ABŞ-nin Cənubi Qafqaza “saman altdan su yeritmək”liyi

post-img

Replika

İlk baxışda hər şey məntiqə uyğundur. Sadəcə məntiqi deyil, həm də dürüst, ədalətli, beynəlxalq qayda və qanun­lara tam uyğun şəkildədir. Əgər dava yorğan davası olma­saydı...

Söhbət bu yaxınlarda Amerikanın nüfuzlu RAND korporasiyasının saytında dərc olunmuş, müəlliflər Co Haberman və Pol Koxmarinin “Birləşmiş Ştatlar Azərbay­canın təhdidlərinə baxmayaraq Ermənistanın təhlükəsiz­liyinə zəmanət verə bilməz, amma ona kömək əlini uzada bilər” sərlövhəli analitik məqaləsindən gedir.

“Mustafası” elə sərhövhəsindən bəlli olan məqalədə müəlliflər Co Bayden administrasiyasına Şərqlə bağlı strateji tövsiyələrini sadalayırlar. Analitiklər doğru olaraq bu qənaətə gəliblər ki, okeanın o tayındakı Amerika Bir­ləşmiş Ştatları Cənubi Qafqazda yerləşən Erməsintana, onun təhlükəsizliyinə qarant dura bilməz. Bu, ən azı, coğ­rafi baxımdan mümkün sayılmır. 

Bu “analitik özbaşınalıqdan” qeyzlənən ABŞ Dövlət Departamenti Vaşinqtonla İrəvan arasında münasibətlərin “parlaq perspektivləri” ilə bağlı RAND nəşrinə cavab verib. Ağ evin cavabını şərtləndirən vacib məsələlərdən biri də “Amerikanın səsi” radiosunun RAND nəşrində yer alan məqalədəki müddəalarla bağlı Dövlət Departamentinə sorğu göndərməsi olub. Beləliklə, ABŞ Dövlət Departamentinin həm RAND-a, həm də “Amerikanın səsi”nə verdiyi cavabına diqqət yetirək: “ABŞ Cənubi Qafqazın bütün ölkələrinin gələcək demokratik inkişafını, suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Bu, ABŞ-ın regiondakı siyasətinin əsas prinsipidir və bu məqsədlə biz genişmiqyaslı münasibətlər çərçivəsində Ermənistanla qarşılqılı əlaqələrimizi genişləndiririk”.

Diplomatik etiketin bütün nüanslarının gözlənildiyi cavabında Dövlət Departamenti dünyada “demokratiya­nın beşiyi” olduğunu da xatırlayaraq bildirib: “Biz Cənubi Qafqaz ölkələrinə sülhü və sabitliyi gətirəcək istənilən xoşməramlı əməkdaşlığı alqışladığımızı bəyan edirik”. 

Bundan sonra Ağ evin “saman altından su yeritmə” taktikası işə düşür. RAND-a cavabında Dövlət Departa­menti açıq mətnlə ərz edib: “Biz Rusiyanın Ukraynaya qarşı davam edən dağıdıcı təcavüzünün, Gürcüstanın suveren ərazilərini işğal altında saxlamasının, eləcə də regionda və bütün dünyada pozuculuq hərəkətlərinin şa­hidi olduq. Ona görə də Rusiyanı nə Cənubi Qafqazda, nə də başqa bir yerdə etibarlı və vicdanlı müttəfiq və ya tərəfdaş hesab edə bilmərik”.

Hər şey aydın oldu. Vaşinqtonun məqsədi təcavüzə məruz qalanların yanında durmaq deyil, Cənubi Qafqaz­da “yorğanı öz tərəfinə çəkmək”dir. Əgər Ağ evin gerçək məqsədi cavabının preambluasında yazdığı kimi olsay­dı, onda bunun isbatını otuz il əvvəl Azərbaycana, daha doğrusu, “Dağlıq Qarabağ münaqişəsi” adlanan prob­lemə yanaşmasında görərdik. Amma biz bunun tam tər­sini gördük. 

Dövlət Departamenti İran məsələsinə də münasi­bət bildirib. ABŞ xarici siyasət idarəsinin açıqlamasında deyilir: “Biz ardıcıl olaraq region (Cənubi Qafqaz–red.) ölkələrini İranın niyyətlərini tam qiymətləndirməyə və İran rejimi ilə bütün münasibətlərdə ehtiyatlı davranmağa ça­ğırmışıq”. 

Burada isə hər şey çoxdan göz qabağına sərgilənmiş vəziyyətdədir. İranla çoxillik mübarizəsində Azərbaycanı öz əlində vasitəyə çevirməyə çalışmış, amma buna heç vaxt nail ola bilməmiş rəsmi Vaşinqton bölgədə nüfuz sahibi Rusiyanın, İranın və hətta NATO-da müttəfiqi Tür­kiyənin belə maraqlarını öz mənafeyinə qurban verməyə hazırdır. 

Qərb analitikləri hesab edirlər ki, ABŞ həm özünün, həm də Ermənistanın maraqları baxımından daha ehti­yatlı strategiya yürütməlidir. Onların fikrincə, Birləşmiş Ştatlar Ermənistanı özünü müdafiə vasitələri ilə təmin etməli, eyni zamanda, İrəvanın qarşısında öhdəliklərinin hüdudları ilə bağlı aydın mövqe ortaya qoymalıdır. Bu versiyanın təsadüfən irəli sürülmədiyi şəksizdir. Buradan Ermənistanın son vaxtlar Qərbə ümidlərinin artmasının səbəbləri də məlum olur. 

Məntiq ciddi elmdir. Amma məntiqə uyğun gələn və onunla izah edilən bir çox nəsnələr vardır ki, siyasətdə heç də keçərli sayılmır. Misal üçün, məntiq ikiüzlülüyü qəbul etmir, amma Qərb diplomatiyası Şərqə münasi­bətdə özünün siyasətini məhz ikiüzlülük, ikili standartlar üzərində qurur. Son 30 ildə bu “xüsusi texnologiya”ya, özündən asılı olmayan səbəblərə görə, Azərbaycan da şahidlik edib. 

İ.HƏSƏNQALA
XQ

Siyasət