Martın 8-da Bakıda işə başlayan “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfrans çərçivəsində plenar iclas təşkil olunub.
AZƏRTAC xəbər verir ki, “Tolerantlığı, sülhü, insan hüquqlarına və dini müxtəlifliyə hörməti təşviq etmək üçün qlobal dialoqa çağırış” mövzusunda keçirilən plenar iclasa moderatorluğu ADA Universitetinin Dövlət, xarici və tələbə işləri üzrə prorektoru Fariz İsmayılzadə edib.
Tədbirdə sülh, insan hüquqlarına və dini müxtəlifliyə hörmət kimi ortaq məqsədlərə nail olmağa yönəlmiş əməkdaşlıq səyləri və perspektivləri ilə bağlı müzakirələr aparılıb.
İclasda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Azərbaycanın islamofobiya ilə mübarizəyə dair beynəlxalq konfranslara ev sahibliyi etməsi artıq ənənə halını alıb. Dinlərarası qardaşlıq mühitinin hökm sürdüyü Azərbaycan milli, mədəni, dini dəyərlərini də unutmur. Ölkəmiz multikulturalizm baxımından dünyada nümunəyə çevrilib. Burada yaşayan insanlar dinindən, irqindən asılı olmayaraq, eyni hörməti görürlər.
Azərbaycanın işğaldan azad olunan ərazilərində İslam dininə aid abidələrə qarşı törədilən vandalizmi xatırladan şeyxülislam qeyd edib ki, əsarətdən qurtulmuş məscidlər yenidən bərpa olunur. “Azərbaycanda bütün dinlərə məxsus ibadət məkanları qorunur. Çünki bizim dinimiz əmin-amanlıq dinidir və İslamdan təxribatlar üçün sui-istifadə olunması yolverilməz haldır. Təəssüf ki, son dövrlər Avropanın daha çox ölkəsində islamofobiyanı müşahidə etmək mümkündür. Bəzi Qərb dövlətlərinin apardığı siyasət nəticəsində islamofobiya halları artıb. Müsəlmanlar həmin ölkələrdə ciddi problemlərlə üzləşirlər”, - deyən şeyxülislam əlavə edib ki, Azərbaycanın hər zaman milli, dini qarşıdurmalara yol açan fikirlərlə mübarizədə fəallıq göstərib. Dünya ictimaiyyəti də milli, dini, irqi ayrı-seçkiliyə “yox!” deməlidir.
ICESCO-nun Sivilizasiyalararası Dialoq Mərkəzinin direktoru Xalid Fətəlrahman Ömər Məhəmməd çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan hökuməti islamofobiyaya qarşı mübarizədə böyük işlər görür.
İslam Əməkdaşlığı Təşkilatının sivilizasiyalararası dialoqu inkişaf etdirdiyini söyləyən Xalid Fətəlrahman Ömər Məhəmməd İslam və xristian dinlərinin nümayəndələri arasında bağlılığın artdığını deyib. Vurğulayıb ki, bu, səmərəli dialoqun nəticəsidir.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslamofobiyanın Müşahidə Mərkəzinin rəhbəri Dodik Ariyanto isə islamofobiyanın artıq bir qlobal fenomenə çevrildiyini söyləyib. O, BMT Baş Assambleyasının islamofobiyaya qarşı mübarizə ilə bağlı qətnaməsinin qəbul edilməsini mütərəqqi hal kimi qiymətləndirdiklərini bildirərək deyib: “Bu cür sənədlər qlobal səviyyədə islamofobiyanın mövcud olduğu təsdiqləyir”.
Dodik Ariyanto hökumətlərin, QHT-lərin, beynəlxalq təşkilatların bu mübarizədə mühüm rolunu vurğulayıb. Diqqətə çatdırıb ki, islamofobiyaya qarşı mübarizə fərqli cəbhələrdə aparılmalıdır. Burada, əlbəttə, dinlərarası dialoq mühüm rol oynayır. Belə tədbirlərin sayını artırmalı, tolerantlıq, sülh və əmin-amanlığı təbliğ etməliyik”.
Cənubi Afrika Respublikasının ABŞ-dakı sabiq səfiri, Hamı üçün Dünya Fondunun təsisçisi Ebrahim Rasul diqqətə çatdırıb ki, son yüz ildə dünyada müharibələr, irqçilik, islamofobiya kimi mənfi təzahürlərin şahidi oluruq. Müasir dövrdə bu dərəcədə nifrət, gender əsaslı zorakılıqlar ciddi narahatlıq doğurur. Biz bu cür çətinliklərlə hər gün üzləşirik.
Qonaq bildirib ki, son 100 ildə Qərbdə islamofobiya genişlənib, inkişaf edib. Bizim multikultural dünya üçün mübarizəmiz, eyni zamanda, irqçiliyə, ayrı-seçkiliyə qarşı mübarizə deməkdir. Bütün bu məsələlər qorxudan, qərəzdən qaynaqlanır. Biz əsas səbəblərlə mübarizə aparıb onları həll etməliyik. Mübarizəmiz kompleks şəkildə olmalıdır.
Dünya Müsəlman İcmaları Şurasının baş katibi Məhəmməd Beçəri qeyd edib ki, BMT insan hüquqlarına ehtiramın, multikulturalizm ideologiyasının üzərinə qurulan bir təşkilatdır. Təəssüf ki, bu təşkilat islamofobiyanın qarşısını ala bilmir.
İslamofobiyanın ideoloji faciəyə çevrildiyini bildirən M.Beçəri qeyd edib: “İslamofob fikirlərə artıq bir sıra Avropa ölkələrinin liderlərinin çıxışlarında da rast gəlinir. Müsəlman qadınlar hicab geyindikləri üçün işləyə, təhsil ala bilmirlər. Onlar ictimaiyyətdə çox ciddi ayrı-seçkiliklə üzləşirlər. Qərb ölkələrində 50 milyona yaxın müsəlman yaşayır. Ancaq onlar həmin ölkələrin vətəndaşları ilə eyni dəyəri görmürlər”.
Baş katib islamofobiya hallarının qarşısını almaq üçün təkliflər irəli sürüb, seminarların, forumların keçirilməsinin vacibliyinə diqqət çəkib, tədbirin təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Böyük Britaniya Müsəlmanları Parlament Qrupunun sədr müavini Əfzal Xan isə qeyd edib: “İslamofobiya elə bir irqçilikdir ki, Qərbdə daha aydın görünür. Belə ki, son aylarda dünyada islamofobiya halları 335 faiz artıb. Bundan əlavə, Yeni Zelandiyada 51 müsəlman öldürülüb”.
O deyib ki, Böyük Britaniyada müsəlmanlar daha çox yoxsulluq vəziyyətində yaşayır və onların 35 faizi islamofobiyaya məruz qalır.
Əfzal Xan əlavə edib ki, Britaniyada böyük partiyalarda belə müsəlmanlara qarşı ədalətsizlik var. Hətta Baş nazir də müsəlmanlara qarşı qərəzli münasibət göstərir. Ona görə də bu problemi həll etmək üçün əvvəlcə rəhbərlər dəyişməlidir. Bu, endemik problemdir. Bu mübarizə yalnız islamofobiyaya qarşı yox, həmçinin irqçiliyə qarşıdır.
İclas mövzu ətrafında müzakirələrlər davam edib.