Aqrar sığorta kəndlini ziyandan qoruyur

post-img

İlk rübdə fermerlərə ödənişlər 2,2 dəfə artıb

Kənd təsərrüfatı çoxsaylı və müxtəlif risklərlə müşayiət olunan sahədir. Müşahi­dələr göstərir ki, bu sahədə fəaliyyət göstərən fermerlər və təsərrüfat sahibləri təbiətin ani şıltaqlığından daha çox əziyyət çəkirlər. Belə ki, hər il minlərlə hek­tar əkin sahəsi və meyvə bağları müxtəlif təbiət hadisələrinin: leysan yağışları, dolu, qasırğa, fırtına, sel-subasma kimi halların təsirinə məruz qalır. Nəticədə, əkin-biçin adamının minbir əziyyətlə yetişdirdiyi məhsul bir andaca məhv olur.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının eks­pertləri qeyd edirlər ki, son illər müşa­hidə olunan təbii fəlakətlərin sayı ötən əsrin 70-80-ci illərində olduğundan orta hesabla üç dəfə çoxdur. Təbii fəlakətlər nəticəsində iqtisadi itkilərin 63 faizi isə kənd təsərrüfatının payına düşür.

Göründüyü kimi, əkin sahələrinin məhsuldarlığı və fermerlərin gəlirləri bö­yük həcmdə hava şəraitindən asılıdır. Hava isə hər zaman mərhəmətli olmur; bəzən üzü gülür, bəzən də boz sifətini göstərərək özü ilə böyük fəsadlar gətirir. Azərbaycan fermeri də belə hallardan sığortalanmayıb. Buna baxmayaraq, onun ölkədə sığorta kimi yaxın dostu, köməkçisi var. 

Artıq bir neçə ildir ki, ölkəmizdə fer­merin çətin günündə ona arxa, həyan duran aqrar sığorta mexanizmi iş ba­şındadır. Harada ki, təbiətin və ya digər amillərin təsirindən əziyyət çəkən, ziyan görən fermer varsa, aqrar sığorta da ora­da, onun yanındadır. Aqrar sığorta fer­merə, təsərrüfat sahibinə hər an kömək etməyə, ona dəymiş ziyanı ödəməyə hazırdır. Yetər ki, əkin-biçin adamı da, necə deyərlər, onun qapısını tanısın, köməyindən yararlanmağa çalışsın. Bu­nun üçün isə sığorta müqaviləsi deyilən bir sənədə imza atmaq kifayətdir. Belə olan təqdirdə fermer sığorta hadisələri nəticəsində ona dəyən ziyana görə vax­tında ödəniş ala bilir. 

Dövlətin kənd təsərrüfatına dəstə­yinin nəticəsi olan aqrar sığortadan bəhrələnən fermerlərin sayı və onlara ödənilən vəsaitin məbləği isə ildən-ilə artır. Təkcə onu qeyd etmək kifayətdir ki, 2023-cü ilin yanvar-mart aylarında Aqrar Sığorta Fondu tərəfindən sığortalı fermerlərə, ümumilikdə, 799 min manat sığorta ödənişi edildiyi halda, 2024-cü ilin eyni dövründə bu göstərici 1 mil­yon 752 min manat təşkil edib. Bu isə o deməkdir ki, cari ilin birinci rübündə Azərbaycanda fermerlərə dəymiş zərər­lər üzrə ödənişlər 2,2 dəfə artıb. Fondun məlumatına görə, yanvar-mart ayların­da sığorta ödənişlərinin 1 milyon 434 min manatı bitkiçilik, 318 min manatı isə heyvandarlıq üzrə edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə bitkiçilik üzrə sı­ğorta ödənişləri 2,5 dəfə, heyvandarlıq üzrə ödənişlər isə 42 faiz yüksəlib. Yeri gəlmişkən, hesabat dövründə ən çox sı­ğorta ödənişləri fırtına, dolu və subasma hadisələri üzrə həyata keçirilib. Region­lar üzrə isə ən çox sığorta ödənişləri isə Füzuli, Şəki və Ağdam rayonlarındakı təsərrüfatlarda olub.

Ötən ayın ortalarından etibarən Aqrar Sığorta Fondu tərəfindən İsma­yıllı, Qusar və Şabran rayonlarında gilas, ərik, alça və badam bağlarına, eləcə də kələm və qarğıdalı əkinlərinə dəyən zərərlərə görə fermerlərə sığorta ödənişləri edilib. Bu ilin ötən dövründə bitkiçilik sahəsi üzrə ən böyük sığorta ödənişi isə Balakən rayonunda həyata keçirilib. Belə ki, rayonun Qazma kən­dində sığortalı qarğıdalı sahəsinə dəy­miş ziyana görə təsərrüfat sahibinə 89 min 799 manat sığorta ödənişi edilib. Yeri gəlmişkən, qarğıdalı Aqrar Sığorta Fondu tərəfindən ən çox ödəniş həyata keçirilən bitkilərdəndir. İlin əvvəlindən bu əkinlər üzrə 220 min manatdan artıq sığorta vəsaiti ödənilib. Sığorta mexa­nizminin işindən razı qalan fermerlər bu dəstəyə görə dövlətə təşəkkür ediblər. Təsərrüfatlarını daha da inkişaf etdirə­cəklərini bildirən sahibkarlar digər fer­merləri də bu sərfəli imkandan istifadə edərək əkin sahələrini və meyvə bağla­rını sığortalamağa çağırıblar.

Qeyd edək ki, aqrar sığorta mexa­nizmi vasitəsilə hazırda ölkədə 48 adda bitki və bitkiçilik məhsullarını, o cümlədən meyvə bağlarını və tərəvəz əkinlərini sığortalamaq mümkündür. Aqrar sığorta əkin sahələrini təbiət ha­disələri – dolu, qasırğa-fırtına, sel-su­basma, şaxtavurma, leysan, norma­dan artıq qar yağıntıları, 3-cü şəxslərin hərəkətləri və sair risklərdən qoruyur. Sığorta haqqının 50 faizini isə fermer­lərə dəstək üçün dövlət ödəyir. Nəticə­də, fermerlər cüzi məbləğ ödəməklə meyvə bağlarını və tərəvəz sahələrini sərfəli şərtlərlə sığorta etməklə əkin sahələrini çoxsaylı risklərdən qoruya bilirlər. 

Ölkə fermerlərinin güvənc yeri olan aqrar sığorta vasitəsilə əkin sahələri ilə yanaşı, kənd təsərrüfatı heyvanları və balıqçılıq təsərrüfatları da sığorta edilir. Bitkiçilik sığortasına taxıl və tarla bitkilə­ri, meyvə bağları, texniki bitkilər, tərəvəz və bostan bitkiləri, heyvanların sığorta­sına isə iri və xırda buynuzlu heyvanlar – inək, camış, qoyun və keçi təsərrüfat­ları daxildir.

Ölkədə aqrar sığortaya inam isə getdikcə artır. Bu mexanizmin imkanla­rından istifadənin üstünlüklərini görən fermerlər indi ona daha çox maraq göstərirlər. Bunun da nəticəsində sı­ğorta müqavilələrinin sayı aybaay, ilbəil çoxalır. Təkcə onu qeyd etmək kifayət­dir ki, 2024-cü ilin yanvar-mart ayların­da Aqrar Sığorta Fondu tərəfindən ölkə üzrə 323 min hektar əkin sahəsi, eləcə də 882 baş kənd təsərrüfatı heyva­nı sığortalanıb. Ötən ilin eyni dövrü ilə müqayisədə sığortalanan əkin sahələri 22 min hektar və ya təqribən 7 faiz ar­tıb. Bütövlükdə isə, hesabat dövründə bitkiçilik sığortası üzrə 6 milyon 815 min manat, heyvandarlıq təsərrüfatlarının sığortası üzrə 537 min manat olmaqla, ümumilikdə, 7 milyon 352 min manat sığorta haqqı toplanıb. İlin əvvəlindən ən çox sığortalanan kənd təsərrüfatı bitkiləri payızlıq buğda və payızlıq arpa sahələri, eləcə də fındıq bağları olub. Sığortalanan təsərrüfatlar üzrə verilmiş sığorta təminatının həcmi isə 255 milyon manatı ötüb.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat