Nikol Paşinyanın xəbərdarlığına sözardı
Baş nazir Nikol Paşinyan bir müddət əvvəl Fransanın “France 24” telekanalının efirindən Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı fəaliyyətini dondurduğunu bildirmişdisə, indi o, artıq ölkəsinin qurumdan tamamilə çıxması barədə danışır. Nikolun hökumətin iclasında dediklərini yalnız bu cür qiymətləndirmək olar.
Bəli, Paşinyan KTMT-ni ittiham yolunu tutur. Onun yanaşması göstərir ki, Ermənistan Rusiyanın hakim rol oynadığı təşkilatdan uzaqlaşmaq üçün, sadəcə, bəhanə axtarışındadır. Əlbəttə, Nikol heç nə tapa bilmədiyindən, köhnə havalardadır. Erməni hökumət rəhbərinin hansı bəhanələri dilə gətirdiyini diqqətə çatdıracağıq. Hələlik isə...
Bəhanələrdən söz düşmüşkən, Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ötən həftə ölkənin “İzvestiya” qəzetinə müsahibəsində bildirmişdi ki, Ermənistan rəhbərliyi yaxın üç il yarımın tarixini təhrif etməklə, Moskvanı günahlandırmaqla məşğuldur. Lavrov bunu Ermənistan–Rusiya münasibətlərini pozmağa yönəlmiş addım kimi dəyərləndirmişdi. Deməli, Rusiyada erməni iqtidarının niyyətləri barədə açıq danışmağa başlayıblar. Özü də ən yüksək səviyyədə. Görünür, bu amil Paşinyanı narahat etmir. Hökumətin iclasında onun ortaya qoyduğu anti-KTMT ritorikası fikrimizin təsdiqidir. Yəni, artıq bəhanə dövrü geridə qalıb. Nikol, belə demək mümkünsə, sözdən əmələ keçib.
***
Qeyd edək ki, Ermənistan–KTMT ziddiyyətləri 2022-ci ilin noyabrından start götürmüşdü. Həmin vaxt qurumun yüksək səviyyəli zirvə toplantısı İrəvanda keçirilmişdi. Rusiya Prezidenti Vladimir Putinin də qatıldığı tədbir Paşinyanın heç bir etikaya sığmayan fikirlər səsləndirməsi ilə yadda qalmışdı. İş o yerə çatmışdı ki, Belarus Prezidenti Aleksandr Lukaşenko əsəblərinə hakim kəsilə bilməmiş, erməni hökumət başçısını KTMT-yə üzv ölkələrin rəhbərlərini uşaq yerinə qoymamağa çağırmışdı. Belarus liderinin sözlərindən belə nəticə hasil olmuşdu ki, Ermənistan Azərbaycanla münasibətləri özü həll etməlidir. O, Nikolun Bakı ilə gərginliyi KTMT müstəvisinə çıxarmaq cəhdlərini mənasız saymış, habelə, Azərbaycanın quruma üzv ölkələr üçün vacibliyini önə çəkmişdi. Toplantıda daha açıq, konkret və məntiqi fikri isə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dilə gətirmişdi. O demişdi ki, Ermənistanla Azərbaycan arasında sərhədlər dəqiqləşmədiyindən, KTMT-nin məsuliyyət zonasını müəyyənləşdirmək mümkünsüzdür.
Məsələ burasındadır ki, 2022-ci ilin noyabrında keçirilmiş sözügedən zirvə toplantısında Paşinyan tədbirin təşkilindən iki ay əvvəl şərti sərhəddə yaşanmış gərginliyi Ermənistanın ərazi bütövlüyünə qəsd, suverenliyinin pozulması kimi qiymətləndirmiş və KTMT-dən məsələyə siyasi qiymət verilməsini tələb etmişdi. Uzun müzakirələrdən sonra tədbirdə KTMT-nin Ermənistan–Azərbaycan sərhədinə müşahidə missiyası göndərməsi barədə razılığa gəlinmişdi.
Əlbəttə, N.Paşinyanın məsələdən boyun qaçıracağı proqnozlaşdırılan idi. Çünki KTMT-nin haqqında söz açdığımız toplantısından bir ay əvvəl Praqada Azərbaycan–Ermənistan şərti sərhədinin Ermənistan tərəfində Avropa İttifaqının mülki müşahidə missiyasının yerləşdirilməsinə dair razılıq əldə olunmuşdu. Nikol məhz bu razılığı əsas götürərək, Rusiyanın hakim rol oynadığı təşkilatın oxşar missiyasının regionda yerləşdirilməsinə qarşı çıxmışdı. Yeri gəlmişkən, bununla bağlı detalları bir neçə gün əvvəl Rusiyanın XİN rəhbəri S.Lavrov da “İzvestiya” qəzetinə müsahibəsində açıqlamışdı. Bildirmişdi ki, KTMT-nin XİN rəhbərləri səviyyəsində razılıq əldə edilsə də, sonradan Paşinyan konsensusun olmadığını demişdi. Yəni, göründüyü kimi, qurumun Ermənistanla bağlı işini iflic edən erməni iqtidarının özüdür. Ancaq, necə deyərlər, sən saydığını say, görək, Paşinyan nə sayır.
Ümumən, bir məqamı da vurğulayaq ki, Ermənistanın anti-KTMT isteriyasında başlıca motiv qurumun Azərbaycanla Ermənistan arasında 2022-ci ilin sentyabrında yaşanmış sərhəd toqquşmasına reaksiya verməməsi idi. Yəni, erməni tərəfinin bəhanəsi budur. Lakin rəsmi İrəvanın hazırkı siyasi ritorikasına diqqət yetirdikdə görürük ki, Paşinyan və komandası mövzuya daha dramatik məzmun qazandırmaqla məşğuldur. Nikol və tərəfdarları indi KTMT-ni 2021-ci ildə yaşanmış gərginliyə, daha doğrusu, həmin gərginlik zamanı Ermənistanı müdafiə etməməyə görə də günahlandırırlar. Belə təəssürat yaradırlar ki, sanki rəsmi İrəvan bütün bunlara dözübmüş, artıq onun səbr kasası daşıb. Hazırda Ermənistanın “səbr kasasının daşmasının” birinci seqmenti qismində Paşinyanın KTMT-dəki fəaliyyəti dondurmaq məntiqi əsas götürülürsə, ikincisi onun bir neçə gün əvvəl hökumətin iclasında söylədikləridir.
***
Ümumən, KTMT Ermənistandakı məsuliyyət zonasını nizamlanmış dövlət sərhədləri çərçivəsində özünün suveren ərazisi hesab edir. Qurum İrəvanın məsələyə aydınlıq gətirmək tələbinə belə cavab verib. Ancaq Ermənistanda, xüsusən də ölkənin hakim siyasi dairələrində hesab edirlər ki, cavab kifayət qədər mürəkkəbdir və əsaslı mahiyyət daşımır.
Onu da diqqətə çatdıraq ki, KTMT məsuliyyət zonası dedikdə üzv dövlətlərin suveren ərazilərini nəzərdə tutur. Bununla əlaqədar istinad sənədi 2010-cu ildə Moskvada imzalanmış Kollektiv Təhlükəsizlik Təşkilatları Sisteminin qüvvələri və vasitələrinin statusu haqqında sazişdir. Sazişə əsasən, KTMT-nin məsuliyyət zonası Ermənistan və onun qonşuları arasında ikitərəfli əsasda tənzimlənən dövlət sərhədinin keçdiyi yerdə bitir.
Paşinyan isə bu cavabın rəsmi İrəvanı qane etmədiyini diqqətə çatdırıb. Bildirib ki, əgər təşkilat “KTMT-nin Ermənistanda məsuliyyət sahəsi nədir?” sualına konkret cavab verməsə, İrəvan KTMT-dən çıxacaq. Nikolun sözlərinə görə, KTMT və Rusiya vaxtilə Ermənistanın suveren ərazisinin Moskva və təşkilat üçün “qırmızı xətt” olması ilə bağlı “aydın mövqe” bildiriblər. “Lakin 2021-ci ilin mayında Azərbaycanın işğalı zamanı Ermənistan qırmızı xəttin keçdiyini qeyd edəndə, KTMT nizamnamədə göstərilən addımları atmadı”, – deyən baş nazir 2022-ci ilin sentyabrında növbəti dəfə “Azərbaycanın işğalının” yaşandığını vurğulayıb. Paşinyanın dediyinə görə, KTMT suallara cavab verərsə və bu, İrəvanın ideyalarına uyğun gələrsə, Ermənistanla təşkilat arasında problemlər həllini tapacaq. “Əks halda Ermənistan Respublikası KTMT-dən çıxacaq. Nə vaxt, deyə bilmərəm”, –Nikol xəbərdarlıq edib.
Bəli, Azərbaycan və Ermənistan arasında sərhədlər dəqiqləşməyib. Hazırda delimitasiya və demarkasiya üzrə işlərin getdiyi bildirilir. Bu, sülh gündəliyini tərkib hissəsi olan prosesdir. Paşinyan özü də bəyan edib ki, sərhədin delimitasiyası və demarkasiyası 2024-cü ilin martında praktiki mərhələyə qədəm qoyub, mövcud istiqamətdə komissiyalar işləyirlər.
Belə olan halda, görəsən, baş nazir nə üçün KTMT üzərinə yüklənir? Olmazmı ki, sərhədlərin delimitasiyası və demarkasiyası aparıldıqdan, yəni Ermənistanın ərazilərinin haradan başlanıb haradan bitdiyi dəqiqləşdikdən sonra ölkə KTMT-dən nə isə tələb etsin? Görünür olmazmış. Hər halda erməni baş nazirin dedikləri bunu söyləməyə əsas verir.
***
Sonda bildirək ki, KTMT-dən çıxmaq rəsmi İrəvanın Qərbyönümlü siyasi xəttindəki başlıca vəzifədir. Bu vəzifə o qədər mühüm əhəmiyyət daşıyır ki, erməni iqtidarı əlində bayraq etdiyi “Azərbaycanın işğalı” bəhanəsini qorumaq naminə sülhdən yayına da bilər. Paşinyanın indi səsləndirdiyi tələb və KTMT-dən çıxmaq xəbərdarlığı həm də onu göstərir ki, Ermənistan hərbi təşkilatdan uzaqlaşmağı Azərbaycanla sülh müqaviləsinin imzalanmasından irəli salmaq istəyindədir. Nəinki istəyindədir, eyni zamanda, bunda israrlıdır.
Ə.CAHANGİROĞLU
XQ