Su bardağı

post-img

Gənc şair Valeh Qoca sosial şəbəkə hesabında yazır: “30 ildən sonra Kəlbəcərdəki evimizdən tapdığımız anamın su bardağı məni çox duyğulandırdı”.

Bu boyda məhlədən, bu boyda evdən,

Bir səni tapmışam ay su bardağı.

İndi ciyərim yox, ürəyim yanır,

Yoxmu sahibinə pay, su bardağı?!

Yox idin, ovcumu yerinə qoyub,

O qədər dağların çayın içmişəm.

Nə xoş halıma ki, ilk dəfə səndən,

Mən də bu yerlərin suyun içmişəm.

Bu evin gülləri solubdur, amma,

Hələ də üstündə gül yeri qalıb.

Ağzında atamın dodaq izləri,

Qulpunda anamın əl yeri qalıb.

Nə yaxşı sakini oldum yolların,

Nə yaxşı çatıbdır qatarım sənə.

O qədər əlindən su vermisən ki,

Gəl indi gözümdən qaytarım sənə.

Mədəniyyət