Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya səfəri çox önəmli hadisə oldu. Rusiya sülhməramlıları Qarabağ bölgəsini tərk edir. Bu, Azərbaycan üçün mühüm bir məqamdır, önəmli bir addımdır. Rusiya hərbçilərinin ölkəmizdə mövcudluğu faktı artıq sona çatır. Bu, tarixi bir hadisədir. Artıq iki dövlət arasında – Azərbaycan və Rusiya arasında münasibətlər bərabərhüquqlu tərəfdaşlıq, mehriban qonşuluq və anlaşma şəraitində keçəcək. Bu fikirləri XQ-yə Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildiirb.
O qeyd edib ki, Prezident İlham Əliyevin səfəri də tərəflər arasında münasibətlərdə yeni mərhələnin açılmasını şərtləndirəcək. Azərbaycan bir dövlət olaraq qonşuluqda, əməkdaşlıqda, müttəfiqlikdə hər zaman etibarlı şəkildə çıxış edib. Bizdən heç zaman qonşularımıza, xüsusən də Rusiyaya, elə həm də İrana hansısa zərbə vurula bilməz, ərazimiz platsdarma çevrilə bilməz.
M.Göyüşlüyə görə, biz qonşularımızla, xüsusən də Rusiya ilə münasibətləri genişləndirməkdə, əlaqələri dərinləşdirməkdə maraqlıyıq: “Rusiya böyük ölkədir, bizim böyük tarixi münasibətlərimiz, quru sərhəddimiz, iqtisadi, siyasi, humanitar əməkdaşlıqlarımız var. Bu məsələləri daha da dərinləşdirmək olar və lazımdır. Dövlət başçılarının qarşılıqlı səfərləri və hazırkı əlaqələri buna ciddi şəkildə rəvac verir.
Hər iki dövlət 2022-ci ildə müttəfiqlik Bəyannaməsi imzalayıb və əlaqələri bu sənəd çərçivəsində tənzimləmək, inkişaf etdirmək faydalı nəticələr doğura bilər.
Müsbət haldır ki, Rusiya siyasi-hərbi elitası da Cənubi Qafqazda Ermənistanla əməkdaşlığın faydasız olmasını, Azərbaycanla əlaqələrin nəticəli ola biləcəyini dərk edir və bu istiqamətdə addımlar atır.
Gərgin dünyamızdakı durumu nəzərə alaraq deyə bilərik ki, bu səfər qeyd edilən əməkdaşlıq imkanlarının genişləndirmək baxımından çox mühümdür, – deyə siyasi şərhçi əlavə edib.
Anar ƏLİ
XQ