Jozep Borrell və erməni təxribatı

post-img

Əsl məqsəd nədir?

“Ermənistanın mövqeyi nədən ibarətdir, biz bunu başa düşə bilmirik. Sadəcə olaraq bildirmək istəyirəm ki, nə deyirlər. Deyirlər ki, tərəflər güzgü şəklində geri çəkilsin. Amma hara çəkilsin? Bu məsələ ilə bağlı sualı hələ 2021-ci ilin may ayında mənə bəzi həmkarlarım vermişdi. Yadınızdadır, o vaxt sərhəddə müəyyən dəqiqləşmə aparılmışdı və bir telefon zəngi əsnasında dedilər ki, xahiş edirik, siz qayıdasınız. Deyirəm, haraya qayıdaq? Deyirlər ki, haradan gəlmisiniz oraya. Deyirəm, biz Ba­kıdan gəlmişik, Bakıya qayıdaq? Biz 30 il orada olmamışıq. Əgər o sərhəd sərhəd idisə, onda Ermənistan onu sərhəd kimi tanıyaydı, sərhəd nişanlarını qoyaydı. O, axı bu sərhədi tanımırdı. O hesab edirdi ki, onun sərhədi Ağdamdadır. Ona görə biz oraya Bakıdan gəlmişik, biz orada olmamışıq. Ona görə haraya qayıdaq? Deyin haraya qayıdaq, qayıdaq. Bax, mənim o sualıma cavab olmadı”. 

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsin­də səsləndirib. Yazıya nə üçün dövləti­mizin başçısının bildirdikləri ilə başladı­ğımıza aydınlıq gətirəcəyik. Mövzumuz isə Avropa İttifaqının Xarici işlər və təh­lükəsizlik siyasəti üzrə ali nümayəndə­si, son ayların qatı ermənipərəsti Jozep Borrelin fevralın 13-də Brüsseldə Ermə­nistanın xarici işlər naziri Ararat Mirzo­yanla birgə keçirdiyi mətbuat konfran­sında dedikləri barədədir. 

Cənab Borrell, sözün əsl mə­nasında, başını itirib. Ali nü­mayəndənin söylədiklərinin bir adı var – həyasızlıq. Onun dedik­lərindən bu rəyə gələ bilərik ki, ermə­nipərəstliyin səviyyəsi tam haqsız du­rumlarında belə, Ermənistan üçün haqq qondarmağın yüksəklik faizi ilə ölçülür. Deməli, cənab Borrell özü ilə fəxr edə bilər. Çünki, hazırda onun “səviyyəsinə” kimsə, daha doğrusu, hansısa digər er­məni sevdalısı çata bilmir... 

Əlqərəz, Aİ-nin ali nümayəndəsi Azərbaycan – Ermənistan sərhədində yaşanmış qanlı insidentə münasibət bil­dirib. O, deyib ki, Ermənistan tərəfinin birinci atəş açması, təəssüf doğursa da, Azərbaycan qeyri-proporsional reaksi­ya verib. Sən demə, sərhəddəki erməni komandanlığını, atəş açan əsgərlə bə­rabər çağırmalı və tənbeh etməli imişik. Yadımızda qalsın, gələn dəfə atəşkəs pozulanda, Jozep müəllimin dediyi tərz­də davranaq. Hələ bir az da dərinə ge­dək – atəş açan əsgərin valideynlərini çağıraq, ona etirazımızı bildirək. Daha yaxşı olar ki, Borrell özü də gəlib həmin əsgəri danlasın, ailə üzvlərinə iradını çatdırsın. Bir sözlə, əsl sülhyaratma missiyası həyata keçsin. Beləcə “şıltaq erməni əsgərlərini” yola verək, “cavan­dırlar” deyib səhvlərini bağışlayaq. Çox güman, Aİ-nin ali nümayəndəsinin pro­porsional və adekvat reaksiya məntiqin­də məhz bunlar yer alır. 

Amma, xeyr, J.Borrell o qə­dər də sadəlövh deyil. Onun bildirdiyi fikir Ermənistanı müdafiə məqsədi güdən davranışın, daha doğrusu, çoxgedişli davranış­lar sisteminin yalnız kiçik elementidir. Aİ rəsmisinin “düşüncə arsenalında” belə elementlərin həddən artıq çoxluğu şübhəsizdir. Onun haqqında söz açdı­ğımız həyasızlığı da elə bundan ibarət­dir. Amma, gərək, cənab Borrell erməni əsgərinin açdığı atəşə görə təəssüflən­məyəydi. Çünki təəssüf hissi həyasızlı­ğa, ali nümayəndənin təbirincə desək, qeyri-proporsionaldır. Nə isə...

Bəli, J.Borrellin həyasızlığı istə­nilən situasiyada Ermənista­na haqq qazandırmaq təbiə­tinə malikdir və bu baxımdan daha bir məqam var. Azərbaycanı qınamaq yolu tutan ali nümayəndə, eyni zamanda, deyib ki, rəsmi Bakı Ermənistanın Mü­dafiə Nazirliyinin baş vermiş insidentin tam araşdırılacağı ilə bağlı bəyanatına məhəl qoymayıb. İlk baxışdan, cənab Borrelin nə demək istədiyi anlaşılmaz­dır. Təsəvvür edin, Azərbaycan sərhədçilərinə atəş açılır, hərbçilərimiz cavab vermir və gözləyirlər ki, Ermənistanın Müdafiə Nazirliyi məsələyə münasibət bildirsin. Bu mümkündürmü? Əlbəttə, yox! Görünür, Borrelin ermənipərəstliyi bütün mümkünsüzləri mümkün qiyafə­sində sırıyacaq qədər güclüdür...

Ermənistan tərəfindən atəş açılıb, bir hərbçimiz yaralanıb, Azərbaycan tərəfinin cavab atəşi nəticəsində dörd erməni hərbçisi cəhənnəmə vasil olub. Ermənistanın Müdafiə Nazirliyi açıq­lamanı insident böyüdüyü üçün yayıb. İndi düşünək ki, Azərbaycan hərbçiləri əks tədbir görmürlər.

Sual yaranır: o halda qarşı tərəf məsələyə münasibət bildirə­cəkdimi? Qətiyyən yox! Əksinə, erməni hərbçiləri düşünəcəkdilər ki, cavab yoxdursa, deməli, belə hərəkətləri gələcəkdə də davam etdirmək mümkündür. Cəzasız­lığın hansı nəticələr doğurdu­ğunu çox görmüşük. 44 günlük müharibəyədək nəinki Borrrellin təmsil olunduğu qurum, həmçi­nin, dünyanın özünü mütərəqqi sayan təşkilatları bizə təxminən belə deyiblər: sakit qalın, cavab verməyin... Azərbaycan sərt si­yasi ritorikaya üstünlük verəndə isə münaqişənin hərbi həll yolu­nun mümkünsüzlüyündən dəm vurublar. 

Göründüyü kimi, onların söy­lədikləri düz çıxmadı. Çünki Er­mənistanın anladığı gücün dilidir. O zaman keçək Borrelin açıqla­masının məğzinə. Əslində, bu məğz sərhəddə yaşanmış hərbi insidentin əsl məqsədinin müəy­yənləşdirilməsi baxımından son dərəcə vacibdir. 

***

Fikrimizə aydınlıq gətirmək üçün üzərində dayanacağımız başlıca məqam Azərbaycan Prezidentinin əvvəldə diqqətə çatdırdığımız fikirləridir. Onu da deyək ki, İrəvan rəsmiləri bütün beynəlxalq platformalarda Azər­baycanın Ermənistan ərazilərini işğal etdiyinə dair cəfəngiyyat tirajlamaqda, ölkəmizi təcavüz­kar kimi göstərməkdədirlər. Hal­buki, Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyənləş­məyib. Yəni, demək olmaz ki, ölkəmiz dövlət sərhədini pozub. Həm də, ona görə demək ol­maz ki, otuz ilə yaxın müddətdə Ermənistan üçün Azərbaycanla sərhəd dövlətimizin başçısının bildirdiyi kimi, Ağdamda olub. Ağdamda, Füzulidə və Tərtərdə. Yəni, işğal edilmiş torpaqlarımız­da. Ermənistanın havadarları isə illərlə çalışıblar ki, bu anlayış beyinlərdə möhkəmlənsin. Ona görə də torpaq itkimizlə bağlı status-kvonun qorunmasına ça­lışıblar. 

Azərbaycan Prezidentinin diqqətə çatdırdığımız fikirlərin­dən, eləcə də mövzu ilə bağlı müxtəlif vaxtlarda bildirdiklə­rindən gəlinən qənaət isə həm də budur ki, hazırda sərhədlər məsələsi sülh müqaviləsinin tər­kib hissəsi kimi nəzərdən keçiri­lir. Ölkəmizin lideri yanvarın 10-dakı müsahibəsində sərhədlərin hansı prinsiplər əsasında müəy­yənləşməsinin vacibliyinə izahat verib. Belə görünür, cənab İlham Əliyevin, ümumən, Azərbaycan dövlətininin ədalətli mövqeyi Er­mənistanı və havadarlarını qane etmir. O cümlədən, J.Borreli də. Deməli, bu iki qütb hərəkətə ke­çib. Necə? Əlbəttə ki, şərti sər­həddə, yəni, qoşunların təmas xəttində gərginlik yaratmaqla. 

Diqqət yetirək, görək, Aİ-nin ali nümayəndəsi başqa nələri de­yib: “Bu (sərhəd insidenti - red), bir daha qüvvələrin təcili çıxarıl­masının (geri çəkilməsinin - red) zəruriliyindən xəbər verir. Avropa İttifaqının suverenliyin, ərazi bü­tövlüyünün və sərhədlərinin toxu­nulmazlığının tanınması prinsip­ləri əsasında uzunmüddətli və sabit sülhün bərqərar edilməsinə sadiqliyini bir daha təsdiq etməyi zəruri hesab edirəm”. 

Bəli, ayının min oyunu bir ar­mudun başındadır. Ermənistan qəsdən sərhəddə gərginlik yara­dır ki, Azərbaycanın Ermənistan ərazisinə, guya, təcavüz reallaş­dırdığına dair özünün yaramaz məntiqini beynəlxalq ictimai rəyə sırısın. Axı, həmin A.Mirzoyan ötən ilin sonunda qoşunların güzgü şəklində geri çəkilməsi təklifi ilə çıxış etmiş və məsələ­ni sülh gündəliyinin komponenti kimi vurğulamışdı. Yəni, hazırda J.Borrell erməni XİN rəhbərinin timsalında rəsmi İrəvanın aktiv təbliğatçısı rolundadır. O zaman Prezident İlham Əliyevin yanva­rın 10-dakı müsahibədə səslən­dirdiyi bir fikri də diqqətə çatdı­raq: “Ona görə, əlbəttə ki, biz heç yerə qayıdan deyilik. Nə 2021-ci ilin may ayındakı mövqelərdən, nə də 2022-ci ilin sentyabr ayın­dakı mövqelərdən biz bir addım geri gedən deyilik, çünki o sərhəd müəyyən edilməlidir. Ancaq bizim indi Ermənistan tərəfindən müba­hisə edilən yerləşməyimiz heç bir yaşayış məntəqəsini əhatə etmir. Bizim durduğumuz mövqelər­də, təpələrdə heç vaxt yaşayış olmayıb. Ermənistan isə bu gün bizim kəndlərimizi işğal etməkdə davam edir və bu, dözülməzdir”.

Deməli, Azərbaycan möv- qelərdən geri çəkilməyəcək. Eyni zamanda, Ermənistan Azər­baycan üçün dözülməz olan du­rumu əbədiyyətə daşımağa çalı­şır. Sərhəd təxribatının daha bir məqsədi budur. İrəvan və onun xaricdəki havadarları çalışırlar ki, öz reallıqlarını diktə edib ölkəmizi haqlı mövqeyindən daşındırsın­lar. Habelə, istəklərinə bölgədəki durumu daha da gərginləşdirmək yolu ilə nail olmağı düşünürlər. Gərginlikdən söz düşmüşkən, hazırda bu baxımdan əsas “rol” Aİ-nin Azərbaycan-Ermənistan şərti sərhədinin Ermənistan tərə­fində lövbər salmış mülki müşa­hidə missiyasına məxsusdur. O missiyaya ki, tərkibində fransız jandarmları və pensiyada olan alman polisləri yer alır. O missi­ya ki, Ermənistan hərbçiləri on­lara güvənib Azərbaycan tərəfini atəşə tuturlar. Hesab edirlər ki, avropalı müşahidəçilərin arxa­sında gizlənmək fayda gətirəcək, ölkəmiz beynəlxalq reaksiyalar­dan çəkinib cavab tədbirləri gör­məyəcək. Halbuki, belə deyil və Azərbaycan Prezidenti bu barə­də də mövqeyini açıqlayıb. Döv­lətimizin başçısı tam əmin tərzdə vurğulayıb ki, Ermənistan hərb­çiləri tərəfindən törədiləcək təxri­bat əməli layiqli cavabını alacaq. Hazırda Borrell ağzına gələni həmin cavab tədbirinin qətiyyətli alınmasına görə danışır. 

Bəli, Azərbaycan sərhədçilə­rinin qətiyyətinə görədir ki, Aİ-nin ali nümayəndəsi başını itirib. Bu­nunla belə, o, nəticə çıxarmaq istəmir, A.Mirzoyanla birgə ke­çirdiyi mətbuat konfransında Aİ-nin Ermənistandakı missiyasının yenilənməsindən söz açır, müşa­hidəçilərin tərkibinin artırıldığını vurğulayır. Ən əsası isə deyir ki, missiya üzvləri Bakı – İrəvan mü­nasibətlərinin normallaşdırılması səylərini dəstəkləyən mühitin ya­radılmasına kömək göstərməyə davam edəcəklər. Bir halda ki, Ermənistan hərbçiləri müşahi­dəçilərin gözlərinin önündə qarşı tərəfə atəş açır, bu qənaət hasil olur ki, Borrelin “münasibətlə­rinin normallaşdırılması səylə­rini dəstəkləyən mühit” məntiqi missiya üzvlərinin erməni ordu birləşmələri tərkibində Azərbay­cana qarşı döyüşmələridir. Aİ təmsilçisinin ölkəmizə yönələn qərəzi o qədər böyükdür ki, başqa cür düşünmək, sadəcə, mümkün deyil.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət