Məhəmməd Əmin Rəsulzadənin azərbaycançılıq məfkurəsi

post-img

Məhəmməd Əmin Rəsulzadə – 140

Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosi­yasi şəraitdə Azərbaycanda müstəqillik ideallarının gerçəkləşməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstər­miş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəm­məd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində o müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmışdır.

Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Azərbay­can Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin imzala­dığı 30 dekabr 2023-cü il tarixli sərəncam­da belə bir dəyərlənmə yer alır. 

Biz 2006-cı ildə çap olunmuş “Azər­baycançılıq“ kitabının qara cildində ac hərflərlə həkk etmişik: “Azərbaycançılıq türkçülüyün “vətən əxlaqı” müstəvisində dərkidir”.

Hər bir xalqın tarixində onun yalnız özünə məxsus həqiqətlər yer alanda tarix ədalətli hakim olur, həmin xalqa və millətə, onun istiqlalına xidmət edə bilir. Məhəm­məd Əmin Rəsulzadənin tarixi şəxsiyyət, ədib və ictimai xadim kimi dünyagörüşü is­tiqlal məfkurəsinin zəngin, fəqət, böhranlı, qalmaqallı XX əsrdə formalaşmışdır. 

XIX əsrin son çərəyində və bütün XX əsr boyu Azərbaycan mütəfəkkirləri­ni düşündürən bəşəri problem türkçülük, islamçılıq və azərbaycançılıq arasındakı münasibət olub. Türk milləti, islam ümməti və Azərbaycan məmləkəti ideologiya kon­sepsiyamızın baş xətti, əsas şüarı məhz bu olmalıdır. Fəqət, bu gün milli ideologi­yamızın üç təməli kimi dəyərləndirdiyimiz bu vəhdətin hər bir tərəfi tarixin müxtəlif çağlarında təzyiqə, məhvə məruz qalıb. Türkün və islamın düşmənləri onu daxil­dən parçalamaq uçün xüsusilə, Rusiya­ni imperiya kimi formalaşdırmış I Pyot­run məxfi “Vəsiyyətnamə“sindən sonra –1738-ci ildən ardıcıl fəaliyyət göstərmiş­lər. 1071-ci ildə tarixi Malazgird döyüşün­də qüdrətli Bizans imperatorunu məğlub edən Səlcuq İmperiyasının başçısı Sul­tan Alp Arslan Anadoluya İslam bayrağı sancmaqla Türk–İslam birliyinin pozulmaz tarixi vəhdətini yaratdi. Türk-İslam birli­yinə sonrakı təzyiqlər bu vəhdəti sarsıda bilmədi. Həttə 70 il hökm sürmüs bolşe­vik terroruna baxmayaraq, heç bir qadağa xalqın mənəvi yaddaşından həmin tarixi vəhdəti pozmağa nail olmadı. Lakin məhz XIX əsrin əvəllərindən, Azərbaycan, İran və Rusiya arasında isğal yolu ilə bölündü­yü məsum dövrdən azərbaycançılıq milli təfəkkürü məşğul edən başlıca qayə ola­raq qalırdı. 

1804-cü ildə Gəncə, 1806-cı ildə Bakı ruslar tərəfindən isğal olunandan sonra 1809-cu ildən yaradılan xəritələrdə Ara­zın şimalından Azərbaycan sözü silindi və Qafqaziya termini ilə əvəz olundu. Hətta 1813-cü il Gülüstan, 1828-ci il Türkmən­çay işğal aktlarında Azərbaycan adı işlə­dilməyib. Türkçülüyün atası Z.Göyalpın sözləri ilə desək, “Rusiyadakı iki böyuk türkçü” – M.F.Axundzadə və İsmayıl bəy Qaspıralı öz “Tərcümən“ məcmuəsi ilə türkçülüyü təbliğ edir, XX əsrin əvvəllərin­də isə “Hüseynzadə Əlibəy İstanbuldan və Ağaoğlu Əhmədbəy Parisdən Bakıya gəlmiş və orada fikir savaşı üçün əl-ələ vermişdilər. Topçubaşov da bunlara qo­şuldu. Bu üç səxs o zamana qədər hakim olan sünnilik və şiəlik anlaşılmazlıqlarını ortadan qaldıraraq türkçülük və islamçı­lıq fikirləri çevrəsində – ətrafında bütün azərbaycanlıları toplamağa çalışdılar”. (Z.Göyalp. “Türkçülüyün əsasları”, Bəki, “Maarif”, 1991, s. 29). Belə bir vaxtda iki böyük səxsiyyət Cəlil Məmmədquluzadə və M.Ə.Rəsulzadə türkçülük və islamçılıq­la müvazi olaraq azərbaycançılıq ideyası­nı da irəli sürdülər. "Моllа Nəsrəddin" əsl azərbaycançılıq ensiklopediyası idi.

M.Ə. Rəsulzadə yaradıcılığında azər­baycançılıq – “Azərbaycan qayəsi“ başın­da “Müsavat”ın dayandığı milli hərəkat isə “Azərbaycan milli hərəkatı“ kimi məna kəsb etdi. Onun görüşlərində azərbaycan­çılıq intensiv olaraq 1913-cü ildən sonra başlanır. Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar verilən əfv fərmanandan son­ra M.Ə. Rəsulzadə mühacirətdən Vətənə qayıdır. Əsası hələ 1911-ci ildə üç keçmiş Hümmətçi tərəfindən qoyulan “Müsavat“a daxil olaraq milli məsələ ilə məşğul ol­mağa başlayır. Doğrudur o, hələ 1911-ci ildə İstanbulda “Türk yurdu“ məcmuəsinin 4-cü sayında çap etdirdiyi “İran türkləri“ məqaləsində Cənubi Azərbaycanın əha­li və ərazisindən bəhs edərkən Qafqaz Azərbaycan məsələsini də qaldırır. Yeri gəlmişkən, tarixi-obyektivlik naminə deməliyəm ki, azərbaycançılıq ideyası hələ M.Ə.Rəsulzadədən xeyli əvvəl də mövcud idi. Belə ki, 1890-cı ilin yanvarın­da “Tərcüman“ qəzetində, həmin il noyab­rın 16-da isə “Kəşkül“də “Azərbaycan“ im­zası ilə məqalələr çap olunmusdu. 1891-ci il mayın 1-də “Kaspi“ qəzetində Məhəm­mədağa Sahtaxtlının “Zaqafqaziya müsəl­manlarını necə adlandırmalı“ məqaləsində bu xalqı “azərbaycanlı“ adlandırmaq tələ­bi irəli sürülürdü. Belə faktları artırmaq da olar. Fəqət, bu mülahizələr hələ təkdənbir idi, azərbaycançılıq qayəsini tarixi-siyasi ideya kimi formalaşdıran bədii yaradıcı­lıqda C.Məmmədquluzadə və M.Ə.Sabir, publisistikada “Əkinçi“, elmi siyasətdə M.Ə.Rəsulzadə olmuşdur. XX əsrin əvvəl­lərində azərbaycançılığa ehtiyac doğuran obyektiv tarixi səbəblər və şərtlər var idi. Təfsilata varmadan onları belə ümumiləş­dirmək olar. Birinci, əsrin əvəllərində neft burjuaziyasının sayəsində Bakı Qafqazda yeganə dünya şəhəri səviyyəsinə yüksəl­misdi. Bu status XIX əsrdə çar rus impe­riyasının departamentləri yerləşən, rus imperiyasının Şərq siyasətinin baş qərar­gahı olan Tiflisdən Bakıya keçmişdi. Yerli burjuaziya təkcə iqtisadi məsələləri yox, millətin təleyi, təhsil və mətbuatla maraq­lanır, xalqın dünyəvi səviyyədə maariflən­məsinə güclü maddi yardım göstərirdi. Məsələn, milyonçu və mesenat H.Z.Ta­ğıyev Azərbaycan həyatının böyük refor­matoru kimi fəaliyyət göstərirdi. İkincisi, XIX əsrdən formalaşan maarifçilik və XX əsrdə burjuaziyanın milli bədii maraqların ifadəçisi kimi meydana çıxmış romantizm diqqəti konkret olaraq bu xalqın və Vətə­nin taleyinə yönəltdi. Üçüncüsü, XX əsrdə baş vermis dünya müharibəsi və 1905-ci il fevral inqilabları milli hissi gücləndirdi, diqqəti Vətənin istiqlal məsələsi üzərində cəmləşdirdi. Bu amillərə heç də az əhə­miyyət kəsb etməyən 1905 və 1918-ci il Baki erməni-müsəlman qırğınlarını da əlavə etmək olar.

M.Ə.Rəsulzadə və digər mütəfəkkirlə­rin görüşlərində azərbaycançılıq ideyası belə bir tarixi-ictimai kontekstdə mey­dana çıxmışdı. Bu, əslində Azərbaycan anlayışının olub-olmaması məsələsinə qarşı işlənilən güclü istiqlal konsepsiyası idi. Təsadüfi deyil ki, nəinki Qafqaz Azər­baycanında, hətta onun sərhədlərindən kənarda da milli düşmənlər bu ideyanı süngü ila qarşıladılar. Məsələn, Tehranda Məlikişşüəra Bahar “İran“ qəzetində çıxış edərək M.Ə.Rəsulzadənin “Azərbaycan qayəsi“, “Azərbaycana muxtariyyət“ ide­yalarını kəskin tənqid edərək bildirdi ki, “Azərbaycan adını yalniz Araz çayının cə­nubundakı ərazi daşıyır“.

M.Ə. Rəsulzadə 1917-ci ildə “Açıq söz“ qəzetində həmin müəllifə üç dəfə ca­vab yazıb Azərbaycan anlamının varlığını müdafiə etdi. Bu məsələni o, milli məsələ ilə vəhdətdə işləmtişdir. Hələ 1914-cü ildə görkəmli şair və jurnalist Əlabbas Müzni­bin nəşr etdirdiyi “Dirilik“ jurnalına yazdığı “Dirilik nədir?” adlı baş məqalədə, ha­belə “Milli dirilik“ adlı silsilə məqalələrində M.Ə.Rəsulzadə Azərbaycan milli intibahı­nın əsas aspektlərini işləyib hazırlamışdı. 1918-ci il 28 may İstiqlal Bəyannaməsi ilə Azərbaycanın bir xalq kimi varlığı bəşəriy­yətə elan olundu, əsrin milli mücahidləri milli dövlətin yaranması ilə nəticələndi. Bir ay sonra – iyunun 17-də Azərbaycan Milli Şurasındakı nitqində M.Ə.Rəsulza­də demişdi: “Dünya müharibəsi və Rusi­ya inqilabının təsiri ilə əkiz doğulmuş və həyat siyasətinə ilk qədəm basmış olan Azərbaycan qayəsi əhatə olunmaz mü­hüm dəqiqələr keçirir” (“Azərbaycan” qə­zet, 1918, Nº 41). 

1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin təntənəli açılışında söylə­diyi nitqində, M.Ə.Rəsulzadə demişdir: “Sağdan bizə deyirlər ki, azərbaycançılıq şüarı ilə siz müsəlmanları parçalayırsınız, türkçülük bayrağı qaldırmaqla siz İsla­mın əsasını sarsıdırsınız. Soldan isə bizi məzəmmət edirlər ki, Azərbaycan muxta­riyyətini tələb edərək biz vahid demokratik cəbhəni yarırıq... müsəlman partiyaları arasında Azərbaycan ideyasında fikir ay­rılığı yoxdur. Xalqın şüurunda Azərbaycan ideyası artıq möhkəmlənmisdir... Bir dəfə yüksələn bayraq, bir daha enməz“ (“Azər­baycan“ qəzeti, 13 dekabr 1918). 

Göründüyü kimi, əsrin əvvəllərində məhz azərbaycançılıq başlıca istiqlal ide­yası idi. İndi XIX əsrdən ötən 200 ildə, XX əsrin sonu və XXI əsrin əvvəllərində istiqlal ideologiyamızın təməlində türkçülük və is­lamçılıq dayanan - azərbaycançılıq olmalı­dır. 2023-cü il sentyabrda Şimali Azərbay­canın suverenliyi tam bərpa olundu.

M.Ə. Rəsulzadə irsində azərbaycançı­lıq ideyası millətçilik anlamı ilə eyni kon­tekstdə daha aydın görünür. Vətəndaş üçün Vətən maddi-coğrafi varlıq, millətçi üçün isə mənəvi-siyasi varlıqdır. “Millətçi­lik - patriotizm“ (Ankara, 1952) məqaləsin­də oxuyuruq: “Millət etnik bir anlayış ikən milliyyət siyasi bir anlamdır. 

..Milliyyət müəyyən şərtlər və ha­disələr nəticəsində vücudə gəlmiş statik bir varlıqdır; millət isə bu statik varlığın şüurlaşan, fəal bir şəklidir. 

Statik bir keyfiyyət əxz edən milliyyət baxımından Vətən coğrafi bir anlamdır. Halbuki süur və iradəyə malik olan millət baxımından Vətən siyasi bir məna ifadə edir”. 

Beləliklə, M.Ə.Rəsulzadənin siya­si-ideoloji görüşlərində azərbaycançılıq vətənçilikdən geniş siyasi bir anlayışdır. Fikrimizcə, azərbaycançılıq istiqlal ugrun­da mübarizə aparan millətin birlik forması, öz keçmişinə və dünyaya vahid münasibət üsuludur. Təsadüfi deyil ki, M.Ə.Rəsulza­də yazır: “Avropalıların patriot termini ilə ifadə etdikləri anlam bizim millətçi sözü ilə anlatmaq istədiyimiz sözün eynidir”. Beləliklə, onun görüşlərində millətçilik şo­vinizmdən yüksəkdə duran, vətənsevərlik, vətənkeşlik qaynağından – azərbaycançı­lıqdan doğulan tarixi-siyasi bir anlayışdır. Millətçiliyin əsasında milli birlik, milli istiq­lalçılıq dayanır. Ona görə də azərbaycan­çılıq istiqlal ideologiyasıdır. “Milli əxlaq“ (1952) məqaləsində isə mütəfəkkir milli birliyin qorunmasını – milli əxlaqın başlıca şərti hesab edir. Ona görə: “Azərbaycan istiqlalının kökü azəri türkünün çarizmə qarşı davam etdirdiyi milli kültür müba­rizəsidir. Bu mübarizəni o, təkbaşına deyil, özüylə eyni bəlaya mübtəla olan digər türk elləri ilə bərabər olaraq davam etdirmə­lidir”. 

M.Ə.Rəsulzadə ömrünün bütün mər­hələlərində azərbaycançılıq ideyasına sadiq qalmış, əsərlərində dönə-dönə bu ideyanın əsası kimi milli birlik və istiqlal­çılığı izah etmişdir. Türkiyədə 1923-cü ildə çap olunmuş “Azərbaycan Cümhuriyyəti“ kitabında azərbaycançılığı “istiqlal məf­kurəsi“ kimi mənalandıran müəllif yazır: “Azərbaycan dövrü – istiqlalına bolşevik­lər MÜSAVAT dövrü deyirlər. Fəqət xalq buna AZƏRBAYCAN dövrü deyir: ... Xalq düşüncəsində AZƏRBAYCAN məfhumu coğrafi bir mənadan ziyadə, fikir və əməl şəklində təcəssüm ediyor. İstiqlal xaricin­də onun üçün bir AZƏRBAYCAN yoxdur“. (“Azərbaycan Cümhuriyyəti“, Bakı, Elm, 1990, s. 95). 

Azərbaycançılıq M.Ə.Rəsulzadənin dünyanın müxtəlif dillərində çap olunmuş onlarla kitabının və yüzlərlə məqaləsinin, publisistik və bədii əsərlərinin mərkəzin­dən keçən ana xətt – istiqlal işığıdır. Tə­sadüfi deyil ki, Ankara Universitetinin tibb fakültəsinin klinikasında şəkər xəstəliyin­dən yatan böyük azərbaycançı qürbətdə əzablarla dolu mənalı ömrünün sonların­da – 1955-ci il martın 6-da gecə saat 11-ə 10 dəqiqə qalmış 3 dəfə – AZƏRBAYCAN, AZƏRBAYCAN, AZƏRBAYCAN deyərək, həsrətlə dünyasını dəyişir. Bu, sonrakı nə­sillər üçün çox ibrətamiz bir taledir. 

Nizaməddin ŞƏMSİZADƏ, 
filologiya elmləri doktoru,
professor



Siyasət