Yeni tarixin ilk səhifəsi: seçki və quruculuğun strateji məqamları

post-img

Özünün missiyasına sönməz inamı olan lider tarixin gedişini dəyişə bilər.

Mahatma Qandi

I məqalə

Ulu öndər öyrədirdi ki, tarix həmişə hər şeyi öz yerinə qoyur. Ola bilər ki, bu ümumdünya qaydasına kimlərsə əngəl törətməyə, şər-böhtan atmağa çalışsın, lakin sonucda ədalət qalib gəlir. Azərbaycan artıq 20 ildir ki, ədalətin əsas yer tutduğu məkandır və buna görə də qalibiyyət diyarıdır. Bu qələbələrin memarı və birbaşa yaradıcısı isə Prezident İlham Əliyevdir.

2024-cü il fevralın 7-də bütün Azərbaycanda seçki coşqusu və dünya mediasında da Azərbaycan coşqusu vardı. İnsanlar seçki məntəqələrinə çöhrələrində sevinc, əminlik və qalib xalqın təmsilçisi kimi gedirdilər. Bu tarixi mənzərənin siyasi, ideoloji, geosiyasi və mənəvi mənaları çox böyük və zəngindir. 

Absenteizmə “yox”, fəallığa “hə”: İlham Əliyevin siyasi inqilabının bir aspekti 

Siyasi termin kimi “absenteizm” (lat. absens, absentis – “olmayan”) seçicinin səsvermədən yayınmasını, siyasi proseslərə laqeydliyini, dövləti hadisələrə passiv münasibətini, hər hansı siyasi fəallıqdan qaçmasını ifadə edir. Yəni, vətəndaş elektoral funksiyasını yerinə yetirməyə maraqlı olmur, ona bir motivasiya tapa bilmir. 

Aydındır ki, bu hal özündə ən azı üç mühüm faktoru ehtiva edir. Birincisi, ölkə miqyasında aparılan siyasət vətəndaşı qane etmir, ikincisi, vətəndaş öz liderinə inanmır və güvənmir, üçüncüsü, vətəndaş özünü cəmiyyətdən təcrid olunmuş, ona yadlaşmış kimi hiss edir. Bu üç faktor bir yerdə, bütövlükdə, sosial mühitdə çox təhlükəli siyasi-psixoloji və ideoloji durum yaradır. Yekunda dövlətçilik və cəmiyyətin gücü ciddi zərər görür. Eyni zamanda, toplum kənar təsirlərə immuniteti zəif halda reaksiya verir. Cəmiyyətin dayanıqlı birləşməsi potensialı minimuma enir. Bu cür cəmiyyətləri asanlıqla kənar təsirlər altına salıb, insanları öz dövlətinə qarşı çıxarmaq imkanı yaranır. 

Deməli, absenteist əhval-ruhiyyə faktiki olaraq dövlətçilik və milli maraqlar üçün bir neçə aspektdə təhlükəyə çevrilir. Onlar cəmiyyətin azad qərarlar qəbul edən güclü toplum olmasına, dövlətin müstəqilliyinə, iqtidar-xalq münasibətlərinin dayanıqsız olmasına və vətəndaşların öz liderinə inam və güvəninin sarsılmasına aparıb çılxara bilir. Bu məsələlər xüsusilə cəmiyyət yeni bir mərhələyə keçid dövründə olanda daha da həssaslaşır. 

7 fevral seçkilərinin tarixi, siyasi, ideoloji, dövləti, demokratik və milli əhəmiyyətini dərindən dərk edənlər üçün yuxarıdakı faktorlar strateji mahiyyət daşıyırdı. Buna görə də dünyanın müxtəlif dairələri Azərbaycanı tarixi bir sınaqdan keçən dövlət və cəmiyyət olaraq izləyirdilər. Onları İlham Əliyevin son 20 ildə cəmiyyətin fərdlərini, bütövlükdə, kollektiv şüuru və dövlətçilik ideyasını necə yeniləşdirdiyi maraqlandırırdı. Qısa desək, tarixi sınaq siyasi təfəkkürün çox dərinliklərində və güzəştsiz şərtlər daxilində aparılan mübarizənin fonunda konkret məzmun almışdı! Bütün bunlara seçkinin gedişi və nəticələrinə görə Azərbaycan xalqının cavabı qəti, birmənalı və əminliklə oldu: Azərbaycan seçicisi fəaldır, cəmiyyətdə və dövlətdə gedən proseslərə həssasdır, dövlətçiliyin keşiyindədir, milli qürur və ləyaqətini bundan sonra da yüksək tutacaqdır, öz liderinə böyük inamı vardır və ona güvəni sonsuzdur! 

Müasir mərhələdə müstəqil dövlətlərin cəmiyyətdə bu cür vəziyyət yarada bilməsi liderin ciddi siyasi dönüş etməsi kimi qəbul olunur. Çünki xüsusilə sovetlər kimi totalitar bir rejimdən çıxmış toplumlarda vətəndaşın siyasi proseslərə laqeydliyi çox olur. Təcrübə göstərir ki, postsovet məkanı ölkələrində elektoratı həmin absenteist haldan xilas etmək olduqca mürəkkəb bir işdir. Bunun üçün dövlət başçısı və liderin şəxsi nümunə göstərməsi və dövlət üçün konkret müsbət iş görməsi tələb olunur. İnsanlar konkret əməldə, davranışda və əldə olunan nəticələrdə özlərinə inamı, liderə güvəni və gələcəyə əminliyi yarada bilərlər! 

Postsovet coğrafiyasında İlham Əliyev elə uğurlar qazandı ki, Avrasiya məkanında bənzəri yoxdur. 30 illik işğala tamamilə son qoydu, ölkəni hərtərəfli inkişaf etdirdi, total islahatlar apardı, idarəetmənin institusional aspektini təkmilləşdirdi. Azərbaycanda güclü birliyi olan multikultural cəmiyyət yaratdı. Bütün ölkə ərazisində suverenliyi tam təmin etdi! 

Bunlar Azərbaycan cəmiyyətində birmənalı olaraq absenteizmə “yox”, siyasi fəallığa isə “bəli” cavabını yaratdı! Beləliklə, seçki günü Azərbaycan seçicisi öz davranışı ilə çoxmənalı siyasi mesajlar verdi. Onların işığında bir neçə məqama da diqqət yetirək. 

İnklüziv legitimlik: Azərbaycan Avrasiyada ilk nümunədir

Bu tezis seçkinin rəqəmlərdə ifadə olunan say göstərcilərinin semantik və mahiyyət izahından formalaşır. Prezidentliyə namizədlərdən olan İlham Əliyev 92,05 faiz səslə qalib gəldi. Digərləri toplam olaraq 7, 95 faiz səs toplamış olur. Onları da hər fərdə bölsək, təqribən, 1 faiz olur. Bu, o deməkdir ki, İlham Əliyevə rəqib ola biləcək namizəd olmamışdır. Yəni cəmiyyətdə indiki Prezidentin nüfuzu o dərəcədə yüksəkdir ki, seçicinin ictimai, siyasi və ideoloji mövqeyini tam olaraq müəyyən edir. Siyasi aspektdə bu hadisənin izahı ondan ibarətdir ki, İlham Əliyevə cəmiyyətin mütləq əksəriyyəti inanır, ona güvənir və qəbul edir. Seçki konktestində isə bu cür durum İlham Əliyevin “inklüziv legitim”liyə nail olduğunu ifadə edir. 

“İnklüziv legitimlik” cəmiyyətin bütün kəsimlərinin liderin hüquqiliyini və qanuniliyini qəbul etməsi deməkdir. Deməli, İlham Əliyev hazırda Azərbaycan cəmiyyətinin inklüziv lideridir! Buna kimsə şəkk-şübhə edə bilməz. Bu aspektdə beynəlxalq səviyyədə Azərbaycana qarşı qərəzli olan və ona dost olmaq istəməyən dairələr belə arqumentsizdirlər! 

Onu vurğulayaq ki, Avrasiyada bu vəziyyət hələlik yalnız Azərbaycanda mövcuddur. Digər postsovet respublikaları və Avropa dövlətlərində vəziyyət fərqlidir. Orada cəmiyyətin legitimlik məsələsində parçalanması artıq çoxdandır ki, daha dərinlərə işləyir. Təsadüfi deyildir ki, həmin dövlətlərdə dövlət başçısının və partiya liderinin dəyişməsi ilə sosial-siyasi əhval-ruhiyyə də dəyişir. Hətta ABŞ-da da vəziyyət bu cürdür. Məsələn, D.Tramp dövründə demokratlar legitimliyi qəbul etmirdilər və müxtəlif ittihamlar irəli sürürdülər, indi C.Baydenin demokrat kimi inklüziv legitimliyi respublikaçılar tərəfindən qəbul edilmir və ciddi savaş gedir. 

Fransada E.Makronun legitimliyi ona qarşı olan kütləvi etiraz aksiyaları prizmasında şübhəli görünür və bu anlamda onun inklüziv legitimliyindən danışmaq mümkün deyildir. Almaniyada A.Merkelə ciddi müxalifət yaranmışdır və indiki hakimiyyətə qarşı olan sosial kəsimlər mövcuddur. Başqa misallar da göstərmək olar. İlham Əliyevin legitimliyini isə Azərbaycan cəmiyyətinin bütün sosial kəsimləri və siyasi mühiti qəbul edir!

Liderə inam və güvən: gələcəyə olan ümidlərin işığında

Azərbaycan seçicisi lideri İlham Əliyevə tam inamını və həyata keçirdiyi layihələrə güvənini açıq ifadə etdi. Bu, seçkidən sonra İlham Əliyevin qələbəsini coşqu ilə qeyd edən on minlərlə Azərbaycan vətəndaşının davranışları və sözləri təsdiq edir. Seçkiyə qədər vətəndaşlar Prezidentin gördüyü işlərə inanırdılar. Bu əsasda güvənləri də tam idi! 

Bununla yanaşı, seçki prosesi, nəticələri və onlara vətəndaşın reaksiyası çox mühüm hadisədir! Azərbaycan vətəndaşı bayraqla, “Qalib xalqın Qalib lideri” şüarı ilə küçələrdə, meydanlarda öz sevincini, emosional coşqusunu bölüşdüsə, bu, o deməkdir ki, İlham Əliyevə elə inanır və elə güvənir ki, bu yolda hər cür fədakarlığa hazırdır! Azərbaycan vətəndaşı nümayiş etdirdi ki, Ulu öndər dediyi mənada azərbaycanlı olması ilə fəxr edir! Bu fəxarət duyğusunun sintezində liderə inam və güvən formalaşmışdır. Onun oyatdığı duyğulardan biri də gələcəyə olan ümiddir! 

Gələcəyə olan ümid dövlətçilik və cəmiyyətin birliyi baxımından çox vacib faktordur. Çünki gələcəkdə toplumun kollektiv fəaliyyətinin məzmun və mahiyyəti indiki dövrdə formalaşmağa başlayır. Əgər bundan sonrakı müddətə insanlar ümidlə baxırlarsa, bu, bəri başdan psixoloji natamamlıq kompleksinin aradan qaldırıldığı əlaməti deməkdir! 

İndi bütün cəmiyyət qalib liderin bundan sonra da yeni zirvələr fəth edəcəyinə tam əmindir. Bu prosesin asan olmayacağı aydındır. Lakin qarşıya qoyulan istiqamətlərin möhtəşəmliyi, dövləti əhəmiyyəti, inkişaf potensialı və yeniliyi bütövlükdə toplumu motivasiya edir. Prezident bu istiqamətləri ümumi şəkildə artıq ifadə etmişdir. 

Sinqulyarlıq mərhələsinin fəthi: İlham Əliyevin intellektual, mədəni və informasiya həmləsi!

Prezident İlham Əliyev yeni tarixi mərhələnin əsas vəzifələrinin konkret müddəaları ilə faktiki olaraq seçkiyə getmişdir. Azərbaycan liderinin müəyyən etdiyi əsas hədəflər yeni tarixi mərhələnin məqsədi, məramı və strateji hədəflərini aydınlaşdırır və hər kəsi bu istiqamətdə fəaliyyətə cəlb edir. Bura hər bir vətəndaşın rifahının davamlı yaxşılaşdırılması, insan hüquq və azadlıqlarının təmin edilməsi, qabaqcıl elmə və yüksək texnologiyalara əsaslanan dayanıqlı iqtisadi artım, sürətli və dayanıqlı inkişaf edən biliktutumlu iqtisadiyyatın gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, milli maraqlara söykənən müstəqil xarici siyasət, müasir, milli köklərə bağlı, vətənpərvər gəncliyin inkişafı, demokratik inkişaf, insan hüquq və azadlıqlarının təmin edilməsi daxildir.

Müəyyən edilən istiqamətlərin mahiyyətindən görünür ki, Prezident, faktiki olaraq, müasir cəmiyyətin bütün sferalarını əhatə edən inkişaf istiqamətlərini və onları reallaşdırma şərtlərini müəyyənləşdirmişdir. Bu istiqamətlərdə cəmiyyətin sosial, mədəni, siyasi, iqtisadi, texnoloji, informasiya, mənəvi-əxlaqi, mədəni, ideoloji, geosiyasi, təhlükəsizlik, cəmiyyətin və dövlətin gücləndirilməsi kimi məqamlar ciddi surətdə yer almışdır. Həmin istiqamətlər sintez halında Azərbaycanı dövlət və cəmiyyət olaraq keyfiyyətcə yeni yüksək mərhələyə çıxarmalıdır. Elə bir səviyyəyə ki, alimlərin “sinqulyar keçid” adlandırdıqları tarixi mərhələdə Azərbaycan uğurlu dövlət olsun! 

“Sinqulyarlıq” latıncadan tərcümədə “yeganə”, “xüsusi” anlamını verir. Bu termin hazırda müxtəlif sferalar üzrə fərqli anlamlarda işlənilir. Məsələn, fəlsəfədə sinqulyarlıq hadisənin vahidliyini, təkrarolunmazlığını, yeganəliyini ifadə edir. Riyazi sinqulyarlıq elə nöqtədir ki, riyazi funksiyası qeyri-requlyar davranışla xarakterizə olunur. Bunlarla yanaşı, geosiyasi sinqulyarlıq”, “siyasi sinqulyarlıq”, “sivilizasion sinqulyarlıq” “mədəni sinqulyarlıq”, “antropoloji sinqulyarlıq”, “texnoloji sinqulyarlıq” kimi ifadələr işlənilir. Bunlar, ümumiyyətlə, sinqulyarlığın özəl sferalara tətbiqi ilə əlaqəlidir. 

Dövlətin inkişafı kontekstində isə sinqulyarlığın konkret sahə üzrə məzmun detallarına deyil, bütövlükdə, bu anlayışa xas olan ümumi anlama önəm verilir. Bu baxımdan dövlət quruculuğu və cəmiyyətin inkişafı üçün sinqulyarlığın elə bir mərhələ olması anlamı üstünlük təşkil edir ki, həmin mərhələni siyasi, geosiyasi, iqtisadi, informasiya, texnoloji, idarəetmə, təhlükəsizlik və s. baxımından indi mövcud  meyarlar prizmasında dərk etmək mümkün olmur. 

Bu mənada, “siyasi və dövləti sinqulyarlıq” hazırda mövcud olandan ciddi keyfiyyət və funksional fərqləri olan bir vəziyyətdir. Məsələn, “texnoloji sinqulyarlıq elə bir hipotetik məqamdır ki, orada texnoloji tərəqqini indiki dərketmə meyarları ilə anlamaq imkansız olur. Alimlər bunun səbəbini texnoloji yeniliklərin çox sürətli və mürəkkəb xarakter alacağı ilə izah edirlər. Məsələn, hələ 1965-ci ildə İrvinq Qud (ingilis riyaziyyatçısı) texnologiyaların inkişafında maşınların özlərinin maşın istehsal edəcəyi mərhələsinin gələcəyini yazırdı. Bu mərhələdə süni intellekt yaradıcı potensialına görə insanların imkanlarını üstələyəcək. Bu zaman hansısa “intellektual partlayış” baş verə bilər.

Sinqulyarlığın detallarına getməyək. Lakin anlayırıq ki, bütün bəşəriyyətin bu cür ciddi keyfiyyət dəyişiklərinin olacağına inamın yarandığı bir mərhələdə müstəqil dövləti davamlı inkişaf kursu üzrə tərəqqi etdirmək olduqca çətin, mürəkkəb və yüksək strateji zəka tələb edən prosesdir. Buna yeni liderlik fəlsəfəsi və yeni lider lazımdır! İlham Əliyevin seçki platforması və qarşıya qoyduğu yeni tarixi mərhələnin başlıca özəllikləri göstərir ki, Azərbaycan lideri həmin vəzifənin öhdəsindən uğurla gəlmək üçün ciddi intellektual, mədəni və informasiya həmləsi hazırlamışdır! Bunun mahiyyəti nədən ibarətdir?

(ardı var)

Füzuli Qurbanov, 
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

 

Siyasət