Ermənistan konstitusiyasının dəyişdirilməsi zərurətdir

post-img

Paşa ƏMİRCANOV
[email protected]

Belə görünür ki, Ermənistanda Azərbaycan tərə­findən səsləndirilən hər hansı təklif o dəqiqə bomba effekti yaradır. Son vaxtlar bizim politoloqlar, siyasət adamları belə bir fikir ortaya atıblar ki, Ermənistan konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları olduğundan İrəvan ana yasasına əl gəzdirməli, dəyişiklik etməldir. Bu fikir erməni cə­miyyətini silkələyib. Məsələyə artıq ölkə parlamen­tinin spikeri Alen Simonyan da münasibət bildirməli olub. 

Ermənistan mil­li assambleyasının sədri də konstitusi­yanın dəyişdirilmə­sinin zəruri olduğu­nu bəyan edib. O, dünən Çexiya De­putatlar Palatasının sədri Marketa Pe­karova Adamova ilə birgə mətbuat kon­fransında bildirib: “Biz Ermənistanın hara getdiyini, han­sı məqsədlər güddüyünü və niyə mövcud olduğunu başa düşməliyik. Ona görəmi ki, biz böyük və kiçik ta­rixi Ermənistanı bərpa etmişik, yaxud bu, müstəqillik əldə etdiyimiz 21 sentyabra aiddir, yoxsa təhlükəsiz və firavan yaşamalı olan Hayastan vətəndaşlarına aiddir?”

Həmişəki kimi, ikibaşlı, dolaşıq və nəhayət, bir qədər ermənisayağı danışan Simonyan əlavə edib ki, bəzi məsələlər Ermənistan Respublikasının qa­nunvericiliyində aydın şəkildə əks olunmayıb: “Ermə­nistan amorf bir şey ola bilməz, bu məsələdə bizimlə heç kim mübahisə edə bilməz. Ermənistan Respub­likasının vətəndaşı bilməlidir ki, vətəni haradan baş­layır və harada bitir... Bəli, Ermənistan dağları mə­nim vətənimdir, beşiyimdir, amma mənim Ermənistan Respublikası adlı dövlətim var. 1991-ci ildə konkret sərhədləri ilə müstəqil olmuş, hamımızın vətəndaşı olduğumuz Ermənistan var və bu, bütün sənədlərdə aydın şəkildə əksini tapmalıdır”.

Bütün bu, nağıllardan sonra erməni parlamentinin sədrinə belə bir konkret sual ünvanlanır: “Konstitu­siyanın dəyişdirilməsi Azərbaycanın tələbidir, yoxsa danışıqlarla bağlıdır”. Simonyan belə cavab verib: “Mən sizi çağırıram və vurğulamaq istəyirəm ki, gələ­cəkdə Ermənistan rəsmilərinə oxşar sual verəndə bi­lin ki, eyni sual olacaq. Azərbaycan Konstitusiyasında və hüquqi aktlarında da əksini tapmalı olan müddəa­lar var”.

Əslində, bu, təzə məsələ deyil. Hələ 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti “Ermənis­tan SSR və Dağlıq Qarabağın birləşməsi haqqında” qərar qəbul edib. İşğalçı mahiyyət daşıyan bu qərar hazırda da qüvvədə olan Ermənistan konstitusiyasın­da qalmaqdadır. Belə şəraitdə Ermənistan hakimiy­yətinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını elan etməsi bu ölkədə rəsmi olaraq anti-konstitusion hesab edilə bilər. Bu ölkənin konstitusiyasında Tür­kiyəyə qarşı da ərazi iddiaları öz əksini tapıb. Hazırkı baş nazir Nikol Paşinyan Azərbaycanın ərazi bütöv­lüyünü tanıdığını rəsmi şəkildə elan edəndən sonra Ermənistanda belə bir fikir yenidən gündəmə gəlib ki, Ermənistan konstitusiyası, qanunvericiliyi və bütün digər sənədlər dəyişdirilməlidir. 1991-ci ildən sonrakı respublika artıq iflas edib. Ona görə də dördüncü res­publika yaradılmalıdır.

Baş nazir N.Paşinyan da parlamentdəki çıxışla­rından birində ölkəsinin gerbini və himnini dəyişmək barədə danışmışdı: “Gerbimiz psixologiyamızı güclü şəkildə əks etdirir. Orada nə göstərilir? Ağrı dağında Nuhun gəmisi və Ermənistanın dörd çarlığının sim­volları. Hamımız üçün müqəddəs olan bu obrazın 1991-ci ildə qurulan dövlətə nə dəxli var? Mərkəzə baxanda Ağrı dağında Nuhun gəmisini və indiki Er­mənistan Respublikasının su altında qalan ərazisini görmək olar. Orada uzun müddət Ermənistanın təbii şəraitində yaşamayan şiri də görmək mümkündür. Müzakirə etdiyimiz bu problem, əslində, bizim hər bi­rimizdə mövcud olan ikitirəlikdə – tarixi Ermənistanla real Ermənistan arasındadır. Nə qədər emosional və hansı arqumentlərlə əsaslandırılmasından asılı olma­yaraq, sual yaranır: həqiqi Ermənistan tarixi Ermə­nistana, yoxsa tarixi Ermənistan həqiqi Ermənistana xidmət etməlidir?” Zənnimizcə, şərhə ehtiyac yoxdur. 

Azərbaycan ictimaiyyəti, xüsusən siyasi şərhçilə­rimiz də son vaxtlar Ermənistan qanunvericiliyinin də­yişdirilməsi fikrini dəstəkləyirlər. Bildirirlər ki, əgər Er­mənistan, həqiqətən də, qonşuları ilə normal əlaqələr qurmaq istəyirsə, onların qanunvericiliyində ərazi id­diaları ilə bağlı olan maddələr çıxarılmalıdır. Çünki bir tərəfdən, Paşinyan sülh müqaviləsinə imza atmalıdır və burada Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyü əks olunacaq. Digər tərəfdən, sülh müqaviləsinin tezliklə imzalanması ilə bağlı tələblər var. Deməli, hüquqi problemlərin yaranmaması üçün konstitusiya dəyişməlidir.

Azərbaycanın son illərdəki tarixi qələbələrindən və özünün ərazi bütövlüyünü tam bərpa etməsindən sonra isə bu ölkənin konstitusiyasında “Ermənistan Dağlıq Qarabağın təminatçısıdır” ifadəsi saxlanıla bil­məz. Eyni zamanda, Ermənistan son illərdəki biabırçı məğlubiyyətlər seriyasından sonra bir sıra iddiaların­dan geri çəkilməlidir. Bu barədə Azərbaycan Prezi­denti, Ali Baş Komandan İlham Əliyev çıxışlarından birində deyib: "Bundan sonra Ermənistan cəmiyyətin­də real vəziyyətin düzgün təhlili getməlidir. Artıq mifo­logiyadan əl çəkməlidirlər. Böyük Ermənistan xülya­sından əl çəkməlidirlər. Dənizdən-dənizə qədər mifik Ermənistan xülyasından əl çəkməlidirlər. Azərbayca­na və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkmə­lidirlər və əl çəkəcəklər. Bunun başqa yolu yoxdur".

Demək, vaxt yetişib. Ermənistan konstitusiyasının dəyişdirilməsi zərurətdir.

Siyasət