İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel buraxılışında bildirilir ki, cari ilin I rübündə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) 47 ölkəyə 4,7 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib. “İxrac İcmalı”na əsasən, həmin dövr ərzində “Azərkosmos”un xidmət ixracından əldə olunan gəliri onun ümumi gəlirlərinin 78 faizinə çatıb.
“Azərkosmos”dan verilən məlumata görə, qurum bu göstəriciyə yüksək keyfiyyət amili ilə nail olub. “Azərkosmos” biznes fəaliyyətində Keyfiyyət və İnformasiya Təhlükəsizliyi Menecmenti Sisteminin tələblərini daim diqqətdə saxlayıb. Şirkətin ISO 9001 və ISO 27001 informasiya təhlükəsizliyi menecment sistemləri standartları üzrə uyğunluq sertifikatlarına malik olması da bu məsələdə önəmli rol oynayıb.
Bundan əlavə, “Azərkosmos” məlumatları təhlükələrdən qorumaq üçün informasiya təhlükəsizliyinə hər zaman ciddi əməl edir. Bununla da daim xidmətlərin keyfiyyətinin və informasiya təhlükəsizliyinin artırılmasını, müştəri məmnuniyyəti səviyyəsinin qorunmasını və yüksəldilməsini, müştərilərə etibarlı peyk xidmətlərinin təqdim edilməsini gerçəkləşdirir.
“Azərkosmos”, eyni zamanda, davamlı olaraq əməkdaşların bacarıqlarına önəm verməklə görülən işin nəticəsini və keyfiyyətini artırmaq üçün həvəsləndirici təşəbbüslər irəli sürür, innovativ və elm yönümlü layihələr həyata keçirməklə insan kapitalının inkişafını sürətləndirir.
Telekommunikasiya, həmçinin coğrafi kəşfiyyat sahələri üçün yüksəkkeyfiyyətli peyk xidmətləri təqdim edən “Azərkosmos”un operatoru olduğu və 46° ş.u. (Şərq uzunluğu) orbital mövqeyində yerləşən “Azerspace-1” peykinin xidmət göstərdiyi “C” və “Ku” tezlik diapazonlarının idarəetməsi Azərbaycan hökumətinin adına qeydiyyata alınıb. Qeydiyyat Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən təsdiqlənib.
Məlum olduğu kimi, 2013-cü ildə orbitə buraxılan “Azerspace-1” telekommunikasiya peyki Malayziya administrasiyasına məxsus 46° ş.u. orbital mövqeyinin “C” və “Ku” tezlik diapazonlarında fəaliyyət göstərirdi. Bu diapazonların Azərbaycanın adına keçməsi isə o deməkdir ki, “Azerspace-1” peyki artıq Malayziyanın deyil, Azərbaycanın özünəməxsus orbitində fəaliyyət göstərir.
46° ş.u. mövqeyinin Azərbaycana verilməsi üçün fəaliyyətə 2020-ci il dekabrın 8-də zəruri sənədlərin BTİ-yə təqdim olunması ilə başlanılıb. Qlobal təcrübədə bir orbital mövqenin əldə olunması 7 illik fəaliyyət dövrünü əhatə etsə də, Azərbaycanın bu sahədə ixtisaslaşmış mütəxəssisləri tərəfindən bu proses 3 ilə tamamlanıb. Bu müddət ərzində Azərbaycan tərəfi ümumilikdə 34 ölkənin 265 peyk şəbəkəsi ilə bağlı koordinasiya danışıqlarını uğurla yekunlaşdıraraq razılaşmalar əldə edib.
Qeyd edək ki, 46° ş.u. mövqeyi Azərbaycanın geostasionar kəmərdə malik olduğu ilk və yeganə orbital mövqedir. Bu da Azərbaycanın gələcəkdə telekommunikasiya peyklərini heç bir dövlətdən asılı olmadan özünəməxsus orbital mövqedə, yəni 46° ş.u. yerləşdirməsinə imkan verir.
Telekommunikasiya, yayım və hava proqnozları üzrə fəaliyyətdə olan peyklər üçün artıq məhdud məkana çevrilən geostasionar kəmər ekvatordan, təxminən, 36 min kilometr yüksəklikdə yerləşir. Bu hündürlüyün əsas əhəmiyyəti odur ki, burada olan peyklər Yer səthi ilə eyni sürətlə fırlanır. Bunun sayəsində həm peyk operatorları, həm müştərilər, həm də evdən peyk vasitəsilə televiziya və radio izləyənlər antenlərini bir nöqtəyə tuşlanmış vəziyyətdə saxlayaraq peykdən davamlı siqnal ala bilirlər.
Dövlətlər özlərinin və ya onlara müraciət etmiş özəl şirkətlərin geostasionar kəmərdəki boş orbital mövqelərdən istifadəsi üçün rəsmi qaydada BTİ-yə müraciət edirlər. Həmin mövqelərdə yerləşəcək peyklər hazırda ya yığılır, ya da buraxılışını gözləyir. Geostasionar məkandakı peyk 15-20 illik ömrünün sonuna çatdıqda orbital mövqeyə sahib olan ölkə həmin mövqedəki peykini əvəz etmək imkanına malikdir. Bu tənzimlənmə prinsipi faktiki olaraq ölkələrə öz mövqelərini qeyri-müəyyən müddətə kimi saxlamağa imkan verir.
Kosmos sahəsinə yeni qoşulan bir ölkə heç də asanlıqla geostasionar orbitdə peyk yerləşdirə bilmir. Bunun üçün seçdiyi orbital mövqeni digər orbital mövqeyə sahib olan ölkələrlə razılaşdırmaq əsas şərtdir. Nəticə etibarilə geostasionar kəmər kimi məhdud resursa sahib ölkələr arasında artıq Azərbaycan da özünəməxsus orbital mövqeyi ilə söz sahibidir.
“Azərkosmos”un fəaliyyətində diqqətçəkən bir məqam isə odur ki, qurum Türkiyənin Ankara şəhərində keçirilən tədbirdə qardaş ölkənin peyk operatoru “Türksat”la kommersiya müqaviləsi imzalayıb. Bu müqavilə ilə “Türksat”ın “Azerspace-2” peykinin resurslarından Afrika bölgəsində “data” layihələrində istifadə edəcəyi, paralel olaraq “Azərkosmos” da “Türksat”ın yeni peyk texnologiyalarından faydalana biləcəyi nəzərdə tutulub.
Yeri gəlmişkən, burada “Azərkosmos”la bağlı bir yeniliyi də diqqətə çatdırmaq istərdik. Belə ki, qurumun yaydığı məlumata görə, ötən il Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində “Azərkosmos” və “Israel Aerospace Industries” (IAI) şirkəti arasında Azərbaycanın yeni müşahidə peyklərinin hazırlanması üzrə əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, “Azersky-2” proqramı çərçivəsində iki peyk hazırlanacaq. Bunlar yüksək ayırdetməli elektro-optik sensora malik Yerin məsafədən müşahidə peykləri olacaq.
IAI ilk peykin layihələndirilməsi, yığılması, inteqrasiyası və sınağını azərbaycanlı mütəxəssislərin iştirakı ilə aparacaq. Peykə nəzarət və peyk təsvirlərinin emal olunmasına dair yerli mütəxəssislərə təlim keçiriləcək. Peyklər 2026-cı və 2028-ci illərdə orbitə buraxılacaq. Peyki orbitə qaldıracaq daşıyıcı raket isə növbəti aylarda məlum olacaq.
Bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a töhfə vermək məqsədilə “Azərkosmos” tərəfindən “Yaşıl siyasət” sənədi qəbul olunub. Eyni zamanda, qurumun qlobal iqlim dəyişikliyinin Azərbaycanda təsirinə dair hazırladığı rəqəmsal iqlim platforması ictimaiyyətə təqdim edilib. Platforma “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş konfransda nümayiş olunub.
Ötən ildən BMT-nin “Qlobal saziş” təşəbbüslərinə qoşulan “Azərkosmos” öz əməliyyatlarında kosmik aparatların inkişafı, buraxılışı, orbitdəki fəaliyyətini və kosmik obyektlərin idarə edilməsi zamanı ətraf mühitə təsirini minimuma endirməyi hədəfləyir.
Qeyd edək ki, iki dildə hazırlanmış yeni rəqəmsal platformada iqlim dəyişikliklərinin kosmik təsvirlər əsasında müqayisəli təhlili aparılıb. Platformadakı təhlillər beş istiqaməti – qar örtüyü və buzlaqlar, su ehtiyatları, quraqlıq və şoranlaşma, kənd təsərrüfatı əraziləri və atmosferin dəyişməsini əhatə edir.
“Azərkosmos”un məlumatında ölkəmizdə iqlim dəyişikliyinin kosmik monitorinqlər əsasında ilk belə müfəssəl rəqəmsal hesabatının “Azersky” peyki sayəsində ərsəyə gəldiyi bildirilir. Kosmik texnologiyaların üstünlüyü ondadır ki, Yer səthini müşahidə edən peyklər mövcud vəziyyətin və proseslərin dəyişmə dinamikasını araşdırmaqda aktual və optimal üsuldur. Peyk resursları böyük, əlçatmaz ərazilərin effektiv qiymətləndirilməsi üçün maddi xərclər və resurs baxımından optimaldır.
Vaqif BAYRAMOV
XQ