Bir neçə gündür ki, Qazaxıstanın Aktübə, Kustanay, Pavlodar, Akmola, Atırau və Şimali Qazaxıstan vilayətlərində daşqınlar davam edir və bu məkanlarda bir sıra fəsadlar əmələ gəlib.
Bu barədə Qazaxıstanın fövqəladə hallar naziri Kaxraman Orazalin dünən Astanada keçirdiyi brifinqdə məlumat verib. O deyib ki, bu vilayətlərdə 3391 fərdi evi,1059 bağ sahəsini, 79 digər istiqamətli binanı su basıb, 64 min adam təhlükəsiz ərazilərə köçürülüb və müvəqqəti yaşayış sahələri ilə təmin olunub. Köçürülənlərin 15 min 283 nəfəri uşaqdır. Nazir qeyd edib ki, onlara hərtərəfli yardım göstərilib, evlərini tərk edənlər psixoloq xidməti ilə təmin olunub. Təbii fəlakət nəticəsində adı çəkilən yeddi vilayətdə respublika əhəmiyyətli 801 kilometr magistral yol qismən zədələnib. Yolların təmizlənməsinə 297 texnika, 385 adam cəlb edilib.
Daşqınlarla bağlı Qazaxıstan Prezidenti Kasımcomart Tokayev ölkə əhalisinə müraciət edib. Dövlət başçısı əhalini öz evlərindən köçürülənlərə yardım etməyə çağırıb. O bildirib ki, bu daşqınlar son 80 ildə öz əhatə dairəsinə və vurduğu zərərə görə ən böyük təbii fəlakətdir.
Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri
Astana