Əvəz RÜSTƏMOV
[email protected]
Yaxud Rusiyanı qorxaqcasına aşağılama
Ermənistan hakimiyyəti nümayəndələri özlərinin anti-Rusiya təbliğatlarına, demək olar ki, hər gün yeni rəng çalarları qatmaqla məşğuldurlar. Bu təbliğatın Moskvanın hakim rol oynadığı və İrəvanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının gözdən salınması seqmentindən xəbərdarıq. Həmçinin, Kremlin Qarabağı Azərbaycana verməsi kimi iddiaların mövcudluğu da məlumdur. İndi siyahıya yeni bir təzahür əlavə olunub. Söhbət nədən gedir, bu barədə söz açacağıq. Amma əvvəlcə digər bir məqamı vurğulayaq.
Ermənistan iqtidarının anti-Rusiya xətti Qərbin sifarişidir. Baş nazir Nikol Paşinyan administrasiyası sifarişi yerinə yetirmək üçün əlindən gələn hər şeyi edir. Elə Nikolun özü bir müddət əvvəl Parisə səfəri zamanı “France 24” telekanalının efirində mövcud anlamda daha bir sərsəmliyə yol verdi. Guya ki, Rusiya rəsmiləri 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra Ermənistanda hakimiyyətin devrilməsi ilə bağlı çağırışlar səsləndiriblər.
Əlbəttə, Paşinyan həmişəki kimi, heç bir fakt təqdim etmədi, ad çəkmədi. Amma məlum idi ki, onun belə fikir bildirməsi Qərbin gözündə Ermənistanın vacibliyinin göstərilməsinə yönəlmiş hərəkətdir. Təbii ki, bu hərəkət, eyni zamanda, Qərb dünyasında Moskvanı növbəti dəfə aşağılamağa, onun barəsində mənfi rəy formalaşdırmağa hesablanmış gediş təsiri də bağışladı.
Ümumən, təkcə Nikol yox, onun komandasının hər bir üzvü həm Rusiyanın nüfuzunu heçə endirmək, həm də ölkəni daha qorxunc göstərmək məqsədi daşıyan bəyanatlar verirlər. Bu yerdə hürən itin qorxusundan quyruğunu bulaması mənzərəsi yada düşür. Ermənistan hazırda Rusiya ilə bağlı, təxminən, həmin itin günündədir. Həm Kremldən çəkinmədiyini göstərmək istəyir, həm də qorxusunu gizlədə bilmir.
İndi isə keçək bilavasitə mətləbə. Görünür, qorxaqlardan və buna görə Rusiyanı qorxunc kimi göstərmək istəyənlərdən biri də Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının üzvü, Ermənistan parlamentinin deputatı, qurumun Avropaya inteqrasiya komissiyasının sədri Arman Eqoyandır. Ancaq, hesab edirik ki, Eqoyan İrəvanın anti-Rusiya təbliğatındakı dozanı digər həmfikir dostlarından daha artıq etməsi ilə fərqlənib. Əlbəttə, bu fərqlənmədə Avropaya mesajı da tündləşdirmək motivi var.
Beləliklə, A.Eqoyan deyib ki, Rusiya, guya, keçmiş SSRİ-ni bərpa etmək niyyətindədir. Yəqin, hər kəsə maraqlıdır ki, erməni parlamentari nədən belə səs-küylü nəticəyə gəlib. Səbəb çox sadədir. O, Rusiya Prezidenti Vladimir Putinin amerikalı jurnalist Taker Karlsona müsahibəsini cümləbəcümlə oxuyub və özünün yarımçıq dünyagörüşünü işə salıb.
Məsələnin mahiyyəti belədir – Putin jurnalist Karlsonun suallarını cavablandırarkən, SSRİ-nin dağılma səbəblərindən danışıb. Eqoyanın sözlərinə görə, Rusiya lideri, guya, bildirib ki, Sovetlər Birliyi Qərblə münasibətləri yaxşılaşdırmaq üçün özünüməhv yolu tutdu, lakin bu yaxşılaşma baş vermədi.
Sual olunur: Bu fikirdə SSRİ-ni bərpa etmək niyyəti varmı? Əlbəttə, yox! Ancaq, necə deyərlər, sən saydığını say, görək, sərsəm erməni nə sayır. Eqoyanın məntiqincə, Putinin sözləri o deməkdir ki, Sovet İttifaqının Qərblə yaxınlaşmaq üçün özünü məhv etməsinin mənası olmadığından, sabiq birliyin bərpasına çalışmaq lazımdır. Əlbəttə, Paşinyanın partiyasından olan deputatın kontekstdən çıxardığı fikrə fokuslanaraq, danışması təəccüb doğurmur. Heç şübhəsiz, onun yanaşması, belə demək mümkünsə, klassik erməni həyasızlığının bariz nümunəsidir. Yaxşı olar ki, Rusiyanın hakim dairələri, eləcə də ayrı-ayrı siyasi çevrələri illərlə doyuzdurduqları bir dövlətdə, əslində, hansı zay məhsulları ərsəyə gətirdiklərinin fərqinə varsınlar. Təkcə fərqinə varmasınlar, nəticə çıxarsınlar. Həm də ona görə nəticə çıxarsınlar ki, Eqoyan yalnız dedikləri ilə kifayətlənmir.
Bəli, Ermənistan parlamentinin komissiya sədri, həmçinin, bildirir ki, Rusiya Ukraynadan sonra Cənubi Qafqaz müstəvisinə keçəcək və Ermənistanı işğal edəcək. Əlbəttə, gözlənilən idi ki, Eqoyan danışdığı “nağıl”a Azərbaycanı da əlavə edəcək və Moskvanın məhz ölkəmizin əli ilə Ermənistan dövlətinin varlığına son qoyacağından söz açacaq. Amma buna getmir. Görünür, yüksək səslə təqdim etdiyi cəfəngiyyatın miqyasına Azərbaycan adının mənfi təsir göstərəcəyindən çəkinir. Bir də onsuz da Paşinyanın komandasının digər üzvləri haqqında söz açdığımız təbliğatı aparır, Rusiya–Azərbaycan tandeminin İrəvana qəsb reallaşdıracağına dair çərənləmələrə baş vururlar. Üstəlik, mövcud xüsusda Türkiyənin də adını çəkirlər...
Eqoyanın “SSRİ-nin zühuru” nağılı üçün demon obrazı kimi yalnız Rusiyanı seçməsi, ölkəmizin adını çəkməməsi ona görə lazımdır ki, Azərbaycan da Sovetlər Birliyinin tərkibində yer alıb, yəni rus işğalı dövrünü yaşayıb. Çox güman, erməni deputatın axmaq məntiqinə görə, Sovet İttifaqı yenidən formalaşsa, onun tərkibində Azərbaycan olacaq. ...Amma Ermənistan bunu istəmir. Hər halda, Eqoyan fikirləri ilə, öz aləmində, müqavimət hissi yaradır.
Nə isə, komissiya sədrinin danışdığı nağılın başqa hissələri də var. Məsələn, o ağıllı-ağıllı deyir ki, Ermənistanın Rusiya ilə münasibətlərində hazırkı mövqeyindən və əməkdaşlıq səviyyəsindən çox az şey asılıdır. Eqoyanın sözlərinə görə, Putin ittifaqın bərpası ilə bağlı planlarını reallaşdırmağa indi yox, hələ 2000-ci ilin əvvəllərindən başlayıb. 2011-2012-ci illərdə Rusiya liderinin niyyəti strateji plan şəklini alıb. Guya, bu plana əsasən 2015-2016-cı illərdə Cənubi Qafqazın bir hissəsinin ələ keçirilməsi nəzərdə tutulubmuş. Eqoyan, hətta, bu məqsədlə bağlı “Lavrov planı” formatının olduğundan da söz açıb (?). Sən demə, Rusiyanın istər Xarici işlər nazirinin, istər nazirliyin nümayəndələrinin, istərsə də digər dövlət rəsmilərinin hazırkı bəyanatları SSRİ-nin bərpası məramının mövcudluğunu təsdiqləyirmiş...
Əlbəttə, Eqoyanın konsprioloji məntiqindən baş açmaq çətin olsa da, əslində, onun nə demək istədiyi məlumdur. Bu baxımdan bəzi məqamları vurğuladıq və həm Qərbpərəst Ermənistanın Rusiyaya qarşı çıxmaqla yanaşı, eyni zamanda, ondan qorxduğunu, həm də özünü dünyanın anti-Rusiya dirənişinin vacib halqası kimi göstərmək cəhdlərini diqqətə çatdırdıq. Ancaq vurğulanmalı bir cəhət qaldı. Belə ki, 2015-2016-cı illərdə Kremlin Cənubi Qafqaza qəsb reallaşdırmaq planının hazırlandığını deyən Eqoyan, dilə gətirməsə də, xaricdəki erməni havadarlarına mesaj verir. Mesaj, kifayət qədər, aydındır – 2018-ci ilin Ermənistan inqilabı rus intervensiyasının qarşısını aldı. Deməli, daha bir subliminal mesaj inqilabın nəticələrinin qorunması ilə bağlıdır. Bu, daha çox çağırış, hətta, yalvarışdır.
Sonda bir daha hürən itin qorxudan quyruq bulaması üzərində dayanaq. Əgər Eqoyanın indiyədək söylədikləri, obrazlı ifadə etsək, quyruq bulamaq idisə, onun ən sonda dediyi qorxudan hürməkdir. Belə ki, Rusiyanın SSRİ-nin bərpası məqsədinin olduğuna qəti əminliyini bildirən erməni deputat onu da vurğulayır ki, vaxtilə Sovetlər Birliyində yer alan 15 respublikanın hamısını eyni sərhədlər daxilində birləşdirmək çətin olacaq. Heç şübhəsiz, o, Ermənistanın buna getməyəcəyinə eyham vurur.
Ən sonda isə onu da diqqətə çatdıraq ki, hazırda qatı qərbpərəst hakimiyyətin mövcudluğuna baxmayaraq, Ermənistanda Rusiyaya nəinki simpatiya, habelə, köhnə imperiya boyunduruğuna razı olan qüvvələrin sayı yetərincədir. Eqoyanın tərkibində yer aldığı Paşinyan administrasiyasının səriştəsiz siyasəti nəticəsində belələrinin sayı durmadan artır. Ən pisi isə odur ki, Nikol iqtidarının hazırda reallaşdırdığı kurs heç bir ənənələri olmayan, qonşu ölkələrin əraziləri hesabına yaradılmış Ermənistan dövlətini, sözün əsl mənasında, iflasa aparır. Labüd görünən iflas reallaşdıqdan sonra hazırda pis-yaxşı mövcudluğunu saxlayan ölkə hansı dövlətin, yaxud dövlətlərin ərazisi olacaq, bunu zaman göstərəcək. Eqoyan isə indidən o dövləti SSRİ adlandıra bilər. Hər halda, yuxu onundur, nə deyə bilərik.