Bu ölkəni Rusiyadan qoparmaq cəhdləri səngimir
Avropada Ermənistana ictimai sektorda əsas lobbiçilik edənlərdən olan NATO-nun sabiq baş katibi Anders Foq Rasmussen yenə öz ampluasındadır. Martın 27-də onun rəhbəri olduğu “Ermənistanın dostları şəbəkəsi” qrupunun (?) hesabatı açıqlanıb. Ölkənin dövlət informasiya agentliyi – “Armenpress”in də öz səhifələrində səxavətlə yer ayırdığı hesabatda bildirilib ki, Ermənistan və Avropa İttifaqı (Aİ) arasında viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqun başlaması əlaqələrin dərinləşməsində mühüm addım olacaq.
Hesabat müəllifləri qeyd ediblər ki, viza rejiminin liberallaşdırılması erməni xalqına əhəmiyyətli dəyişikliklər gətirəcək (?), çünki insanlar arasında əlaqələrin artırılması çox vacibdir. Xüsusi vurğulanır ki, Aİ Ermənistana üzvlüyə namizəd statusu təklif etməyə hazır olduğunu mütləq açıq şəkildə bildirməlidir. Bu da mühüm siqnal olacaq. Sənəddə qeyd olunub ki, erməni dövlətinin iqtisadiyyatının böyüməsi, səhiyyənin inkişafı, qanunun aliliyi, insan hüquqlarına və demokratiyaya hörmət missiyasının davamlılığını təmin etmək lazımdır. Aİ-nin köməyi insanların görə və hiss edə biləcəyi dəyişikliklər üzərində cəmləşməlidir.
Ermənistanın ərzaq təhlükəsizliyi ilə bağlı hesabat müəllifləri qeyd ediblər ki, Aİ Hayastana əsas qida məhsullarının idxalına subsidiya verməklə bağlı addımlar atmalıdır. Paralel olaraq, Brüssel daha sabit və iqtisadi cəhətdən effektiv daxili siyasətin işlənib hazırlanmasında İrəvanı dəstəkləməlidir. Hesabatda bildirilib ki, Aİ–Ermənistan münasibətlərini daha da dərinləşdirmək və gücləndirmək üçün enerji sektoruna diqqət yetirmək vacibdir. Ermənistanı Avropa enerji icmasına üzv olmağa dəvət etmək, ölkənin yaşıl enerjiyə keçid sahəsində islahatları sürətləndirməyə, enerji mənbələrinin idxalını və şaxələndirməsinə kömək göstərmək təklif olunur.
Qeyd etdiyimiz kimi, hesabatı hazırlayan “Ermənistanın dostları şəbəkəsi”nin rəhbəri Anders Foq Rasmussen Avropada ictimai sektorda erməni lobbisinin pul gücünə ələ aldığı əsas şəxslərdən biridir. 2001–2009-cu illərdə Danimarkanın baş naziri, 2009–2014-cü illərdə isə NATO-nun baş katibi olan Rasmussen Şimali Atlantika Alyansının rəhbəri vəzifəsindən getdiyi ildə “Rasmussen Global” adlı beynəlxalq siyasi konsaltinq şirkətini təsis edib. Onun mənzil-qərargahı Kopenhagendə yerləşir. Brüssel, Berlin, Vaşinqton və Londonda ofisləri var. Şirkət təhlükəsizlik siyasəti, TransAtlantik əlaqələr, qlobal siyasət, Aİ, enerji sektoru, kritik xammal və kosmosla bağlı məsələlər üzrə “strateji məsləhətlər” verir. Təşkilatın əsas müştərilərindən biri də Ermənistan hökumətidir. Aİ-nin şəffaflıq reyestrinin saytında “Rasmussen Global” şirkətinə aid “Cari maliyyə ilində müştərilər” bölməsinə baxdıqda bunu aydın görmək olar.
Rasmussen ötən ilin yazında Ermənistana səfər etmişdi. Oradan isə Azərbaycanla sərhədə gəlmiş, burada Ermənistan bayrağı fonunda fotolar çəkdirərək, sosial şəbəkədəki hesablarında yerləşdirmişdi. O, səfər təəssüratlarını əks etdirən yazıda isə növbəti dəfə Azərbaycanın ünvanına hədyanlar səsləndirmişdi. Sabiq baş katibin “Project Syndicate” üçün yazdığı geniş məqalədə Laçın–Xankəndi yolunda ekofəalların aksiyası, Ermənistan–Azərbaycan münasibətləri ilə bağlı həqiqətə uyğun olmayan fikirlər yer almışdı.
Ümumiyyətlə, Rasmussen qaranlıq keçmişə malikdir. Məsələyə 2023-cü il sentyabrın əvvəllərində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də münasibət bildirmişdi. O, NATO-nun sabiq baş katibinin Ermənistan hökumətindən pul almasını ifşa etmiş, həmçinin BBC-ni qərəzli olmaqda suçlamışdı. “X” platformasında etdiyi paylaşımda H.Hacıyev yazmışdı: “Pullar danışır” seriyasından! Göründüyü kimi, Avropanın ən dəhşətli, qanlı və cinayətkar separatçı qurumu olan qondarma “dqr”in “yubileyi” ərəfəsində Ermənistan hökumətinin və erməni lobbi qruplarının göstərişi ilə yeni dramatik dezinformasiya və manipulyasiya kampaniyasına start verilib. Biabırçılıq olsa da, NATO-nun sabiq baş katibi təbliğat kampaniyasına görə, Ermənistan hökumətindən pul aldığını inkar etmir. Bəzi siyasətçilər riyakarlıqla dünyanı “yaxşı və pis separatçılara və cinayətkarlara” bölürlər. Köhnə vərdişlərdən imtina etmək çətin olur”. Prezidentin köməkçisi NATO-nun sabiq baş katibinin hansı mənbələrdən vəsait aldığına dair bəyannaməni də paylaşımına əlavə etmişdi.
Onu da qeyd edək ki, Rasmussen 2016–2019-cu illərdə Ukrayna Prezidentinin müşaviri işləyib. Müşavir kimi Ukrayna dövlətinin rəhbərinə “strateji məsələhətlər” verib. Hazırda Ukraynanın başına gələnlər həm də avropalı müşavirlərin verdikləri məsləhətlərin nəticəsi kimi qiymətləndirilə bilər. Daha əvvəllər isə qərblilər Gürcüstan hökumətinə belə məsləhətlər vermişdilər. Həm Ukraynanın, həm də Gürcüstanın hansı aqibətlə üzləşdiyi hər kəsə məlumdur.
Bu gün isə Rasmussenin timsalında qərbli emissarlar Ermənistana “məsləhət” verməklə məşğuldurlar. Həmin “məsləhətlər”in İrəvanı uçuruma doğru yuvarladığı fikri artıq daha çox siyasi şərhçinin, politoloqun dilindən eşidilir.
Rusiyalı politoloq Fyodor Lukyanov erməni mediasına müsahibəsində bildirib ki, Qərb Cənubi Qafqazda möhkəmlənmək üçün müxtəlif vasitələrdən istifadə edir. Müharibədən sonrakı mərhələdə Ermənistanın ilk vəzifəsi Qərb platformasında danışıqlar təşkil edərək, Rusiyanı nizamlanma prosesindən çıxarmaq idi: “Bununla belə, Qərb danışıqlarda, sonda isə yekun sənədin imzalanmasında vasitəçi, eləcə də gələcəkdə müəyyən təminat verən tərəf olmaq istərdi. Bu ssenari hələ ki, uğurlu alınmır, çünki Azərbaycan ikitərəli əsasda danışıqlar aparmaq istəyir. Ermənistan Qərbdən müəyyən zəmanətlər almaq üçün KTMT-dən çıxmaq və İrəvan–Moskva münasibətlərini dəyişmək kartından istifadə edərək başqa bir ssenari həyata keçirmək istəyir. Almaniya tərəfinin təşkil etdiyi danışıqlardan sonra məlum oldu ki, Qərb vasitəçiliyinin gələcəyi yoxdur və Qərbin regionda mövcudluğunu təsdiqləmək üçün başqa bir ssenariyə ehtiyac var. İndi də Ermənistan KTMT-dən çıxmağa hazırlaşır və bunun müqabilində Qərbdən ciddi dəstək gözləyir. Çünki sülh sazişi ilə Qərbdən dəstək almaq mümkün deyil. Üstəlik, bu gün də sazişin imzalanması ilə bağlı problemlər qalmaqdadır”.
Maraqlıdır ki, Rasmussenin çağırışına baxmayaraq, Ermənistanın hazırkı mərhələdə Aİ-yə daxil olmaq üçün ərizə vermək məsələsini müzakirə etmədiyi məlum olub. Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə bildirib ki, hazırda ölkəsinin Aİ-yə üzvlük məsələsi müzakirə mövzusu deyil: “Düşünmürəm ki, belə bir hadisə baş verə bilər. Ermənistan hələ müraciət etməyib və Aİ-yə üzv, yaxud namizəd olmaq üçün gözləyir. Bizim görülməli çox işimiz var ki, Gürcüstan və ya Türkiyə kimi illərlə Aİ-yə üzvlüyü gözləməli olmayaq”.
Spiker əlavə edib ki, ölkədə bir çox standartların dəyişdirilməsinə ehtiyac var və bu səbəbdən də Aİ üzvlüyü üçün müraciət edilsə, prosesin nə qədər vaxt aparacağı sual altındadır. Halbuki, A.Simonyan bir müddət öncə Ermənistanın Aİ ilə münasibətləri dərinləşdirməyə və üzvlüyə namizəd olmağa hazır olduğunu bəyan etmişdi.
Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq Zaur Məmmədov “XQ”yə açıqlamasında bildirdi ki, “Ermənistanın dostları şəbəkəsi” qrupu İrəvandan aylıq məvacib alan, haylar üçün qurulan və fəaliyyət göstərən bir platformadır. Onun sözlərinə görə, hesabat Avropanın hansısa şəhərində hazırlanmayıb, İrəvanda hazırlanıb: “Mətndə Ermənistanın istəkləri, şantajı və manipulyasiyası yer alıb. Aİ və Ermənistan arasında viza rejiminin liberallaşdırılması məsələsini biz Moldova, Gürcüstan və Ukraynaya münasibətdə də görmüşdük. Brüssel belə addımlar atmışdı. Hər üç ölkədəki vəziyyət göz önündədir. Daha çox vətəndaşların rahatlığından söhbət getsə də bu, əslində, siyasi qərardır. Bəllidir ki, bu qərarların arxasında Rusiyaya qarşı geosiyasi mübarizə dayanır. Əlbəttə, Aİ–Ermənistan münasibətləri onların daxili işidir. Özləri bilərlər. Amma digər tərəfdən bu münasibətlər Cənubi Qafqazdakı proseslərə açıq müdaxilə xarakteri daşıyır. İrəvan Qərbdəki müəyyən mərkəzlərin diktəsi altında bu və ya digər qərarlar verir. Aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və ABŞ Dövlət katibi Antoni Blinken arasında görüş keçiriləcək. Həmin görüşün nəticəsi olaraq, Aİ-nin Ermənistanın təhlükəsizliyinin təminatçısı funksiyasını öz üzərinə götürəcəyini elan edəcəyi gözlənilir. Yeri gəlmişkən, bu, Qərbin hansısa dövlətin təhlükəsizliyinin təminatçısı funksiyasını öz üzərinə götürməsi ilə bağlı ilk fakt olacaq”.
Z.Məmmədov qeyd etdi ki, ABŞ Ermənistanla bağlı özünün xarici siyasətində bir qədər korrektələr edib. Bu isə Rusiyanın Gürcüstana, Ukraynaya daxil olmasından fərqli olaraq, Ermənistana hərbi müdaxiləsinə heç bir şəkildə imkan verməməkdən ibarətdir. Odur ki, Qərb belə bir funksiyanı öz üzərinə götürməyə hazırlaşır.
Politoloq onu da bildirdi ki, baş verənlər, əlbəttə, Azərbaycanın milli və dövlət maraqlarına təsir etmiş olur: “Çünki biz Qərbin cinah olaraq Ermənistanı seçdiyini görürük. Bunun nəticəsi kimi, ölkəmizə qarşı gələcək təxribatları da istisna edə bilmərik. Eyni zamanda, Qərbin Ermənistanın təhlükəsizliyini təminat altına alması İrəvanın gələcəkdə sülh prosesində imitasiya etməsini daha da gücləndirə bilər. İrəvan yenə arxayınlaşacaq və vaxt uzatmaqla məşğul olacaq. Beləliklə, biz bir daha görürük ki, Qərbin Ermənistanla bağlı təşəbbüsləri regionda sülhə xidmət etmir. Eyni zamanda, bu təşbbüslərin həyata keçirilməsi də problematikdir. Güman ki, Ermənistana verilən bəzi vədlər elə vəd olaraq da qalacaq”.
Səxavət HƏMİD
XQ