Ermənistan hakimiyyətinin məqsədləri
Son günlər Azərbaycan–Ermənistan şərti sərhədində atəş səsləri daha müntəzəm şəkildə eşidilməkdədir. Sakitliklə bağlı 44 günlük müharibədən sonra qeydə alınmış müsbət tendensiyanın artıq sıradan çıxdığının şahidiyik. Məsələn, ötən həftə ölkəmizin Müdafiə Nazirliyinin yaydığı məlumatda qısa zaman aralığında atəşkəs rejiminin ümumilikdə 30 dəfədən çox pozulduğu açıqlanıb. Buna görə də vəziyyətə xüsusi diqqət yetirmək zərurəti yaranır.
Atəşkəsin pozulması kimə və nə üçün lazımdır? Əslində, sual ritorikdir. Çünki vəziyyətin gərginləşməsində maraqlı tərəfin Ermənistan olduğu aydındır. Bunu sübuta yetirmək üçün son günlərin eskalasiya ab-havasının konkret olaraq nə vaxtdan yarandığına nəzər salaq. İstər-istəməz yada aprelin 5-də Brüsseldə keçirilmiş ABŞ–Avropa İttifaqı– Ermənistan görüşü düşür. Bəli, atəşkəs ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinken, Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen və Ermənistan baş naziri Nikol Paşinyanın Belçikanın paytaxtında reallaşmış təmasından əvvəl pozulmağa başlamışdı və eyni durum yenə müşahidə edilməkdədir.
Diqqət yetirək, rəsmi İrəvan, onun ölkədəki tərəfdarları və xaricdəki havadarları üçtərəfli görüşü Ermənistanın qarşısında açılmış yeni səhifə kimi dəyərləndirirlər. Artıq Paşinyan və komandasının üzvləri Azərbaycanla sülh gündəliyindən tam kənar dayanıb, sırf Brüssel görüşünün nəticələri üzərinə fokuslanırlar. Onlar elə görüntü yaradırlar ki, sanki bu görüş və onun nəticəsində əldə edilmiş razılaşma ölkə üçün tamamilə yeni üfüqlər açacaq.
Bir sözlə, rəsmi İrəvan Ermənistana, belə demək mümkünsə, süni “hörmət qazandırmaqla” məşğuldur. Zamanla ermənilər özlərini yüksək tutub, azərbaycanlılara qarşı saymazyana münasibət göstəriblər. 44 günlük müharibə bu baxışa kökündən zərbə vurub. Hazırda Brüssel raundu məhz həmin düşüncəni yenidən dirildib –desək, yanılmarıq. Hər halda, görünən mənzərə bunu deməyə əsas verir.
Birincisi, bu mənzərədə konkret məqsədlər var. Dahi Volter deyirdi ki, əgər Allah olmasa belə, onu uydurmağa ehtiyac yaranacaqdı. İndi baş nazir Nikol Paşinyanın idarəçilik tərzinə nəzər salaraq deyə bilərik ki, gərginlik olmasaydı da rəsmi İrəvan onu mütləq formalaşdırmağa çalışacaqdı. Əslində, demək olmaz ki, Nikolda ölkəni çətin durumlarda idarə etmək immuniteti formalaşıb. Sadəcə olaraq, o, sabitlik şəraitində nə edəcəyini düşünə bilməyəcək qədər aciz və səriştəsizdir. Gərginlik həm də diqqəti səriştəsizliyin fəsadlarından yayındırmaq üçündür.
Nəzərə alaq ki, Paşinyan hakimiyyətdə olduğu illərdə Ermənistana, böyük ölçüdə, yalnız bəlalar gətirib. İqtisadi artımla bağlı müəyyən göstəricilərə gəldikdə, bunu Nikol iqtidarının uğuru kimi qiymətləndirmək mümkünsüzdür. Axı, Ermənistanın inkişaf tempi ilə bağlı nağıllar bu deyimi xatırladır - it araba kölgəsində yatır, elə bilir öz kölgəsidir. Halbuki inkişafda başlıca rol ona məxsusdur. Ancaq...
İkincisi, Azərbaycanla gərginlik, Paşinyana, eyni zamanda, Ermənistanın məzlum obrazını canlandırmaq üçün lazımdır. Bir halda ki, Brüssel görüşü ölkənin Qərbin patronajlığına tam təhvil verilməsidir, bu məntiq əsaslandırılmalıdır. Təxminən belə: mütərəqqi Qərb ağır durumda olan Ermənistanı qoruyur, imkan vermir ki, ölkə böyük faciələrlə üzləşsin və sair.
Üçüncüsü, Azərbaycan–Ermənistan şərti sərhədində atəşkəs həm də bilavasitə Brüssel görüşündə əldə edilmiş razılıqların icrasını tez bir zamanda gerçəkləşdirmək üçün lazımdır. Yəni, erməni iqtidarı və onun xaricdəki havadarları prosesin sürətləndirilməsini istəyirlər. Buna görə də “çətin durumla üzləşən”, “təcavüzə uğramaq” potensialı olan Ermənistan obrazını formalaşdırırlar.
Dördüncüsü, məlumdur ki, Brüssel görüşü nəticə etibarilə Ermənistana maliyyə dəstəyi formuluna hesablanmışdı. Əlbəttə, ayrılan pulun hansı istiqamətə yönəldilməsi maraqlıdır. Bu baxımdan rəsmi qaydada açıqlanmış istiqamətlər keçərli olmaya bilər. Yəni, Paşinyanın ayrılmış pulu silahlanmağa xərcləməsi də mümkündür. Ona lazımdır ki, Qərb Ermənistana bilavasitə Ukraynaya yanaşdığı tərzdə yanaşsın. Rəsmi İrəvan üçün atəş səslərinin doğurduğu və doğuracağı gərginlik mənzərəsi bu baxımdan da zəruridir.
Beşincisi, Ermənistan şərti sərhəddə gərginlik formalaşdırmaqla, duruma görə Azərbaycanı müqəssir çıxarmaq xəttini əsas götürür. Məqsədi odur ki, ölkəmizin adekvat tədbirləri sərt olsun. Nəyə görə? Çünki Paşinyan və komandası Azərbaycanın Qərb üçün hansı önəm daşıdığını yaxşı anlayırlar. Bu səbəbdən Azərbaycanı dünya ictimaiyyətinin gözündə təcavüzkar kimi göstərmək xətti yeridirlər. Belə yanaşma isə təxribatdan başqa bir şey deyil.
Altıncısı, Brüssel görüşünün Azərbaycan–Ermənistan sülh prosesini tamamilə arxa plana atdığını vurğuladıq. Mövzunu bir qədər də genişləndirək. Revanşist xətt yürüdən rəsmi İrəvan Qərbə arxalanaraq, sülh yolunda indiyədək müşahidə edilmiş müsbət dinamikanı arxa plana atmaq niyyəti güdür. Şərti sərhəddəki atəş səsləri həm də buna hesablanıb.
Yeddincisi, Qərb, konkret olaraq, Avropa İttifaqı və ABŞ aprelin 5-də keçirilmiş Brüssel görüşü barədə söz açarkən, onun hansısa tərəfə qarşı yönəlmədiyini, ancaq Ermənistanın müdafiəsi, onun geriliyini aradan qaldırmaq məntiqini qabardır. Əlbəttə, bu, diplomatik gedişdir. Hər bir halda, belə yanaşma, müəyyən mənada, pozitiv təqdimat təsiri bağışlayır.
Ancaq, demək olmaz ki, mövcud təqdimat Ermənistan və havadarları üçün keçərlidir. Onlar ölkənin vacibliyi məsələsinə kökləniblər. Nəyə görə vacibdir? Əlbəttə ki, Cənubi Qafqazda Rusiya ilə mübarizə aparmaq, onu regiondan uzaqlaşdırmaq üçün.
Əslində Bakı–İrəvan münasibətlərinin nizamlamasının Qərb patronajlığı, ümumən Rusiyanın vasitəçilik səylərinə qarşıdır. Qərbin indiyədək aparılmış danışıqlardakı rolunun hansısa üçüncü tərəfə yönəlməsinin yolverilməzliyi ritorikasını dəstəkləyən isə Azərbaycandır. Buna görə də rəsmi Bakı sözügedən rola etimad göstərmir, ona səmimi yanaşmır.
Ermənistana gəldikdə isə ölkə Brüssel formatını geopolitik anti-Rusiya cəbhəsinə çevirməkdə israrlıdır. Bunun üçün isə fövqəladə gərginlik mühiti, hətta, gerçək müharibə şəraitinin formalaşması şərtdir. Erməni silahlı qüvvələrinin sərhəd təxribatlarının sayı məhz bu səbəbdən də artmaqdadır.
Səkkizincisi, burada İran faktorunun üzərində dayanmaq lazımdır. Hazırda rəsmi Tehran susqun kimi görünür. Sanki, ölkə Ermənistanın dost və ya düşmən olduğunu müəyyənləşdirməkdə çətinlik çəkir. İslam respublikası, həmçinin Cənubi Qafqaz planlarını hansı istiqamətdə qurmaq məsələsində də tərəddüd içərisindədir. Ölkədəki şovinist və ermənipərəst dairələr Azərbaycanı mənfi yöndə təqdim etməyə başlayıblar. Onlar Bakını yer üzündən silmək və sair bu kimi sərsəm bəyanatlar səsləndirirlər. Ermənistan hakimiyyəti isə Tehranın qeyri-müəyyənliyi üzərinə köklənir ki, geopolitik ziddiyyət çevrəsi genişlənsin. Şərti sərhəddə sayı çoxalmaqda olan atəşkəsin pozulması hallarının daha bir səbəbi budur. Erməni iqtidarı mümkün genişmiqyaslı eskalasiya və Azərbaycanın adekvat tədbirlərinin İran tərəfindən “qırmızı cizgilər”in keçilməsi kimi dəyərləndiriləcəyi üzərinə hesablamalar aparır.
Sonda bildirdiklərimizi ümumiləşdirərək deyək ki, Brüssel görüşü və onun fonunda Azərbaycan–Ermənistan şərti sərhədində eskalasiya mühitinin formalaşması rəsmi İrəvanın Cənubi Qafqaz müstəvisində aparılan qlobal oyunlarda müstəsna dividend qazanmaq istəyidir. Görünür, Paşinyan öz məqsədinə çatmaq naminə regionu qan çanağına döndərməkdə israrlıdır. Bu isə tamamilə yeni reallıqlar formalaşdırmaq cəhdidir. Əlbəttə, avantürist məqsəd daşıyan bu cəhdin Ermənistan dövlətçiliyinin tamamilə itirilməsi perspektivi var ki, bu barədə ən az düşünən də erməni iqtidarıdır.
Ə.CAHANGİROĞLU
XQ