Bakı hər şeyi çox yaxşı bilir

post-img

Aprelin 5-də Brüsseldə Ermənistan baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen və ABŞ Dövlət katibi Antoni Blinken arasında keçirilən görüşün üzərindən, necə deyərlər, sirr pərdəsi yavaş-yavaş qalxır. Xüsusilə, görüşün əvvəlcə üçtərəfli formatda keçiriləcəyinin elan olunmasına baxmayaraq, sonradan onun dördtərəfli görüş şəklini alması bir çox mətləblərin gün işığına çıxmasına səbəb oldu. Yayılan foto və videogörüntülər sayəsində məlum oldu ki, danışıqlara qatılan dördüncü şəxs Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Jozep Borreldir.

Bu həmin Borreldir ki, o, Qərbdə Er­mənistanı hərbi cəhətdən dəstəkləməyi ən çox müdafiə edən şəxslərdən biridir. Ali nü­mayədə ötən ilin oktyabr-noyabr aylarından etibarən İrəvanı hərbi cəhətdən dəstəkləmək ideyasını qızğın şəkildə müdafiə edir. Borrel Aİ-dən hərbi yardım alan dövlətlərin siya­hısına Ermənistanı da daxil etməyə çalışır. Azərbaycan mediasında yer alan məqalələrdə isə Borrelin fransız casusu kimi gözlənilmə­dən görüşə qatıldığı vurğulanıb.

Qeyd edək ki, Azərbaycan tərəfi görüş­dən narahatlıq duyduğunu, onun regionda sülhə və sabitliyə xidmət etmədiyini bir neçə dəfə bildirmişdir. Aprelin 3-də Prezident İlham Əliyevə zəng edən ABŞ Dövlət katibi Antoni Blinken üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda dövlətimizin başçısı ilə danışaraq məsələyə aydınlıq gətirilməsi­ni vacib hesab etdiyini demişdir. Prezident İlham Əliyev isə qeyd etmişdir ki, onda olan məlumata görə üçtərəfli görüşə hazırlıq pro­sesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycanla sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesa­bına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Dövlətimi­zin başçısı anti-Azərbaycan mahiyyəti daşı­yan bu kimi addımların, o cümlədən, Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac ver­diyini və təxribatlara gətirib çıxaracağını vur­ğulamışdır.

Prezident İlham Əliyevin qənaətinə görə, ABŞ–Avropa İttifaqı–Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qey­ri-inklüziv xarakter daşıması və Azərbayca­nın haqlı iradlarına baxmayaraq təxirə salın­maması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gər­ginliyin yaranmasına gətirib çıxaracaq.

Dövlət katibi Blinken isə 5 aprel görüşü­nün Azərbaycana qarşı olmadığını bildirmiş­dir.

Eyni zamanda, aprelin 4-də Avropa Ko­missiyasının rəhbəri Ursula Fon der Lyayen də Azərbaycan Prezidentinə zəng etmişdir. Bu telefon danışığında Brüsseldə keçirilə­cək üçtərəfli görüş məsələsi qaldırılmışdır. Dövlətimizin başçısı ABŞ Dövlət katibi ilə müzakirə olunduğu kimi, bu görüşlə bağlı Azərbaycan tərəfinin mövqeyini ifadə etmiş və regional inklüzivliyin vacibliyini bildir­mişdir.

İndi məlum olur ki, Azərbaycanın na­rahatlıqları nə dərəcədə əsaslı imiş. Ancaq görüş iştirakçıları, regional oyunçuların, ilk növbədə, Azərbaycanın həddindən artıq narazılığına səbəb olmamaq üçün hər şeyi elə rəsmiləşdiriblər ki, razılaşmaların hərbi komponentini ifşa etməsinlər. Danışıqların raundları arasındakı fasilədə tərəflərin qəbul etdikləri “təvazökar” birgə bəyanatda Aİ və ABŞ-ın Ermənistanda aparılan “demokratik islahatlara” heyranlığı, eləcə də bu Cənubi Qafqaz ölkəsinin iqtisadi inkişafına hərtərəfli dəstək vermək öhdəliyi öz əksini tapıb. Hə­min məqsədlər üçün Aİ Ermənistana 270 mil­yon avro, ABŞ isə 65 milyon dollar ayırmağı vəd edib.

Ekspertlər isə hesab edirlər ki, Ermə­nistana ayrılması nəzərdə tutulan maliyyə yardımı yalnız aysberqin görünən hissəsidir. Bundan sonra digər məbləğlər də ayrılacaq. Bundan əlavə, ilk baxışdan bu pulların for­mal təyinatının hərbi yardımla heç bir əlaqəsi olmasa da, demokratiyaya və iqtisadi isla­hatlara dəstəklə bağlı olsa da, ayrılan vəsait İrəvana öz büdcəsindən qənaət etməyə imkan verəcək. Qənaət olunan vəsaitdən isə əlavə silah-sursat almaq üçün istifadə olunacaq. Nəticədə aprelin 5-də Brüsseldə Ermənistan, Aİ və ABŞ arasında belə gizli hərbi əməkdaş­lıq qurulduğunu söyləmək mümkündür.

Mövzu ilə bağlı Caliber.az saytında yer­ləşdirilmiş yazıda bildirilir ki, Brüsseldə hərbi əməkdaşlıqla bağlı gizli razılaşmalara baxmayaraq, görüşü, heç şübhəsiz, Azərbay­can siyasətinin və diplomatiyasının böyük qələbəsi hesab etmək olar. Sayt diqqəti ona yönəldir ki, görüş zamanı və ondan sonra verilən bəyanatların heç birində 2023-cü il sentyabrın 19-da başlanan və cəmi bir sutka davam edən lokal xarakterli antiterror tədbir­lərindən sonra Qarabağı könüllü olaraq tərk etmiş ermənilərin bölgəyə qeyd-şərtsiz qayıt­ması qeyd olunmayıb. Bu əhali qrupu ilə bağ­lı yalnız bir məqam var ki, o da onların Ermə­nistanda məskunlaşması və inteqrasiyası ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, Brüssel görüşü ötən ilin oktyabrında “ermənilərin Qarabağa qeyd-şərtsiz qayıdışı” tezisinin səsləndirilməsi ilə ölkəmizin daxili işlərinə kobud müdaxiləyə cəhd edilmiş biabırçı Qra­nada görüşünün məntiqi davamıdır. O zaman deyə bilərik ki, Avropa və ABŞ Azərbaycanın ədalətli və dönməz siyasəti ilə hesablaşıb.

Ermənistanın özündə isə siyasi partiya­lar, ekspertlər, deputatlar arasında görüşlə bağlı ikitirəlik hökm sürməkdə davam edir. Qərbyönlü ekspertlər və media Brüssel görü­şünün nəticələrini Ermənistanın şəksiz qələ­bəsi kimi təqdim etməyə çalışır. Politoloq Armen Petrosyan bu barədə deyib: “Biz kol­lektiv Qərblə əməkdaşlıq nöqteyi-nəzərindən müstəqil Ermənistanın bütün tarixində misli görünməmiş və bir format kimi həyata keçi­rilməsi, ilk növbədə, Hayastan hökumətinin geosiyasi reallıqları nəzərə alaraq yürütdüyü siyasət nəticəsində mümkün olan Brüssel for­matının əhəmiyyətini qeyd etməli və qiymət­ləndirməliyik”.

Qərbyönümlü “Armenian Report” say­tında yerləşdirilmiş “Hərbi yardım və baza­lar: Qərb Ermənistanı təhlükəsizlik çətiri ilə örtəcək” sərlövhəli məqalədə isə bildirilir ki, məhz Qərb, ilk növbədə, Fransa və ABŞ er­məni xalqının fiziki təhlükəsizliyinə təminat verə bilər. Amma biz də onlara nəsə kömək etməliyik. Yazıda qeyd olunur ki, Brüssel görüşü ölkənin daxili siyasi həyatında əsas mövzulardan biri olmaqda davam edir: “Eyni zamanda, əgər cəmiyyətin əksəriyyəti Ermə­nistanla Qərb arasında istər iqtisadi, istər si­yasi, istərsə də hərbi sahədə əlaqələrin daha da inkişafını gözləyirsə, cəmiyyətin rusiya­yönlü hissəsi, media və siyasətçilər Brüssel görüşünün nəticələrini neytrallaşdırmağa cəhd edir. Ruspərəst qüvvələr Paşinyanın çox az – cəmi 270 milyon avro və 65 milyon dol­lar aldığını iddia etməyə çalışırlar. Deyirlər ki, bu, dəryada bir damladır. Parlamentdəki Koçaryan fraksiyasının üzvü Lilit Qalstyan deyib ki, hökumət geosiyasi vektorun 270 milyon dollarla qiymətləndirilən dəyişdi­rilməsi mərhələsinə qədəm qoyur. Onun fikrincə, bu, diversifikasiya deyil, dağıdıcı avantüradır. Mübahisə etmirik, ilk baxışdan məbləğ, həqiqətən, əhəmiyyətsizdir. Amma, necə deyərlər, xoşbəxtlik pulda deyil. Apre­lin 5-də Brüsseldə keçirilən görüş, əslində, Aİ və ABŞ-ın Ermənistana, onun demokrati­yasına, təhlükəsizliyinə və ərazi bütövlüyünə dəstəkdə konkret iştirakının başlanğıcı oldu. Brüsseldə isə Ermənistan, nəhayət, Rusiya ilə “boşanma” prosesini rəsmiləşdirdi”.

Amma müxalifət liderləri və media subyektləri razılaşmaların faydasız olduğu­nu qeyd edirlər. “Ermənistanın “məxməri hökumətinin” tərəfdarlarının necə sarsıldı­ğını görmək, onların əsaslandırmaq, izahat vermək, ört-basdır etmək cəhdlərinə şahidlik etmək çox gülməlidir” – deyə “Ermənistan Sensasiya-Reconquista” teleqram kanalı ya­zır.

Yaxud, tanınmış erməni politoloq Artur Xaçikyan deyir: “Onlar tələb edirlər ki, biz ruslara qarşı döyüşək. Rusiya ilə siyasi və iq­tisadi əlaqələrimizi kəsək. Onlar nə Azərbay­cana, nə Gürcüstana, nə də Türkiyəyə belə bir tələb irəli sürə bilməzlər. Nədənsə, başqa dövlətlər öz maraqlarını müdafiə edə bilirlər, biz isə bacarmırıq. Bu da Qərbin marağının harada olduğunu göstərir. Xatırladım ki, Qərb artıq rəsmi Bakıdan üzr istəməyə nail olub. Bəyan edib ki, Brüssel görüşü Azərbay­can üçün təhlükə yarada bilməz”.

Bu arada Ermənistan silahlı qüvvələri Brüssel görüşündən əvvəl, görüş zamanı və ondan sonra şərti sərhəddə Azərbaycan Or­dusunun mövqelərini atəşə tutmaqda davam edirlər. Müdafiə Nazirliyinin yaydığı məlu­mata görə, qarşı tərəf son iki gündə ordumu­zun Laçın və Kəlbəcər rayonları istiqamə­tində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Aydındır ki, İrəvanın məqsədi Azərbaycanı cavab atəşi açmağa məcbur et­mək, daha sonra gərginliyin artmasında Bakı­nı günahlandırmaq və Qərbin hər cür kömə­yinə haqq qazandırmaqdır. Üstəlik, bununla da nümayiş etdirirlər ki, “döyüş ruhu” aşağı düşməyib və Azərbaycanla müharibə ideyası Ermənistanın gündəmindən çıxmayıb.

Dövlət İdarəçilik Akademiyasının mü­şaviri, politoloq Zaur Məmmədov “XQ”yə açıqlamasında bildirdi ki, Brüssel raundu gələcəkdə bölgəmizdə baş verə biləcək təx­ribatçı proseslərə öz “töhfə”sini verən görüş kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, Qərb yüz il öncə də müxtəlif platforma­larda “erməni məsələsi”ni qaldırır, ermənilə­rin sayəsində bölgədə öz maraqlarını həyata keçirməyə çalışırdı: “Biz yenə də hayların siyasi təhlükəsizliyi məsələsinin müzakirə edilməsinin şahidiyik. Əlbəttə, görüşün tam təfərrüatları ilə bağlı açıqlama verilməyə­cək. Açıqlanan məlumatda əsasən iqtisadi məqamlar qabardıldı. Lakin sirr deyil ki, bağlı qapılar arxasında Ermənistanın gələcək siyasi təhlükəsizliyi, onun müdafiəsi müza­kirə edilib”.

Z.Məmmədov qeyd etdi ki, əlbəttə, kim­sə ayrılan məbləğin az olduğunu söyləyə bilər. Bu, həqiqətən də, belədir. Qərb hazırda əsas yardımı Ukraynaya ayırır. Hətta Kiyevə yardımın ayrılması məsələsində bəzən fikir­lər haçalanır: “Belə olan vəziyyətdə Ermə­nistana böyük pulların veriləcəyi gözlənilən deyildi. İri məbləğdə vəsaitin ayrılması Aİ ölkələri və ABŞ daxilində fikir ayrılığının ya­ranmasına gətirib çıxara bilərdi. Bunun üçün parlamentlərin də razılığı tələb olunur”.

Politoloq qeyd etdi ki, bizi maraqlandıran əsas məsələ rəqəmlər deyil və olmamalıdır. Bizi maraqlandıran əsas məsələ Ermənistana verilən siyasi dəstəyin hansı həddə qədər ola biləcəyi və İrəvanın Qərb üçün nə dərəcədə lazımlı olub-olmamasıdır. Görüşün keçiril­məsi isə onu göstərir ki, “erməni məsələsi” tarixdə olduğu kimi, bu gün də bir çox da­irələrə lazımdır və onlar üçün vacib rol oy­nayır.

Ancaq Qərb tərəfindən silahlandırılan, şərti sərhəddə təxribatlar törədən İrəvan bil­məlidir ki, onun aldığı və alacağı istənilən silahlara qarşılıq olaraq, ölkəmiz dəfələrlə çox və daha keyfiyyətli, daha müasir silahlar alıb və alacaq. Əslində, biz proseslərin bu cür inkişaf ssenarisini istəməsək də, buna hazır idik. Məqsədi Cənubi Qafqazda sabitliyin yaranmasına imkan verməmək olan “kura­tor”ların göstərişlərini tam yerinə yetirən Ermənistan isə növbəti təxribatlarında sar­sıdıcı zərbələr alacaq. Bununla beynəlxalq hüququn subyekti kimi olan-qalan müstəqil­liyini də sürətlə itirəcək.

Səxavət HƏMİD
XQ



Siyasət