Antalyada “Cənubi Qafqazda sülh, inkişaf və bu çərçivədə qarşılıqlı əlaqələr” mövzusunda panel iclası

post-img

Antalya Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqazda sülh, inkişaf və bu çərçivədə qarşılıqlı əlaqələr” mövzusunda panel iclası keçirilib. 

İclasda Azərbaycan Respublikası Pre­zidentinin köməkçisi - Azərbaycan Res­publikası Prezidentinin Administrasiya­sının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan par­lamentinin vitse-spikeri, Ermənistan-Tür­kiyə münasibətlərinin normallaşdırılması prosesində əsas şəxslərdən olan Ruben Rubinyan çıxış ediblər. 

İclasda Ermənistan ilə Azərbaycan arasında davam edən sülh danışıqları, bu müstəvidə atılan və atılacaq addım­lar, Zəngəzur dəhlizi ilə bağlı müzakirələr aparılıb. Bildirilib ki, burada davamlı sül­hün təmin edilməsi əsas məqsəddir. Bu, iki ölkə və bölgə ilə yanaşı, Avropa İttifaqı üçün də mühüm məsələdir. Azərbaycan Ermənistan tərəfindən bəzi məsələlərə aydınlıq gətirilməsini, o cümlədən sülh müqaviləsinin bağlanılması və ümumiy­yətlə bölgədəki məsələlərlə bağlı Er­mənistandan bəzi addımların atılmasını gözləyir. Azərbaycan da öz növbəsində bu addımları atır və atmaqda davam edir. Hazırda Azərbaycan gördüyü işlərlə böl­gədə yeni əməkdaşlıq əlaqələrinin artırıl­ması istiqamətində də fəaliyyətini davam etdirir. 

Qeyd edilib ki, Cənubi Qafqazda da­vamlı sülhə nail olmaq üçün Türkiyə də öz səylərini göstərməkdədir. 

Hikmət Hacıyev sülh müqaviləsinin hansısa yan qüvvələrin təsiri olmadan Bakı ilə İrəvan arasında imzalanmasının və gələcəkdə bu müqavilənin şərtlərinə əməl olunmasının vacibliyini vurğulayıb.

Qeyd edilib ki, Azərbaycan Cənubi Qafqazın transformasiyasını, sülh, təh­lükəsizlik və əməkdaşlıq bölgəsi olmasını istəyir.

Ruben Rubinyan Ermənistanın Azər­baycan daxilində hansısa ərazi iddiasının olmadığını, iki ölkənin bir-birinin ərazi bü­tövlüyünü tanıdığını, bunun Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasındakı müzakirələrdə də qeyd olun­duğunu deyib. 

Tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilib.



Son xəbərlər