Qırmızı Xaç Komitəsinə Azərbaycanda ehtiyac qalmayıb

post-img

Siyasi müstəqilliyininin bərpasın­dan ötən qısa müddət ərzində iki qan­lı müharibədən keçmiş bir ölkə kimi Azərbaycan üçün itkin düşmüş şəxs­lər mövzusu xüsusi aktuallıq kəsb edir. Ən çox vətəndaşımız da Birinci Qarabağ müharibəsində itkin düşüb. İkinci Qarabağ müharibəsində də itkin düşmüş hərbçilərimiz var. Amma ötən müddət ərzində Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) bu məsələdə ölkəmizə heç zaman yardım göstər­məyib. Əksinə, Azərbaycana qarşı qanlı cinayətlərdə iştirak etmiş erməni separatçılarına hərtərəfli köməyə can atması ilə fərqlənib.

Azərbaycan hər zaman itkin düşmüş vətəndaşlarının axtarışı mövzusuna diqqət yetirib. Lakin ərazilərinin 20 faizinin uzun müddət Ermənistanın işğalı altında olduğu­nu nəzərə alsaq, bu məsələdə dövlətimizin imkanları çox məhdud idi. Ona görə də, Ermənistanın işğal etdiyi ərazilərdə soy­daşlarımızın başına nə gəldiyini öyrənmək mümkün deyildi. Amma BQXK kimi tərəfsiz olduğunu iddia edən beynəlxalq qurum üçün bu, mümkün idi. Bu struktur özünü qərəz­siz, neytral və müstəqil təşkilat kimi təqdim edir, məqsəd və vəzifələrinin müstəsna ola­raq humanitar xarakter daşıdığını bildirir və silahlı münaqişələr və zorakılıq nəticəsində zərər çəkmiş insanların həyat və ləyaqətini qorumaqdan və onlara yardım göstərməkdən ibarət olduğunu vurğulayır. Gözəl səslənir, 1990-cı illərdə qaçqınlara yardım, itkin düş­müş şəxslərin axtarılıb tapılması adı altında Azərbaycanda “məskunlaşan” BQXK bu is­tiqamətdə müəyyən qədər işlər görsə də, öz missiyasını tam yerinə yetirə bilmədi. BQXK bir çox azərbaycanlının Ermənistana aparıl­dığı, əsir düşərgələrində saxlandığı barədə məlumatlı olsa da, üzərinə düşən vəzifələrin icrasını həyata keçirmədi və müxtəlif bə­hanələrlə özünü prosesdən kənarlaşdırmağa çalışdı. 

Ümumiyyətlə, bu təşkilatın “qərəzsizli­yi” və “bitərəfliyi” ilə bağlı çox suallar ya­ranıb. Belə ki, lazımi mandata və itkin düş­müş vətəndaşların axtarışına kömək etmək üçün real imkanlara malik olmasına baxma­yaraq, BQXK dörd minə yaxın azərbaycan­lının taleyini müəyyən etmək üçün heç nə etməyib. Əgər əvvəllər torpaqlarımız işğal altında olanda bu iş daha çox formal xarak­ter daşıyırdısa, 2020-ci ilin payızında Vətən müharibəsində qazanılan qələbədən sonra yeni, praktiki məzmun kəsb etdi. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının müxtəlif guşələrində erməni silahlı birləşmələri tərə­findən öldürülməzdən əvvəl məruz qaldıqları işgəncə izləri olan yeni kütləvi məzarlıqlara rast gəlinir. 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra Şuşa, Ağdam, Xocavənd, Xocalı, Füzuli və Kəlbəcər rayonlarında belə dəfn yerləri aşkar edilib. Bu, cəmi üç ildə aşkar edilən məzarlıqlardır. Ancaq BQXK regionda otuz ildən artıq fəaliyyəti dövründə lazımi səlahiyyət və imkanlara malik olma­sına rəğmən, bir belə məzarlıq aşkarlamadı. Baxmayaraq ki, münaqişələr və müharibələr zamanı itkin düşənlərin axtarışı və taleyinin müəyyən edilməsi bu təşkilatın əsas vəzifələ­rindən biridir. 

BQXK özünün tərəfsizliyini hər fürsətdə bildirməyi sevir. Biz də bilirik, amma Ermə­nistana münasibətində bu qurumun neytral davranmasını müşahidə etmirik. BQXK Xankəndidə ofis açmışdı. İşğal zamanı da fəaliyyət göstərmişdi. Doğrudur, BQXK yerli münaqişə zonalarında və qanuni haki­miyyətin nəzarət zonasından kənar ərazilər­də fəaliyyət göstərmək hüququna malikdir. Amma BQXK-nin Xankəndidəki nümayən­dəliyi Bakıya deyil, Qızıl Xaç Cəmiyyətinin İrəvan nümayəndəliyinə tabe idi. BQXK-nin bu addımı atmaqla beynəlxalq hüquqa, Azər­baycan qanunlarına hörmətsizlik nümayiş et­dirirdi. Azərbaycanda BQXK-nin faktiki iki mərkəzi fəaliyyət göstərdi. Xankəndi ofisinin öz büdcəsi varı idi, müstəqil kadr seçimi hə­yata keçirirdi və daha çox Ermənistana inteq­rasiya olunmuş formada fəaliyyət göstərirdi. Azərbaycan BQXK-yə dəfələrlə müraciət edərək, Xankəndi ofisinin statusunun dəyiş­dirilməsini tələb etsə də, bütün müraciətlər cavabsız qalırdı. 

Əslində, bunun da səbəbi vardı, belə ki, vaxtilə BQXK-nin Bakı ofisinə rəhbərlik etmiş, hazırda isə qurumun Avropa və Şərqi Asiya departamentinin rəhbəri olan Arian Bauer İkinci Qarabağ müharibəsindən son­ra bildirmişdi ki, yeni müharibə olacaq və onların Xankəndidə fəaliyyətinin hələ uzun müddət davam etdirməsinə ehtiyac var. Yəni, BQXK inanırdı ki, bölgədə yeni müharibə olacaq və buna görə də separatçıların yanın­da olmalıdı. Ancaq Azərbaycanın həyata ke­çirdiyi 20 sentyabr lokal xarakterli antiterror tədbirlərindən sonra BQXK oyundan kənar vəziyyətə düşdü və Xankəndidəki ofisini bağladır. Amma burada da nə qədər “tərəfsiz” olduğunu təsdiqlədi. Belə ki, Xankəndi ofisi­nin fəaliyyətinin dayandırılması barədə qəra­rı qurumun Bakı ofisi deyil, İrəvan ofisi yay­dı. Bu fakt bir daha göstərir ki, BQXK-nin Xankəndi faəliyyəti texniki proseslərə yox, siyasi amillərə dayanırdı.

Azərbaycanın bu quruma iradlarının haqlı olduğunu təsdiqləyən faktlar da var.Məsələn, Rusya–Ukrayna münaqişəsi ilə bağlı humanitar fəlakət təbili çalan BQXK Donetskə yardımların Moskvadan deyil, Ki­yevdən aparılması tələbi ilə çıxış edirdi. An­caq 44 günlük müharibədən sonra, Azərbay­canın Ağdam yolunu açmasına və qurumun yardımlarının bu yolla nəql edilməsinə şərait yaratmasına baxmayaraq, BQXK ciddi-cəhd­lə yardımın Laçın yolu ilə nəqlini istəyirdi. Niyə? Cavabı aydındır, bu istək təşkilatın məsələləri siyasiləşdirməsi və müəyyən ma­raqlara uyğun fəaliyyət göstərməsi barədə deyilənləri təsdiqləmişdi.

BQXK-nin “neytrallığı” tək bu davranış­larla yekunlaşmır. Ekoloji məsələlərlə bağlı ekoafəalların Laçın yolunda etiraz aksiyaları təşkil edən zaman bu qurumun Xankəndi ofi­si qanunsuz daşımalar həyata keçirdi və fak­tiki olaraq qaçaqmalçılıq fəaliyyəti göstərdi. Belə ki, Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) BQXK-nin nəqliyyat vasitələri ilə gömrükdə bəyan olunmayan mobil telefon­ların, onların ehtiyat hissələrinin, siqaret və benzinin daşınması hallarını aşkarlamışdılar. Bütün bu hallar DSX tərəfindən yerində apa­rılan əməliyyat çəkilişi vasitəsilə qeydə alın­mışdı. Bu barədə BQXK-nın rəsmi kanalları vasitəsilə xəbərdarlıq edilsə də, qanunsuz əməllər təkrarlanmış və onların qarşısının alınması üçün lazımi addımlar atılmamışdı. 

İndi bu təşkilatın Xankəndi ofisi Bər­dəyə köçərək orada fəaliyyət göstərdiyini bəyan edib. Bununla da BQXK-nin Azər­baycanda ofislərinin sayı ikiyə çatdı. Ancaq buna ehtiyac varmı? Müharibə bitib, Azər­baycan ərazi bütövlüyünü bərpa edib. Buna görə də, BQXK-nin Azərbaycan ərazisində fəaliyyətinə hər hansı bir zərurət qalmayıb. BQXK-nin çamadanlarını yığıb Azərbaycanı tərk etməsi artıq zərurətə çevrilib. Onun indi başqa qaynar nöqtələrdə işləməsinə ehtiyac var.

S.ELAY
XQ

Siyasət