Deyəsən, Qərb Paşinyanın göz yaşlarına inanmır
Aprelin 5-də Brüsseldə Ermənistan baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen və ABŞ Dövlət katibi Antoni Blinken arasında keçirilən görüşə Hayastanda çox böyük ümidlər bəslənilirdi. Xüsusilə, hakim “Mülki müqavilə” partiyasının rəhbər heyətinə daxil olan şəxslər, partiyanın deputatları, hakim komandanın üzvləri görüşü Ermənistan–Qərb münasibətlərinin tarixində presedenti olmayan görüş kimi təqdim etməyə çalışırdılar. Onların fikirlərini oxuduqda belə qənaət yaranırdı ki, sanki həmin günün ertəsi Ermənistanın illərlə yığılıb qalmış problemləri həllini tapacaq. Sanki Hayastan bir gün ərzində azad, abad ölkəyə çevriləcək, hər tərəf güllük-gülüstan olacaq.
Məsələn, görüşdən bir neçə gün öncə – martın 29-da Paşinyana yaxınlığı ilə seçilən “Armenian Report” saytında yerləşdirilmiş “Ermənistan aprelin 5-də Rusiyadan azad olacaq” sərlövhəli məqalədə deyilirdi: “Görüş tarixi yaxınlaşdıqca, Moskva bir qədər də əsəbiləşir. Bu, başadüşüləndir – onlar anlayırlar ki, aprelin 5-i “Rubikonu keçmək”dir. Onu keçdikdən sonra Ermənistan Rusiya üçün həmişəlik itirilmiş olacaq. Qeyd edək ki, Rubikon Apennin yarımadasında çox da böyük olmayan çaydır. Eramızdan əvvəl 49-cu il yanvarın 10-da Qalliyanın prokonsulu Yuli Sezar güclü tərəddüddən sonra qoşununa Rubikonu keçərək İtaliyaya müdaxilə etmək əmrini verib. O vaxtan bəri “Rubikonu keçmək” frazeoloji ifadəsi bir işin görülməsi, geriyə yol olmadığı, plandan imtina etməyin mümkünsüzlüyü mənasında işlədilir.
Yazıda qeyd olunurdu ki, buna görə də Moskva Ermənistandakı “beşinci kolonun iplərini çəkərək” onları uca səslə bəyanatlar verməyə, Paşinyanla mübarizə aparmaq üçün potensiallarını səfərbər etməyə çalışır: “Bütün bunların hamısı Brüsseldə ölkəmizlə bağlı keçiriləcək taleyüklü görüşün qarşısını almaq üçündür. Görüş isə bizim hamımız üçün həqiqətən taleyüklüdür. İclasın gündəliyinə diqqət yetirin: Ermənistan–ABŞ və Ermənistan–Aİ münasibətləri, ölkəmizin iqtisadi və enerji sahəsində potensialının inkişafı və Hayastanın üzləşdiyi humanitar problemlərin həlli ilə bağlı məsələlərin müzakirəsi. Aİ-yə üzvlüyə namizəd statusu almaq üçün Ermənistana təklifin veriləcəyi gözlənilir. Avropa Sülh Fondundan vəsaitin ayrılması, hərbi yardımın artırılması, Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsi üçün birgə treninqlər və hərbi təlimlərin keçirilməsi, təhlükəsizlik sektorunda islahatlar, Ermənistanın sərhədlərinə nəzarətin gücləndirilməsi, viza rejiminin liberallaşdırılması da müzakirə olunacaq. Əgər bütün bu məqamlar sənədləşdirilərsə, o zaman, şübhəsiz ki, aprelin 5-i Ermənistanın rəsmi olaraq, sivil dövlətlər ailəsinə daxil olduğu günə çevriləcək və buna uyğun olaraq ölkəmiz Qərbdən dəmir-beton təhlükəsizlik zəmanəti alacaq. Yeri gəlmişkən, Saakaşvilinin Gürcüstanı vaxtında belə dəstək almamışdı”.
Ancaq göründüyü kimi, Hayastandakı qərbpərəstlərin ümid etdiklərinin əksəriyyəti reallaşmadı. Ekspertlərin qeyd etdikləri kimi, görüşün nəticəsi Paşinyan komandasının üzvlərini və onun sıravi tərəfdarlarını pərişan etdi. Hayların Qərbdən külli miqdarda maddi, həmçinin siyasi və hərbi-texniki dəstək almaq arzusu gözlərində qaldı. Brüssel və Vaşinqton İrəvana, müvafiq olaraq, 270 milyon avro və 65 milyon dollar verəcəklərini vəd etdilər. Onu da nəzərə almaq lazımdır ki, Avropa İttifaqının “yeni Ermənistan–Aİ tərəfdaşlığını gücləndirmək üçün” ayıracağı 270 milyon avro vəsait birdəfəlik ödənilməyəcək, 2024-2027-ci illərdə hissə-hissə (yəni, hər il 67,6 milyon avro) ayrılacaq. Bu məbləğlə isə çətin ki, nəsə etmək mümkün olsun.
Ölkənin müxalifətçi “Hayastan” blokunun parlament fraksiyasının üzvü Artur Xaçatryan aprelin 8-də jurnalistlərə bildirib ki, Brüssel görüşünün geniş reklamı gedirdi. Ancaq görüşün nəticəsi Aİ-nin hər il təxminən 70 milyon avro ayırması oldu ki, bu da hakimiyyətin görüş ərəfəsində vəd etdiyi iqtisadi bumu təmin etmək üçün cüzi bir məbləğdir.
Deputat deyib ki, təkcə cari ilin əvvəlindən Ermənistan hakimiyyəti ölkənin xarici borcunu göstərilən məbləğdən iki dəfə çox artırıb. Onun sözlərinə görə, nəticə və gözləntilər bir-birinə uyğun gəlmir. Xaçatryan Aİ-nin hələ 2021-ci ildə 2,6 milyard avro yardım ayırmağı vəd etdiyini xatırladıb. Ancaq vədin hələ də yerinə yetirilmədiyini vurğulayıb: “ABŞ-nin yardımı da, xüsusən 90-cı illərdəki müharibədən sonrakı dövrdəki yardımların həcmi ilə müqayisədə ürəkaçan deyil. Bütün bunları nəzərə alaraq, Brüssel görüşündə nəyinsə səhv getdiyini güman etmək olar. Bu məbləğdə yardım üçün yüksək səviyyədə görüşün keçirilməsi doğru deyildi. Güman edirəm ki, Ermənistan qarşısında sərt şərtlər qoyulub. Yəqin ki, bizim baş nazirimiz də şərtləri dəyərləndirərək, onların altından çıxmağın mümkün olmadığını anlayıb”.
Enerji təhlükəsizliyi üzrə ekspert Vahe Davtyan isə fikirlərini belə ifadə edib: “Brüsseldə bizə konfet yox, onun kağızını verdilər. Çünki Avropa və ABŞ-nin 4 il ərzində verəcəyi vəsait Ermənistanda bir dənə də olsun ciddi məsələni həll edə bilməz. Ermənistanın suverenliyi və ərazi bütövlüyü hərraca çıxarılıb. 270 milyon avro+65 milyon dollar heç bir infrastrukturu inkişaf etdirə biləcək məbləğ deyil. Başqa sözlə, Avropanın Ermənistana iqtisadi marağı sıfırdır”.
Enerji təhlükəsizliyinə gəlincə, Davtyan qeyd edib ki, Qərbin heç bir ölkəsində nüvə reaktoru və ya onların istismarı təcrübəsi yoxdur. Bu cür iki ölkə var: Rusiya və Çin. Ermənistan sınaq meydançasına çevriləcək, çünki təcrübəsi olmayan ölkələr bizə modul qurğular təklif edirlər. Burada Litvanın təcrübəsini tətbiq etmək istəyirlər, amma bu, cəfəngiyyatdır. Təbii ki, Paşinyana etimadsızlıq var, çünki Avropada axmaq yoxdur və onlar çox gözəl başa düşürlər ki, Ermənistan tamamilə anti-Rusiya yolu ilə gedə bilməz. Avropada onlar çox gözəl başa düşürlər ki, İrəvan Rusiyadan tamamilə asılıdır və Avrasiya İqtisadi İttifaqından çıxmaqla Ermənistan iqtisadi cəhətdən iflasa uğrayacaq, ictimai-siyasi böhran yaranacaq və onların siyasi planlarının heç biri reallaşa bilməyəcək. Avropa onu da çox gözəl anlayır ki, Paşinyan iqtidarı sırf öz hakimiyyətini saxlamaq üçün manevr edir. Avropalılar üçün Ermənistanın Aİİ-dən çıxdığını və Rusiya hərbi bazasının çıxarılacağını elan etməsi mühüm addım olacaq. Ancaq, görünən odur ki, bu, İrəvanın planlarında yoxdur. Başqa sözlə, iqtisadi və siyasi komponentləri nəzərə almaq lazımdır. Bəli, Qərb Paşinyanın göz yaşlarına inanmır.
Ekspert bildirib ki, Qərb Paşinyanın anti-Rusiya baxışlarına malik olduğunu qəbul etsə də, onun Moskvaya qarşı avantüraya gedəcəyini zənn etmir. Ona görə də ABŞ və Aİ Ermənistanın təşəbbüslərinə ehtiyatla yanaşırlar. Ayrılan vəsaitin azlığı da həmin ehtiyatlı yanaşmanın göstəricisidir.
“Alternativ” araşdırmalar mərkəzinin rəhbəri, professor Tatul Manaseryan “Sputnik Ermənistan”a müsahibəsində bildirib ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlükdən imtina etməsi, iqtisadi baxımdan intihar olardı: “Hakimiyyət nümayəndələri həm nazirlər, həm də deputatlar səviyyəsində dəfələrlə bəyan ediblər ki, bu gün Aİİ-yə alternativ yoxdur. 2023-cü ildə xarici ticarət dövriyyəsindəki 46 faizlik artımın təxminən 40 faizi Aİİ-yə üzv ölkələrlə, ilk növbədə, Rusiya ilə bağlıdır. Aydındır ki, Ermənistan Aİİ-yə üzvlükdən və ya inteqrasiya proseslərindən imtina edərsə, bu, iqtisadi baxımdan intihar olacaq. Həm ərzaq, həm enerji təhlükəsizliyi, həm də maliyyə təhlükəsizliyi baxımından çox ciddi problemlər yaranacaq. Çünki Rusiyadan köçürmələr bizim ümumi daxili məhsulumuzun dörddə bir hissəsini təşkil edir”.
Eyni zamanda, Manaseryan vurğulayıb ki, həmin Qərb ölkələri, hətta Rusiya ilə siyasi münasibətlərdə aşkar gərginliyin mövcud olduğu şəraitdə belə, bu ölkə ilə ticarət əlaqələrindən tam imtina etməyiblər. Bəzi Qərb şirkətləri Rusiya bazarında həm özəl, həm də dövlət səviyyəsində fəaliyyətlərini davam etdirirlər. Onun fikrincə, Ermənistanın gələcəyi bu münasibətləri bir geosiyasi vahidlə digərinin hesabına inkişaf etdirməkdə deyil, bütün ölkələrlə yaxşı münasibətlərdədir.
Mövzu üzrə söhbətləşdiyimiz Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri, politoloq Cavid Vəliyev bildirdi ki, görüşdən əvvəl Azərbaycanın ifadə etdiyi narahatlıqların özünü doğrultduğunu birmənalı şəkildə söyləmək mümkündür. Onun sözlərinə görə, biz aprelin 5-də Aİ-nin yanaşmasının Fransanın təsiri altına düşdüyünü müşahidə etdik.
Eyni zamanda, Qərbin Cənubi Qafqaz siyasətindəki ikili standartlara bir daha şahid olduq: “Mən Qarabağdan 90-cı illərdə qaçqın düşən azərbaycanlılara və 2023-cü ildə bölgədən öz xoşu ilə çıxıb gedən ermənilərə münasibətdə fərq qoyulmasını nəzərdə tuturam. Avropanın bu yanaşması ikili standartların bariz nümunəsidir. Görüşdən sonra keçirilən mətbuat konfransında azərbaycanlı qaçqınlarla bağlı heç bir ifadə səsləndirilmədiyi halda, Qarabağdan xoşluqla gedən ermənilər barədə addımların atılması qəbuledilməzdir”.
C.Vəliyev qeyd etdi ki, Azərbaycan görüşdən öncə mövqeyini açıq ifadə etmişdi. Ölkəmiz İrəvana hərbi dəstəyin göstərilməsindən narahatlıq duyduğunu vurğulamışdı: “Biz bunu Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin də görüşdə iştirak etməsində gördük. Borrell Ermənistanı hərbi cəhətdən dəstəkləməyi Qərbdə ən çox müdafiə edən şəxslərdən biridir. O, keçən ilin oktyabr-noyabr aylarından etibarən bu ideyanı qızğın şəkildə müdafiə edir və Aİ-dən hərbi yardım alan dövlətlərin siyahısına Ermənistanı da daxil etməyə çalışır”.
Politoloq Brüssel görüşünün Hayastanda revanşizmin, radikalizmin artmasına xidmət edəcəyini güman edir: “Özü də bunu təkcə müxalifətdə axtarmaq lazım deyil. Brüssel görüşü Paşinyan hökumətinin Azərbaycanla apardığı sülh danışıqlarına da pis təsir edəcək. Dünyanın hər yerində belədir. Özünə arxa-dayaq tapan dövlət davam edən danışıqlarda daha çox nələrsə əldə etməyə can atır. Azərbaycan isə təbii ki, Ermənistanın əsassız tələblərini rədd edəcək. Nəticədə, danışıqlarda ciddi mənfi nəticələr yaranacaq”.
Göründüyü kimi, Paşinyana yaxın şəxslərin hay-küylə reklam etdikləri Brüssel görüşündə Ermənistanın bir dövlət kimi inkişafına, onun əhalisinin rifahına, təhlükəsizliyinə və sabitliyinə xidmət edəcək heç bir xüsusi hadisə baş vermədi. Halbuki, ermənilər bu tarixdə onların siyasi-iqtisadi taleyində ciddi dönüş olacağına ümid edirdilər. Bu faktın özü bir daha ondan xəbər verir ki, Ermənistan iqtisadi inkişafı, rifahı və sabitliyi bölgədən min kilometrlərlə uzaqda deyil, elə bölgədə axtarmalıdır. İrəvan ləngimədən Azərbaycanla sülh istiqamətində danışıqlara impuls verməli, regional kommunikasiyaların açılması istiqamətində addımlar atmalıdır. Çünki bundan qazanan həm də Ermənistan və onun əhalisi olacaq. Əks-təqdirdə ölkənin iqtisadiyyatındakı durğunluq davam edəcək, əhalinin həyat səviyyəsi isə gündən-günə aşağı düşəcək.
Səxavət HƏMİD
XQ