin fars üləmalarına xatırlatmaq istərdik ki, son otuz ildə daim Ermənistanın yanında duran, 44 günlük savaşdakı məğlubiyyətin məsuliyyətini İrəvanla bölüşən, hətta bundan “siyasi depressiyaya” düşən İranı vəziyyət­dən çıxarmaq, regional layihələrə cəlb etmək təşəbbüsü ilə çıxış edən məhz Azərbaycan oldu. Bakının xoş məramlı təkliflərinə uzun müddət susqun qalan, əvvəlcə “3+3” formatı­na soyuq yanaşan Tehran, nəhayət, bu ideyanı dəstəklədiyini açıqladı. İran bölgə ilə bağlı maraqlarını təkbaşına, yaxud, hər an xəyanətə hazır Hayastanla deyil, məhz Azərbaycanla birgə təmin edəcəyinə inanmalı, yersiz iddia və təkəbbür “daşlarını” ətəyindən tökməlidir. 

***

Bəli, Şərq ilə Qərb arasında ən strateji mövqedə yerləşən Azərbaycan, İran daxil ol­maqla, bu coğrafiyadakı bütün ölkələrlə şəf­faf, etimadlı, qarşılıqlı faydalı əməkdaşlığa körpülər salmağı həbəfləyir. Uzun müddət hərbi-siyasi hücumlara məruz qalan ölkəmi­zin bütün bunlara baxmayaraq, yenə də sülhü təklif etdiyini hamı görür. Azərbaycan yalnız müsbət tendensiyaların tərəfində duraraq, sülh, əmin-amanlıq və əməkdaşlıq yolunu gedir. 

“Azərbaycan yekdil qərarla COP29-a ev­sahibliyi edəcək ölkə kimi seçildi. Biz indi öz rolumuzu “körpülərin salınmasında” görü­rük”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda öz işinə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlə­rarası Dialoq Forumunun açılış mərasimində­ki çıxışında deyib. 

Yüzdən artıq ölkədən yeddi yüzdən çox nümayəndənin qatıldığı forumdakı çıxışında dövlətimizin başçısı Azərbaycanı mehriban qonşuluğun, davamlı və layiqli sülhün tərəf­darı kimi yalnız əməkdaşlıq körpüləri salmaq barədə düşündüyünü bəyan edib. Bu mənada tariximiz, coğrafiyamız, qarşılıqlı əlaqələri­miz, Avropa təsisatları ilə münasibətlər, eyni zamanda, coğrafi baxımdan Qərb ilə Şərq ara­sında yerləşməyimiz sayəsində çox işlər görə biləcəyimizi xatırladan İlham Əliyev Bakının bütün tərəflər ilə qarşılıqlı dialoqa hazır ol­duğunu bir daha dünyanın nəzərinə çatdırıb. Ötən ilin sentyabrında Azərbaycanın suveren­liyini tam bərpa etdiyini söyləyən Prezident bundan sonra ölkəmizin siyasi hücumlara məruz qaldığını, buna baxmayaraq, yenə də sülhü təklif etdiyini deyib. Bildirib ki, indi biz müsbət tendensiyadayıq, sülhə doğru gedirik. 

Əlbəttə ki, Bakı yalnız sülhə yönəlik işlə­rini bölgə ölkələri ilə əl-ələ verərək reallaşdır­mağı ən məqbul variant sayır. Bu zaman İranı da yanında görməyi arzulayır. Bəs, Tehran Bakının bu xoş məramına necə cavab verir? Uzaq Hindistanla yeni hərbi alyans qurmaq­la! İranın müdafiə naziri briqada generalı Məhəmməd Rza Aştiani İran və Hindistan arasında müdafiə və hərbi əməkdaşlığın in­kişafının “regionda təhlükəsizlik və sabitliyin yaxşılaşdırılmasına kömək edə biləcəyini” bildirib. Onların görüşü Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə na­zirlərinin Astanada keçirilən 21-ci sessiyası çərçivəsində baş tutub. Bu barədə məlumat yayan “Press TV” xəbər verir ki, Hindistanın müdafiə naziri Giridhar Aramane ilə görü­şündə iranlı nazır iki ölkənin olduqca strateji əhəmiyyətli regionda yerləşdiyini, Tehran və Nyu-Dehli arasında çoxtərəfli əməkdaşlıq im­kanlarından Qərbi Asiyanın həssas bölgəsinə və Hindistan yarımadasına sülh və təhlükəsiz­liyin gətirilməsi üçün istifadə edilə biləcəyin­dən danışıb. İran Müdafiə Nazirliyinin rəhbəri İŞİD terror qruplaşmasının dirçəlişinin qarşı­sını almaq üçün ikitərəfli əməkdaşlığı güclən­dirməli olduqlarını da vurğulayıb, Nyu-Deh­lini Əfqanıstandakı hadisələrlə bağlı əlavə məsləhətləşmələr aparmağa çağırıb. 

Bakının məramı və yolu bəllidir. Getdiyi bu doğru yolda kim onunla yanaşı addımla­mağa qərarlıdırsa, Azərbaycanın daim dəstə­yini hiss edəcək. Buna xristian Avropası əmin olduğu kimi, Asiyanın müsəlman İranı da qə­tiyyən şübhə etməməlidir. 

İmran BƏDİRXANLI
XQ

 



Siyasət