Sərhəddə görüş: problemlər irəliləyişə mane olur

post-img

Ekspertlər komissiyanın dünənki iclasını şərh edirlər

Yanvarın 31-də Azərbaycan–Ermənistan dövlət sərhədinin delimitasiya­sı və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyasının iclası keçi­rilib. Görüş şərti sərhədin Azərbaycanın Qazax rayonu və Ermənistanın Tavuş vilayəti hissəsində baş tutub.

Qeyd edək ki, budəfəki görüş say­ca altıncı idi. İlk iki görüş şərti sərhəddə (Arazdəyən kəndi və Qazax rayonu), ikisi xaricdə (Moskva və Brüssel), so­nuncu görüş isə 2023-cü il noyabrın 30-da indiki formatda, yəni şərti sərhədin Qazax–Tavuş hissəsində keçirilmişdi.

Onu da bildirək ki, Azərbaycan Respublikası ilə Ermənistan Res­publikası arasında dövlət sərhədi­nin delimitasiyası üzrə Dövlət Ko­missiyası Prezident İlham Əliyevin 2022-ci il mayın 23-də imzaladığı sərəncamla yaradılıb. Azərbay­can tərəfdən komissiyanın sədri Baş nazirin müavini Şahin Musta­fayevdir. Ermənistan tərəfdən isə komissiyayaya baş nazirin müavini Mher Qriqoryan rəhbərlik edir. Ko­missiyada Naxçıvan Muxtar Res­publikasının baş nazirinin müavini, Azərbaycanın xarici işlər, daxili işlər, ekologiya və təbii sərvətlər, ədliyyə, kənd təsərrüfatı, müdafiə nazirləri­nin müavinləri, Dövlət Təhlükəsiz­liyi Xidməti rəisinin birinci müavini, Dövlət Sərhəd Xidməti rəisinin müa­vini, Xarici Kəşfiyyat Xidməti rəisinin müavini, Meliorasiya və Su Təsərrü­fatı Açıq Səhmdar Cəmiyyəti sədri­nin müavini, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi, Prezident Admi­nistrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor mü­diri, habelə sərhədyanı rayonların – Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubad­lı və Zəngilan rayon icra hakimiy­yətlərinin başçıları təmsil olunurlar. Ermənistan tərəfdən də müvafiq nazirliklərin və dövlət qurumlarının rəhbər şəxsləri komissiyada təmsil olunurlar.

Belə geniş tərkibə malik komissi­yanın iclasları hər iki ölkədə diqqət­lə izlənilir. Əldə ediləcək nəticələr iki ölkə arasında etimad quruculuğu yolunda atılan daha bir addım kimi qiymətləndirilir. Sonuncu görüşdə tərəflər delimitasiya məsələlərinin müzakirəsini davam etdirmiş, bir sıra təşkilati və prosedur məsələlə­ri nəzərdən keçirmişdilər. Görüşün yekunları ilə bağlı ölkəmizin Xarici İşlər Nazirliyinin yaydığı məlumat­da bildirilirdi ki, tərəflər iclasların və birgə işçi görüşlərin təşkili və keçi­rilməsi reqlamentinin mətnini ilkin olaraq razılaşdırıblar. Bildirilmişdi ki, tərəflər komissiyanın birgə fəaliyyəti haqqında əsasnamə layihəsinin ra­zılaşdırılması üzrə işin başlanılması barədə sövdələşib, komissiyaların görüşlərinin keçirilməsinin intensiv­ləşdirilməsinə dair razılığa gəliblər. Həmçinin, tərəflər komissiyaların növbəti görüşünün keçirilməsinin tarixini və yerini işçi qaydada müəy­yən etmək barədə razılaşıblar.

Qeyd edək ki, işçi qaydada ke­çirilən görüşlərdən hələlik hansısa mühüm nəticələr əldə olunduğunu demək tezdir. Bəlkə də müəyyən nəticələr var, amma onların tam mənası ilə açıqlanmasına zaman gərəkdir. Həmçinin komissiyaların iclasları intensiv qaydada keçirilər­sə, il ərzində sərhədlərin delimitasi­yası ilə bağlı hansısa ciddi razılaş­ma əldə etmək mümkün ola bilər.

Görüşlə bağlı fikirlərini “XQ” ilə bölüşən Beynəlxalq Müna­sibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev bil­dirdi ki, komissiyanın işə başlaması faktiki olaraq müsbət haldır. Onun sözlərinə görə, bu, hər halda, iki ölkə arasında danışıqlar prosesinin getməsinin göstəricisidir: “Amma biz məsələyə konseptual yanaşsaq, deməliyik ki, iki ölkə bir-birinin ərazi bütövlüyünü tanımalıdırlar. Bundan sonra delimitasiya aparıla bilər. Ona görə də məsələ yenə sülh sazişinin üzərinə gəlir. Sülh sazişi yoxdursa, iki ölkə bir-birinin ərazi bütövlüyünü tanımırsa, delimitasiyadan danış­maq mümkün deyil”.

Fərid Şəfiyev deyir ki, delimi­tasiya ilə bağlı danışıqlar prosesi davam etdiriləcək. Orada müəyyən texniki məsələlər həll olunacaq: “Komissiya necə işləyəcək, onun protokolları necə hazırlanacaq, pro­sedur qaydalar necə olacaq və sair məsələlərə baxılacaq. Amma sülh sazişi ilə bağlı fundamental prob­lemlər qalmaqdadır. İkincisi isə sər­hədlərin müəyyənləşməsi ilə bağlı xəritə problemi var. Prezident İlham Əliyev yanvarın 10-da yerli televi­ziya kanallarına müsahibəsində bu barədə açıq danışdı. Dövlət başçısı Ermənistanın nə üçün məhz 1970-ci illərin xəritələrini əsas götürmək istədiyini əsaslandırdı. Ona görə də bu iki məsələdə fundamental prob­lemlərimiz var. Əgər bu problemlər gələcəkdə də həll olunmasa, delimi­tasiya komissiyasının işində inkişaf çətin olacaq”.

Beynəlxalq hüquq üzrə mütəxəssis, siyasi ekspert Orxan Amaşov isə qəzetimizə açıqlama­sında delimitasiya komissiyasının görüşündən böyük gözləntisinin ol­madığını bildirdi. O, öz fikirlərini bu­nunla əsaslandırdı ki, delimitasiya və ondan sonra həyata keçirilməli olan demarkasiya texniki məsələdir: “Bu proses böyük bir zaman alacaq. İndiki mərhələdə hansısa konkret razılığın əldə olunacağı qənaətində deyiləm. İclasların təşkilinin və ke­çirilməsinin reqlamenti təzəlikcə – ötən ilin sonunda müəyyənləşdirilib. Bu sahədə böyük bir iş aparılmalı­dır. Sülh sazişi və delimitasiya-de­markasiya prosesi bir-birindən ayrı­lıb. Təbii ki, sülh sazişinin mətnində delimitasiya ilə bağlı müddəa ola bilər. Həmin müddəada tərəflərin delimitasiya işini hansı əsaslarla apara biləcəklərinin qeyd edilməsi mümkündür. Amma sülh sazişi im­zalananadək delimitasiyanın başa çatmasına ehtiyac yoxdur”.

Orxan Amaşov qeyd etdi ki, tərəf­lər arasında böyük ziddiyyət var: “Azərbaycan hesab edir ki, əvvəlki dövrlərin xəritələrinə müraciət etmək olar və bu, ikitərəfli qaydada, hər iki tərəfdən ekspertlərin müzakirəsi əsasında həll olunmalıdır. Ermənis­tan isə sonuncu xəritələrə üstünlük verir və bu mövqedən çıxış edir ki, Sovet İttifaqı 1991-ci ildə dağılanda respublikalar hansı inzibati sərhəd­lərə malik idilərsə, həmin sərhəd­lərlə də delimitasiya işi aparılmalı­dır. İlk baxışda belə görünə bilər ki, Ermənistan yalnız “uti possidetis” prinsipindən danışır. Yəni, Sovet İttifaqı daxilində müttəfiq respublik­lar arasında hansı inzibati sərhəd­lər var idisə, müstəqil Azərbaycan və Ermənistan arasında da həmin sərhədlər olmalıdır. Azərbaycan “uti possidetis” prinsipinin tərəfdarıdır. Uzun müddət biz Qarabağ məsələ­sində öz mövqeyimizi ərazi bütöv­lüyü əsasında dünyaya çatdırırdıq və bu zaman həmin prinsipə istinad əsas rol oynayırdı. Lakin biz yad­dan çıxarmalı deyilik ki, 1991-ci ildə də bizim sərhədlərimiz delimitasiya olunmamışdı. Bəs hansı dövrün in­zibati sərhədləri dövlət sərhədlərinə çevrilməlidir? Bu, xəritələrə müra­ciət əsasında müəyyən oluna bilər. Azərbaycan dövlətinin rəsmi ifadə etdiyi mövqedən belə çıxır ki, xəritə məsələsi qarşılıqlı şəkildə müzakirə olunmalıdır. Ekspertlər müzakirə aparmalı və lazım gələrsə, 1969-cu ildən öncəki xəritələrə də müraciət etmək olar. Azərbaycan rəsmiləri­nin fikirlərinə nəzər salanda da bu mövqe ortaya çıxır”.

Orxan Amaşov daha sonra dedi: “Azərbaycan hesab edir ki, sülh sazişi imzalananda delimitasiya ilə bağlı müəyyən bir təsəvvür və ortaq mövqe olmalıdır. Bu ortaq mövqe bizim delimitasiya prosesini hansı əsasda aparacağımızı ehtiva etmə­lidir. Lakin sülh sazişi imzalanana­dək delimitasiyanın başa çatdırılma­sına ehtiyac yoxdur. Ermənistan isə hesab edir ki, tərəflər bu məsələdə hansısa üçüncü tərəfə – zəmanət­çiyə ehtiyac duymalıdırlar. Həmçi­nin onlar hesab edirlər ki, sərhədlə­rin delimitasiyası ilə bağlı meydana çıxan məsələlərlə əlaqədar hansısa üçüncü qüvvənin iştirakı ilə təhlükə­sizlik təminatı olmalıdır. Bu fikirlər ötən ilin əvvəlində ifadə olunmuş­du. İndi isə onlar qarşılıqlı şəkildə hücum etməmək və hər iki ölkədə silahlanmanın qarşılıqlı şəkildə nə­zarətdə saxlanılması təşəbbüsü ilə çıxış ediblər. Hesab edirlər ki, sülh sazişinin imzalanması geciksə, ən azı, bu istiqamətdə sənəd imzala­maq olar. Bu, Azərbaycan tərəfdən müsbət qarşılanmır. Hesab olunur ki, bu, əslində, tərəflərin sülh sazi­şi üzrə aparılan işdən yayınmasına səbəb ola bilər və səmərəli həll yolu deyil. Ermənistan hesab edir ki, hər iki tərəf ordusunu şərti sərhəd boyu “güzgü prinsipi” ilə geri çəkməlidir. Azərbaycan hesab edir ki, sərhəd şərti olduğu üçün bu təklif əhəmiy­yətsizdir. Qarşılıqlı ziddiyyətlər var. Ona görə də bax, bu ziddiyyətlər fonunda mən delimitasiya üzrə ko­missiyaların iclaslarından hansısa dolğun nəticənin ortaya çıxacağını gözləmirəm”.

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru, politoloq Fərhad Məmmədov qeyd etdi ki, ilk baxışda komissiyaların iclasının nə­ticəsiz başa çatdığı təsəvvürü yara­nır. Kimsə düşünə bilər ki, bu görüş­lər görüş xatirinə keçirilir: “Amma, əslində, belə deyil. Yadda saxlamaq lazımdır ki, hansısa vasitəçinin işti­rakı olmadan, yəni, birbaşa görüşlər keçirilməsi formatının bir hissəsi elə delimitasiya komissiyasının iclasla­rıdır. Şərti sərhəddə görüşlərin ke­çirilməsi, 2023-cü il dekabrın 7-də birgə bəyanatın qəbul olunması ikitərəfli formatın şaxələndirilməsi­nin nəticəsidir. Üçüncü tərəf – nə Rusiya, nə Avropa İttifaqı, nə də ABŞ həmin danışıqlarda iştirak et­məyib. Bu, ikitərəfli formatın, gözə görünən formatın bir hissəsidir. Di­gər tərəfdən, əlbəttə, sülh sazişi, yəni, siyasi qərar olmadan delimita­siya komissiyalarının fəaliyyətində nəzərəçarpacaq irəliləyiş də müm­kün deyil. Çünki ölkələr arasında münasibətlər, ən azı, hansısa bir formaya salınmalıdır ki, komissiya­ların fəaliyyətində də konkret nəti­cələr olsun”.

Fərhad Məmmədov əlavə etdi ki, ümumi götürdükdə, əlbəttə, pro­sesdə dinamikanın qorunub saxlan­lılması çox vacibdir: “Bu dinamikada komissiyanın iclaslarının keçirilməsi də yaxşı haldır. Bir məqamı da nəzərə almaq lazımdır ki, komissi­yalara rəhbərlik edən şəxslər, eyni zamanda, iki ölkə arasında nəqliy­yat kommunikasiyalarının açılması məsələsini də kurasiya edirlər. Belə olan halda istisna etmək olmaz ki, sərhədlə yanaşı, kommunikasiya­larla bağlı məsələlər də müzakirə olunacaq”.

Səxavət HƏMİD
XQ







Siyasət