Makronun diktəsi bu qurumu nüfuzdan salır
Əslində, əvvəldən də elə bir nüfuzu yox idi. Bir neçə il qabaq Azərbaycan Prezidenti İlham Əliyev Bakıda bu qurumun təmsilçilərini intizamsız uşağı məzəmmət edirmiş kimi qınamışdı. Onlar özlərini, həqiqətən də, ipə-sapa yatmayan uşaq kimi apardılar və haqlı iradlardan nəticə çıxara bilmədilər. İndi iş o yerə çatıb ki, bu qurumun ermənipərəst təmsilçiləri başlarının üstündəki çətirin – Avropa İttifaqı rəhbərliyinin mövqelərini də tanımaq istəmirlər. Çünki ortalıqda maddi maraq var. Avropadakı erməni lobbisi bu deputatları necə şirnikləndirirsə, heç bir ədəb-ərkan, mizan-tərəzi tanımaq istəmirlər. Qoy olsun! Bizim karvanımız onsuz da öz yolundadır...
Söhbət ondan gedir ki, Avropa Parlamentinin üzvləri bu il fevralın 28-də “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi” ilə bağlı qəbul etdiyi illik hesabatda yenə də Azərbaycana qarşı heç bir obyektivliyi, hüquqi əsasları olmayan qərəzli, birtərəfli ittihamlar irəli sürmüşlər. Bizim növbəti dəfə zibil qutusuna atacağımız həmin “sənəd”də nələr var? Brüsseldə yaşayan erməni iş adamı, brilliant qaçaqmalçılığı ilə məşğul olan Kaspar Karapetyanın arzu və istəkləri. Vəssalam! Bir beynəlxalq təşkilat ki, kiminsə əlinə ( daha doğrusu, cibinə) baxaraq hesabat hazırlayırsa, onun nə dəyəri ola bilər?
Mətbuat yazır ki, Kaspar Karapetyan da, Avropa Parlamenti də Fransa Prezidenti Emmanuel Makronun diktəsi ilə fəaliyyət göstərir. Bu, bir həqiqətdir ki, Makron prezident seçiləndən sonra Avropa Parlamenti Aİ-nin yox, məhz onun ssenariləri əsasında kimlərisə qaralayır, Ermənistanı isə mələyə döndərir. Halbuki, Avropada Ermənistanın mələk olmadığını uşaq da bilir. Makron isə hamıya qarşı gedir. Təki, Azərbaycana qarşı böhtan atılsın. Amma unudur ki, onun özünün də, Qərbin də monopoliyasının sonu çatmaqdadır.
Yer gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşərkən həm Fransanın, həm də Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli münasibətini konkret faktlarla ifşa etdi və dedi ki, bütün bunlar bizim haqq işimizə kölgə sala bilməyəcək: “Beynəlxalq hüququn normaları bizim tərəfimizdədir”, – deyən Prezident vurğuladı ki, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır.
Azərbaycan Prezidenti xatırlatdı ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib. Bu baxımdan Cozef Borrelin qeyri-adekvat bəyanatları bizi çox məyus edib. Əvvəla, onun bu bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir: “Bütün bunlar Fransanın, guya, Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir”.
Elə Azərbaycan Milli Məclisinin Avropa Parlamentinin “üç quruşluq hesabatı”na münasibəti də əski qitənin ermənipərəst deputatlarına tutarlı cavab kimi qiymətləndirilə bilər: “Uzun illər ərzində Avropa strukturlarının, xüsusən də Avropa Parlamentinin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalının ağır nəticələrinə, törədilmiş vandallıqlara, bir neçə gün əvvəl növbəti ildönümü qeyd edilmiş Xocalı soyqırımına siyasi-hüquqi qiymət verməkdən ardıcıl surətdə imtina etməsi bu dairələrin selektiv və ikili standartlara əsaslanan yanaşması baxımından adi hala çevrilmişdi”.
Sonda onu da qeyd edək ki, Avropa Parlamentinin bu cəfəng hesabatının Cənubi Qafqaza sülh və sabitlik gətirilməsinə töhfə vermək istəyən Almaniya rəhbərliyinin təşəbbüsü ilə Berlində keçirilən üçtərəfli danışıqlarla eyni vaxta düşməsi də təsadüfi deyil. Bu, Emmanuel Makronun iyrənc dirijor çubuğunun növbəti dəfə işə düşməsidir. Yəni Makron Fransası bizim regiona sülh gətirilməsini birmənalı olaraq, istəmir və əngəlləməyə çalışır. Yuxarıda qeyd etdiyimiz kimi, bizim haqq yolunda olan, ədalət və obyektivlik daşıyan karvanımızı heç bir səs öz yolundan döndərə bilməyəcək.
İttifaq MİRZƏBƏYLİ