V MƏQALƏ
Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq.
Heydər ƏLİYEV,
Ümummilli lider
Azərbaycançılıq və milli qürur
Məsələnin qoyuluşu Ulu öndərin yuxarıda verdiyimiz iqtibasında gözəl və yığcam şəkildə ifadə olunmuşdur. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir. Bu duyğunun mərkəzində isə azərbaycançılıq dayanır. Ulu öndər azərbaycançılığın başlıca faktorları kimi dili, mədəniyyəti, milli-mənəvi dəyərləri və adət-ənənələri müəyyən etmişdir.
Deməli, Ümummilli lider azərbaycançılıqda mənəvi. əxlaqi, dünya duyumu, milli duyğu, mədəniyyət, adət-ənənələr və din faktoruna xüsusi diqqət yetirmişdir. Bunların qarşılıqlı təsirlərində isə milli qürur hissinin yaranmasını zəruri hesab etmişdir. Milli qürurun birbaşa mədəniyyət, mənəviyyat, dil, din və ənənə ilə bağlanması faktiki olaraq müasir dövrün tələblərinə uyğun milli ideyanın müəyyən edilməsinə istiqamət verir. Konkret olaraq, Ulu öndərin tövsiyəsində milli ideyanı həmişə daimi inkişafa, birliyə, əxlaqa, mənəvi zənginləşməyə və müasirləşməyə istiqamətləndirən elə faktorlar toplusu kimi yanaşma mövcuddur ki, adət-ənənə, tarixi təkamülün özəlliyi burada xüsusi təməl rolunu oynayır.
Belə çıxır ki, milli qürurun formalaşmasında vurğulanan faktorların rolu və yeri iki cəhətin vəhdətini mütləq nəzərə almalıdır.
Birincisi, cəmiyyət və fərdlər daim yeniləşməyə açıq olmalıdır. Burada “yeniləşmə” dedikdə, başlıca olaraq, mədəni, mənəvi, intellektual yeniliklərə açıq olmağı və öz dilini həmişə inkişaf etdirməyi nəzərdə tutur.
İkincisi, hər bir məqamında yeniləşmə tarixilik və milliliklə uyğunlaşmaldır. Məsələnin bu cür qoyuluşunun inkişaf baxımından prinsipial mənası vardır. Azərbaycanın tarixi təkamül yolu göstərir ki, hər bir yenilik milli zəmində olanda uğurlu alınır. Bunun da səbəbi Azərbaycan xalqının bir tərəfdən, toplum kimi çox qədim tarixə və kifayət qədər yetkin formalaşma mexanizmlərinə malik olması ilə bağlıdır. Digər tərəfdən isə Azərbaycan dövlətçiliyinin mükəmməl özəl modelə malik olmasıdır. Tarixi yolda bu model sınaqlardan çıxaraq, öz yaşarlığını sübut etmişdir. Həmin səbəbdən, tarixin hökmü ilə müasirləşmə kontekstində dövlətçilikdə müəyyən yeniliklər ola bilər, lakin “dövlətçiliyin magistral yolu”ndan çıxmağın ziyanını görə bilərik.
Bu iki faktorun qarşılıqlı əlaqəsində milli qürur duyğusunun əhəmiyyətini və aktuallığını anlamaq çətin deyil. Azərbaycanlı daim qürurlu olmalı, öz milli mənsubluğu ilə fəxr etməlidir. Onun tarixində utandırıcı, çəkindirici heç bir şey yoxdur. Lakin ədalət, əxlaq, düzənə sayğı və bəşəriliklə milliliyin vəhdəti vardır. Burada Ulu öndərin ana dilinə və dinə də xüsusi diqqət yetirməsi tamamilə təbiidir.
Məsələ ondan ibarətdir ki, istənilən toplumu sosiallaşdıran, onun gerçəklik haqqında təsəvvürünü və praktiki mövqeyini formalaşdıran dildir! Bir çox məşhur alimin dediyi kimi, toplum dil vasitəsilə və dil sahəsində mövcud olur. Bu qaydanı təmin edə bilməyən toplumların yoxa çıxdığını təsdiq edən kifayət qədər fakt vardır. Bu səbəbdəndir ki, tarix boyu müxtəlif istiqamətlərdən Azərbaycan dilinə hücumlar olmuş, onu aşağılamağa çalışmışlar. Hər dəfə də cavablarını almışlar.
Lakin bu cəhdlər indi də davam edir. İnsan şəhər küçələrində azərbaycanlıların öz aralarında yad dildə danışmalarını ürək ağırısı ilə qarşılayırlar. Başqa dilləri bilmək faydalıdır, lakin onların hamısı öz dilindən sonra gəlməlidir. Həm də iki azərbaycanlının və ya bir ananın öz övladı ilə duyğularını, hisslərini və fikirlərini yad dildə bölüşməsi milli mövqeyə və deməli, milli ideyaya uyğun deyil. Yoldan sapmaqdır!
Bu baxımdan yeni tarixi mərhələdə milli ideyamızda dövlət dilinin statusunun daha da yüksəldilməsi tezisinin yer almasını zəruri hesab edirəm. Bunsuz milli ideyamızın yeni mərhələdə ciddi çətinliklərlə qarşılaşa biləcəyindən ehtiyat edirəm.
Prezident İlham Əliyev yeni mərhələdə milliliyi, vətənpərvərliyi, dilin inkişafını, mənəvi-əxlaqi dəyərlərə və təhsildə milliliyə daha çox diqqət yetirilməsi məsələsini təsadüfən ayrıca vurğulamamışdır. Dövlət başçısı strateji zəkası ilə bütün məqamları dərinliyinə və zərgər dəqiqliyinə qədər çox gözəl görür və ona uyğun fikirlər ifadə edir. Ulu öndər Heydər Əliyevin də dil və din məsələsinə xüsusi diqqət yetirməsi bütün bunlara görə olduqca əhəmiyyətli vəzifələri qarşıya qoyur. Deməli, vurğuladığımız faktorlara görə, milli qürur şərafət və fəxarətlə yanaşı, toplum və dövlətçilik qarşısında məsuliyyət hissini anlamaq deməkdir! Məhz bu məqamda istiqamətləndirici və stimulverici güc və qüvvət milli qürurdur!
Dinimiz İslamın bütün bu proseslərdə yeri və rolu olduqca önəmlidir. İslam dünyanın ən ədalətli dinidir. Burada insanı mədəni, mənəviyyatlı, əxlaqlı, vətənsevər, təvazökar və ədalətli olmağa dəvət edən çox sayda ayələr vardır. İslam azərbaycanlı mentalitetində dərindən oturuşmuşdur. Dini dəyərlərin qorunması, onlara, həqiqi mənada, əməl edilməsi çox vacibdir. Eyni zamanda, dini kənar təsirlərdən, siyasiləşməkdən qorumaq da lazım gəlir. Hər bir azərbaycanlı İslamın mənəvi-əxlaqi dəyərlərini bilməli və ona əməl etməlidir. Bütün hallarda azərbaycanlılar dinlərini yüksəkdə tutmalı və ona sayğılı münasibət göstərməlidirlər. Buna görədir ki, Azərbaycan rəhbərliyi dinlə bağlı çox əhəmiyyətli sərəncamlar və fərmanlar imzalamışdır. Dini abidələrin qorunması, adət-ənənələrə əməl edilməsi, ölkədə olan bütün dini konfessiyaların sülh şəraitində yaşaması və digər aktual məsələlər daim diqqət mərkəzində olmuşdur. Din milli qürurun zəruri bir faktorudur!
Ümumiyyətlə, milli qürur azərbaycançı olmaqla sıx bağlıdır. Azərbaycançı olmaq isə dil, din, mədəniyyət, mənəvi-əxlaqi dəyərlər, Vətən sevgisi kimi dəyərlərlə əlaqəlidir. Bütün bunların sistemi, bütövlükdə, insan-cəmiyyət, vətəndaş-dövlət, tarixilik-müasirlik kimi kontekstdə müəyyən insan obrazı formalaşdırır. Eyni zamanda, ölkənin inkişaf kursunu müəyyən etməkdə ciddi rol oynayır.
Bəs tarixi ədalətin milli qürur və milli ideyanın müəyyən edilməsində rolu nədən ibarət ola bilər? Bunun üçün öncəki məqalələrdə vurğuladığımız hüququn təmini məsələsini aydınlaşdırmaq lazımdır.
Beynəlxalq hüquq və “milli qanun”
Öncə vurğulayaq ki, burada “milli” anlayışı konkret cəmiyyətin tarixi təkamüldə özünüyaratması, özünütəşkili üsulu və fəlsəfəsi anlamında işlədilir. Bu kontekstdə “milli qanun” dedikdə cəmiyyətin tarixən özünüyaratmasının taktiki və strateji aspektlərinin qarşılıqlı əlaqəsi nəzərdə tutulur. Beynəlxalq hüquq – “milli qanun” münasibətlərində isə müasir mərhələdə dövlətlərarası münasibətləri tənzimləyən hüquqi normalarla konkret cəmiyyətin özünüyaratma fəlsəfəsinin arasındakı münasibətlərin xüsusiyyətləri milli ideya kontekstində ön plana çıxarılır. Burada məsələnin qoyuluşu xeyli dərəcədə nəzəri olduğundan onu bir qədər aydınlaşdırmaq gərəkdir.
Təbii ki, dövlətlərarası münasibətlərin hüquqi aspekti ilə sosiumu tənzimləyən qanunauyğunluq arasında birbaşa əlaqə görünməyə bilər. Lakin müasir dövrün əsas fərqli cəhətlərindən biri beynəlxalq münasibətlərdə, bütövlükdə, toplumlararası münasibətlər başlıca yer tutmağa başlamışdır. Onun əlamətlərindən biri, bütövlükdə, cəmiyyətin şüuruna, psixologiyasına və ümumi mövcudluq şərtlərinə kütləvi təsirlərin edilməsidir. Nümunə kimi deyək ki, müəyyən cəmiyyətlərin kollektiv şüurunu manipulyasiya etmək üçün müxtəlif informasion, psixoloji, mənəvi, ideoloji, əxlaqi təsirlər göstərilir. Özü də onların əksəriyyəti dolayısı ilə, gizli və ya maskalı edilir. Bu halda təsirin haradan və hansı məqsədlə edildiyini adi gözlə görmək çox çətin olur və fərdlər zaman-zaman bu cür təsirlər nəticəsində öz psixoloji, sosial, həyat tərzi və mental özəlliklərini dəyişirlər. Yəni, kollektiv olaraq kütləvi təsirlər yalnız ayrı-ayrı fərdləri deyil, bütövlükdə, cəmiyyəti özünün iradəsindən və tarixi yolundan kənarda transformasiya edir. Bu transformasiyanın cəmiyyətin gələcəyinə necə təsir edəcəyi isə həmişə qeyri-müəyyən qalır, çünki dəyişiklik daxili tələbatdan və keçilən tarixi yola uyğun deyil, kənar maraqların müəyyən etdiyi sosial, psixoloji, mədəni və mənəvi sərhədlərə görə formalaşır.
Deməli, belə proseslərin qarşısını almaq və ona alternativ olaraq milli tarixi təməldə özünüyaratmaq prinsipial aktuallıq kəsb edir. Cəmiyyətin tarixən özünüyaratmasının fəlsəfəsini, reallaşma mexanizmlərini və üsullarını bilmədən buna nail olmaq imkansızdır. Digər tərəfdən, müstəqil dövləti olan cəmiyyət beynəlxalq miqyasda daim çox sayda başqa toplumlar və dövlətlərlə qarşılıqlı əlaqədə olduğundan həmişə özünüyaratma fəlsəfəsi və hüququ ilə dövlətlərarası münasibətləri tənzimləyən hüquq və fəlsəfə arasında “ölçü” aparmalı, müqayisələr etməlidir. Bu prosesin fonunda ölkənin həyati əhəmiyyətli məsələlərə münasibəti formalaşır.
Beləlıklə, müasir mərhələdə beynəlxalq hüquqla milli hüquq və qanun arasında daxili bağlantı həmişə nəzərə alınmalıdır. Burada başlıca prinsip onların bir-birinə zidd olmamasıdır və ölkənin aldığı nəticənin milli ilə beynəlxalq miqyaslarda legitimliyi uzlaşmalıdır. Belə ki, milli özünüyaratma qanunlarına görə, müsbət sayılan nəticə həm də beynəlxalq hüquq normaları çərçivəsində müsbət qəbul edilməlidir. Bu iki faktorun vəhdəti isə bütövlükdə, dövlətin, cəmiyyətin və ölkənin əldə etdiyi nailiyyətin tam legitimliyini ifadə edir. Bu legitimlik nail olunan milli ideyanın dünya tərəfindən də etiraf edilməsi və sonrakı mərhələ üçün sağlam hüquqi, sosial və psixoloji zəmin hazırlanmasını əks etdirir.
Vurğuladığımız nəzəri məqamlar Prezident İlham Əliyevin milli ideyanın ərazi bütövlüyünə nail olmaq mərhələsini xarakterizə edərkən, tarixi ədalət və milli qürurla yanaşı, beynəlxalq hüququn təmin edilməsi məsələsini qeyd etməsinin uzaqgörənliklə bərabər, qanuni və inklüziv legitim mahiyyətli olduğunu da nümayiş etdirir! Bununla Azərbaycanın dövlət başçısı milli miqyasla beynəlxalq səviyyənin vahid məntiqi çərçivədə bir-bri ilə uyğunlaşdırır. Onun müsbət əlamətlərindən biri də milli ideyanın dünya səviyyəsində legitimliyini və bəşəri dəyərlərə uyğunluğunu sübut etməsi ilə bağlıdır. Məsələnin bu tərəfinin hazırkı geosiyasi və hüquqi şəraitdə nə dərəcədə vacib olduğunu sübut etməyə ehtiyac görmürük.
Bunlarla yanaşı, milli ideyanın ərazi bütövlüyünü təmin etməklə əlaqədar bir mərhələsinin tarixi ədalət, milli qürur və beynəlxalq hüququn qarşılıqlı münasibətləri müstəvisində anlamının yeni tarixi mərhələdə milli ideyanın məzmununun müəyyən edilməsi, yeri və rolunun konkretləşməsi baxımından əhəmiyyəti böyükdür.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru