İrəvan sülhə yaxınlaşmaq istədikcə, Paris onu geri dartır

post-img

Sən demə, siyasətin də öz “böyük bacı”sı var imiş...

Əvvəlcə onu deyim ki, köhnə dostum Surxay müəllimin danışdığı ibrətamiz və məntiq etibarilə Fransanın Cənubi Qafqazda oynadığı rol ilə üst-üstə düşən əh­valatı yazının sonuna saxlamağım təsadüfi deyil. Qoy, hörmətli oxucu “böyük bacı”lığın qlobal nümunəsi barədə fikirlərimizi biləndən sonra o məfhumun ib­tidai nümunəsi ilə də tanış olsun. Hamının gözü qabağında olan məsələlərdir. Ermənistanın baş naziri Nikol Paşinyan “Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” deyib (sonradan başına qaxınc olsa da), “Ermənistan Azərbaycanla sülh danışıqlarının aparılmasına tam razıdır” bəyanatını verib, hələ də Ermə­nistanın nəzarətində olan Azərbaycan kəndlərinin boşaldılmasının zəruriliyini də dəfələrlə dilə gətirib. Ancaq bu “fağır” neyləsin ki, onun istənilən müsbət addımı Parisdə etirazla qarşılanır və bədbəxt geri çəkilməli olur. 

Hamının yadındadır, ötən il dekab­rın 7-də regionun az qala bütün kütləvi informasiya vasitələri xəbər yaymışdılar ki, Ermənistan COP29-un ev sahibliyinə Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb. Hətta, Azərbaycan Res­publikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş naziri aparatının birgə açıqlaması da yayıl­mışdı: “Xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası­na Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədli­yini geri götürərək, Azərbaycan Res­publikasının namizədliyini dəstəkləyir. Azərbaycan Respublikası və Ermənis­tan Respublikası ümid edirlər ki, Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstək­ləyəcək. Xoş niyyətin təzahürü olaraq, Azərbaycan Respublikası Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir”. Bu xəbər Azərbaycanda da, Ermənistandakı mütərəqqi düşüncəli insanlar tərəfindən də məmnunluqla qarşılanmışdı. Ancaq burnunu Cənubi Qafqaza soxmağa ça­lışanlar da, buradan çıxmaq istəməyən­lər də həmin birgə bəyanatdan çox ciddi şəkildə narahat olmuşdular. Hələ bu gün də “qaşınmayan yerdən qan çıxartmaq” üçün minbir bəhanə uydururlar.

Dövlət qurumlarının həmin bəyana­tının yayılması o vaxtlara təsadüf edirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev yerli mediaya müsahibəsində son 4-5 ayın ən sabit dövr olduğunu bildirmişdi. Elə İrəvan da bu vəziyyətdən məmnun idi. Ancaq Emmanuel Makronun fikirləri bu məmnunluğu pozmaqdan ibarət idi və o, öz iyrənc ssenarilərini diktə etdi. Nəticədə bu il fevralın 12-də Ermənistan silahlı qüvvələrinin hərbi təxribatı nəticə­sində Azərbaycanın Dövlət Sərhəd Xid­mətinin hərbi qulluqçusu yaralandı. Yəni, bədxahlarımız sübut etdilər ki, 2023-cü ilin sentyabr ayından bəri yaşanan sa­bitlik onları qane etmir. Doğrudur, Azər­baycan Ordusu dərhal lazımi addımı atdı və düşmənin təxribat törədən postu dar­madağın edildi. Ancaq biz bunu istəmirik, sülhə can atırıq. Həmin təxribatın bilava­sitə Ermənistandakı Avropa İttifaqı mis­siyasının (o missiyanın Cənubi Qafqaza məhz Makronun göstərişi və təşkilatçılığı ilə göndərildiyini artıq uşaqlar da bilirlər) müşahidə həyata keçirdiyi ərazidə baş verməsi təxribatın haradan qaynaqlan­dığının göstəricisi idi. Yəni güllə atan erməni olsa da, “at!” deyən fransızdır. Başqa bir məqamı da yada salaq. Bu il martın 20-də Azərbaycan parlamentinin Avronest Parlament Assambleyasında­kı nümayəndə heyəti oradakı erməni deputatlarının əsassız iddialarını təkzib edərək, öz istədiklərinə nail oldular. Yəni birmənalı olaraq Azərbaycana sərf edən qərarların qəbul edilməsində erməni de­putatlar da iştirak edirdilər. Bu ifadəni ona görə qələmə alırıq ki, Avronest adlı həmin qurum 2011-ci il mayın 3-də Brüs­seldə Avropa İttifaqının “Şərq tərəfdaş­lığı” proqramının parlament formatı ola­raq yaradılmışdı. Quruma Azərbaycanla yanaşı, Gürcüstan, Ukrayna, Moldova və Ermənistanın parlamentləri daxildir. Buraya beş ölkənin hərəsindən bir nəfər həmsədrlik edir.

Yəni martın 20-də Avronestin Siyasi məsələlər, insan hüquqları və demokra­tiya komitəsinin hazırladığı məruzədən “Dondurulmuş Dağlıq Qarabağ mü­naqişəsi”, “Azərbaycan–Ermənistan sər­hədlərinin müəyyən edilməsində Alma-Ata Bəyannaməsinə istinad etmə”, “Sülh danışıqlarının yalnız Brüsselin vasitəçiliyi ilə aparılması” kimi ifadələrin çıxarılması prosesində ermənilər də iştirak edirdilər. Onlar görəndə ki, dünyanın böyük əksə­riyyəti Azərbaycanın tərəfindədir, dillə­rini sakit saxlamağa məcbur olurlar. Elə olanda isə ya Makron, ya da başqa bir makronabənzər ermənilər dillərini çıxa­rırlar. Amma, neyləsələr də, faydası yox­dur. Daha qatar keçib. Sonda isə yuxarı­da anonsunu verdiyimiz məsələni, daha doğrusu, qatarla yox, avtobusla bağlı əhvalatı təqdim edək. Surxay müəllim deyir ki, rayon mərkəzindən Qəbələnin ucqar kəndlərindən birinə gedən avto­busa mindim. Təxminən 75 yaşı olan bir kişinin yanında əyləşdim. Ömründə ilk dəfə gördüyüm ağsaqqalla xeyli səmimi söhbət etdik. Bir azdan onunla belə bir zarafat etdim: 

- Ağsaqqal, o məsələ necə oldu?

- Hansı məsələ?

- Əsas məsələ. 

- Əşşi, düzəlmir. Böyük bacısı mane olur. Qadın özü mənə gəlməyə razıdır, bir ləçər böyük bacısı var, deyir ki, daha sənin ərə gedən vaxtın deyil. 

Bəli, ləçər böyük bacılar hər yerdə var. Adi məişət məsələsində də mərdi­mazarlıq edirlər, beynəlxalq məsələlərdə də. 

İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist

Siyasət