Müharibə isterikalı informasiya “arthazırlığı” bir mərkəzdən idarə olunur
Üç-dörd ay əvvəl sülh sazişinin imzalanmasının bir addımlığında olduğunu bəyan edən rəsmi İrəvanın diplomatik ritorikasında indi müharibə anonsları daha ucadan səslənir. Hazırki dönəmdə sülh müqaviləsini imzalamaqdan yayınmağın yollarını arayan Ermənistan hakimiyyəti özünü Azərbaycanın “real müharibə təhlükəsindən qorumağa” çalışdığını bildirir.
Bəs, hayların məqsədi nədir? Bütün cəbhələrdə uduzmuş və sülh dalanına dirənmiş Paşinyan iqtidarının ümidləri Azərbaycana qarşı beynəlxalq təzyiq mexanizmini genişləndirməyə və ona qarşı “müharibə təhdidi” kampaniyasına inandırcılıq donu geyindirməyə bağlıdır. Bu qarayaxma kampaniyasının “zərbə qüvvəsi” isə informasiya sahəsidir. Daha çox Qərbdəki ermənipərəst qüvvələrdən dəstək alan rəsmi İrəvan son üç ildə Azərbaycanı həm bölgədəki qonşuları, həm də dünyanın böyük gücləri ilə üz-göz etmək məqsədilə ən iyrənc üsullara əl atıb. Bunlar alınmayanda isə Bakının Qərblə münasibətlərini korlamaqdan ötrü Qarabağda baş verən hadisələrin fonunda dezinformasiya tələləri qurmağa baş vurur. Burada da heç nəyə nail ola bilməyən İrəvan indi beynəlxalq ictimaiyyətin gözündə Azərbaycanın, guya, “Ermənistanın ərazi bütövlüyünü təhdid edən”, “Zəngəzura hərbi təcavüzə hazırlaşan” ölkə obrazını yaratmağa səy göstərir.
* * *
Avropanın aparıcı dövlətlərinin “təcavüzkar” Azərbaycana və “təhdidlərlə üzləşən” Ermənistana münasibətlərinin qısa müqayisəli təhlilini aparsaq, təxminən belə bir mənzərə ilə üzləşə bilərik. Bakının Böyük Britaniya Krallığı ilə heç bir problemi yoxdur. Əksinə, Xəzərdəki enerji resurslarının birgə istismarında bu ölkənin böyük şirkətləri ilə otuz illik qarşılıqlı faydalı əməkdaşlıqdan tərəflərin məmnunluğu göz qabağındadır. İtaliyanı da Azərbaycanla dost ölkələrdən saymaq olar.
Kral üsuli-idarəli İspaniya kimi “nə ət, nə də balıq” dövlətin Senatı hansısa ermənipərəst qətnamə qəbul edirsə, bu, bizim üçün hüquqi qüvvəyə malik olmayan kağız parçasından savayı bir şey deyil. Almaniya hələlik neytral vəziyyətdədir və Bakı–İrəvan dialoqu ilə bağlı mövqeyini açıq şəkildə bildirməyə tələsmir. Fəqət, Azərbaycan və Ermənistan XİN başçılarının Berlin görüşü bu ölkənin beynəlxalq hüquqa və ədalətə necə yanaşmasına aydınlıq gətirəcək. Avropanın beynəlxalq təsisatlarının bəyanat və müraciətləri isə, sadəcə, tövsiyə xarakteri daşıyır. Okeanın o tayına nəzər yetirsək, Kaliforniyadan idarə olunan ermənipərəst senator və konqresmenlərin hərdən “ulduza hürmələrinin” şahidi ola bilərik. Amma rəsmi Vaşinqton onların hay canfəşanlığının ABŞ dövlətinin mövqeyi olmadığını dəfələrlə bəyan edib. Bu da təsadüfi deyil. Çünki, Ağ ev Azərbaycanda dəyəri yüz milyardlarla dollara bərabər ortaq enerji layihələrinə malikdir.
İri dövlətlərdən ortada yalnız Fransa qalır. Son vaxtlar Qərb mediasında geniş tirajlanan anti-Azərbaycan isterikasının, Azərbaycanın Ermənistana təcavüzə hazırlaşması barədə feyk-informasiyaların arxasında məhz rəsmi Paris dayanır. Yelisey sarayından idarə olunduğu şübhə doğurmayan həmin qaraguruh isterikanın məqsədi gözlənilən müharibənin “informasiya fonu”nu yaratmaqdır. Fransanın, ümumilikdə, Qərbin ermənipərəst mediasının, pulla satın alınmış ekspert dairələrinin Azərbaycan əleyhinə apardıqları informasiya savaşının genişlənməsi də bu altniyyətdən xəbər verir. “Bakı Ermənistana qarşı hücuma hazırlaşır”, “Azərbaycan Ermənistanı müharibə ilə təhdid edir” xarakterli təbliğatın hədəfi yaxın gələcəkdə erməni təxribatlarına “haqq qazandıracaq” informasiya fonu yaratmaq, ictimai rəyi əvvəlcədən planlaşdırılan hərbi təxribata hazırlamaqdır. Bəli, bölgədə sülhün və sabitliyin bərqərar olması prosesinə əngəllər törədən Qərb hər vəchlə Ermənistanı yeni müharibəyə sürükləyir, yaxud bunu imitasiya edir.
* * *
Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra şərti sərhəddə ilk dəfə baş verən insidentin də qətiyyən təsadüf olmadığı, bunun arxasında böyük məkrli planın gizləndiyi üzə çıxır. Ermənistanın hərbi-siyasi rəhbərliyinin bu hərbi avantüraya Qərbin, birbaşa Fransanın diktəsi ilə getdiyi artıq şübhə doğurmur. Həmin sərhəd təxribatının dərhal ardınca Fransa mediasında Ermənistanın “ildırım sürətli müharibə” planına hazırlaşması barədə xəbərlərin yayılmasının nəyə xidmət etdiyi məlum olur. Sızan məlumatlara görə, baş nazir Nikol Paşinyanın Paris səfərində müzakirə edilən “məxfi plan”ın mahiyyəti ondan ibarət imiş ki, Ermənistan qəfil hücumla Azərbaycanla şərti sərhəddə bir neçə yüksəkliyi ələ keçirir. Bunun nəticəsində sülh danışıqları prosesində İrəvanın mövqeyi xeyli “güclənir” və guya, Bakının güzəştə getməkdən savayı şansı qalmır.
İndi məlum olur ki, Ermənistan baş nazirinin Paris səfərindən əsas məqsəd heç də İkinci dünya müharibəsində həlak olan ermənilərin xatirəsinə ehtiram nümayiş etdirmək deyilmiş. Səfərin əsas və gizli məqsədi Nikol Paşinyanın Yelisey sarayında Emmanuel Makrondan konkret göstərişlər alması və bundan sonrakı fəaliyyətini buna uyğun nizamlamasıdır. Fransa tərəfindən açıq-aşkar Azərbaycanla hərbi qarşıdurmaya təhrik edilən Ermənistanın silahlandırılması da təsadüfi deyil. Paris bu “missiyanı” həyata keçirməyi də öz üzərinə götürüb. Fransa, həm də Hindistan vasitəsilə onun lisenziyası ilə bu ölkədə istehsal olunan silah-sursatı ermənilərə ötürür, həmçinin fransız hərbçilər Ermənistan ordusunun müxtəlif qoşun bölmələrinə təlimlər keçirlər.
Qərbin Cənubi Qafqazda yeni müharibə istəyini sübuta yetirən başqa faktlar da var. Bunlar Fransanın birmənalı şəkildə Ermənistanı müdafiə etməsi, sərhəd təxribatında İrəvanın deyil, Bakının hədəfə alınması çirkin planın tərkib hissələridir.
Hər şeydən göründüyü kimi, İrəvan Qərbdən aldığı tapşırıq və əmrlərə uyğun hərəkət edir. Bu isə Hayastan rəhbərliyinin bölgədə baş verəın proseslər nəticəsində düşdüyü acınacaqlı vəziyyətdən düzgün nəticə çıxarmadığını isbatlayır. Yəni, nə 2020-ci ilin 44 günlük müharibəsində acı məğlubiyyəti, nə də 2023-cü il 19-20 sentyabrda 23 saatlıq antiterror tədbirlərinin nəticələri rəsmi İrəvana dərs olub. İndi görünən mənzərə odur ki, Paşinyan iqtidarı xoşluqla, ya zorluqla özü-özünü uçurumun kənarına sürükləyir. Əgər daxildəki və xaricdəki daşnak-revanşist qüvvələr Üçüncü Qarabağ müharibəsində nəyəsə nail ola biləcəklərini düşünürsə, onlara Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sözlərini xatırlatmaq yerinə düşər: “Əgər Azərbaycanın təhlükəsizliyinə azacıq da olsa təhdid yaransa və bu təhdid harada, Ermənistan ərazisinin hansı dərinliyində olsa da, Bakı onu dərhal, sadəcə, məhv edəcək”.
Görəsən, Paşinyan və onu yeni müharibəyə sürükləməyə çalışan həmin Fransa növbəti qarşıdurmanın hansı sonluqla bitəcəyini düşünürlərmi?
İmran BƏDİRXANLI
XQ