Avropalı parlamentarilər Ermənistanın illüziya dozasını artırmaqla məşğuldurlar
Avropa Parlamenti anti-Azərbaycan fəaliyyətindən çəkinmək niyyətində deyil. Görünür, ermənipərəstlik mərəzi onun son dərəcə dərin qatlarına işləyib. Qurumun ölkəmizə qarşı sanksiyaların tətbiqinə çağırış ruhlu qətnaməsi bundan xəbər verir.
Görəsən, AP üzvləri indiyədək dəfələrlə üz tutduqları sərsəm qətnamə məntiqinin heç bir fayda vermədiyini anlamırlar? Bu qədər düşüncəsizdirlər? Xeyr! Əksinə, bir çox məsələləri ətraflı götür-qoy edirlər. Mövzumuz həmin məsələlər barəsindədir. Əlbəttə, başqa məqamlara da aydınlıq gətirəcəyik.
Əvvəlcə ondan başlayaq ki, Almaniyanın ARD telekanalı Azərbaycanın Avropa Şurası Parlament Assambleyasının bir sıra deputatlarını pulla, daha doğrusu, rüşvətlə ələ aldığına dair film çəkib. “Uçurumun kənarında” adlı cəfəng ekran işi, şübhəsiz ki, ölkəmizi ittiham üzərində qurulub. Ancaq orada maraq doğuracaq bir nüans var.
Filmə diqqət yetirəndə çox qəribə mənzərə yaranır. Tutalım, Azərbaycan rüşvətlə kimlərisə ələ alır. Məgər AŞPA-nın deputatları balaca, həddi-buluğa çatmamış uşaqlardır ki, ölkəmiz onları pozur və ya yoldan çıxarır? Bunu qoyaq bir kənara. Belə bir sual da yaranır: Necə olur ki, demokratiyadan, insan hüquqlarından ağız dolusu dəm vuran qurumun təmsilçiləri, bir qədər də geniş götürsək, Avropa Şurası kimi mötəbərliyə iddialı təşkilatda parlamentari funksiyasını yerinə yetirən şəxslər bu qədər rəzil duruma düşüb nəfslərinə hakim kəsilə bilmirlər? Nə isə...
AŞPA-nın deputatlarını bir kənara qoyaq, pensionerlər klubunu xatırladan AP-nin deputatları rüşvətə əməlli – başlı meyillidirlər. Amma, deyə bilmərik ki, ARD telekanalı onların zəiflikləri, yaxud hansısa digər zəif cəhətləri (məsələn, iclas zamanı narkotik maddə qəbul etmələri – red.) barədə film çəkəcək, ya yox. Ehtimala görə, çəkməməlidir. Çünki burada avroparlamentarilərin pulla ələ alınmaları faktı konkretdir. Dünya və Avropa mediası isə konkretliyə gəlincə, bir qayda olaraq, susur. Susur, ona görə ki, erməni lobbisini hədəfə almaqdan çəkinəcək qədər miskin durumdadır.
Bəli, Azərbaycana qarşı qətnamə qəbuluna çağırış səsləndirən deputatlar erməni lobbisinin pulu ilə işləyənlərdir. Maliyyənin arxasında dayanan Brüssel ermənisi, Ədalət və Demokratiya Uğrunda Avropa Erməni Federasiyası deyilən təşkilatın rəhbəri Kaspar Karapetyandır. O Karapetyan ki, brilyant qaçaqmalçısıdır. O Karapetyan ki, dünya erməniliyinin Avropa qanadının başlıca gözəgörünməz fiqurlarındandır.
Bu məxluq vaxtilə Avropa siyasi salonlarında Qarabağdakı işğal rejiminin legitimləşdirilməsi cəhdlərində mühüm rol oynamışdı. O, 2017-ciildə özünün sosial şəbəkə hesabında Brüsseldə cəmi bir qala-ziyafətində silahlı separatizmə dəstək məqsədilə 3 milyon 800 min avro topladığını yazmış və buna görə əməlli–başlı öyünmüşdü. Hazırda isə 76 yaşı olan K.Karapetyan daşnakdır. Gənclik illərində ekstremist yunan və erməni təşkilatlarında fəal iştirak edib. Yeniyetməlik illərini isə erməni terrorizminin qalası sayılan Beyrutda keçirib...
“ASALA” terror təşkilatı ilə əlaqələrə məxsus, erməni məsələsi istiqamətindəki çalışmaları ilə tanınan Kaspar qanlı almaz biznesi şəbəkəsinə malikdir. Şəbəkə Afrikanın münaqişə bölgələrindən Belçikaya uzunsov rəngli brilyantların qaçaqmalçılıq yolu ilə gətirilməsini həyata keçirir. Həmin brilyantlar korrupsiya sxeminə əsasən sertifikatlaşdırılır və Avropanın brend butiklərinin rəflərini bəzəyir.
Qeyd edək ki, K.Karapetyan bir vaxtlar Qarabağa səfər edən bütün avropalı deputatları və belçikalı siyasətçiləri müşayiət edirdi. Məsələ yalnız bu məxluqun qitə siyasətçilərini pulla ələ almasında deyil. O, daha fərqli üsullardan “faydalanır”. Məsələn, o, erməni xüsusi xidmət orqanları ilə birlikdə həmin siyasətçilərə müxtəlif tələlər qurur. Yəni, kimini pulla, kimini də şantajla ram edir. Onun ən böyük təsir gücü isə məhz Avropa Parlamentidir. Yəqin, indi qurumun nəyə görə Azərbaycanla bağlı qətnamələri sıraladığı daha aydın olur.
Karapetyan nəinki AP-dəki, elə Avropa İttifaqının özündəki bəzi rəsmiləri maliyyələşdirməklə də məşğuldur. Onun “əməyinin” nəticəsidir ki, Aİ Rusiyaya qarşı almaz biznesinə sanksiya siyasəti yürütmür. Təsəvvür edin, bütün qitə, ümumən, dünya Rusiyadan üz döndərib, ölkə ilə bağlı ən ağlasığmaz qadağalar gündəmə gəlir, ancaq konkret məsələyə, indiki halda sırf almaz biznesinə gəlincə, ortada heç nə yoxdur. Qəribə deyilmi?
Əslində, sual ritorikdir. Çünki cavab aydındır – almaz biznesinə baxan K.Karapetyan Belçika vasitəsilə həmin almazları cilalayıb satmaqla məşğuldur və həm Aİ-dəkilərin, həm də AP-nin deputatlarını “haqqını” artıqlaması ilə çatdırır. Ya da dediyimiz kimi, şantaj edir. Beləliklə, işğalçı kimi təqdim olunan Rusiya Ukrayna ilə müharibədə, faktiki olaraq, dünyanın qarşısında duruş gətirir. Kimsə bunu görmürmü? Çox yaxşı görür və bilirlər. Sadəcə, ortada böyük riyakarlıq, qorxaqlıq və tamahkarlıq var. Ona görə hamı susur. Əlbəttə, meydanda daha böyük erməni “hamisi” də var ki, o hamidən yazının sonunda bəhs edəcəyik.
Hələlik isə bildirək ki, Avropa Ukrayna cəbhəsində həyatını itirənlərlə bağlı saxta göz yaşlar axıdır. Obrazlı desək, timsahın göz yaşlarını. Ukrayna qlobal oyunlarda yem edilir. Həqiqətən də, acınacaqlı və utancverici mənzərədir. Amma görünür, avropalı vicdansızlar utanc hissinin nə olduğunu bilmirlər. Ümumən, bu hissi yaşamaqdan məhrum duruma düşəcək qədər cılızlaşıblar.
Beləliklə, AP-də Azərbaycana qarşı çıxarılan və cılızlığın bariz göstəricisi olan qətnamənin mənbəyində K.Karapetyanın pulu dayanır və qurumun deputatları aldıqları “haqla” növbəti seçkilərə hazırlaşırlar. Onlar “demokratik zəngulə”lərə baş vurub özlərini humanist və insanpərvər kimi göstərir, ağızlarını köpükləndirərək, gəlişigözəl ifadələr işlədir, seçkiqabağı platformalarını zənginləşdirirlər. Gerçək sifətləri isə təsvir etdiyimiz kimidir.
Əslində, AP-nin qətnaməsi heç nəyi dəyişmir. Bu sənəd əvvəlkilər kimi kağız parçasından başqa bir şey deyil. Digər tərəfdən, Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur. Görəsən, Ermənistan hakimiyyəti, eləcə də xaricdəki erməni lobbi və diaspor təşkilatları bunu bilmirlər? Əlbəttə, onlar durumun fərqindədirlər. Ancaq, öz aləmlərində, anti-Azərbaycan ritorikasını daim diqqətdə saxladıqlarını düşünürlər. Görüntü yaradıb Avropanın ictimai rəyində ölkəmizlə bağlı ciddi antipatiyanın formalaşmasına cəhd göstərirlər. Ən böyük məqsədləri isə AP-nin qətnaməsi kimi kağız parçalarının sonradan hüquqi təsir gücünə malik sənədlər üçün istinadgah olaraq istifadə etməkdir. Yəni, tutalım hansısa səlahiyyətli qurumu Azərbaycanla bağlı sanksiya tətbiqinə razı salsalar, şübhəsiz ki, hazırkı qətnamə də tutarlı baza qismində nəzərdə tutulacaq. Əlbəttə ki, bu istək alınmayacaq.
Ona görə alınmayacaq ki, Azərbaycan iqtidarı, kifayət qədər, düşünülmüş rasional xarici siyasət kursu reallaşdırmaqdadır. Mövcud siyasətin nəticəsidir ki, bu günün Azərbaycanı Avropaya lazımdır. Azərbaycanın qitəyə təklif etdiyi şəffaf əməkdaşlıq parametrləri karapetyanların çirkli yollarla qazandığı vəsaitin rüşvətxor parlamentarilərə çatan tör-töküntüsündən dəfələrlə sərfəlidir.
İndi isə haqqında söz açdığımız “hamidən” danışaq. Yəni, ermənilərin ən böyük hamisindən. Azərbaycana qarşı Aİ, o cümlədən, AP müstəvisində aparılan çirkin təbliğat kampaniyasının təşkilatçısı erməni lobbi və diaspor təşkilatları ilə sıx əlaqədə və “işbirliyində” olan Fransadır. Fransa Aİ-ni qismən, AP-ni isə bütövlükdə özünün ermənipərəstlik mərəzinə alət edib. Əlbəttə, qətnamə oyunu da məhz Parisin “təşəbbüsüdür”. Karapetyan və onun kimilər isə həmin “təşəbbüsün” icrasının, belə demək mümkünsə, maliyyə peşkalarıdır. Mənzərə isə budur: Fransa hakimiyyəti həm Ermənistanı silahlandırır, həm də saxta, heç bir mənası olmayan sənədlərlə ölkəmizə qarşı siyasi-mənəvi müqavimət formalaşdırmağa çalışır. Əlbəttə, istəyinə nail ola bilmir. Prezident İlham Əliyevin 2024-cü il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirdiyi kimi, Aİ müstəvisində Azərbaycana qarşı çıxmaqla bağlı vahid konsensus yoxdur. Ölkəmizin səriştəli xarici siyasət kursu islamofob, rasist və türkofob dairələrin, sələbçi və neokolonial təfəkkürlü sürü təmsilçilərinin anti-Azərbaycan oyunlarını pozmaq iqtidarındadır və pozur da.
Sonda bir məqamı da vurğulayaq. Fransa hakimiyyətinin AP-dəki qətnamə oyunu Ermənistan iqtidarı üçün növbəti illüziya predmetidir. Hazırda rəsmi İrəvanın və onlara yaxın yerli dairələrin apardıqları təbliğatda elə fon yaradılır ki, guya, bu sənəd çox böyük uğurdur. Məqsəd bəllidir – Fransanın təhriki ilə kollektiv Qərbin Cənubi Qafqaz planlarının icrası naminə Azərbaycanla sülh prosesini pozmaq.
Bəli, AP-nin qətnaməsi, şübhəsiz ki, Bakı-İrəvan münasibətlərindəki münaqişəli durumu daha da gərginləşdirməyə xidmət edir. Mövcud trayektoriyadakı ən başlıca məqsəd isə Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlanmasıdır.
Ə.CAHANGİROĞLU
XQ