Sülh finiş xəttinə yaxınlaşır

post-img

Bakı Qərbin dəstək və alqışına “hə!”, ayırıcı xəttinə isə “yox!” deyir

Reallığa söykənən danılmaz fakt göz qabağındadır: Cənubi Qafqazın iki qonşu dövləti öz aralarında razılığa gəldikcə, sülh danışıqlarını birbaşa dialoq vasitə­silə davam etdirdikcə prosesə kənar aktorların müdaxiləsi sıfıra enməkdədir. Dünənə qədər Bakı və İrəvan arasında sülhün əldə olunması üçün müxtəlif təşəbbüslərə baş vuran, vasitəçilik missiyalarını təklif edən, danışıqlar pro­sesini çeşidli platformalara çəkməklə tərəfləri şirnikləndirən və bununla, ilk növbədə, bölgədə özəl maraqlarını təmin etməyə çalışan Qərb bu gün telefon diplomatiyasına keçməyə məcbur olub. Amma bu formatlı diplomatik təmaslar da artıq Ermənistan və Azərbaycan rəhbərliyinə hansısa şərtləri, qaydaları diktə etməklə deyil, tərəflərin öz aralarında gəldikləri ortaq qərarları, razılaşmaları dəstəkləmək və alqışlamaqla məhdudlaşır. Buna isə Bakı və İrəvanın birgə əldə etdiyi uğurlu nəticə, müsbət tendensiya kimi baxmaq lazımdır.

* * * 

ABŞ Dövlət katibi Antoni Blinken ötən bazar günü Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Paşinyanla ayrı-ayrılıqda danışıb, iki ölkə arasında uzunmüddətli və layiqli sülh sa­zişinə doğru irəliləyişi dəstəklədiyini ifadə edib. İlham Əliyevi və Nikol Paşinyanı sülh prosesini davam etdirməyə çağıran Antoni Binken Ermənistan və Azərbay­canın 1991-ci il Alma-Ata Bəyannamə­sindən sərhədlərin delimitasiyası üçün əsas kimi istifadə etməyə razı olduqları ilə bağlı departamentin ötən həftə ver­diyi bəyanatında tərəflərə təşəkkür ün­vanladığını bildirib. Həmin bəyanatda bu prosesin davamlı və ləyaqətli sülhə nail olmaq yolunda hər iki tərəf üçün əhəmiy­yəti vurğulanıb. Eyni zamanda, Dövlət Departamentinin bəyanatında ABŞ-nin tərəflərə dəstək verməyə hazır olduğu, onları birlikdə irəliləməyə davam etməyə çağırdığı qeyd olunub. 

Telefon danışıqlarının ardınca ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller öz növbəsində deyib ki, A.Blinken, həmçinin Vaşinqtonun Bakı ilə güclü ikitərəfli münasibətlərə sadiqliyini vurğu­layıb. Eləcə də, o, əməkdaşlıq səylərini, enerji, iqlim və kommunikasiyalar, Bakı­da keçiriləcək COP29-un uğurunu təmin etmək üzrə ortaq məqsədlərinə toxunub. M.Miller “ABŞ-nin Ermənistanın suve­renliyi və ərazi bütövlüyünü dəstəkləmək üçün davam edən səylərini, həmçinin baş nazir Paşinyanın Ermənistanın fira­van, demokratik və müstəqil gələcəyi ilə bağlı mövqeyini” xüsusi vurğulayıb. 

Dövlətimizin başçısı, öz növbəsində, Azərbaycanın ABŞ ilə ikitərəfli əlaqələ­ri inkişaf etdirməkdə maraqlı olduğu­nu vurğulayıb. Telefon söhbəti zamanı COP29 çərçivəsində Azərbaycan və ABŞ nümayəndə heyətləri arasında əməkdaşlıqdan məmnunluq ifadə olu­nub. Azərbaycan Prezidentinin mətbuat xidmətinin yaydığı məlumatdan onu da öyrənirik ki, İlham Əliyev Ağ Ev rəsmi­sinin diqqətinə hökumətlərarası delimi­tasiya komissiyası tərəfindən əldə olun­muş razılaşmanın ikitərəfli formatda, dialoq və qarşılıqlı anlaşma şəraitində aparılmış müzakirələrin nəticəsi olduğu çatdırılıb. 

Yəni, artıq Bakı və İrəvan sülhə apa­ran yolda üzləşdikləri bütün anlaşılmaz­lıqları məhz ikitərəfli formatda, vasitəçi­siz, “tet-a-tet” müzakirə edərək anlaşa bilirlər. Bu zaman Qərbin boynuna düşən əsas missiya tərəflərlərə yalnız mənə­vi dəstək verməkdən ibarət olmalıdır. Amma onun ayırıcı xətlər kimi altniyyətli diplomatiyası heç cür qəbul olunmaya­caq. Burada işarənin tərəflərdən birinə şübhəli yardımları nəzərdə tutan Aİ–ABŞ–Ermənistan arasında 5 aprel Brüs­sel görüşünə vurulduğu şübhəsizdir. 

* * * 

Sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarının Azərbaycan olduğunu xatırladan İlham Əliyev Bakının sülh gündəminin gələcək­də də davam etməsi üçün bütün səylərini əsirgəməyəcəyini vurğulayaraq, bundan ötrü Bakının güclü siyasi iradəyə malik olduğunu diqqətə çatdırıb.

Dövlətimizin başçısı sülh müqavilə­si üzrə danışıqların davam etdirilməsi üçün Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu yaxınlarda Almatıda görüşəcəklərini bildirib. 

Öz növbəsində Ermənistan hökümə­tinin yaydığı xəbərdə deyilir ki, Nikol Paşinyan Antoni Blinkenlə telefon danı­şığında aprelin 5-də Brüsseldə əldə olun­muş razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğulayıb və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası prosesini alqışlayıb.

Bu məqamda bir haşiyəyə çıxmağa ehtiyac duyulur. Görünən odur ki, Ermə­nistan hakimiyyəti yenə də ikibaşlı, sül­hə xələl gətirəcək açıqlamaları ilə yanlış davranış sərgiləmək istəyir. Brüsseldə İrəvana Bakının bilmədiyi nə vəd olu­nub ki, Paşinyan bunu Ağ Ev rəsmisinin nəzərinə açıq mətnlə çatdırır. Doğrudan­mı, burada söhbət ABŞ-nin daxili islahat­ları dəstəkləməkdən ötrü Ermənistana ayırdığı təkcə 260 milyon dollarlıq maliy­yə yardımından gedir? 

* * * 

Nikol Paşinyanın sülhə tərəf atdığı son addımların cəmiyyət tərəfindən bir­mənalı qarşılanmamasının səbəbi aydın­dır. Daxildən revanşist - daşnakların, xa­ricdən diasporun qızışdırdığı kütlə rəsmi İrəvana “ictimai dirəniş” nümayiş etdirir. Bu zaman erməni mediası yerli siyasi ekspert və politoloqların maraqlı açıqla­malarına, proqnoz və versiyalarına tez-tez yer ayırmaqla, bir növ, tonqala benzin tökməklə məşğuldur. Belə “nümunələr­dən” biri ilə tanış olaq. “Rəsmi İrəvan pərdəarxası danışıqlarda Azərbaycana təslim olub”. Belə bir bəyanatla “Qara pantera” hərbi qruplaşmasının rəhbəri Serob Qasparyan çıxış edib.

Qasparyan bildirib ki, təslim aktına görə, bundan sonra Ermənistanın si­lahlanmağa ixtiyarı yoxdur: “Buna görə Azərbaycan xaricdən Ermənistana silah göndərilməsinə qarşı çıxır. Hazırda Er­mənistan rəhbərliyi himnimizin, gerbimi­zin, konstitusiyasımızın dəyişməsindən danışır. Bu, o deməkdir ki, ölkəmiz artıq tam təslim olub”. 

Qasparyanın növbəti açıqlaması­nı isə erməni saytları sensasiya kimi qələmə verib: “Mən kartları açmaq istə­yirəm. Qarabağın keçmiş “rəhbəri” Araik Arutyunyan iki il bundan əvvəl mənə bir sirri etiraf etmişdi. O, demişdi ki, Ermə­nistan ordusunu tezliklə patrul xidməti əvəz edəcək. Yəni, Ermənistanda ağır hərbi texnika olmayacaq, sərhədi tüfəng­li-avtomatlı patrul xidməti qoruyacaq. Bu, Bakının tələbidir və bu, o deməkdir ki, İrəvan qeyd-şərtsiz təslim olub. İndi Er­mənistana vaxt verilib və məlumatlar var ki, iyun ayı son müddətdir”. 

Onu qeyd edək ki, Qasparyanın özəl mənbələrə istinadla irəli sürdüyü iddia­sı yalnız subyektiv mülahizə kimi qəbul edilə bilər. Amma onun mülahizəsinə bir qədər ciddi və diqqətlə yanaşsaq, heç də sağlam məntiqdən xali olmadığı qənaə­tinə gəlmək mümkündür. Doğrudur, Azər­baycanın Ermənistanla sərhədi nəzarət altına almaq kimi bir planı yoxdur. Fəqət, qanunvericiliyində qonşularına qarşı ərazi iddialarının yer aldığı ölkənin bu hüquqi-siyasi nonsensi aradan qaldıran­dan sonra nə böyük orduya, nə də ağır texnikaya ehtiyacı qalacaq. Bundan daha ideal variant, uğurlu diplomatik perspek­tivi isə Ermənistanın Avropanın İsveçrəsi kimi, heç bir hərbi bloka qoşulmaması, neytrallığını elan etməsi olar. 

Rasim MUSABƏYOV, 
Milli Məclisin deputatı, politoloq

Sülh danışıqlarının bu son mər­hələsində Azərbaycan Ermənistana qarşı hansısa iddialarla çıxış eləmir. Amma müxalif qüvvələr Ermənista­nın, guya, geriləməsində Paşinyanı ittiham edir, ona qarşı kütləvi eti­razlar təşkil etməyə çalışırlar. Bəli, bu məqamda Nikol Paşinyanın bey­nəlxalq dəstəyə ehtiyacı var. Yəni, Ermənistanın Alma-Ata Bəyannamə­si əsasında Azərbaycanın işğal altın­dakı dörd kəndindən geri çəkilmə­sinin Avropa İttifaqı, ABŞ, eləcə də ayrı-ayrı böyük dövlətlər tərəfindən dəstəklənməsi, alqışlanması Paşin­yana əleyhdarlarını yerində oturtma­ğa imkan verir. 

Bu zaman ABŞ Dövlət katibi bölgə ölkələrinə birtərəfli dəstə­yin ayrı-seçkilik yaradacağının da fərqindədir. Məhz buna görə Antoni Blinken həm İrəvana, həm də Bakı­ya zəng edib. Müəyyən məsləhət­ləşmələr, dəstək nümayişi başadü­şüləndir. Prezident İlham Əliyev açıq söylədi ki, bölgədə ayırıcı xətlərə yol verilməməlidir. Qərbin kollevtiv şə­kildə Ermənistanı dəstəkləməsi və Azərbaycanı olmayan məsələlərdə qınaması məqbul sayıla bilməz. Bu baxımdan son zamanlar Ağ Ev ad­ministrasiyasının balanslaşdırılmış mövqe nümayiş etdirməsi müsbət ənənəyə çevrilib. Aydın məsələdir ki, Ağ Ev və rəsmi İrəvan sülh danışıq­larının Vaşinqtonda davam etdirilmə­sinin tərəfdarı idilər. Amma Blinkenlə telefon söhbətində dövlətimizin baş­çısı xarici işlər nazirlərinin növbəti görüşünün Qazaxıstanın təşəbbüsü ilə Almatıda keçiriləcəyini bildirdi. 

Əslində, danışıqlar məkanı kimi Vaşinqton, Brüssel və Moskva İrəva­nın özü tərəfindən də qəbul olunmur. Artıq finiş xəttinə yaxınlaşan sülh danışıqlarına maneçilik olunmasa, yaxın zamanlarda çərçivə sazişi imzalana bilər. Bununla da otuz illik münaqişənin üzərindən xətt çəkilə­cək.

Fərhad MƏMMƏDOV, 
siyasi şərhçi

Danışıqların ikitərəfli formatı ar­tıq hamı tərəfindən qəbul olunub. ABŞ Dövlət katibinin Bakıya və İrə­vana telefon zəngi sülh prosesinin sürətlənməsinə xidmət edir. Nəzərə alsaq ki, hazırda Azərbaycan və Er­mənistan arasında danışıqların üç səbəti – birincisi, sülh sazişi, ikinci­si, sərhədin müəyyənləşdirilməsi, üçüncüsü, kommunikasiyaların açıl­ması, – mövcuddur. Bunlar bir-birinə bağlı məsələlərdir. Sərhədin müəy­yən olunması istiqamətində konkret iləliləyiş var və bununla bağlı artıq yerlərdə işlər həyata keçirilir. Bu, müsbət tendensiya davam etməlidir. 

Doğrudur, Qərb bu prosesin di­gər istiqamətlər üzrə də irəliləməsinə çalışır. İndiki mərhələdə onun üçün prioritet məsələ sülh sazişinin tez­liklə imzalanmasıdır. Amma bu kon­tekstdə Bakının digər şərtləri də var. Bunlar, əsasən, sülh sazişinin imza­lanması fonunda Ermənistan qanun­vericiliyindəki qonşulara qarşı ərazi iddialarının dəyişdirilməsi ilə bağlı­dır. O cümlədən, nəqliyyat-kommu­nikasiyaların açılması da gündəlikdə durur. Cənab Prezident Zəngəzur dəhlizində beynəlxalq nəzarətin və maneəsiz keçidin təmin edilməsini irəli sürüb. Əgər Qərb sülhsevərlə­ri prosesin daha sürətlə getməsini istəyirlərsə, Nikol Paşinyana siyasi, maddi, mənəvi, həmçinin təşkilati dəstək verməlidirlər. Bu halda Er­mənistan baş naziri Azərbaycanın ədalətli şərtləri ilə razılaşar və sülh sazşinin imzalanması da ləngiməz.

İmran BƏDİRXANLI
XQ





Siyasət