Rusiyalı politoloq: Ermənistan üçün çox qaranlıq və tutqun zamanlar gəlir

post-img

Ermənistanın KTMT-yə üzvlüyü ilə bağlı son bəyanatlar həyəcan doğurmaya bilməz. Paşinyan KTMT-ni fəaliyyətsizlikdə ittiham edir. Təəssüf ki, biz Rusiya ilə münasibətlərin birtərəfli qaydada dağıldığını görür və qeydə alırıq. Paşinyan artıq alternativ təhlükəsizlik qüvvələri axtaracağını bəyan edib. O, yəqin ki, bölgədə Şimali Atlantika Alyansının olmasını nəzərdə tutur. Bu, Fransa prezidentinin və Ağ Evin xarici siyasət macərasına çox uyğun gəlir.

Bu barədə erməni mətbuatına müsahibəsində rusiyalı politoloq Aslan Rubayev deyib.

“Başqa sözlə, kollektiv Qərb bu gün Ermənistanı KTMT-dən çıxarmaq və orada NATO-nun sülhməramlı missiyasını yerləşdirmək istəyir. Paşinyan isə bunun üçün lazım olan hər şeyi edəcək. Onun Moskva ilə konstruktiv münasibətlərə yönəlmədiyini görürük. Təəssüf ki, Paşinyan Ermənistanın və erməni xalqının suverenliyini və təhlükəsizliyini müdafiə etməyə hazır deyil.

KTMT-dən çıxmaq Ermənistan üçün böyük iztirablara səbəb olacaq. Çünki Ermənistan öz təhlükəsizliyini itirəcək. Paşinyan uzun illər Ermənistanı qoruyan qalxanı itirir.

Etiraf etməliyik ki, Rusiya ilə Ermənistan arasında qurulan müttəfiqlik itib. Təəssüf ki, Paşinyan bu gün erməni xalqının maraqlarına zidd hərəkətlər edir. Amma Moskva Ermənistanın konstruktiv hərəkətlərinə hazırdır. Ermənistan tezliklə anti-Rusiya və sərt ritorika yolu ilə gedəcək. Bütün erməni icması, ekspert icması və bu gün Ermənistanda qərar qəbul edən elitanın bir hissəsi bunun üçün çalışır. Ona görə də Ermənistan üçün çox qaranlıq və tutqun zamanlar gəlir”, - deyə Rubayev bildirib.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət