Dönüb keçmişinə baxmazmı Fransa?!

post-img

Neomüstəmləkəçi ölkənin Azərbaycanı destruktivlikdə ittiham etməsi əsassızdır

Fransa müstəmləkə impe­riyasının süqutu faktı ilə üzləşən beşinci respublika­nın prezidenti Şarl de Qoll formaca sentimental, ancaq mahiyyətcə məkrli “Yeni Afrika siyasəti” konsepsi­yasını hazırlamışdı. Onun qarşısında keçmiş müstəm­ləkələrdə müstəsna iqtisadi və siyasi üstünlükləri sax­lamaqla Afrikanı tərk etmək vəzifəsi dururdu. 

General Afrika dövlətlərinin suve­renliyi ilə razılaşmışdı, lakin bu, yalnız elan edilmiş bir mövqe idi – “Fransa Afrikanı sevir!”. Eyni zamanda, de Qoll müstəmləkə ölkələrinin Parisdən asılı­lığını qorumaq, onların təbii sərvətlərini talamaq və güc strukturlarına nəzarət etmək üçün zəruri addımları atmış­dı. “Survie” qeyri-hökümət təşkilatının yaradıcılarından biri və fransız neo­müstəmləkəçilik ifadəsi olan “Fransaf­rika” termininin müəllifi Fransua-Ksav­ye Verşavın da dediyi kimi, “Elan edilən qanunilik faktiki qanunsuzluğu gizlədir­di. Bu qanunsuzluğu ancaq qeyri-qa­nuni üsullarla təşkil etmək olardı”. 

Bəli, “Fransafrik” belə meydana gəldi– metropolis və onun keçmiş xarici əraziləri arasında xüsusi müştəri əlaqələ­rinin sistemi, hərbi-siyasi və iqtisadi təsir şəbəkələri belə yarandı və bir sıra lobbi qrupları quruldu. De Qolldan sonrakı pre­zidentlər bu siyasətə sadiq qaldılar, keç­miş müstəmləkəçilik siyasətini “demok­ratiya” pərdəsi altında davam etdirdilər. Ancaq son illər Fransanın Afrika “sevda­sı” ciddi reallıqla qarşılaşıb. “Qara qitə”­nin ölkələri Parisə həqiqi “məhəbbətini” sərgiləyirlər. Uzun illər dəhşətli istisma­ra qalmış Afrika ölkələri Avropanın yeni Napoleonu olmaq sevdasına düşmüş Emmanuel Makrona qapını göstərirlər. Vaxtilə fransız təsirindən əziyyət çəkmiş Afrika qitədən Parisin izlərini birdəfəlik silməyə çalışır. 

Təbii ki, Afrikadan qovulması böyük geosiyasi məğlubiyyət və hətta böyük alçaldılma kimi qiymətləndirən Fransa elitası bunun əvəzini başqa regionlarda möhkəmlənməklə çıxarmaq istəyirlər. Xüsusilə də Parisin İkinci Qarabağ mü­haribəsindən sonra Ermənistan vasitəsilə Cənubi Qafqaz regionunda nöhkəmlən­mək istəyi məhz Afrikada üzləşdiyi bia­bırçılığını kompensasiya etmək arzusu ilə bağlıdır. Əslində, Paris çoxdan Cənubi Qafqaz regionunda möhkəmlənmək istə­yirdi və indi Rusiyanın təsirinin zəifləməsi fonunda bunu etmək şansı var. Fransa­nın bu gün Ermənistana regionun açarı kimi baxması heç kimə sirr deyil. Son illər Parisin İrəvanla ikitərəfli əlaqələri dayan­madan gücləndirməsi bunun təsdiqidir. 

İndi Rusiya başqa problemlərlə məş­ğuldur və Fransa bu vəziyyətdən yarar­lanaraq regionda təsirini artırmaq fikrinə düşüb. Parisin Ermənistana ölümcül si­lah tədarükü qərarı açıq-aydın əməkdaş­lığı dərinləşdirmək və İrəvanın əhəmiy­yətini və uyğunluğunu sübut etmək istəyi də məhz bununla bağlıdır. Buna görə də, Cənubi Qafqazda Rusiyanı əvəz etmək sevdasına düşmüş Fransanın İrəvanın xoşuna gəlmək üçün hər çür cəfəng bə­yanatlar səsləndirməsi Parisin regionla bağlı məkrli geosiyasi siyasətinin mən­tiqinə uyğundur.

Xatırladaq ki, aprelin 2-də Fransa XİN rəhbəri Stefan Sejurne ABŞ Dövlət katibi Antoni Blinken ilə keçirdiyi mətbuat konf­ransında iddia edib ki, guya, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü təhdid edir. Təbii ki, Azərbaycanla bağlı səslən­dirdiyi iddialar Fransanın ölkəmizə qarşı qərəzliliyini, bütün imkanlardan istifadə edərək Bakını hədəfə gətirmək niyyətini, ümumilikdə, Cənubi Qafqazda kövrək sülhü pozmağı və regionu yeni münaqişə ocağına çevirmək istəyini nümayiş etdirir. Bütün bu proseslər kənar maraqlara xid­mət edir ki, bu da regiondakı vəziyyətə dağıdıcı təsir göstərir. Ermənistanın xa­rici qüvvələr üçün rıçaq kimi çıxış etməsi İrəvana münasibdirsə, bu, onun seçi­midir. Amma bu seçimdə Ermənistanın vəziyyətdən qalib çıxmayacağı aydındır. Yaxın tarix İrəvan üçün dərs olmalıdır. 

Görünən odur ki, Nikol Paşinyan də eyni yolu gedir və Ermənistanı xa­rici qüvvələrə rıçaq kimi təslim edərək, mövqeyini gücləndirəcəyini və regional siyasətə təsir edəcəyini düşünür. Bu, regionun problemlərinə kökündən yanlış yanaşmadır. Bu heç vaxt olmayıb və ol­mayacaq. Çünki xarici qüvvələrin əlində əsir olan ölkə heç vaxt öz xarici siyasətini düzgün və balanslı şəkildə müəyyən edə bilməz.

Ermənistanı “xüsusi qayğı” ilə əhatələyən Fransa İndi Azərbaycanı it­tiham edir, ancaq yaxşı olardı ki, Paris Afrika və Yaxın Şərqdə həyata keçirdiyi aqressiv kolonializasiya siyasətinin gətir­diyi fəlakətlərdən nəticə çıxarsın. Fransa müstəqillik uğrunda haqlı mübarizə apa­ran koloniyalardakı fəallara qarşı təz­yiqlərə, təqiblərə və cəzalandırma me­todlarına son qoymalıdır. Eyni zamanda, Paris həmin xalqların müstəqillik uğrunda mübarizələrinə qarşı aqressiv tədbirlər­dən əl çəkmək haqqında düşünməlidir. Bundan başqa, Fransa başa düşməlidir ki, Parisə Cənubi Qafqazda neomüstəm­ləkəçilik siyasəti həyata keçirməsinə imkan verilməyəcək və bu siyasətin, eləcə də regionda vəziyyətin gərginləş­məsinə yönəlmiş əməllərinin fəsadlarını həm özü, həm də ciddi cəhdlə müdafiə etməyə çalışdığı Ermənistan yaşamağa məcbur olacaq. 

Yürütdüyü aqressiv siyasət və dest­ruktiv fəaliyyət Fransanın onsuz da sarsılmış imicini daha da korlayır və Er­mənistanın çıxılmaz vəziyyətini daha da dərinləşdirir. Görünən odur ki, Paris 2020-ci ildən sonra Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallığı qəbul etmir və regionda qüvvələr balansını dəyişməyə çalışır. Amma Azərbaycanın yaratdığı bu reallığı dəyişmək üçün rəs­mi Parisin nə hərbi, nə siyasi və iqtisadi potensialı var. Ermənistanın isə yeni es­kalasiyaya başlamağa gücü yoxdur. Baş nazir Nikol Paşinyan da daxil olmaqla rəsmi İrəvan yaxşı bilir ki, regional hər­bi-siyasi tarazlıq o qədər də kövrək deyil ki, onu gələcəkdə veriləcək 50 zirehli tex­nika, 3 radar sistemi və ya digər silahların köməyi ilə dəyişmək mümkün olsun. 

Əksinə, 2020-ci ilin noyabrından Azərbaycan və Ermənistan arasında qü­vvələr nisbəti birdəfəlik dəyişib və bu fərq hər gün artır. Fransa rəhbərliyi bu reallı­ğı nə qədər tez anlasa, bir o qədər həm özü, həm də İrəvan üçün yaxşı olar.

S.ELAY
XQ

Siyasət