Amma indi Şuşada yox, Günbatanda
Armİnfo.am. xəbər portalında verilmiş ( 24 fevral 2024-cü il) “ Rusiya Federasiyası və KTMT ilə əlaqələrin qırılması, eləcə də, Yerevanın Qərbə meyillənməsi Ermənistan üçün məhvedici vəziyyət yarada bilər” adlı materilal işğalçı ölkənin bugünkü reallıqlarının qiymətləndirilməsi baxımından olduqca maraqlıdır. Bu ölkədəki Respublika partiyası idarə heyətinin üzvü, keçmiş deputat Eduard Şarmazanovun öz Facebook səhifəsində baş nazirin “Franse-24” telekanalına verdiyi müsahibə haqqında yazdığı ( yəni müsahibə deyil ki, kimsə fikirləri kontestdən çıxartmış olsun – İ.M.) analitik materiala istinad edən sayt Nikol Paşinyanın düşdüyü durumun acınacaqlı olduğunu bildirib.
Sayt yazır ki, tarix öz şəxsi həyatında baş verənlərdən dərs ala bilməyənlərə qarşı amansız olur. Şarmazanovun fikrincə, Nikol Paşinyan həmin müsahibədə Ermənistanın deyil, Ukraynanın maraqlarına xidmət etdiyini boynuna alıb. Siyasətçi soruşur: “Nikol Paşinyan, siz Ermənistanın təhlükəsizlik məsələlərini həll etmisiniz ki, indi Ukraynanın təhlükəsizliyinin qorunmasına qalxırsınız? Sizin Qərbin və Ukraynanın qarşısında bütün “rəqsləri ifa etməyiniz” azdırmı ki, indi də Kiyevin vəkili kimi çıxış edirsiniz? Deyirsiniz ki, Ukraynada baş verənlər Alma-Ata Bəyannaməsinin pozulmasıdır və bu, bizi çox narahat edir.
Eduard Şarmazanov öz ölkəsinin dövlət başçısına xatırladır ki, Azərbaycan bizim sərhədlərimizdə və təmas xətlərimizdə nə etmək istəyirsə, onu da reallaşdırır. Siz isə gedib Avropada Ukrayna üçün ağlayırsınız.
Erməni siyasətçinin baş nazirə daha bir maraqlı sualı var: “Siz kimsiniz? Bayden, Blinken, Şolts, Ərdoğansınızmı ki, o boyda böyük problemə – Ukrayna məsələsinə baş qoşursunuz? Siz Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımısınız və soydaşlarınızın oradan köçməsini təmin etmisiniz. Bu dəhşət sizi narahat etməsə də, Ukrayna məsələsi sizi bərk həyəcanlandırır. Söhbət hansı Ukraynadan gedir, siz bilirsinizmi? Söhbət Azərbaycanın dostu və müttəfiqi olan, prezidenti Zelenski Qarabağdakı Zəfərə görə İlham Əliyevi təbrik etmiş Ukraynadan gedir, axı. O Ukraynadan ki, otuz il ərzində daim Qarabağın Azərbaycan ərazisi olduğunu iddia etmişdir. Gürcüstan rəhbərliyindən nümunə götürün və böyük problemlərə burnunuzu soxmayın”.
Yeri gəlmişkən, Ermənistan Milli Məclisinin müxalifətçi fraksiyasından olan deputatı Artur Xaçatryan da fevralın 26-da bəyan edib ki, İrəvan rəhbərliyinin NATO-nun “əlinə oynaması” və KTMT ilə münasibətlərin dondurulması Ermənistanı meydanda tək qoyacaq. Deputat bu fikirlərini Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvana gözlənilən səfəri barədə danışarkən deyib. Müxalif siyasətçi Nikol Paşinyanı öz xalqına xəyanətdə ittiham etməkdən də çəkinməyib: “Mən istisna etmirəm ki, İlham Əliyev, Volodimir Zelenski və Nikol Paşinyan Qarabağ məsələsində tamamilə həmrəydirlər”.
Yəni, Nikol Paşinyan təkcə hərdəmxəyallığı, bu gün dediyini sabah təkzib etməsi, Şuşada şərab içib yatması, yerli-yersiz rəqsləri ilə deyil, həm də başı girməyən yerə bədənini də dürtmək cəhdləri ilə xalqının da gözündən düşür, dünya ictimaiyyətinin də. Ermənilər haqlı olaraq ondan soruşurlar: “Sənin Münxendə şadyanalıqla “İlham Əliyevlə danışdıq, Azərbaycan bizə hücum etməyəcək!”– deməyinlə, həmin gün axşamüstü Parisdən silah istəməyini necə anlamaq olar?”.
Yazıq Nikol, indi qalıb od ilə su arasında. Azərbaycan haqlıdır, Türkiyə güclüdür, Rusiya göz yaşlarına daha heç inanmır, ABŞ çox uzaqdadır, Fransa isə məkrli, kələkbaz və kəmfürsət. İndi Ermənistanı ya Suriyanın gününə düşmək gözləyir, ya da məhv olub getmək. Amma prezidentlər Heydər Əliyev də, İlham Əliyev də son 30 ildə onlara xilas yolunu dəfələrlə göstərmişdilər: “Dağılmış Paris” o xilasa imkan vermədi ki, vermədi. İndi öz cəzalarını çəkməlidirlər və çəkirlər.
İttifaq MİRZƏBƏYLİ