(Azərbaycan nümunəsində)
I MƏQALƏ
Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir.
Heydər Əliyev,
Ümummilli lider
Hüquqi toxunulmazlıq və istiqlaliyyət
Müstəqil dövlətlərin hər birinin, formal olsa da, toxunulmazlıq hüququ vardır. Bu, həm beynəlxaql hüquq normalarında, həm də BMT-nin Nizamnaməsində təsbit edilmişdir. Vestfal sazişindən sonra dünya miqyasında dövlətlərin toxunulmazlığı daim müzakirə predmeti olmuş və onun təmin edilməsi dəyişməz tələb kimi masaya qoyulmuşdur.
XX əsrin ikinci yarısından dünya miqyasında özünü göstərən geosiyasi, siyasi, hərbi proseslər bu məsələnin kağız üzərində qeyd olunması ilə reallıqda ona əməl edilməsi arasında ciddi fərqlərin və hətta ziddiyyətlərin mövcudluğunu meydana çıxardı. Konkret desək, bir sıra güclü dövlətlər hansısa müstəqil dövlətin toxunulmazlığına özünün şəxsi maraqları prizmasında baxmağa üstünlük verir. Bunu sözdə qətiyyən işlətmirlər. Lakin praktiki addımlar vasitəsilə birmənalı olaraq deyirlər: sənin toxunulmazlığın mənim onu nə dərəcədə qəbul etməyimdən birbaşa asılıdır. Qoyulan şərtləri ödəməyən dövlətlərin toxunulmazlığının “ölçüsü”də “rezin kimi dəyişəndir”.
XX əsrin ikinci yarısı (ondan əvvələ baxmağın heç mənası yoxdur, çünki faktlarla daha zəngindir) və XXI əsrin ilk onillikləri, təəssüf ki, toxunulmazlıq məsələsinin də böhranda olduğunu göstərməkdədir. Keçən əsrin 70-90-cı illərində müxtəlif regionlarda aparılan təcavüzkar müharibələr, yaranan böhranlar, qlobal miqyasda təhlükəli qarşıdurmalar kimi faktlar bəşəriyyətə qarşılaşdığı təhlükələri bir daha “xatırlatdı”.
Vyetnam savaşı, Koreya müharibəsi, Karib böhranı, İran körfəzi böhranı, İrangeyt, Əfqanıstan krizisi və digər hadisələr toxunulmazlığın kobud və beynəlxalq hüquqla daban-dabana zidd formada pozulması nümunələri kimi də xatırlana bilər. Bu proseslərdə konkret olaraq hansı dövlətin qurban, hansıların isə toxunulmazlığı heçə sayan olmasının elə bir əhəmiyyəti yoxdur. O mənada ki, ortada beynəlxalq miqyasda müstəqilliyə qarşı təcavüzün mövcudluğu və bunu böyük dövlətlərin öz maraqlarına uyğun müxtəlif bəhanələrlə izah etməyə çalışmaları vardır. Nümunələrə baxaq.
Real faktlar və posthəqiqət: hansı gerçəkdir?
ABŞ Vyetnamda, Koreyada və İran körfəzində başlatdığı krizislərdə uduzandan sonra Amerika cəmiyyəti və bütövlükdə, Qərb toplumları həyati sual qarşısında qaldılar: Hamıdan güclü Qərbin bu məğlubiyyətini necə izah etməli? Əgər real mənzərəyə baxılsa, onda Amerika insanları bədbinliyə qapılsınlar, çünki ən güclü saydıqları dövlət məğlubdur. Bədbinlik isə cəmiyyətin zaman-zaman özünə inamını itirir və uğurlu olmağı çətinləşdirir.
Onda amerikalılara məsləhət gördülər ki, real faktlara deyil, ictimai rəyə baxsınlar. Yəni elə informasiya və təbliğat texnologiyaları mövcuddur ki, onların sayəsində amerikalılar real faktları unudar və dünyaya özlərini nikbin edə bilən mövqedən baxarlar. Nəticədə “posthəqiqət” adlandırılan süni anlayışın qəbuledilənliyi Qərb siyasilərinin və vətəndaşlarının psixologiyasına oturdu və onlar dünyaya bu yalançı təbliğatın “eynəyindən” baxmağa alışdılar.
Ancaq belə bir gedişatın özü də Qərb siyasi və ictimai şüurunun xilası ola bilməzdi. Çünki orada faktiki olaraq başqalarının toxunulmazlıq hüququ tamamilə arxa plana atılmışdı və buna inanmaq, əslində, özünü aldatmaq, reallıqdan və gerçək faktlardan qaçmaq demək idi. Belə bir dəyişməni bir sıra sosioloqlar cəmiyyətlərdə ədalətin pozulması kimi qiymətləndirirlər və bunda haqlıdırlar.
Bununla yanaşı, psixoloji baxımdan çox təhlükəli bir tendensiyanın rüşeymləri də cücərməyə başladı: güclü dövlətlər başqa müstəqil dövlətlərin toxunulmazlıqlarına hüquqla deyil, öz ağa iradələri ilə yanaşmağa başladılar. Nəticədə yeni təcavüzlər, məsələn, İraqa müdaxilə baş verdi. Ayrıca, İraqın dövlət başçısını, sonra isə Liviyanın rəhbərini çox radikal və terror səviyyəsində məhv etdilər. Heç kimsə də, bu zaman nə iraqlıları, nə onların dövlət başçılarını və nə də onların dövlət kimi toxunulmazlıqlarını dilinə belə gətirmədi. Belə görüntü yaratdılar ki, əgər Vaşinqton və ya Avropada hər hansı paytaxt hansısa dövlətin başçısını qəbul etmirsə, onu istədiyi kimi cəzalandıra bilər və bu, normal qarşılanmalıdır. S.Hüseyni asa bilər, M.Kaddafini vəhşicəsinə terrorçuların əlinə verib təhqir edə-edə öldürə bilər, Vyetnamda vyetnamlılara qarşı vəhşilikıər edə bilər, Cənubi Qafqazda azərbaycanlılara qarşı misli görünməmiş vəhşiliklər və haqsızlıqlar edə bilərlər və.s. Gürcüstanı da başqa dövlət işğal edə bilər. Ukraynada min hoqqadan çıxmaq olar və s.
Bütün bunlar müxtəlif güclər tərəfindən həyata keçirilirsə də, arxalarında dayanan hüquqi məqam eynidir: müstəqil dövlətlərin, xalqların və insanların toxunulmazlıqlarına əməl etmirlər!
Bütün bunlar qlobal geosiyasətdə hansı fəsadları yaratdı?
Sözdə toxunulmaz, gerçəkdə hüquqları tapdanmış müstəqil dövlətlər
Bəlkə də, hüquqi və mənəviyyat baxımından paradoksal vəiyyətdir, lakin faktdır. Dünyada müstəqil olan dövlətlər sırasında sözdə toxunulmaz, reallıqda isə toxunulan qrup yarandı. Onlar sanki vahid bir hədəfə götürülmüşdülər. Suverenlikləri və toxunulmazlıqlarına qətiyyən məhəl qoymadan onlara qarşı istənilən təcavüzkar hərəkəti edə bilirdilər və hətta təcavüz qurbanını ittiham edirdilər. Bununla qlobal geosiyasət bir hüquqi dolaşıqlıq dairəsinə düşdü. Haqlının və haqsızın yeri səhv salındı. Bu cür dövlətlərin özlərini necə müdafiə etməli olduqlrı məsələsi aktuallaşdı. Məsələ ondan ibarət idi ki, onlar ayrı-ayrı regionlarda yerləşirlər və hansı kriteriylarla mübarizə apararaq uğurlu olmağın vahid metodu yox idi. Ancaq bütün hallarda toxunulmazılığın pozulması onlar üçün ortaq hüquq pozuntusu idi və mübarizə də məhz bu sindromun aradan qaldırılması istiqamətində aparılmalı idi.
Bu prosesdə regional və beynəlxalq təşkilatlar müəyyən rol oynaya bilərdi. Çünki, adətən, həmin təşkilatlarda çox sayda dövlətlər birgə fəaliyyət göstərirlər və bu əsasda onların toxunulmazlığının pozulmasına qarşı ortaq fəaliyyəti mümkün ola bilərdi. Ancaq burada da gücləri bir yerə toplamaq və toxunulmazlığın təminatının hər bir dövlət üçün həyati əhəmiyyətli olduğunu anlatmaq lazım gəlirdi.
Bunlardan başqa, böyük dövlətlər hər bir regionda özlərinin əlaltılarını dəstəkləməklə yerlərdə vəziyyəti qarışdırır və real əməkdaşlığa imkan vermirdilər. Eyni zamanda, təcavüzkarı minbir bəhanə ilə dəstəkləməklə qurbanları daha pis vəziyyətə salırdılar.
Bütün bunların fonunda isə ən böyük zərbə beynəlxalq hüquq normalarına və beynəlxalq təşkilatlara dəyirdi. Çünki toxunulmazlığın faktiki olaraq kimlərinsə aqressiv iradəsindən asılı hala gəlməsi dünya üzrə hüququn təmin edilməsinə olan inamı heçə endirirdi. Bununla da toxunulmazlıq deyil, toxunula bilənlik sanki hüquqi norma halına gəlmişdir.
Xilas formulu – müstəqil və güclü dövlət
XXI əsrin əvvəllərində Qərbdə Frensis Fukuyama anladı ki, müstəqil dövlətlərin toxunulmazlıq hüququna mütləq əməl edilməlidir. Bu olmayanda dünyanı xaos bürüyür, terror, qanunsuzluq və təcavüzlər artır. Nəticədə qlobal geosiyasi nizam zərər görür. Buna görə də F.Fukuyamanın gəldiyi qənaət belə idi: dünyada fəlakətlərin səbəblərindən biri zəif müstəqil dövlətlərin olması ilə bağlıdır! Deməli, avtomatik olaraq dünya üçün hər bir müstəqil dövlətin güclü olması faydalı ola bilərdi. Lakin “bu güclü dövləti necə yaratmalı?” sualı da açıq qalmışdı. Çünki məhz müstəqilliyini əldə etmiş dövlətlərin güclü olması qarşısına çox sayda maneələr çıxarılırdı ki, əslində, bu əsasda onların toxunulmazlığının toxunallıqla əvəz olunması üçün şərait yaranırdı. Bir dövləti antidemokratiyada, digərini geridə qalmışlıqda, bir başqasını insan hüquqlarını pozmaqda və s. ittiham edirdilər. Bununla onlara toxunmağa haqlarının olduğu təəssüratı formalaşdırılırdı.
Bunlardan başqa, keçən əsrin 80-ci illərindən başlayaraq, Qərbdə “suveren və müstəqil dövlət” anlayışında təhriflər baş verdi. Qərbdə hesab etdilər ki, dövlət cəmiyyətdə “gecə gözətçisi” olmalıdır, vətəndaş tam sərbəst, dövlət isə faktiki olaraq onun şıltaqlıqlarını (buraya ayrı-ayrı etnik qrupların da hüquqi şıltalqlıqları daxildir) yerinə yetirməyə borclu olan bir qurum olmalı idi. Bunların fonunda isə Qərbdən müstəqilliyini əldə etmiş dövlətlərə belə bir sifariş gəlməyə başladı? Öncə demokratiya və liberalizm, sonra müstəqillik və suverenlik! Bir qədər də konkretləşdirsək, Qərb müstəqil dövlətlərin güclü olmasını deyil, sadəcə hələlik mövcud olmasını, Avropa standartları onların cəmiyyətlərində tam oturuşduqdan sonra isə ümumiyyətlə, aradan qalxmasını sifariş etmişdi. Bilderberq Klubunun üzvləri bunları obrazlı belə ifadə edirdilər: “Allah, qəbul edirik ki, dünyanı sən yaratmısan, lakin onun idarə olunmasına qarışma – bunu biz edirik!”
Onu da deyək ki, hələ keçən əsrin 80–90-cı illərində Qərbin bir sıra dairələrində müstəqil dövlətlərə qarşı mövcud olan bu gizli qərəzi dahiyanə surətdə görən siyasi xadimlər vardı. Onların önündə Azərbaycan lideri Heydər Əliyev gedirdi. Ulu öndər 1994–1995-ci illərdə BMT-nin yüksək tribunasından dünyaya bəyan etdi ki, Azərbaycanın əsas məqsədi güclü dövlət olmaqdır! 1993-cü ildən hakimiyyətə gələndən sonra faktiki olaraq Heydər Əliyev güclü Azərbaycan ideyasını həyata keçirməyə başlamışdı. Ümummill liderin Çinə məlum səfəri də məhz bu kontekstdə aktual idi. Postsovet məkanında təcrübəsiz siyasətçilər “demokratiya və liberalizm” deyib, hay-küy salırdılarsa, Heydər Əliyev əsl demokratiyaya və liberalizmə malik olmaq üçün davamlı olaraq güclü müstəqil dövlət yaratmaq kursunu həyata keçirirdi. Bu səbədən ona qarşı böhtanlar atıldı, haqsız və ədalətsiz ittiham irəli sürüldü. Lakin Ulu öndərin özü demişkən, ”tarix həmişə hər şeyi öz yerinə qoyur!”
XX əsrin sonuncu, XXI əsrin ilk onillikləri göstərdi ki, Heydər Əliyev tamamilə haqlıdır! Məhz Ümummilli liderin Güclü Dövlət Konsepsiysı postsovet məkanında yeganə uğurlu kurs olduğunu praktikada sübut etdi. Bu konsepsiya çərçivəsində Azərbaycan Respublikası Cənubi Qafqazın lideri oldu, ərazi bütövlüyünü bərpa etdi, tam suverenliyə nail oldu!
Bir vaxtlar Qərbin təbliğ etdiyi “erməni demokratiyası”, “gürcü demokratiyası”, “Ukrayna demokratiyası” kimi terminlər isə tarixi sınağında sınıq-salxaq oldular. Onların heç biri tam mənasında nə müstəqildirlər, nə güclüdürlər, nə də suveren. Hər üçünün də hüququ toxunulmazlığı anbaan pozulur. Ermənilərin toxunulmazlığını, ABŞ, Fransa, Rusiya və İran təhdid edirlər, hətta konkret addımlar atırlar. Vaşinqton və Paris rəsmi İrəvanı şantaj edirlər ki, “Azərbaycan hücum edəcək və sən rəzil olacaqsan”, Gürcüstanın torpaqlarının bir qismi Rusiyanın nəzarətindədir və Fransa kimi dövlətlərdə Tbilisini məcbur edir ki, Avropanın maraqlarına uyğun nələrdəsə güzəştə getsin, Ukrayna hələ də Rusiyanın təcavüzü qarşısında aciz durumdadır, onun ərazi bütövlüyü pozulub, suverenliyi təhdid altındadır.
Bunlardan belə nəticə alınır ki, müstəqilliyini əldə etmiş dövlətlərin öz hüquqi toxunulmazlıqlarını təmin etmələri asan məsələ deyil. Burada liderlərin siyasi məharəti həlledici rol oynamalıdır. Bu məharət, sözün həqiqi mənasında, dövləti güclü etməlidir. Başqa heç bir güc müstəqil dövlətin öz toxunulmazlığını təmin etməyə qadir deyildir! İlk baxışdan sadə görünən bu həqiqəti real həyatda dərindən dərk edən siyasilər çox deyildir. Və onların zaman-zaman buraxdığı səhvlər öz dövlətlərini toxunulan edir.
Bu məsələyə Cənubi Qafqazın geosiyasi və tarixi reallıqları ilə müasir mərhələdə böyük dövlətlərin yeritdikləri regional siyasətin kəsişməsində, baxanda situasiya daha vahiməli görünür.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru