Yaxud Avropa Parlamentinin növbəti “həyasızlıq simfoniyası”nın akkordları
Aprelin 5-də Brüsseldə keçirilmiş ABŞ – Avropa İttifaqı – Ermənistan üçtərəfli təmasına xaricdəki ermənipərəst dairələrdən dəstək var. Əlbəttə, buna dəstək demək bir o qədər yerinə düşmür.
Məqsəd aydındır: Görüşə anti-Azərbaycan fonu qazandırmaq. Daha doğrusu, həmin görüşə bilavasitə ölkəmizlə bağlı mənfi çalarlar gətirmək. Bəli, qatı ermənipərəst mövqeyi ilə seçilən Avropa Parlamentinin deputatlarının istəyi budur. Söhbət başda fransız Natali Luazo olmaqla, onların 24-nün Birləşmiş Ştatların Dövlət Departamentinin rəhbəri Antoni Blinkenə və Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenə ünvanladıqları müraciətdən gedir.
Beləliklə, AP-nin müxtəlif fraksiyalarından olan deputatları N.Luazonun rəhbərliyi altında A.Blinkeni və Ursula Fon der Lyayeni Ermənistanın təhlükəsizliyini təmin etməyə çağırıblar. Bəlkə Azərbaycanla döyüşmək üçün Birləşmiş Ştatların qoşun yeritməsini nəzərdə tuturlar? Onlardan nə desən gözləmək mümkündür. “Köhnə qitə”nin erməni lobbi və diaspor təşkilatlarının pulu bu “pensionerlər klubu”nun üzvlərinin gözünü o qədər tutub ki, Ermənistan üçün hər cür avantürizmi qabardar və bu zaman beynəlxalq hüquq normalarını çox asanlıqla ayaqaltı edə bilərlər. AP-nin təkcə son altı ayda qəbul etdiyi anti-Azərbaycan xarakterli qətnamələr də fikrimizin təsdiqidir.
Əlqərəz, haqqında söz açdığımız müraciət barədə N.Luazo özünün “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb. Müraciətdə vurğu onun üzərinə qoyulub ki, Avropa İttifaqı və ABŞ İrəvana dəstəyini artırır, amma indi mövcud xüsusda həyata keçirilənlər azdır. Sənəddə Brüssel görüşü Aİ-nin və Birləşmiş Ştatların Ermənistana, onun demokratiyasına, təhlükəsizliyinə və ərazi bütövlüyünə dəstəkdə konkret iştirakının başlanğıcı olaraq qiymətləndirilib və alqışlanıb. Orada, həmçinin beynəlxalq ictimaiyyətə ünvanlanmış ittiham motivləri də yer alıb. Bildirilib ki, guya, xarici aləm 2020-ci ilin Qarabağ müharibəsinə, “Azərbaycanın Qarabağa qarşı (bölgədəki keçmiş separatçı rejim nəzərdə tutulur – red.) qəddarlığına və “Ermənistan ərazilərinin bir hissəsinin işğalına” passiv yanaşıb.
Ümumən, avroparlamentarilər, necə deyərlər, köhnə havalardadır. Onlar, Azərbaycana qarşı ənənəvi sərsəm ritorikanı işə salıblar. Bu ritorikada ölkəmizi hər cəhətdən haqsız çıxarmaq və İrəvanın manipulyasiyalarını Bakının üzərinə yıxmaq məntiqi var. AP deputatları Azərbaycan – Ermənistan şərti sərhədində ikincinin törətdiyi təxribatlara və eskalasiyalara da eyni prizmadan yanaşırlar.
AP deputatları Blinkenə və Lyayenə birgə müraciətlərində bildirirlər ki, Azərbaycan Ermənistanı, guya, uydurma təxribatlarda ittiham edir və ona qarşı döyüşkən ritorika yaradır. Müraciətin daha bir özəlliyi isə sənəddə Rusiyanın adının çəkilməsidir. Bu, Moskva ilə Bakının eyni cəbhədə olduğuna dair təəssürat yaratmağa hesablanmış gedişdir. “Rusiya Ermənistanı Avropaya yönəldiyinə görə cəzalandırmaq üçün səbəb axtarır” kimi fikrin qabardıldığı müraciətdə daha bir ənənəvi manipulyativ məqam diqqətdən yayınmır. Sözügedən motiv Ermənistanı demokratik ölkə kimi göstərməyə əsaslanır. Belə rəy formalaşdırılır ki, guya, Kreml Bakının köməyi ilə erməni demokratiyasına qarşı qəsd reallaşdırmaq niyyətindədir.
Əslində, demokratik cəmiyyət həm də güclü cəmiyyətdir. Lakin Ermənistanla bağlı məsələlərdə bu deyim işləmir. Bu baxımdan onu da yada salaq ki, barəsində söz açdığımız üçtərəfli təmas məsələsində qəbul edilmiş razılaşmada gülməli müddəa da yer almışdır. Söhbət erməni xalqının öz demokratiyasına etimad göstərməsi tezisindən gedir. Sən demə, sadə erməniləri hökumətin demokratikliyinə inandırmaq lazım imiş. Bu da tam absurddur, AP deputatlarının müraciətlərindəki oxşar məqam da həmçinin. Guya ki, onlar Ermənistan demokratiyasına qarşı təhdidlərə reaksiyasız qala bilmirlərmiş...
Üstəlik, müraciətdə Ermənistandan məzlum obrazı formalaşdırmaq cəhdləri də var ki, belə yanaşma ənənəvi xarakter daşıyır. Avroparlamentarilər bildirirlər ki, Ermənistan qonşuları ilə sülh şəraitində yaşamaq və öz yolunu seçməkdən başqa heç nə axtarmır. Elə bil, mühüm dövlət sənədlərində qonşu ölkələrə qarşı ərazi iddiasının yer aldığı ölkə Ermənistan deyil. Belə çıxır ki, otuz ilə yaxın müddətdə Azərbaycanın torpaqlarını işğalda saxlayan da Ermənistan yox, hansısa başqa dövlət imiş.
Avroparlamentarilərin müraciətlərinin sonu əsl tragikomediyadır. AP deputatları müraciətlərində Blinkeni və Lyayeni “sadə bir jest etməyə – Ermənistana getməyə və erməni xalqına yaşamaq və azadlıq uğrunda mübarizədə tək olmadıqlarını” göstərməyə çağırıblar. Hiss olunur ki, “pensionerlər klubu”nun üzvlərinin erməni lobbi və diaspor təşkilatlarından aldıqları pulun miqdarı həddən artıq çoxdur. Bu adamların sentimentallıq “zəngulələri” tragikomediya üçün bəstələnmiş tam bir həyasızlıq simfoniyasının akkordlarıdır.
R.ƏVƏZ
XQ