Təkqütblülükdən çoxqütblülüyə keçid dövründə Türk dünyasının yeni güc mərkəzinə çevrilməsi reallıqdır
Bu gün qloballaşan dünya, eyni zamanda, qlobal problemlərlə üz-üzə qalıb. Güclünün haqlı olduğu müasir dünya düzənində dəyərlərin və maraqların yenidən təmərküzləşməsi prosesi gedir. Bu proses forma və məzmun baxımından “soyuq müharibə” dövrünün, təkqütblü hökmranlıq uğrunda “böyük güclər” arasında mübarizənin getdiyi əvvəlki mərhələdən kəskin şəkildə fərqlənir. Əvvəllər qarşı duran tərəflər qismən də olsa, beynəlxalq hüquqa, diplomatik etiketə riayət edirdilərsə, indi yeni “güclər” bunlara məhəl qoymur, məqsədlərinə yalnız zor tətbiq etməklə çatmaq yolunu tuturlar.
İkinci dünya müharibəsindən sonra dünyanın xəritəsində iki fərqli iqtisadi və siyasi zəmin formalaşdı. Bu, həm də beynəlxalq münasibətlərin yeni üstqurumunun təməli sayılırdı. Dünya ikiqütblü sistemin “meydan suladığı” həmin dövr ərzində ABŞ–SSRİ qarşıdurmasına fərqli platformlarda şahidlik elədi. “Soyuq müharibə” adlandırılan o dövrün özünəməxsus xüsusiyyəti ondan ibarət idi ki, beynəlxalq səhnədə bu iki gücdən savayı dünya düzənini dəyişdirmək qüdrətinə sahib üçüncü aktor mövcud deyildi.
Dünyanın “ən demokratik” jandarmı
Yapon əsilli amerikalı filosof Frensis Fukuyama 1992-ci ildə qələmə aldığı “Tarixin sonu və sonuncu insan” əsərində liberal demokratiyanın bütün dünyada yayılmasının bəşəriyyətin sosial-mədəni təkamülünün axırı olacağını və güclərin hakimiyyətinin son formasına çevriləcəyini elan etmişdi. O vaxtdan çox sular axsa da, “qırmızı imperiyanın” süqutu və başqa önəmli hadisələr baş versə də, Fukuyamanın irəli sürdüyü “tarixin sonu” konsepsiyası öz qüvvəsində qalır. Nə qədər acı qənaət olsa belə, indi bu siyasi–fəlsəfi düstur, yəni üstün iqtisadi və siyasi sistemin dünyanın qurtuluşu olacağı fikri ön plana çıxıb.
Hazırda müşahidə etdiyimiz qlobal geosiyasi konyuktura elədir ki, uzun əsrlərdən bəri ilk dəfədir aşkar güc amili dünya hegemonluğu vakuumunu doldurmağa qadir deyil. Nə ayrıca götürülmüş bir dövlət, nə də dövlətlər ittifaqı qlobal liderlik bir tərəfə, onu əldə etməkdən ötrü qoyacağı “sərmayənin” faydasını görə bilmir. Bu xüsusda postsovet məkanında yaranmış yeni dövlətlər güvənc yeri kimi baxdıqları, demokratiyanın və qloballaşmanın bayraqdarı hesab etdikləri ABŞ-ı indi daha çox dünyanın “ən demokratik” jandarmı qismində görürlər. ABŞ ona olan ümidləri doğrultmaması bir yana qalsın, əksinə, planetin müxtəlif guşələrində yeni təhdidlərə başladı. Bunun nəticəsində bir tərəfdən radikal fundamentalizmin körüklənməsi, lokal xarakterli asimmetrik hərbi münaqişələrin çoxalması, digər tərəfdən Rusiya, Çin, Hindistan, Türkiyə, İran kimi dövlətlərin ön plana çıxması, Şanxay Əməkdaşlıq Təşkilatının, BRICS-in yaranması, NATO-nun genişlənmə və yenidənqurma “fəaliyyətinə” keçməsi, Avrasiya məkanında yeni ittifaqların formalaşması beynəlxalq sistemdə fərqli baxışlara zəmin hazırladı.
Mövsümi xarakterli lokal birliklər
Bu tendensiyanın geniş yayılmasının əsas səbəblərindən biri hazırda çeşidli dəyişikliyə uğrayan dünya güclərinin statusu, mövqeyi, eləcə də proseslərə təsir dairələrinin məhdudlaşmasıdır. Digər bir səbəb isə dünyanın parçalanması fonunda hər bir dövlətin siyasi arealına və milli maraqlarına yaxın tərəfdaşları ilə ittifaq yaratmaq cəhdidir. Buna misal olaraq, NATO-ya üzvlük fonunda birlik nümayiş etdirən Finlandiya və İsveçi göstərmək olar. Şimali Atlantika alyansına üzvlük yolunda Türkiyə səddini güc–bəla ilə aşan İsveç bu qurumda söz sahibinin kim olduğunu dərk etdi.
2021-ci il sentyabrın 15-də yaranan ABŞ və Böyük Britaniyanın Avstraliya ilə təhlükəsizlik məsələləri üzrə yeni əməkdaşlıq formatı da belə birliklərin sırasına daxildir. Bu üç dövlətin “AUKUS” çərçivəsində atom sualtı gəmi texnologiyasını birgə inkişaf etdirmək qərarından sonra Sakit okeanda güc balansı artıq yeni müstəvidə formalaşmağa başladı. Son illər ABŞ və Çin arasında yaşanan gərginlik dünya iqtisadiyyatının parçalanmasına və bu ənənənin “dost ölkələrə” tərəf yönəldilməsinə gətirib çıxarıb. Rəsmi Vaşinqton, London və Kanberra yeni razılaşma ilə bağlı bəyanatlarında Çinin adını çəkməsələr də, “artan regional təhlükəsizliklə bağlı narahatlığı” yekdilliklə vurğuladılar. Bu isə üçtərəfli razılaşmanın, istər-istəməz, Çinin bölgədəki hərbi gücünü tarazlaşdırmağı hədəfləyən hərbi pakt olduğu qənaətinə gəlməyə əsas verir.
İndi Yer uğrunda siyasi qarşıdurmadan əl çəkib, iqtisadi və hərbi yarışa, hətta Ay uğrunda mübarizəyə girişən ABŞ və Çin kimi “mehriban düşmənlərin” arasında son vaxtlar intensivləşən dialoqun kimə qarşı yönələ biləcəyini güman etmək çətin deyil. Bütün bunlar iqtisadi proseslərə də mənfi təsir göstərməklə yanaşı, regional, hətta, beynəlxalq böhranlara qapı açır.
Lokal və mövsümi birliklərin sonuncusu kimi, ABŞ–Aİ–Ermənistan “üçlüy”ünü göstərmək daha doğru olar. İlkin olaraq “Brüssel formatı”, yaxud “Brüssel konfransı” adlandırılan və yalnız maliyyə–iqtisadi sövdələşmə kimi qələmə verilsə də, əsl məqsədin Ermənistanı “bölgənin qüdrətli və güclü” dövlətinə çevirmək deyil, kollektiv Qərbin Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxartmaq olduğu gün kimi aydındır.
Səlibçilərin bütün cəhdləri puç olacaq
Hər şeydən göründüyü və əvvəllər olduğu kimi, bu dəfə də böyük geosiyasi oyunların strateji məkanı Avrasiya regionudur. Bu coğrafiyada istər regional, istərsə də qlobal miqyaslı proseslərin daimi iştirakçısına çevrilən yeni güc mərkəzinin yaranmasının şahidiyik. Yeni güc mərkəzi Türkiyə–Azərbaycan–Pakistan kimi güclü regional dövlətlərin ortaq dəyərlərin və güclü müttəfiqlik meyilləri nəticəsində ortaya çıxıb. Avrasiyada güc tarazlığını əldə etmək, bölgə ölkələri və xalqlarının taleyində əhəmiyyətli rol oynamaq baxımından bu alyans indiki mərhələdə perspektivə hesablanmış ən uğurlu addımlardan biri sayıla bilər. Bu uğurun zəmini kimi Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi Zəfəri göstərilməlidir. Üç il beş ay bundan əvvəlki nəticə bölgədə güc balansını kökündən dəyişdirdi. O vaxta qədər Cənubi Qafqazda təsir gücü məhdud olan Türkiyə rəsmi Bakının yaratdığı yeni reallıq kontekstində danılmaz təsir gücünə malik önəmli aktora çevrildi. Bununla paralel olaraq, Türkiyə–Azərbaycan–Pakistan arasında güclənən hərbi-siyasi əməkdaşlıq regionda özəl maraqlara malik bəzi dövlətlərin, eləcə də ermənipərəst güc birliklərinin qıcığına səbəb olur.
Dünyanın belə təlatümlü və böhranlı vəziyyətində çeşidli hərbi-siyasi güc mərkəzləri arasında vurnuxan, onlardan yardım diləyən Ermənistandan fərqli olaraq, Azərbaycan İkinci Qarabağ savaşında qazandığı Zəfərin üstünlüyü ilə diplomatik meydanda da regional gücə çevrildiyini isbatlamış oldu. İndi hansısa supergücün, yaxud dövlətlər blokunun siyasi təzyiqlərinə boyun əyməyən, özünün milli–suveren maraqlarından çıxış edən və bu prinsiplər uğrunda vuruşmağı bacaran Azərbaycan müstəqil geosiyasi və geoiqtisadi subyektə çevrilib. Məhz siyasi iradənin, bir də Türkiyə ilə hərtərəfli tərəfdaşlığın, işbirliyinin, strateji müttəfiqliyi təsdiqləyən Şuşa Bəyannaməsinin sayəsində Azərbaycan Qərbin iki qardaş xalq arasında münasibətlərə xələl gətirməyə yönəlik bütün cəhdlərini puça çıxardı.
Yeni və real güc mərkəzi – TDT
Səlibçi Qərb, 2008-ci ildə olduğu kimi, Türkiyə–Ermənistan sərhədinin açılması üçün yenə cəhd göstərir. Yəni, kollektiv Qərb Ankaranı Ermənistanla sərhədləri açmağa məcbur etməyə çalışır. Amma unudur ki, artıq onun qarşısında 200 milyondan çox insanın yaşadığı geniş coğrafiyanı əhatə edən, böyük iqtisadi potensiala, enerji resurslarına, kommunikasiyaya və ən önəmlisi, müasir hərbi potensiala malik Türk Dövlətləri Təşkilatı (TDT) durur. Quruma üzv ölkələr, bütün məsələlərdə olduğu kimi, təhlükəsizlik və milli maraqlar müstəvisində də qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirirlər. Azərbaycan TDT-yə üzv dövlətlər arasında münasibətlərin hərtərəfli inkişafına xüsusi önəm verir, Türk dünyasının daha da güclənməsi üçün əlindən gələni edir. TDT-nin 2009-cu ildə məhz Naxçıvan sazişi ilə yaradılması bunun bariz ifadəsi sayılmalıdır. Prezident İlham Əliyev TDT ölkələri ilə bütün sahələrdə əlaqələrin möhkəmləndirilməsini Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri elan edib.
Şübhə yoxdur ki, Türk Dövlətləri Təşkilatının bundan sonra da beynəlxalq miqyasda nüfuzu və çəkisi getdikcə artacaq. Bu perspektivi şərtləndirən amillərdən biri təşkilatın özəyini bir-birinə tarixi, dini, milli-mənəvi köklərə əsaslanan müttəfiqliyin təşkil etməsidir.
Yazımızın məntiqi yekunu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il noyabrın 20-də xalqa müraciətində dediyi aşağıdakı sözləri yada salaq: “Yəqin, Azərbaycan xalqı xatırlayır, son 3-4 il ərzində mən öz çıxışlarımda dəfələrlə demişdim ki, dünya dəyişir, münasibətlər dəyişir. Beynəlxalq hüquq işləmir, güc amili önə çıxır, “kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir. Bütün bunları mənim çıxışlarımda görmək olar. Çünki mən beynəlxalq vəziyyəti düzgün təhlil etmişəm. Demək istəmirəm ki, biz də bu yolla gedək. Yox, bizim yolumuz ədalət, beynəlxalq hüquq yoludur.”
İmran BƏDİRXANLI
XQ