Liderin gücü: şəxsi keyfiyyətlərlə xalq–iqtidar birliyinin sintezi

post-img

 (fəlsəfi-politoloji təhlil)

I MƏQALƏ

“Güclü lider” və “liderin gücü”

Məişət səviyyəsində, ümumiyyətlə, “güc” anlayışı ünsiyyətdə çətinlik çək­mədən işlədilir. Siyasətdə də politoloqlar “güclü lider” terminini müxtəlif kontekstlərdə istifadə edirlər. Ancaq fəlsəfi və siyasi-nəzəri aspektdən bu anlayışları anlamaq istəsək, onun sadə olmadığı­nı görərik. Politologiyada da tanınmış nəzəriyyəçilər “güclü lider” anlayışının ümumi kriteriyalarının müəyyənləşməsi istiqamətində araşdırmalar aparmaqda­dırlar. Lakin hələlik cavabdan çox suallar vardır. 

Digər tərəfdən, “güclü lider” anlayışı ilə “liderin gücü” anlayışı arasında məz­mun fərqi vardır. Doğrudur, onların oxşar cəhətləri də çoxdur. Lakin “güclü lider” termini liderin müəyyən şəxsi keyfiyyətlər əsasında praktiki fəaliyyətini alınan nəti­cə aspektində xarakterizə edirsə, “liderin gücü” daha çox fəaliyyətin prosessual aspektdə daxili motivasiyasına aiddir. 

Məsələn, güclü lider qarşısına qoy­duğu məqsədə çatmaqda tərəddüd et­məyən, bütün maneələri aşaraq qələbə qazanan hesab oluna bilər. Lakin burada da hansı məqsədin qarşıya qoyulduğu və ona nə yolla nail olması məsələsi ortaya çıxır. Bu məsələdə fikirlər fərqlənə bilir və biri üçün “güclü lider” olan, digəri üçün “zalım lider”, “aqressiv lider”, “eqoist li­der”, “bədniyyətli lider” kimi qəbul edilər. 

Liderin gücü isə şəxsi fəaliyyətin daxi­li keyfiyyətləri ilə xarici faktorların bir-biri ilə münasibətlərinin sintezində özünü göstərən təsir səviyyəsi ilə “ölçülür”. Bu zaman aparıcı rolu daxili şəxsi keyfiyyət­lərin, yoxsa lider-ətraf mühit münasibət­lərində liderin nümayiş etdirdiyi qətiyyət, yüksək iradi keyfiyyətlər, zəka və digər faktorlarınmı həlledici rol oynadığı aydın­laşmalıdır. 

Dünya təcrübəsinin politoloji dərki göstərir ki, bu kimi suallara cavab axta­rışı vacibdir. Bu baxımdan “güclü lider” və “liderin gücü” anlayışlarına fəlsəfi və siyasi-nəzəri aspektlərdə qısa nəzər sal­maq faydalı olardı.

“Sakitliyə riayət edin və möhkəmlənin” 

Sokrat bu kəlamı ölümündən bir qə­dər əvvəl mütəəssir olan və bədbinləşən tələbələrinə demişdi. Mənası ondan ibarətdir ki: hər bir olacağı sakit, ağılla, təmkinlə qarşılayıb, vəziyyətdən nəticə çıxarmaq və bu əsasda daha möhkəm olmaq fəzilətlilik əlamətidir! Buna görə də yunan fəlsəfəsində carteros (güclü, möhkəm, möhtəşəm) termini daha çox işlədilirdi və bu kontekstdə “cartereo” feili və təyini olaraq terminindən (“dözürəm”, “kişi kimi adlayıram”, “möhkəmliklə ke­çirirəm” və s.) istifadə olunurdu. Ayrıca, düzgün filosofluq edənlər şəxsi nəfslər­dən, şəhvətdən xilas olurlar və “möhkəm­lənirlər” (carteroysin).

Deməli, ümumi fəlsəfi səviyyədə “güc” anlayışı” əsas olaraq etika, mənə­viyyat və əxlaqla iradi keyfiyyətlərin sin­tezində anlaşılırdı. Burada əsas məqsəd fəzilətlilik, yəni xeyirxahlıq, müdirklik və məqsədyönlülükdən ibarət idi. Siyasi fəa­liyyətdə də qədim dövr filosofları üçün fəzilət birinci sırada dayanırdı. Burada Platon siyasi gücü “hökm etmək”, “hünər­li olmaq” kimi daxili ruhani, psixoloji və mənəvi faktorlara bağlayırdı. Tarixin son­rakı dönəmlərində gücün fiziki, psixoloji, mənəvi-əxlaqi, mədəni və s. aspektləri daha ayrıntılı dərk olunmağa başladı. O cümlədən, siyasi liderin gücü haqqında fərqli mövqelər meydana çıxdı. Lakin bü­tün hallarda liderin gücü siyasi fəaliyyət­də həmişə aktual məqam kimi fəlsəfi və politoloji yanaşmalarda qəbul edilmişdir. 

Fəlsəfi-nəzəri mücərrədləşdirmədən müasir mərhələdə siyasi anlamda “güc”, “güclü lider” və “liderin gücü” anlayışları­nın anlamlarına baxaq. 

D.Tramp və “Mister Smit Vaşinqtona gedir”

Politoloq Arçi Braun 2014-cü ildə qələmə aldığı “Güclü lider haqqında mif: müasir dövrdə siyasi liderlik” “The myth of the strong leader: political leadership in the modern age” adlı əsərində maraqlı məqamlara toxunur. O, Donald Trampı siyasi lider kimi xarakterizə edərkən Ağ Evin “daxili çəkişmələri” haqqında Maykl Vulfun məşhur “Atəş və Qəzəb” adlı best­sellerində yer alan metaforik ifadələrdən yararlanmışdır. Həmin sırada aktyor Cim­mi Styüartın “Mister Smit Vaşinqtona ge­dir” filmindəki personajın parodiya vari­antını vurğulamışdır. Burada politoloqun filmdəki parodiya kontekstində işarəsi ondan ibarətdir ki, D.Trampın filmdəki cənab Smit kimi, Vaşinqtona səfəri “güc­lü liderlik” prizmasında əsl məzhəkə və ya macəradır. Bunun belə olub-olmadı­ğı haqqında biz bir fikir bildirmirik, çün­ki məqsəd onda deyil. Daha maraqlısı D.Trampın bu replikaya cavabıdır: “sabit olaraq dahiyəm”!

İndi bu “sabit dahiliyə” A.Braunun gə­tirdiyi çoxsaylı faktların işığında baxaq. 2016-cı ildəki prezident seçkisində D.Trampın əsas arqumenti güclü lider olacağı ilə bağlı idi. Doğrudur, o, öncə bir şərt qoymuşdu: seçilsəm, görəcəksi­niz necə güclü lider olacağam! Bu oyun keçdi, belə ki, 2016-cı ilin noyabrında rəyi soruşulan amerikalıların 36 faizi ölkəyə güclü liderin lazım olduğuna ina­nırdı. Halbuki, 2012-ci ildə bu rəqəm 18 faiz təşkil etmişdir. Ancaq nə D.Tram­pın, nə də tərəfdarlarının güclü liderliklə bağlı zamanın tələblərinə, obyektivliyə, ədalətə və konkret nəticəliliyə hesablan­mış təsəvvürləri olmadığından bu “təbli­ğat piramidası” sürətlə çökdü. 

Belə ki, D.Trampın prezidentliyi ərəfəsində “Pyü” sorğu mərkəzinin dün­yanın 37 ölkəsində (!) keçirdiyi sorğuda 55 faiz ona “güclü desə” də, “özündən razı, dikbaş” kimi xarakterizə edənlər də az olmamışdır. A.Braun bunu D.Tramp nümunəsində “güclü liderliklə səmərəli rəhbər olmanın bir-biri ilə uzalaşmaması” kimi qiymətləndirmişdir. Prezidentliyinin ilk 3 ayı ilə bağlı keçirilən sorğuda isə respondentlərin yalnız 22 faizi D.Tram­pın beynəlxalq münasibətlərdə düzgün davranacağına inandığını ifadə etmişdi. B.Obamanın prezidenyilinin ilk 3 ayında isə 37 ölkədən yalnız Rusiya və İsra­il Obamanı “bəyənməmişdi”, qalan 35 ölkədə ona inam ifadə olunmuşdu və Obamanın götəricisi 64 faiz idi! Fərqə diqqət edin: “yumşaq” Obama 64 faiz faiz, “güclü” Tramp 22 faiz! ABŞ, bir döv­lət kimi, nüfuzu aşağı düşmüşdü: Oba­manın prezidentliyində rəyi soruşulan­ların 64 faizi ABŞ-a pozitiv yanaşdığını ifadə etmişdisə, Trampın dövründə bu rəqəm 49 faiz təşkil edirdi.

Güclü liderliyin yanlış anlamı: Qərbdə liderlərin əsas problemi

A.Braunun təhlillərindən aydın olur ki, D.Trampa münasibətin bu cür təzad­lı olmasınını iki səbəbi vardır. Birincisi, D.Tramp və tərəfdalarının güclü liderlik haqqında əsaslı təsəvvürləri yox idi. Belə ki, D.Tramp daim güclü liderlikdən danı­şırdı və bu zaman Çində tələbələrin nü­mayişinin sərt yatırılmasını öncə “güclü hakmiyyət” kimi qiymətləndirmişdi, sonra isə “sərt hakimiyyət” termininə keçmişdir. Bunun fonunda isə D.Tramp M.Qorbaço­vu “zəif əl” adlandırmışdı.

Bundan başqa, D.Tramp ABŞ döv­lətçiliyinin maraqlarına uyğun olmayan elə fikirlər söyləmişdir ki, tərəfdarları onu “güclü lider” kimi xarakterizə edir­dilərsə, politoloqlar “danışığında etiket gözləməyən, sərhəd tanımayan”, özünü sərbəst göstərmək üçün, hətta, dövlətin strukturlarını etibarsızlaşdıran fikirlər söy­ləyən” boşboğaz kimi qiymətləndirirdilər. Məsələn, D.Tramp Amerikada müstəqil məhkəmə sistemi və azad mətbuatın var­lığını dövlətin milli təhlükəsizliyinə təhdid hesab etdiyini söyləmişdi. Alimlər belə nəticə çıxarmışdılar ki, D.Trampın bu sərhəd tanımazlığı və öz marağı naminə dövlətin imicini korlaması amerikalıların öz dövlətlərinin gücünə inamını azaltmış­dır. Onlar ölkənin demokratik normalar­dan uzaqlaşdığını düşünmüşlər. Bu cür vəziyyət güclü lider anlayışına uyğundur­mu? Təbii ki, xeyr!

Bundan başqa, D.Tramp üçün güclü olmaqla sərt olmaq arasında bərabərlik işarəsinin qoyulması da ciddi siyasi nöq­sandan xəbər verirdi. Üstəlik, D.Trampın tərəfdarları da güclü liderlik haqqında aydın fikrə malik deyildilər. Məsələn, onun qızğın tərəfdarı olan baş prokuror Ceffe Seşnze haqqında təhqiramiz fikir söyləyəndən və onu istefaya göndərən­dən sonra, keçmiş baş prokuror “Fox News” telekanalına verdiyi müsahibədə D.Trampı yenə də “güclü lider” adlan­dırmışdır. Belə çıxır ki, C.Seşnze üçün güclü olmaqla təhqiramiz formada tərəf­darını işdən uzaqlaşdırmağın arasında ziddiyyət yoxdur. Bəlkə də, onun üçün öz komandası ilə ədalətsiz, təhqiramiz və sərt davranmaq güclülük əlamətidir. 

Bu, yeganə nümunə deyildir, çünki D.Tramp Ağ Evdə kadrları tez-tez dəyişir­di. Onların sırasında cəmi 2 həftə vəzifə­sində olanlar vardı. Deməli, D.Trampın komandasında da güclü liderliyi yanlış anlayanlar kifayət qədər idi. Bu da təbi­idir, çünki D.Trampın özü güclü lider ol­mağın şərtlərini düz-əməlli anlamamışdı. 

Bizim güclü liderliklə bağlı D.Tramp nümunəsi üzərində geniş dayanmağımız subyektiv istəklərlə bağlı deyildir. Sadə­cə, A.Braun “güclü liderliyin” müəyyən edilməsi zərurətini konkret misallar və müqayisələrlə yaxşı təqdim etmişdir. O, əsərində A.Hitler, İ.Stalin, M.Qandi və digər liderlərin nümunəsində politoloji müqayisələr aparmışdır. Həmin müqa­yisələrdən və digər Qərb politoloqlarının araşdırmalarından belə qənaətə gəlmək olar ki, güclü liderlik hələ araşdırılmalıdır və dərindən əsaslı öyrənilməlidir. Burada digər məqam liderin hansı şərtlər daxilin­də və coğrafi məkanda fəaliyyət göstər­məsinin onun fəaliyyətinə necə təsir et­məsi ilə bağlıdır. 

Bütün bunların fonunda Azərbay­canda güclü liderliyin və liderin gücünün fəlsəfi-politoloji dərki ciddi aktuallıq kəsb edir. Həm də ona görə ki, Azərbaycan Avrasiya məkanında həm güclü lider­likdə, həm də liderin gücü məsələsində yeni nümunə yaratmışdır. Onun bir sıra politoloji aspektləri üzərində dayanmağa böyük ehtiyac görürük! Öncə, ümumfəl­səfi və politoloji səviyyədə “Güclü lider kimdir?” sualına cavab axtaraq. 

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət