Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratyuk növbəti humanitar yardıma görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyevin “X” səhifəsində ölkəmizin Ukraynaya növbəti humanitar yardıma dair məlumata cavab olaraq O.Kondratyuk minnətdarlığını bildirib.
“Biz humanitar yardımın növbəti partiyasına görə Azərbaycana minnətdarıq. Azərbaycan çətin anlarda Ukraynanın enerji potensialını gücləndirməkdə davam edir”, - deyə Ukrayna parlamentinin sədr müavini özünün “X” sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2023-cü il 17 iyul tarixli Sərəncamına uyğun olaraq, ölkəmiz tərəfindən Ukrayna xalqına humanitar yardım göstərilməsi məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarının sonuncu partiyası Ukraynaya yola salınıb.
Energetika Nazirliyinin tədarük etdiyi humanitar yükə 670 min metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 26 transformator və komplekt transformator məntəqəsi daxildir. 25 TIR-dan ibarət yük avtomobili karvanının daşıdığı humanitar məqsədli mallar Ukraynadakı mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpasına dəstək üçün göndərilib.
Xatırladaq ki, ümumi dəyəri 7,6 milyon ABŞ dolları olan humanitar yardımın əvvəlki partiyaları 2023-cü il oktyabrın 30-da, noyabrın 21-də, dekabrın 8-də və bu il yanvarın 11-də Ukraynaya göndərilib. Ümumilikdə bu çərçivədə Ukraynaya 107 TIR-dan ibarət yük avtomobili karvanı ilə 3,3 milyon metrdən çox elektrik kabeli və naqili, həmçinin 72 transformator və komplekt transformator məntəqəsi yola salınıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev